Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-47/2025 12.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Firması Cavabdeh qarşı “14350 manat məbləğində pul vəsaitinin, 133 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müddət bərpası) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı "xxxx" Firması Cavabdeh qarşı “14350 manat məbləğində pul vəsaitinin, 133 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(117)-752/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Firması Cavabdeh qarşı “14350 manat məbləğində pul vəsaitinin, 133 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-752/2024 nömrəli qətnaməsi (hakim: R.Məcidov) ilə, iddia tələbi təmin edilərək, cavabdeh X3 2659.88 manat borc tutularaq Cavabdeh 14350 manat pul vəsaiti və 133 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" firmasına ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Rafiq oğlu qeyd edilən qətnamədən elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və qətnamədən şikayət verilməsi üçün ötürülmüş ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Kommersiya Məhkəməsinin qətnaməsi elektron kabinetinə yerləşdirilsə də, faktiki olaraq sahibkarlıq fəaliyyəti göstərmədiyi və asan nömrə onun istifadəsində olmadığı üçün bundan xəbəri olmamışdır. Həmin qətnamənin qəbul edilməsindən Ucar İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən çağırılmasından sonra xəbəri olmuş və qətnaməni yalnız vəkilin işə qoşulmasından sonra əldə edə bilmişdir. Odur ki, texnoloji yeniliklərə uyğunlaşa bilmədiyini nəzərə alaraq, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edilməsini və buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-752/2024 nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-752/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin Cavabdeh münasibətdə bərpa edilməsi və xx.xx.2024-cü il tarixli, e-2-2(117)-752/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Rafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı "xxxx" Firmasının nümayəndəsi və vəkili Vəkil1 şikayət verərək, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)- 752/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-752/2024 nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-752/2024 nömrəli qərardadından iddiaçı "xxxx" Firmasının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili vəsatətlə məhkəməyə müraciət edərək əlavə izahatların verilməsi və sənədlər təqdim edilməsi üçün işə məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası vəsatətlə bağlı qeyd edir ki, qanunvericiliyə əsasən sübutlar və dəlillər birinci instansiya məhkəməsində təqdim edilməli və araşdırılmalıdır. Apellyasiya instansiya məhkəməsində isə yeni sübutlar və dəlillər yalnız o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki işə məhkəmə iclasında baxılması üçün heç bir əsas yoxdur. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının nümayəndə və vəkili Vəkil1 şikayəti təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(117)-752/2024 nömrəli qərardadı tam, həmin Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, e-2-2(117)-752/2024 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilərək, Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, e-2-2(117)-752/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bu maddə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Konvensiyanın 6-cı maddəsində Razılığa gələn dövlətlərin apellyasiya və ya kassasiya instansiyaları məhkəmələri yaratmaları təkid edilmir. Lakin belə məhkəmələr mövcuddursa, Konvensiyanın 6-cı maddəsinin təminatlarına əməl edilməsi tələb edilir. (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), §80, Platakov Yunanıstana qarşı, xx.xx.2001, No.38460/97, §38). Bu, xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə xx.xx.2003, No.32190/96). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarına əlavə edilmiş sənədlər bir-birilə əlaqəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)- 752/2024 nömrəli qətnaməsi iddiaçının elektron kabinetinə 25 iyul 2024-cü il tarixdə yerləşdirilmişdir. Həmçinin iş üzrə həmin qətnamə Cavabdeh poçt vasitəsilə sifarişli (xəbərnaməli) zərflə qeydiyyatda olduğu Ucar rayonu, Qazyan kəndinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən şəxsən imzalanmış xəbərnamənin surətindən görünür ki, Cavabdeh həmin zərfin xəbərnaməsini 03 avqust 2024-cü il tarixdə imzalayaraq şəxsən qəbul etmişdir. Göründüyü kimi, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)- 752/2024 nömrəli qətnaməsi Cavabdeh tərəfindən 03 avqust 2024-cü il tarixdə xəbərnamə imzalanmaqla şəxsən qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-752/2024 nömrəli qətnaməsindən isə apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi, cavabdeh tərəf iş üzrə qətnamədən onu aldığı vaxtdan təxminən 4 ay 20 gün sonra apellyasiya şikayəti vermişdir. Həmin halla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Kollegiya qeyd edir ki, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə çatdırılması və rəsmi qaydada verilməsinə dair MPM-in 135-138-ci maddələrinin tələbləri, eləcə də həmin sənədlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada çatdırılması imkanlarından istifadənin yolverilənliyi də nəzərə alınmalıdır. Bu, proses iştirakçılarının öz hüquqlarının müdafiəsinə imkan verməklə yanaşı, istinad edilən kolliziyaların yaranmasının da qarşısını almış olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 saylı qərarının 9.22 bəndində isə qeyd edilmişdir ki, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. İş üzrə tərəfin məhkəmə sənədlərindən xəbərdar olacaq tərzdə məlumatlandırılmadığı halda ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur (Qroşev Rusiyaya qarşı iş üzrə 2005-ci il 20 oktyabr tarixli Qərar). Göründüyü kimi, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)- 752/2024 nömrəli qətnaməsi qanunla müəyyənedilmiş qaydada iş üzrə tərəflərə göndərilmişdir. İşdən daha sonra müəyyən edilir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-752/2024 nömrəli qətnaməsi icraya yönəlmiş və xx.xx.2024-cü il tarixdə Ucar rayon İcra və probasiya şöbəsi tərəfindən icraata başlamaq qərarı qəbul edilmişdir. Kollegiya xüsusilə qeyd edir ki, məhkəmə kollegiyasının sorğusuna əsasən Ucar rayon İcra və probasiya şöbəsi tərəfindən hazırki iş üzrə verilmiş icra vərəqəsi ilə əlaqədar materiallar öyrənilmişdir. Ucar rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Ucar rayon İcra və probasiya şöbəsində olaraq orada izahat vermişdir. Kollegiya bildirir ki, hətta həmin vaxtdan hesabladıqda belə tərəf şikayət vermə müddətini ötürmüş olur. Məhkəmə kollegiyası bir məqamıda qeyd edir ki, hazırkı halda Cavabdeh faktiki olaraq sahibkarlıq fəaliyyəti göstərmədiyi və asan nömrə onun istifadəsində olmadığı üçün qətnamənin elektron kabinetinə yerləşdirilməsindən xəbəri olmadığını qeyd etsə də, iş materiallarından məlum olur ki, həmin qətnamə Cavabdeh poçt vasitəsilə sifarişli (xəbərnaməli) zərflə göndərilmiş və şəxsən qəbul edilmişdir. Belə olan halda kollegiya bildirir ki, hətta xx.xx.2024-cü il tarixdən hesablandıqda belə Cavabdeh tərəfindən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(117)-752/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüş olur. Göründüyü kimi, cavabdeh tərəf qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürsə də, prosessual müddətin bərpası barədə ərizədə müddətin ötürülməsinin üzürlü səbəblərini göstərməmişdir. Məhkəmə kollegiyası eyni zamanada qeyd edir ki, iş materiallarında apellyasiya şikayətinin vaxtında verilməsinə maneə törədən obyektiv amillər olmadığından qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasını üzürlü hesab etmək də olmaz. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan halları prosessual hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə yoxlayıb, qətnamənin cavabdehə təqdim edilmə tarixini müəyyən etmədən prosessual müddəti bərpa etmişdir. Həmçinin qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. (Kapitalbank ASCnin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərar). Bundan başqa, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. Eyni zamanda, «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» 12 oktyabr 2006cı il tarixli qərardadında isə Avropa Məhkəməsi bildirmişdir ki, İnsan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir. Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bununla yanaşı, məhkəmə müdafiəsi mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər ədalət mühakiməsinin maraqlarının da daxil olduğu legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli və qanuni məqsəd daşımalıdırlar. Eləcə də, istifadə edilən vasitələrlə çatılmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır. Bu məhdudiyyətlər hüquq və azadlıqların əsas mahiyyətinə toxunmamalı, onların əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda həyata keçirilməməlidir. Məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı). Məhkəmə kollegiyası yuxarıda sadalananlar konteksində qeyd edir ki, Cavabdeh tərəfindən 03 avqust 2024-cü il tarixdə xəbərnamə imzalanmaqla şəxsən qəbul edilmiş, eyni zamanda xx.xx.2024-cü il tarixdə isə Ucar rayon İcra və probasiya şöbəsində mübahisələndirdiyi qətnamə üzrə verilmiş icra sənədi ilə bağlı izahat vermişdir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddəti bərpa etməkdə haqlı olmamışdır. Belə ki, nə cavabdeh tərəf nədəki birinci instansiya məhkəməsi prosessual müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı mühüm bir hala istinad etməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, iddiaçının nümayəndə və vəkili Vəkil1 şikayəti təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(117)-752/2024 nömrəli qərardadı tam, həmin Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, e-2-2(117)-752/2024 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilərək, Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, e-2-2(117)-752/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizəsi təmin edilməməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrааldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(117)-752/2024 nömrəli qərardadı tam, həmin Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, e-2-2(117)- 752/2024 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, e-2-2(117)-752/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizəsi təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-47/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-47/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver