Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-62/2024 16.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: aidiyyət məsləsinin həll edilməsi) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-2(117)-658/2024 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti məsələsinin həll edilməsi ilə bağlı yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı Aqrotexnika-1961 M.M.C-dən və Aqrotexnika-1961 M.M.C-nin direktoru Cavabdeh1 10000 manat pulun, eyni zamanda 120 manat dövlət rüsumunun alınaraq iddiaçılara verilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-998/2024 nömrəli qərardadı ilə, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(117)-658/2024 nömrəli qərardadı ilə, iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Yevlax Rayon Məhkəməsi işi məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərməkdə haqlı olmuşdur. Belə ki, Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. xüsusi elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. Qeyd olunan normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Qanunvericiliyə əsasən məhkəmə aidiyyəti üç prinsip - ərazi üzrə məhkəmə aidiyyəti, predmet üzrə məhkəmə aidiyyəti, həmçinin şəxsi aidiyyət prinsipləri əsasında müəyyən edilir. Bu prinsiplər müstəsna və ya elektiv (seçimli) qaydada tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 10-12-ci bəndlərində göstərilir ki, 2019- cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bundan başqa, “AZEMİS”dən çıxarışlardan müəyyən edilir ki, İddiaçı1 – VÖEN**********, cavabdehlər Cavabdeh1 - VÖEN**********, "xxxx" MMC - VÖEN********** nömrələrinə malik olmaqla sahibkar statusuna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aidiyyəti müəyyən edilən zaman, həm mübahisənin subyekt tərkibinin, həm predmetinin, həm də hüquq münasibətlərinin xarakterinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətin müəyyən edilməsində bu meyarların hər birinin qarşılıqlı bağlılığı tələb olunur. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz kommersiya fəaliyyətindən irəli gələn münasibət olduğundan məhkəmə işi aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərməkdə haqlı olmuşdur. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Yevlax Rayon Məhkəməsi işi kommersiya məhkəməsinə göndərən zaman ərazi aidiyyəti ilə bağlı tələbləri pozaraq işə baxmağa səlahiyyəti olmayan kommersiya məhkəməsinə göndərmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən irəli gələn iddialar müəssisəinin olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(117)-658/2024 nömrəli qərardadından müəyyən edilir ki, hazırki işin göndərildiyi məhkəmə qərardadın məhkəmə aidiyyəti ilə bağlı hissəsi ilə razı olsa da, işə məhz Şəki Kommersiya Məhkəməsində baxılması məsələsi ilə razılaşmamış və aidiyyətlə bağlı fikir ayrılığına apellyasiya instansiyası tərəfindən baxılmalı olması qənaətinə gəlmişdir. Məhkəmə kоllegiyаsının araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC-nin qeydiyyat ünvanı Bərdə rayonu, Qaradağlı kəndi, digər cavabdeh olan Cavabdeh1 qeydiyyat ünvanı isə Ağcabədi rayonu, Sarıcalı kəndidir. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4№-li qərarına əsasən Bərdə və Ağcabədi rayonları Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına deyil, həmin rayonlar müvafiq olaraq Şirvan və Gəncə kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Yevlax Rayon Məhkəməsinin hazırkı işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılması ilə bağlı mövqeyi qanunvericiliyin tələbinə uyğun olsa da, işə məhz ərazi aidiyyətı üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olması barədə mövqeyi qanuna uyğun olmamışdır. Odur ki, hazırki iş cavabdehlərdən birinin qeydiyyatına uyğun (yol baxımından da ən uyğun) olaraq ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və MPM-nin 45, 263, 264, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-62/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-62/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver