Məhkəmə qərarları › İş №2-2(107)-50/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-50/2022

01.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-50/2022 01.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-63/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06 may 2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçının sahibliyində olan 102 hektar torpaq sahəsinə cavabdeh tərəfindən edilmiş müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 06.05.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Şəki Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi 18.05.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Kommersiya Məhkəməsi “iş üzrə icraatın dayandırılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki tələbin hüquqi əsasını təşkil edən torpaq sahəsinin kimə məxsus olması Şəki İnzibati Məhkəməsində mübahisələndirilir və hazırki iddia tələbinin hüquqi həlli Şəki İnzibati Məhkəməsinin icraatında olan həmin iş üzrə qəbul ediləcək yekun qərardan asılıdır. Şəki Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçınin nümayəndəsi və vəkili Nümayəndə isə qərardaddan verdiyi şikayətdə bildirir ki, mübahisəli torpaq sahəsinə dair cavabdehdə heç bir hüquq müəyyənedici sənəd yoxdur və cavabdehin inzibati məhkəmədə iddia qaldırması vaxt udmaq üçündür. Belə ki, bu müddət ərzində cavabdeh torpağı əkib becərərək ondan bəhər götürmək istəyir. Cavabdehin inzibati məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur, iddia ərizəsinin verilməsi üçün 10 illik ümumi iddia müddətini ötürüb. Cavabdehin hüquqlarından sui-istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi mütəxəssis rəyi ilə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla zəbt edən tərəfə daha geniş hüquqlar verir və şərait yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarına görə Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən iş üzrə icraatın dayandırılması üçün əsaslar mövcud olduqda işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Hazırki iş üzrə dayandırılma məcburi olan hallardan deyil, çünki iş materiallarında olan sübutlar bunu deməyə əsas verir. İnzibati məhkəmənin icraatında olan işlə hazırki iş arasında qarşılıqlı əlaqə olsa da, asılılıq mövcud deyildir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, mülkiyyətçisi Qəbələ rayon İcra Hakimiyyəti olan Qəbələ rayonu Qaş ərazisində yerləşən 102 hektar torpaq sahəsi 31.10.2006-cı il tarixli icarə müqaviləsi ilə 90 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Bununla əlaqədar hüquqları dövlət reyestrində qeydə alınmış və ona müvafiq çıxarış verilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh Qəbələ rayon İcra Hakimiyyətinə qarşı “Qəbələ rayon İcra Hakimiyyəti tərəfindən Qəbələ rayonunun Qaş adlanan ərazisindən “Aqro-Azərinvest MMC-yə 102 hektar torpaq sahəsinin ayrılmasına əsas olmuş sərəncamın və 31.10.2006-cı il tarixli icarə müqaviləsinin, həmçinin həmin sərəncam və icarə müqaviləsi əsasında verilən çıxarışın ləğv edilməsi tələbi barədə iddiasına dair inzibati iş Şəki İnzibati Məhkəməsinin icraatındadır. Göründüyü kimi həm hazırki işdə iddiaçının irəli sürdüyü tələb, həm də həmin inzibati iş üzrə iddiaçının(hazırki iş üzrə cavabdehin) irəli sürdüyü tələb Qəbələ rayonu Qaş ərazisində yerləşən 102 hektar torpaq sahəsi ilə bağlıdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Qeyd edilən qanunvericilik normasına əsasən, işə baxılmasının mümkün olmaması dedikdə başqa bir işdə, icraatı dayandırılan iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülür. Preyudisial əhəmiyyəti olan həmin faktların Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti olması, habelə bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş digər məhkəmədə baxılan mülki işin həllini özündən asılı etməsi anlamına gəlir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarda ifadə edilmiş mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə hesab edir ki, qeyd olunan inzibati işin predmeti ilə hazırki kommersiya mübahisəsinin predmeti arasında əlaqə olduğuna görə həmin inzibati iş həll edilməyincə, hazırkı işə baxılması mümkün deyildir. Hazırki iş üzrə Cavabdeh inzibati məhkəmədə baxılan iddiasının əsaslı olubolmamasına qiymət verilməsi həmin məhkəmənin səlahiyyətinə aid olduğundan Məhkəmə hesab edir ki, apellyasiya şikayətində iddiaçının bununla bağlı qeyd etdiyi dəlilləri də əsassızdır. Belə olan halda hesab edilməlidir ki, Şəki Kommersiya Məhkəməsi “iş üzrə icraatın dayandırılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 06 may 2022ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar