Məhkəmə qərarları › İş №2-2(107)-7/2022

Şəki Apellyasiya Məhkəməsi Qiyabi qətnamə — İş №2-2(107)-7/2022

11.01.2022 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-7/2022 11.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı -İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “5000 manat pulun və 30 manat dövlət rüsumunun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-425/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 10 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-425/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 200 (iki yüz) manat və 1,20 (bir manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun 28,80 (iyirmi səkkiz manat səksən qəpik) manat hissəsi iddiaçıya aid edilmişdir. İşin halları İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “5000 manat pulun və 30 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı izahatında bildirmişdir ki, 2018-ci ilin oktyabr ayında Cavabdehla Ford Tranzit markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqısı məqsədi ilə razılığa gəlmişlər. Avtomaşınn qiymətini 13000 manat müəyyən etmiş və razılaşmışlar. İlkin ödəniş olaraq 4000 manat birdəfəlik ödəniş edilmiş, qalan pulu isə hər ay 500 manat ödəniş etməklə razılaşmışlar. O, hər ay 500 manat ödəməklə, 5 ay (2018-ci ilin noyabr, dekabr ayları, 2019-cu ilin yanvar, fevral və mart ayı üçün) ümumilikdə 2500 manat pul ödəmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün maşından istifadə etmişdir. 2019-cu ilin aprel ayında pulu ödəmək üçün maddi imkanı olmadığından, avtomaşını bazara satmaq üçün çıxaracağını və qalan pulu ödəyəcəyini cavabdehə bildirmiş, cavabdeh maşını yenidən ona satılmasını xahiş etmiş, iddiaçı yenidən onunla razılaşmış, avtomaşına 13800 manat qiymət qoymuşlar. İddiaçı verəcəyi pulu çıxmaqla cavabdeh tərəfindən ona 8800 manat ödəyəcəyi barədə razılaşmışlar. Cavabdeh tərəfindən ona verəcəyi puldan hissə-hissə 3800 manatı qaytarılmış, qalan 5000 manat hissəsi isə qaytarılmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, X3 İdarəsindən təqdim edilən qeydiyyat sənədləri, Bakı şəhəri Binəqədi RPİdən təqdim edilən material və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Şəki Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-425/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamədən narazıdır, onu qanunsuz və əsassız hesab edir. Qətnamə qanunvericiliyin tələbləri pozulmaqla, hakimin şəxsi düşüncə və fikirlərinə əsaslanaraq qəbul edilmiş, cavabdeh tərəfin ifadələri səhv yorumlanmış, hakim tərəfindən tərəflər arasında bağlanan şifahi əqdə “icarə” müqaviləsi kimi qiymət verilməklə mübahisə düzgün həll edilməmiş, ədalətsiz qətnamə çıxarılmışdır. Göstəriənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-425/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyasının 11 yanvar 2022-ci il tarixli qəradadı ilə apellyasiya şikayəti üzrə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahat və çıxışını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib tətbiq edilməli hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-425/2021 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Məhəmməd Tağıyevin 09.09.2019-cu il tarixli və Binəqədi rayon Pİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Məhəmmədhüseyn Əliyevin 25.08.2020-ci il atrixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”larından görünür ki, hazırkı iş üzrə İddiaçı şikayəti əsasında material toplanmış, izahatlar alınmış, o cümlədən Cavabdeh da izahatı alınmışdır. İddiaçı hazırkı məhkəmə iclasında verdiyi izahata uyğun izahat vermişdir. Cavabdehin həmin işdə verdiyi izahatında bildirir ki, Ford Tranzit markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomaşını 2018-2019-cu illər ərzində İddiaçı satmaq barədə razılığa gəlmiş, İddiaçı ilə avtomobili 16000 manat qiymətləndirmişlər, ilkin ödəniş olaraq İddiaçı ona 3500 manat vermiş, qalan məbləği isə ayda 600 manat ölmaqla ödəmək barədə razılığa gəlmişlər, İddiaçı yalnız bir ay 650 manat pul ödəmiş, maddi imkanı olmadan qalan pulu ödəməmiş, 6 ay müddətində avtomaşın Qasımda qalmış, heç bir ödəniş etməmişdir. Sonradan avtomaşını geri qaytarmış, Qasımın ilkin ödənişindən 3000 manat geri qaytarmışdır. İş materiallarında olan Baş X3 İdarəsinin 28.08.2021-ci il tarixli ********** nömrəli məktubu ilə təqdim edilən məlumatlardan müəyyən edilir ki, “X4” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomaşın 23.06.2021-ci il tarixli Şəhadətnamə ilə X1 mülkiyyətindədir. Həmin avtomaşın 02.02.2019-cu il tarixdə Cavabdeh adına 02.08.2028-ci il tarixədək etibarnamə verilmişdir. Qeyd edilən avtomaşınla bağlı İddiaçı adına hər hansı etibarnamə verilməmiş və avtomaşınla bağlı hər hansı müqavilə bağlanmamışdır. İş materialları ilə müəyyən olunmuşdur ki, “Ford Transit” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı iş üzrə tərəflər arasında şifahi alqı-satqı müqavilə münasibətlərinə oxşar münasibət mövcud olmuş, belə ki, tərəflərin izahatlarından müəyyən edilir ki, ilkin olaraq satış qiyməti müəyyən edilib, ilkin ödəniş ödənilməklə, qalan məbləğin isə aylar üzrə bölgüsü əsasında ödənişi aparılır, tam məbləğ ödənildikdən sonra isə avtomaşın mülkiyyət hüququ əsasında iddiaçıya keçməli idi. İddiaçının məhkəmə iclasında qeyd edilən şərtlərlə bağlı ifadəsi iş üzrə cinayət təqibi orqanında aparılmış araşdırma zamanı müxtəlif vaxtlarda verilmiş izahatlara uyğun olmuş, cavabdeh isə istintaq orqanı tərəfindən yalnız bir dəfə dindirilmiş və izahatında bildirmişdir ki, Ford-Tranzit markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomaşını 2018-2019-cu illər ərzində İddiaçı satmaq barədə razılığa gəlmiş, İddiaçı ilə avtomobili 16000 manat qiymətləndirmişlər, ilkin ödəniş olaraq İddiaçı ona 3500 manat vermiş, qalan məbləği isə ayda 600 manat ölmaqla ödəmək barədə razılığa gəlmişlər, İddiaçı yalnız bir ay 650 manat pul ödəmiş, maddi imkanı olmadan qalan pulu ödəməmiş, 6 ay müddətində avtomaşın Qasımda qalmış, heç bir ödəniş etməmişdir. Sonradan avtomaşını geri qaytarmış, Qasımın ilkin ödənişindən 3000 manat ona geri qaytarmışdır. Birinci instansiya məhkəməsi ilk növbədə tərəflər arasında şifahi formada bağlanan müqavilənin məzmununa münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış şifahi müqavilənin şərtləri lizinq müqaviləsinin məzmununa uyğun olsa da, qanunvericilik bəzi müqavilələrlə bağlı konkret forma nəzərdə tutmuşdur. Həmin formaya riayət olunmaması tərəflər arasında bağlanmış etibarsızlığına səbəb olur. Qanunvericiliyin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Alqı-satqı müqaviləsinin də şərtlərinin hazırkı münasibətə tətbiq edilməsi mümkün deyildir. Belə ki, rəsmi reyestrdə qeydə alınmalı olan avtomobil nəqliyyatı vasitələrinin alqı-satqısı notarial qaydada bağlanmaqla dövlət qeydiyyatına alınmalıdır. Odur ki, tərəflər arasında mövcud olan müqavilə lizinq müqaviləsi və ya alqı-satqı müqaviləsi hesab edilə bilməz. Hazırkı müqavilə münasibəti daha çox icarə müqaviləsindən yaranan münasibətlərə uyğun gəlir. Belə ki, MM-in 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının izahatı ilə müəyyən etmişdir ki, tərəflər Ford Tranzit markalı 99-CR914 dövlət qeydiyyat nişanlı avtomaşının satış qiyməti 13000 manat müəyyən etmiş və razılaşmış, iddiaçı ilkin ödəniş olaraq 4000 manat birdəfəlik ödəniş edilmiş, qalan pulu isə hər ay 500 manat ödəniş etməklə razılaşmışlar. O, hər ay 500 manat ödəməklə, 5 ay (2018-ci ilin noyabr, dekabr ayları, 2019-cu ilin yanvar, fevral və mart ayı üçün) ümumilikdə 2500 manat pul ödəmişdir. 2019-cu ilin aprel ayında pulu ödəmək üçün maddi imkanı olmadığından, avtomaşını bazara satmaq üçün çıxaracağını və qalan pulu ödəyəcəyini cavabdehə bildirmiş, cavabdeh maşını yenidən ona satılmasını xahiş etmiş, iddiaçı yenidən onunla razılaşmış, avtomaşına 13800 manat qiymət qoymuşlar. İddiaçı verəcəyi pulu çıxmaqla cavabdeh tərəfindən ona 8800 manat ödəyəcəyi barədə razılaşmışlar. Cavabdeh tərəfindən ona verəcəyi puldan hissə-hissə 3800 manatı qaytarılmış, qalan 5000 manat hissəsi isə qaytarılmamışdır. Belə ki, iddiaçının aylıq ödədiyi 500 manat yalnız əmlakdan istifadə üçün ödənilən icarə haqqı olaraq qəbul edilməli, çünki tərəflər arasında icarə müqaviləsi bağlanmasa da iddiaçı həmin əmlakdan istifadə etmiş, bəhər, gəlir götürmüşdür. Burda qarşı tərəfin də hüquqi mənafeyini Məhkəmə nəzərdən qaçıra bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən ilkin olaraq 4000 manat, daha sonra 5 ay ərzində hər ay üzrə 500 manat olmaqla ümumilikdə 2500 manat ilkin ödənişlə birlikdə 6500 manat ödəniş etmişdir. Qeyd edilən məbləğin 2500 manat hissəsinə məhkəmə icarə haqqı olaraq hüquqi qiymət vermişdir. Bununla belə iddiaçı etiraf edir ki, cavabdeh tərəfindən ona hissə-hissə olmaqla ümumilikdə 3800 manat pul qaytarılmışdır. Odur ki, cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilən 4000 manat pulun 3800 manat hissəsinin ödənilməsi iddiaçı tərəfindən etiraf edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı yalnız 200 manat pulun ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilən 200 manat pul və ödənilmiş dövlət rüsumununun 1,20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 1091.1, 1091.2, 1092.1, 1092.1.1 və 1092.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və həmin nəticənin işin faktiki hallarına uyğun olmadığıvə tərəflərin münasibətlərini düzgün əks etdirmədiyi qənaətindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə ilə bağlı əsassız varlanma normalarına düzgün istinad etsə də, tərəflər arasında olan müqavilə münasibətinin icarə müqaviləsindən yaranan münasibətlərə uyğun olması nəticəsinə gələrkən səhvə yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırkı iddia tələbinin qanunni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsi təşkil edir. Həmin maddədə göstərilmişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsində tərəflər arasında bəzi kateqoriya münasibətlər üzrə münasibətlər üzrə sadə yazılı və ya şifahi müqavilələrin bağlanması nəzərdə tutulmuşdur. Lakin qanunverici daşınmaz əşyaların özgəninkiləşdirilməsi ilə əlaqədar müqavilələrin bir mənalı olaraq yazlı qaydada bağlanmasını müvafiq qaydada rəsmiləşdirilməsini imperativ olaraq müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 394-ci maddəsinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaların rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alqı-satqısına tətbiqindən bəhs edən 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında baş vermiş münasibət əşyaların nisyə satışından irəli gələn münasibətlərə uyğun gəlir. Mülki Məcələnin 600.1-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə kollegiyasının araşdırması zamanı tərəflər arasında avtomaşının alqısatqısının qanunda nəzərdə tutulmuş qaydada baş verdiyi müəyyən edilməsə də, maşının qeyri-rəsmi nisyə alqı-satqısına görə cavabdehin iddiaçıya 5000 manat borcunun olduğu müəyyən edilir Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hər hansı hüquqin əsas olmadan aralarında baş vermiş avtomaşının qeyri-rəsmi nisyə alqı-satqısı nəticəsində iddiaçının 5000 manat pulunu özündə saxlamış və bu səbəbdən də cavabdeh tərfindən heç bir qanuni əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. İddiaçının tələbi nəzərə alınmaqla cavabdeh əldə etdiyi həmin məbləği-5000 manatı iddiaçıya qaytarmalıdır. Çünki, Mülki Məcəllənin 1092.21-ci maddəsində göstərilmişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı tərəfin təqdim etdiyi danışıq diskinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə özündə daxili inam yaratmaq məqsədilə həmin diskə məhkəmə iclas zalında texniki vasitələrdən (məhkəmə iclas zalında olan kompütür vasitəsilə) istifadə olunmaqla baxış keçirilərək qulaq asılmışdır. Diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həqiqətən də cavabdehin maşın alqı-satqısına görə iddiaçıya 5000 manat borcu yaranmışdır. Həmin diskdə olan telefon danışıqlarına görə cavabdeh iddiaçının oğluna verməli olduğu puldan 300 manat hazırladığını, qalanını da hissə-hissə sonra verəcəyini, iddiaçının oğlu isə buna razılaşmayaraq borcdan heç olmasa 1000-2000 manatını təcili ollaraq, yerdə qalanını da sonra verməsini bildirir. Diskdə olan telefon danışığına görə, cavabdehin atası iddiaçıya 5000 manat borcu oğlu Orxandan tələb etməli olduğunu, bu işə onu qarışdırmamasını bildirir. Həmin diskdə iddiaçı cavabdehdən 5000 manat borcu qaytarmasını tələb etdikdə cavabdeh iddiaçıya həmin borcla əlaqədar atasını narahat etdiyinə görə nalayiq sözlərlə pulu qaytarmayacağını bildirir. Məhkəmə kollegiyası təqdim olunmuş “diskin” sübut kimi qəbul edilməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, təqdim olunmuş “disk” sübutlar siyahısına aid edilməsə də, orada olan danışıqlar məhkəmədə mübahisənin həlli ilə bağlı əsaslı fikir yaratmaqla digər sübutların, tərəflər arasındakı qarşılıqlı münasibətin qiymətləndirilməsində mühüm rol oynamış, ən əsası da iddiaçının izahatı ilə bağlı daxili inam yaratmışdır. Məhkəmə kollegiyasında daxili inamın yaranmasında iş materiallarına əlavə edilmiş tərəflər arasında “WhatsApp” yazışmaları da mühüm rol oynamışdır. Belə ki, həmin “Whatsapp” yazışmalarından da tərəflər arasında borcun maşının alqı-satqısına görə yarandığı və cavabdehin həmin borcu ödəmədiyi müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddia tələbinin əsaslı olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.2-ci maddəsinə görə, qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. Həmin Məcəllənin 241.4-cü maddəsinə görə, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 241.5-c madəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Həmin Məcəllənin 242-ci maddəsinə görə, qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən, qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 244-ci maddəsinə görə, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-425/2021 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, e-2-2(117)- 425/2021 saylı qətnaməsi ləğv edilsin. İddia tam təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 5000 (beş min) manat pul və 30 (otuz) manat dövlət rüsumu, cəmi 5030 manat tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Şəki Apellyasiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar