Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-35/2022 09.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-176/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11 fevral 2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan aldığı mürəbbənin dəyəri olan 27.000 manat və əldən çıxmış faydanın əvəzi olaraq 6000 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Şəki Kommersiya Məhkəməsinin 11.02.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçının nümayəndə-vəkili Vəkil həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Şəki Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi 22.02.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şəki Kommersiya Məhkəməsi “iddia ərizəsinin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mediasiya prosesinə əməl edilməmişdir. Belə ki, iddiaçı hazırki mübahisə üzrə məhkəmə aidiyyətini düzgün müəyyən etməmiş, sonradan mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxılmalı olması müəyyən olunsa da, iddiaçı tərəfindən “Mediasiya haqqında” Qanunun 28 və 29-cu maddələrinin tələbləri pozulmuşdur. Şəki Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçının nümayəndəsivəkili isə qərardaddan verdiyi şikayətdə bildirir ki, məhkəmə iddia ərizəsini geri qaytarmaqla iddiaçının hüquqi vəziyyətini ağırlaşdırmış və məhkəməyə müraciət hüququnu pozmuşdur. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının nümayəndəsi şikayətində, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının normasına əsaslanaraq qeyd etmişdir ki, iddiaçı hazırki tələbi ilə ümumi məhkəməyə müraciət edən zaman, qanunun tələbinə əsasən onun mediasiya prosesində iştirak etməsi zəruri olmamış və ümumi məhkəmə uzun müddətli araşdırma apardıqdan sonra iddia ərizəsini aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərmişdir. İddiaçı mediasiya prosesinə əməl edəcəyi təqdirdə mediasiya xərci və daha artıq məbləğdə dövlət rüsumu ödəməlidir ki, bu da iddiaçının vəziyyətini ağırlaşdırır. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələbi ilə ümumi məhkəməyə 21 sentyabr 2021-ci il tarixdə müraciət etmişdir. Tərəflərin kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakını tələb edən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu isə 01 iyul 2021-ci il tarixdə qüvvəyə minmişdir. Yəni, iddiaçı, “Mediasiya haqqında” Qanun qüvvədə olduğu zaman məhkəmə aidiyyətini düzgün müəyyən etməyərək ümumi məhkəməyə müraciət etmişdir. Normativ hüquqi aktın geriyə qüvvəsi onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edildiyindən, Məhkəmə hesab edir ki, nümayəndənin bu dəlili əsassızdır. Bundan başqa nümayəndə-vəkil şikayətində iddiaçının məhkəməyə müraciət etmək hüququnun pozulduğuna istinad etmişdir. Şikayətin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, qanunvericilik kommersiya mübahisələri üzrə mediasiya prosesinin keçirilməsini müəyyən etməklə mübahisənin həllinə yönəlmiş legitim məqsəd güdür. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddia tələbinin qanunla müəyyən edilmiş aidiyyət qaydalarına uyğun verilməməsi, sonradan səlahiyyətli məhkəmə tərəfindən prosessual tələblərə əməl edilməməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması tərəfin məhkəməyə müraciət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilmişdir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası ilə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi zamanı, aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-nin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-nin 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Belə olan halda hesab edilməlidir ki, Şəki Kommersiya Məhkəməsi “iddia ərizəsinin geri qaytarılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-35/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-35/2022
09.03.2022 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver