Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-21/2022 18.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, X3, Cavabdeh2 və Cavabdeh1-yə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə Cavabdeh1-nin nümayəndəsi X2 və Cavabdeh1-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, X3, Cavabdeh2 və Cavabdeh1-yə qarşı “130.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair ilkin iddiasına və Cavabdeh1-nin İddiaçı qarşı “torpaq sahəsinin yararsız vəziyyətə salınması nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 23 nоyаbr 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və cаvаbdeh Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Şəki şəhəri Zərifə Əliyeva küçəsində yerləşən 21,5 ha və 1,4923 ha torpaq sahələri üzərində Cavabdeh1-nin mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışa və RX seriyalı ******* №li çıxarışa əsasən qeydiyyata alınmışdır. 25 noyabr 2019-cu il tarixli etibarnaməyə əsasən Cavabdeh1-nin direktoru Cavabdeh2 MMC-yə məxsus 24,5 ha torpaq sahəsini idarə və istifadə etmək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə müəyyən müddətə torpağı icarəyə vermək, həmin torpaqda kənd təsərrüfatı məhsullarını əkib-becərmək və istehsal etmək, torpaq sahəsinin mühafizəsini təmin etmək, torpaq sahəsi ilə əlaqədar yaranmış mübahisələrdə nümayəndə kimi iştirak etmək səlahiyyətlərini xx.xx.2024-cü ilədək İddiaçı etibar etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı “torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsinə çəkilən xərclərin, icarə haqqının və itirilmiş gəlirin alınması” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, onun direktoru Cavabdeh2, X3 və Cavabdeh4 müştərək qaydada 130.000 manat məbləğində pulun tutulub iddiaçının xeyrinə ödənilməsi tələbinə dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin payız aylarında X6 Kompleksinin yanında yerləşən böyük, kollu-koslu, eləcə də zibilli, yarğanlıkanallı sahənin istifadəsiz olduğunu görüb həmin sahəni əkin üçün yararlı vəziyyətə gətirib istifadə etmək qərarına gəlmiş və həmin torpaq sahəsinin sahibi “Atçılıq” klubunun direktoru Cavabdeh2la danışmış, həmin torpağı təmizləyib kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq barədə razılaşmışlar. O, Cavabdeh2 həmin sahəni əkin üçün yararlı vəziyyətə gətirilməsi üçün vaxt, eləcə də çoxlu pul vəsaiti lazım olduğunu bildirmişdir. Razılaşmışlar ki, həmin torpaq sahəsini 10 il müdddətinə iddiaçıya icarəyə verəcək, torpaq təmizlənib əkinə salınacaq və 1 il cavabdeh icarə haqqı almayacaqdır. Qeyd edilən torpaq sahəsinin xəritəsi olmamış, torpaq sahəsinin yerləşmə yeri təxmini bilinmişdir. Cavabdeh hüquqi şəxsin rəhbərinin dediyinə görə Atçılıq Klubunun cəmi 35 hektar torpaq sahəsi vardır. O və qardaşları həmin torpaq sahəsini hissə-hissə təmizləyib yararlı vəziyyətə gətirmişlər. Əkinə başlayan zaman məlum olmuşdur ki, torpaq sahəsinin təmizlədikləri hissəsinin 10 hektarı Bələdiyyə mülkiyyətinə aid olduğundan başqa şəxsə icarəyə verilmişdir. 2018-ci ildə məlum olmuşdur ki, təmizlik işləri aparılmış sahənin 7 hektarı isə Rüstəm adlı şəxsə məxsusdur. Cavabdeh hüquqi şəxs ona məxsus 35 hektar torpaq sahəsinin olduğunu bildirsə də, qeyd edilən torpaq sahəsinin 10 hektarı Aqrar Sənaye bankına verilmişdir. 2018, 2019 və 2020-ci il üzrə cavabdehə hər il 2000 manat olmaqla cəmi 6000 manat icarə haqqı vermiş, 3000 manat icarə haqqını isə cavabdeh hüquqi şəxsin rəhbərinə nağd qaydada vermişdir. 2020-ci ildə 22 hektar torpaq sahəsini əkin üçün hazırlamış, yay, payız şumu etmiş, malalamış, lakin buğda səpini aparmamışdır. Bunun üçün 2000 manat məbləğində xərc çəkmişdir. Qeyd edilən torpaq sahəsi onun istifadəsində olmasına baxmayaraq 22 oktyabr 2020-ci il tarixdə qanuni əsas olmadan, eləcə də heç bir xəbərdarlıq etmədən X4İu və Cavabdeh4 verilmişdir. Ümumilikdə, cavabdehin 50 hektar torpaq sahəsini (faktiki 35 hektar olmuşdur) təmizlik işləri aparıb yararlı vəziyyətə salmışdır. Həmin torpaq sahəsinin 1 hektarına təxminən 1000 manat olmaqla cəmi 50.000 manat, 3 il üçün icarə haqqı olaraq 6000 manat və 3000 manat əlbəəl verdiyi icarə haqqını, 22 hektar torpaq sahəsinin təxminən 30 sentner arpa məhsulu götürülməsini nəzərə alaraq 66 ton arpa məhsulunun 1kq-ı 0,35 qəpikdən hesablamaqla 23.100 manat dəyərin 50 faizi olan 11.550 manat pulun və 6 il müddətində həmin torpaq sahəsi onda olmaq barədə razılıqları nəzərə alınsa 11.500 X 6= 69.000 və 2020-ci ildə əkin üçün çəkdiyi 2000 manat pulun, cəmi 130.000 (bir yüz otuz min) manat pulun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1,5 ha torpaq sahəsinin yararsız vəziyyətə salınması nəticəsində vurulmuş 35.000 manat zərərin və 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin ortalarında İddiaçı qardaşları Əsədov Vaqif və Nümayəndə cəmiyyətin qanuni təmsilçisi Cavabdeh2la cəmiyyətin mülkiyyətində olan Şəki şəhərində yerləşən torpaq sahəsində taxıl əkmək üçün onların istifadəsinə verməyi xahiş etmişlər. Şifahi razılaşmaya əsasən “X9" MMC mülkiyyətində olan torpaq sahəsini taxıl əkmək üçün ilkin iddiaçının istifadəsinə verməyi, onlar isə həmin torpaq sahəsindən istifadə nəticəsində əldə etdikləri gəlirdən hər il cəmiyyətə 2000 manat ödəməyi və həmin torpaq sahəsindən istifadə zamanı torpaq sahəsinin mühafizəsini həyata keçirmələrini və sairi öhdələrinə götürmüşlər. Həmin tarixdən etibarən cavabdeh (ilkin iddiaçı) həmin torpaq sahəsində taxıl əkdirmiş və xx.xx.2019-cu il tarixdə həmin torpaq sahəsindən istifadə, torpaq sahəsinin mühafizəsi və sairlə bağlı cəmiyyət onun adına etibarnamə vermişdir. 2018, 2019 və 2020-ci illərdə həmin torpaq sahəsindən əkdikləri taxıl biçildikdən sonra əldə etdikləri gəlirdən (hər il üçün 2000 manat olmaqla cəmi 6000 manat) poçt vasitəsi ilə cəmiyyətin təmsilçisinə 2000 manat göndərmişdir. 2020-ci ilin təxminən mart-aprel aylarında cəmiyyətin rəhbərliyinə bəlli olmuşdur ki, ilk iddiaçı istifadəsinə cəmiyyət tərəfindən verilmiş torpaq sahəsinin faydalı xüsusiyyətlərindən istifadə etməsinə baxmayaraq, həmin torpaq sahəsinin mühafizəsini həyata keçirməmiş və nəticə etibarı ilə həmin torpaq sahəsinin təxminən 1,5 ha hissəsinə 250-300 yük maşını daşı, asfalt və sair soküntü materialları tökülərək yararsız vəziyyətə salınmışdır. Cavadehə qeyd olunan torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı məlumat verilmiş, əks halda ona verilmiş etibarnamənin ləğv olunacağı və həmin torpaq sahəsindən çıxarılacağı barədə xəbərdarlıq olunmuşdur. 2020-ci ilin yayında torpaq sahəsinin yararsız hala salınmış hissəsinin cavabdeh tərəfindən təmizlənmədiyini görən cəmiyyətin rəhbərliyi cavabdehə veridiyi 25 noyabr 2019-cu il tarixli etibarnaməni xx.xx.2020-ci ildə ləğv etmiş, etibarnaməni ləğv etməsi barədə cavabdehə şifahi məlumat vermiş və cavabdehin həmin topaq sahəsindən çıxmasını tələb etmişdir və cavabdeh də həmin torpaq sahəsindən çıxacağını iddiaçıya bildirmişdir. 2020-ci ilin oktyabr ayında payızlıq arpa əkini işlərinə hazırlıq görmək üçün cəmiyyətin rəhbərliyi həmin torpaq sahəsində olarkən, cavadehin özbaşnalıq edərək, həmin sahəni şumladığını görmüş və ondan torpaq sahəsindən çıxmasını tələb etmişdir. Cavabdeh özbaşınalığını davam etdirdiyindən, cəmiyyətin rəhbərliyi məcburiyyət qarşısında Şəki Rayon Polis şöbəsinə müraciət etmiş, polisin müdaxiləsindən sonra cavabdeh və onunla olan mexanizatorlar ərazini tərk etmişlər. Növbəti gün cəmiyyətin rəhbərliyi həmin torpaq sahəsinə gələrkən, cavabdehin yenidən həmin torpaq sahəsində şum işini davam etdirdiyini görmüş, onların arasında mübahisə baş vermiş və iddiaçı baş vermiş hadisə ilə əlaqədar təkrar polisə müraciət etmiş, polis əməkdaşları cavabdehi və onun işçilərini torpaq sahəsindən çıxarmış, tərəflər arasında yaranmış mübahisə ilə bağlı Şəki Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsinə arpa əkmişdir. Cəmiyyətə məxsus torpaq sahəsinin 1,5 ha hissəsi cavabdeh tərəfindən yararsız hala salınmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində cəmiyyətə 35.000 manat ziyan dəymişdir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2- 2(117)-702/2022 nömrəli iş üzrə qəbul etdiyi 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh1-dən 2020-ci ildə torpaq sahəsinin əkini üçün çəkilən 2000 manat məbləğində xərcin və torpaqdan istifadə etməyə görə 2020-ci il üçün ödədiyi 2000 manat pulun, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin, cəmi 4015 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud olmamış və məhkəmə araşdırması zamanı onlar arasında yaranan münasibət üzrə tərəflərin hüquq və öhdəliklərinin şərtlərini və məzmununu dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı münasibətdə tapşırıq müqaviləsi mövcud deyildir. Məhkəmə tərəflər arasında yaranmış münasibətin torpaq sahəsinin icarə müqaviləsindən əmələ gəlməsi ehtimallarını daha inandırıcı hesab etsə də, qanunvericiliyin tələbi baxımından tərəflər arasında qanunla müəyyən edilmiş forma və qaydada bağlanan etibarlı torpaq icarə müqaviləsinin olmadığı qənaətinə gəlmişdir Məhkəmə tərəflərin etiraf etdikləri sübutlar nəticəsində müəyyən etmişdir ki, tərəflər arasında 50 hektar torpaq sahəsindən istifadə ilə bağlı razılaşma olsa da, həmin torpaq sahəsinin ölçüsü rəsmi sənədlərdə ümumilikdə təxminən 23 hektar qeyd edilmişdir. Məhkəmə tərəflər arasında müqavilənin mövcud olmamasını, tərəflər arasında torpaq sahəsinin icarə müqaviləsindən yaranan münasibət olsa da torpaq icarəsi müqaviləsi ilə bağlı qanunvericiliyin tələbinə riayət edilmədiyini, tərəflərin hüquq və öhdəlikləri, torpaq sahəsinin ölçüsü, cizgisi, xəritəsi, yerləşmə yeri, kateqoriyası müəyyən edilmədiyindən hazırki mübahisəyə əsassız varlanmaya dair normalar tətbiq etməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə ilk iddiaçının torpaq sahəsinin təmzilənməsinə görə çəkdiyi hər hektara görə 1000 manat pulun, yəni 50.000 manat pulun tələb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının etirafı ilə 2015-ci ildə tərəflər razılaşmışlar ki, ilk iddiaçı torpaq sahəsini təmizləyəcək onun müqabilində 1 il icarə haqqı verməyəcəkdir. İşdən müəyyən edilir ki, ilk iddiaçı 2018-ci ildən hər il 2000 manat icarə haqqı ödəməyə başlamışdır. Yəni torpaq sahəsinin təmzilənməsi faktı olub, bu icarə haqqı cavabdeh hüquqi şəxs tərəfindən iddiaçıya güzəşt edilməklə- ödəməməklə artıq haqqı ödənilib. 2017-2019-cu illərdə isə ilk iddiaçı torpaq sahəsinin 20-28 hektaradək hissəsini əkməklə ildə 25-30 sentner məhsul götürmüş, gəlir əldə etmişdir. Bununla yanaşı icarə haqqı olaraq 3 il hər il 2000 manat olmaqla hüquqi şəxsin rəhbərinə pul vermişdir. Yəni tərəflər arasında qanunla müəyyən edilmiş qaydada bağlanmış icarə müqaviləsi olmadığından tərəflər arasında yaranmış münasibətə əsassız varlanma ilə bağlı hüquq normaları tətbiq edilərkən müəyyən edilir ki, hər iki tərəf hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmişlər. İlk iddiaçı torpaq sahəsini əkməklə məhsul götürmüş, gəlir əldə etmiş, qarşı tərəfin isə icarə haqqı olaraq aldığı pul vəsaiti əsassız varlanma predmetidir. Hazırkı vəziyyətdə bu faktın hər iki tərəfə münasibətdə baş verdiyindən iddiaçının, nə də cavabdehin qanunsuz əldə etdiklərini geri almaq üçün əsasları yaranmır. İlk iddiaçının iddia tələbinin mahiyyətindən müəyyən etmək mümkündür ki, o hər il qeyd edilən torpaq sahəsindən 10000 manat həcmində gəlir əldə etmişdir. Belə ki, sübutla təsdiq edilən 6000 manat icarə haqqının qaytarılması əsassız və qanunsuz olardı, çünki ilk iddiaçının 2017- 2019-cu illərdə qeyd edilən torpaq sahəsindən əhəmiyyətli gəlir götürməklə bağlı etiraf etdiyi faktları nəzərə almaya biməz. Məhkəmə ilk iddiaçının hər il 11.500 manat gəliri nəzərə alınmaqla 69.000 manat məbləğində əldən çıxmış fayda hissəsində iddia tələbini əsaslı hesab etmir. Belə ki, ilk iddiaçının mübahisəli torpaq sahəsindən icarəsi (istifadəsi) hüquqa və müqaviləyə əsaslanmır. Belə ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada bağlanmış icarə müqaviləsi mövcud olmadığından və həmin torpaqdan ilk iddiaçının istifadəsi tərəflər arasında bağlanmalı olan və etimad göstərilməli hüquq normasına əsaslanmadığından, qanunvericilik bu münasibətin davamlı olmasına təminat vermədiyindən, həmçinin qanunvericilikdə əmlakdan qanunsuz və əsassız istifadə edən şəxsdən bu faydanı həmin əmlakın (məhsulun) sahibinin yəni, mülkiyətçinin və ya mülkiyyətçiyə bərabər əmlak hüquqları olan şəxslərin tələb etmək hüququ nəzərdə tutulduğundan iddia bu hissədə də əsassızdır. Bu qənaət MM-in 1092-ci maddəsinin və 157.5-ci və 158-ci maddəsinin tələblərinə əsaslanır. 2020-ci il üçün təxminən 23 hektar torpaq sahəsinin 2 dəfə əkin və 2 dəfə mala çəkmə üçün çəkilən xərclə bağlı X8 Mərkəzinin xx.xx.2021-ci il tarixli, 21/286 nömrəli rəyinə əsasən 2574,99 manat təşkil etsə də, məhkəmə, iddiaçı çəkdiyi xərclərin 2000 manat olmasını qeyd etdiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən iddiaçının tələbində olan məbləği əsas götürmüşdür. Məhkəmə qeyd edilən işin faktiki hallarını və həmin münasibətlərə tətbiq ediləcək hüquq normalarını nəzərdən keçirib hesab etmişdir ki, ilk iddia tələbi 2020-ci il üçün ilkin iddiaçı tərəfindən cavabdehə ödənilmiş 2000 manat icarə haqqına və 2020-ci il üçün təxminən 23 hektar torpaq sahəsinin əkini üçün çəkilmiş 2000 manat məbləğə münasibətdə əsaslıdır. İlk iddiaçı iddia tələbinin X1 və Cavabdeh4 yönələn hissəsində tələbini əsaslandıra bilməmişdir. Belə ki, qeyd edilən şəxslərlə ilk iddiaçı arasında torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqi münasibət yaranmamış, qeyd edilən hüquq münasibəti Cavabdeh1 ilə qeyd edilən şəxslər arasında yaransa da, bunun ilk iddiaçı ilə münasibətlərinə aidiyyəti müəyyən edilmədiyindən qeyd olunan cavabdehlərə münasibətdə iddia tələbi əsaslı hesab edilməmişdir. Məhkəmə həmçinin qarşılıqlı iddia üzrə hüquqi dəyərləndirmə apararaq belə nəticəyə gəlmişdir ki, qeyd edilən 1,5 hektar torpaq sahəsinin həqiqətən cavabdeh hüquqi şəxsə məxsus torpaq sahəsinin sərhədləri daxilində olması ilə bağlı sübut mövcud deyildir. Bununla bağlı məhkəmə hüquqi şəxsin vəkili və nümayəndəsinə həmin tələblə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri İdarəsindən rəyin əldə edilməsi zəruri olduğunu bildirmişdir. Qeyd edilən tərəf həmin sübutu əldə etmək üçün həmin idarədən rəyin alınmasını tələb etməmiş və rəy üçün qanunda nəzərdə tutulan rüsumu ödəməyəcəyini bildirmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hər bir tərəf tələbinin əsasını sübut etməyə borclu olduğundan tərəf bu vəzifəni yerinə yetirməkdən imtina etdiyindən məhkəmə də həmin tələbin cavabdeh hüquqi şəxs tərəfindən sübut edilməmiş və əsaslandırılmış tələb kimi qəbul etmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 157.5, 158, 362.1, 359.3, 706.1, 706.2, 706.3, 706.4, 707.1, 707.2, 777.1, 777.2, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80, 81 və 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 həmin qətnamənin ləğv edilməsi və iddia tələblərinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh1 həmin qətnamənin ilkin iddianın təmin edildiyi hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlilləri Məhkəmə qətnaməsində qeyd edir ki, tərəflər arasında qanunvericiliyin tələbinə uyğun icarə müqaviləsi bağlanmamışdır. Bununla bağlı qeyd olunur ki, İddiaçı icarəçi olmaqla torpaq sahəsinin sahibi deyildir. Həmin torpaq sahəsinin mülkiyyətçisi "xxxx" MMC və onun rəhbərliyi olduğu üçün torpaq sahəsindən istifadəyə dair müqaviləni bağlamaq səlahiyyəti də ancaq sonunculara məxsus olmuşdur. Həmin müqavilənin bağlanması təminatı olaraq icarəçidən vəsaiti alan da, torpaq sahəsindən istifadəyə icazə verən də cavabdehdir. Münasibətlərin etibarlı əlaqələr əsasında qurulmasına istinad edərək cavabdeh iddiaçıya etibarnamə vermiş və etibarnamənin müddəti 10 il müəyyən edilmişdir. Ancaq sonradan həmin etibarnamə ləğv edilmiş və həmin torpaq sahəsi digər şəxslərin(cavabdehlərin) istifadəsinə verilmişdir. Hazırda torpaq sahəsindən istifadə edən həmin şəxslər iddiaçının şumladığı torpağı əkib gəlir əldə edirlər. Məhkəmə heç bir araşdırma aparmayaraq torpaq sahəsinin yararlı hala salınması ilə bağlı ancaq bir illik icarə haqqının alınmaması ilə həmin xərcin ödənilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Çünki iddiaçı öz izahatında göstərmişdir ki, 2017-ci ildən həmin torpaq sahəsindən istifadə edib məhsul götürsə də, onun adına etibarnamə 2019cu ildə 10 il müddətinə verilmişdir. cavabdeh münasibətlərin 2018, 2019, 2020-ci illərdə yaranması və hər il üçün əkin-biçindən ona 2000 manat pul ödənildiyini göstərmişdir. Məhkəmə də həmin izahat əsasında 2020-ci il üçün torpağın əkilməsi üçün çəkilmiş xərc olaraq 2000 manat, istifadə üçün haqq olaraq 2000 manatı təmin etsə də, daha sonra ziddiyyət yaradaraq torpaq sahəsinin təmizlənməsi üçün iddiaçıdan bir il müddətinə icarə haqqının alınmamasını göstərsə də, həmin razılaşmanın 10 il müddətinə qüvvədə olmalı hissəsinə qiymət verməmişdir. Əgər doğrudan da torpağın təmizlənməsi üçün iddiaçı bir il icarə haqqından azad edilmişdisə, həmçinin 10 il müddətinə həmin sahədən istifadə etməli idi. Nə qədər ki, məhkəmə faktiki mövcud olan işgüzar münasibətlər əsasında qətnamə qəbul edirdi, həmin hala da qiymət verməli idi. İddiaçının torpaq sahəsində apardığı yaxşılaşdırmalar MMC-nin varlanmasına səbəb olmuşdur. Həmin sahəyə çəkilmiş yaxşılaşdırma xərclərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin olunması barədə vəsatət verilsə də, vəsatət əsassız olaraq təmin edilməmişdir. b)ilkin iddia üzrə Cavabdeh1-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlilləri İlkin iddia üzrə iddiaçının adına verilmiş etibarnamə xx.xx.2020-ci ildə ləğv edilmiş və bu barədə iddiaçıya məlumat verilmiş, torpaq sahəsindən çıxması barədə xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq, iddiaçı bunlara məhəl qoymamış və torpaq sahəsini şumlamağa başlamışdır. Bu səbədən torpaq sahəsinin şumlanmasına və malalanmasına çəkilən xərclərin MMC-dən tutulması əsassızıdır. Torpaq sahəsindən 2020-ci ildə istifadəyə görə 2000 manatın MMC-dən iddiaçının xeyrinə tutulması da əsassızdır. Belə ki, tərəflər arasındakı razılaşmaya görə iddiaçı məhsul götürdükdən sonra 2000 manatı MMC-yə ödəmişdir. İş materiallarına əlavə edilmiş qəbzlər də bunu təsdiq edir. Məhkəmə qeyd olunan hallarla bağlı araşdırma aparmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 təmsil etdiyi tərəfin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1-nin nümayəndəsi və vəkili Vəkil1 təmsil etdiyi MMC-nin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, ilkin iddia üzrə iddiaçı qətnaməni ilkin iddia tələbinin təmin edilməyən, ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddiaçi isə təmin edilən hissəsində mübahisələndirdiyindən və qətnamə qarşılıqlı iddiaya aid hissədə mübahisələndirilmədiyindən Məhkəmə qətnaməni ilkin iddiaya aid hissədə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya. 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərə əsassız varlanma ilə bağlı müddəaları tətbiq edərək ilkin iddianı qismən təmin etməkdə haqlı olmuşdur. İlkin iddianın təmin edilməyən hissəsi ilə bağlı ilkin iddiaçının apellyasiya şikayətinin dəlili ilə bağlı isə Məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, ilkin iddiaçı mübahisəli sahədə apardığı yaxşılaşdırmaların nəzərə alınmadığını bildirsə də, həmin sahənin əvvəlki vəziyyəti, ümumiyyətlə, hər hansı yaxşılaşdırmaya ehtiyacının olub-olmaması, həqiqətən də yaxşılaşdırmalar etməsi ilə bağlı öz izahatından başqa məhkəməyə izahatını təsdiqləyən-tamamlayan başqa hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki MPM-in 77.1, 217.4-cü maddələrinə əsasən iddiaçi iddiasının əsaslarına dair sübutları təqdim etməlidir. İlkin iddiaçının apellyasiya şikayətinin əldən çıxmış faydanın tutulmaması ilə əlaqədar digər dəlili ilə bağlı isə Məhkəmə aşağıdakıları qeyd edir. İlkin iddiaçının özünün də göstərdiyi kimi birinci instansiya məhkəməsi həqiqətən də tərəflər arasında faktiki mövcud olan işgüzar münasibətlərə əsaslanmışdır. Mülki qanunvericilik əldən çıxmış faydanı tərəfin hüququnun pozulmaması halında əldə edəcəyi gəlirlə şərtləndirir. Tərəf qanunun tələb etdiyi qaydada müqaviləni rəsmiləşdirməməklə öz hüququnun pozulması riskini artırmış olur. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi ilkin iddiaçı cavabdehlə arasında olan münasibəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmədiyindən, belə olan halda isə qanunvericilik həmin münasibəti tam qoruma altına ala bilmədiyindən, məhkəmə ancaq tərəflər arasında faktiki münasibətlərin mövcud olub davam etdiyi dövrə qiymət verməkdə haqlı olmuşdur. Məhkəmə araşdırmaları ilə də müəyyən edilmişdir ki, tərəflərin faktiki münasibəti 2020-də pozulmuşdur. Buna görə də Məhkəmə həmin hissədə iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə, ilkin iddia üzrə Cavabdeh1-nin apellyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, MMC ilkin iddia üzrə iddiaçının adına verilmiş etibarnaməni ləğv etdiyi barədə sonuncuya xəbərdarlıq etdiyini bildirsə də, bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Odur ki, Məhkəmə, apellyasiya şikayətinin sübuta söykənməyən bu dəlilini əsaslı saymır. Dəlil formal mülahizə xarakteri daşıyır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, 4000 manat məbləğində pulun Cavabdeh1 tərəfindən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulması barədə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün tərəflərin ödədiyi dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və ilkin iddia üzrə cаvаbdeh Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 23 noyabr 2021ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özünə edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində ilkin iddia üzrə iddiaçı tərəfindən(Cavabdeh1-yə münasibətdə qətnamə qətidir və apellyasiya şikayəti verilə bilməz) Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-21/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-21/2022
18.10.2022 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver