Məhkəmə qərarları › İş №2-2(107)-5/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-5/2023

17.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-5/2023 17.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh Akif oğluna(bundan sonra- cavabdeh) qarşı torpaq sahəsinə müdaxiləyə son qoyulması tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 21 iyul 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Qəbələ Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 145 nömrəli Sərəncamı ilə İddiaçı MMC-yə üzümçülüyü inkişaf etdirmək məqsədi ilə Qaş ərazisində olan X1 174 hektar uzunmüddətli icarəyə torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli 379 nömrəli müqavilədən görünür ki, Qəbələ Rayon İcra Hakimiyyəti və İddiaçı MMC xx.xx.2006-cı il tarixli 145 saylı Sərəncam əsasında müqavilə bağlamış, 174 ha torpaq sahəsi üzüm əkmək məqsədilə 90 il müddətinə İddiaçı MMC-nin icarəsinə verilmişdir. MH seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Qəbələ rayonu, Qaş ərazisində yerləşən 102 ha torpaq sahəsi üzərində 90 il müddətinə İddiaçı MMC-nin icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6287 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı MMC-nin icarəsində, ümumi sahəsi 102 ha olan torpaq sahəsinin faktiki sahəsi 94,9820 ha təşkil edir və həmin torpaq sahəsinin 56,4516 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Qəbələ rayonu, Qaş ərazisində yerləşən, ümumi sahəsi 102 ha olan torpaq sahəsinə girişinə və ondan istifadəyə qadağa qoyulması, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının sahibliyində olan torpaq sahəsinə münasibətdə istənilən müdaxiləsinə son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu, Qaş ərazisində yerləşən, ümumi sahəsi 102 ha olan torpaq sahəsi Qəbələ rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 379 saylı qərarı ilə İddiaçı MMC-yə icarəyə verilmişdir. İcarəçi icarəyə götürmüş olduğu torpaq sahəsində şumlama və məhsul əkini məqsədilə əraziyə getdikdə 102 ha torpaq sahəsinin 60 ha hissəsinə bir qrup şəxs tərəfindən daxil olma faktı aşkar edilmişdir. Həmin şəxslərə dəfələrlə həmin torpaq sahəsinə girməmələri xahiş edilmişdir. Lakin onlar buna məhəl qoymamışlar. Sonradan torpaq sahəsinə müdaxilənin cavabdehin göstərişi ilə həyata keçirildiyi müəyyən edilmişdir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-63/2022 nömrəli iş üzrə qəbul etdiyi 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Qəbələ rayonu, Qaş ərazisində yerləşən İddiaçınə məxsus torpaq sahəsinin 56,4516 ha hissəsinin girişinə və ondan istifadəsinə qadağa qoyulması və həmin torpaq sahəsinə münasibətdə istənilən müdaxiləsinə son qoyulması, qalan hissədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla verilib və həmin torpaq sahəsi üzərindəki hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmadığını bildirsə də, həmin torpaq sahəsinin iddiaçıya və digər şəxslərə məxsusluğu, cavabdehin mülkiyyətinə və ya icarəsinə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin yalnız hüquqları və qanuni maraqları qorumaq vəzifəsi olduğundan, iddiaçının hüquqlarını dövlət tanıdığından və cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı rəsmi sənədi olmadığından iddiaçının tələbi ümumilikdə haqlı hesab edilir. Lakin iş üzrə mütəxəssis rəyi ilə iddiaçının cavabdehin qanunsuz istifadəsidə olduğunu iddia etdiyi 102 ha torpaq sahəsinin yalnız 56,4516 ha hissəsinin cavabdehin qeyri-qanuni istifadəsində olduğu təsdiqləndiyindən, iddia həmin hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 158.1, 158.2, 158.3, 158.4, 700.1, 706.1, 707.1, 707.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə müəyyən edir ki, 102 ha torpaq sahəsi 90 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Lakin necə olur ki, məhkəmə qətnaməsində 174 ha torpaq sahəsinin üzüm əkmək məqsədilə iddiaçının icarəsinə verildiyi qeyd edilir? MH seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış saxta sənədlər əsasında hazırlanmış və məhkəmə buna əhəmiyyət verməmişdir. İddiaçının istifadəsinə 174 ha torpaq sahəsi verilmişdirsə, onda niyə çıxarış 102 ha torpaq sahəsinə verilmişdir. Əgər reyestrdən çıxarış 102 ha torpaq sahəsinə aiddirsə, iddiaçının istifadəsində nə üçün 94,9820 ha torpaq sahəsi olmuşdur. Bununla da sübut olunur ki, məhkəmə qətnaməsi qeyri-dəqiq və saxta sənədlər əsasında çıxarılmış, təqdim edilən sübutların həqiqiliyi və doğruluğu araşdırılmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, onun tərəfindən istifadə olunan torpaq sahəsi iddiaçı MMC-yə aid deyil, kəndin ümumi istifadəsində olan torpaq sahəsidir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84. 3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Qəbələ rayonu, Qaş ərazisində yerləşən 174 ha torpaq sahəsi 90 il müddətinə iddiaçının icarəsinə ayrılmış və 102 ha torpaq sahəsinə iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyesitrində qeydə alınması barədə MH seriyalı ******* №-li çıxarış verilmişdir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə təqdim etdiyi mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının icarəsində olan 94,9820 ha torpaq sahəsinin 56,4516 ha hissəsi cavabdehin faktiki istifadəsindədir. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi icarə hüququ ilə 90 il müddətinə onun icarəsinə verilməsinə baxmayaraq, torpaq sahəsinin 56,4516 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur ki, bu da qanuni sahib kimi kimi iddiaçının qanunla qorunan hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Cavabdeh apellyasiya şikayətində bildirir ki, məhkəmə qətnaməsində istinad olunan sənədlərdə iddiaçının icarəsinə verimiş torpaq sahəsinin ölçülərində zidiyyətlər mövcuddur ki, bu da həmin torpaq sahəsinə dair çıxarışın saxta sənədlər əsasında verildiyini təsdiq edir. İşə baxmış Rayon Məhkəməsinin qətnaməsi də qeyri-dəqiq və saxta sənədlər əsasında çıxarılmış, təqdim edilən sübutların həqiqiliyi və doğruluğu araşdırılmamışdır. Məhkəmə, apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı bildirir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mübahisəli torpaq sahəsinə dair iddiaçının adına verilmiş MH seriyalı ******* №-li çıxarış və ya həmin çıxarışın verilmiəsi üçün əsas olmuş hüquqmüəyyənedici sənədlər cavabdeh və ya üçüncü şəxslər tərəfindən mübahisələndirilməmişdir. Çıxarış və çıxarışın verilməsi üçün əsas olmuş hüquqmüəyyənedici sənədlər hal-hazırda da qüvvədədir. Digər tərəfdən iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin ümumi ölçüsünün çıxarışda qeyd oluran ölçülərdən az və ya çox olması, cavabdeh tərəfindən həmin torpaq sahəsinin bir hissəsinin zəbt edilməsi faktının aradan qaldırmır. Zəbt etmə mövcuddur və bu xüsusi biliyə malik olan mütəxəssis və ekspert tərəfindən verilmiş rəylə təsdiq edilmişdir. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsi üzərində icarə hüququna əsaslanmaqla əmlakın qanuni sahibi kimi cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə Rayon Məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyul 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar