Məhkəmə qərarları › İş №2-2(107)-73/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-73/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-73/2024 16.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra- cavabdeh) qarşı borc tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları Tərəflər arasında xx.xx.2023-cü il tarixdə 084/05-23 nömrəli “Xidmət müqaviləsi”(bundan sonra- Müqavilə) bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı( hazırki iş üzrə iddiaçı) sifarişçinin(hazırki iş üzrə cavabdehin) tapşırığı əsasında təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və qurğuların texniki təhlükəsizlik ekspertizasının və diaqnostikasının həyata keçirilməsi, tutumlarda daxili baxış, hidravlik sınaq və texniki pasportların hazırlanması, layihənin işlənməsi və dövlət reyestr qeydiyyatından keçirilməsi üçün konsultasiya xidmətini göstərilməsini, sifarişçi isə həmin xidmətləri qəbul edərək bu Müqavilənin şərtlərinə uyğun olaraq xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. 1 nömrəli Qiymətlərin razılaşdırılma protokolundan görünür ki, hazırki iş üzrə tərəflər “yanacaq çəninin texniki təhlükəsizlik sertifikatının alınması üçün vizual baxışın keçirilməsi, parametrlərinin yoxlanılması, istismarının normativ sənədlərə uyğunluğunun müəyyənləşdirilməsi haqqında ekspert rəyinin verilməsi” ilə bağlı xidmətlərin göstərilməsi üçün ƏDV daxil 708 manat qiymətə razılaşmışlar. Xidmətlərin təhvil-qəbul aktı ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 708 manatlıq xidmət göstərilmiş və həmin xidmət Cavabdeh MMC-nin direktoru X3 tərəfindən iddiaçıdan təhvil alınmışdır. Təhvil-qəbul aktı hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş qalan 708 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının hesabına tutulması barədə qətnamə çıxaılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini icra etməmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət edilmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilə və xidmətin təhvil-qəbul aktı Cavabdeh MMCnin direktoru Bəhrəm Əliyev tərəfindən imzalanmamış və xidmətin göstərilməsi ilə bağlı iddiaçıya heç bir sifariş verilməmişdir. Sənədlərdəki imza Bəhrəm Əliyevə aid deyildir. Bu səbəbdən də məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi xahiş edilir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-589/2024 nömrəli iş üzrə qəbul etdiyi 16 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli Müqaviləyə əsasən 708 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 084/05-23 nömrəli “konsultasiya xidmətlərinin göstərilməsi” ilə bağlı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1.2-ci bəndinə əsasən müqavilə ilə şərtləndirilmiş qaydada və müddətdə xidmətin dəyərini ödəmək sifarişçinin öhdəliyidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən yerinə yetirilən işin dəyəri əvvəlcədən sifarişçinin bank hesabına və ya nağd qaydada ödənilməlidir. Müqaviləyə əlavə edilmiş qiymətin razılaşdırılma protokolundan görünür ki, “yanacaq çəninin texniki təhlükəsizlik sertifikatının alınması üçün vizual baxışın keçirilməsi, parametrlərinin yoxlanılması, istismarının normativ sənədlərə uyğunluğunun müəyyənləşdirilməsi haqqında ekspert rəyinin verilməsi ilə bağlı xidmətlərin görülməsi üçün ƏDV daxil 708 manat qiymət cavabdehlə razılaşdırılmışdır. Bununla yanaşı xidmətlərin təhvil-qəbul aktı sənədindən göründüyü kimi, İddiaçı MMC tərəfindən 708 manatlıq xidmət göstərilmiş və həmin xidmət Cavabdeh MMC-nin direktoru X3 tərəfindən iddiaçıdan təhvil alınmışdır. Təhvil qəbul aktı hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Cavabdehin etirazına münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh qeyd edilən sənədlərdəki imzanın ona məxsus olmadığını bildirsə də, lakin xx.xx.2024-cü il tarixdə məhkəmənin Cavabdeh MMC-yə ünvanladığı məktuba “müqavilə, müqaviləyə əlavə və xidmətlərin təhvil-qəbul aktında Cavabdeh MMC-yə məxsus möhürün olması faktına aydınlıq gətirə bilməmiş, müvafiq sorğuya cavab verilməmiş və hər hansısa bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfə ünvanlanmış sorğuya cavab verilmədiyindən və sənədlərdəki möhürün olması faktı ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən hazırki iş üzrə iddia icraatına keçilməsinə və nəticədə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə zərurət olmamışdır. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsindən əmələ gələn öhdəliklər iddiaçı tərəfindən icra edilsə də, cavabdeh tərəfindən icra edilməyərək görülmüş işin və ya göstərilmiş xidmətin dəyəri ödənilmədiyindən, iddia tələbi təmin edilməli və cavabdehdən 708 manat pul tutularaq iddiaçıya verilməlidir. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1, 752.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq buildirilmişdir ki, sənədin etibarlı olmasını üzərindəki atributlar müəyyən edir. Bu atributların tamlığını adətən müvafiq möhür və səlahiyyətli şəxsin imzası təşkil edir. Sənədin etibarlılığını daha üst səviyyədə təmin etmək üçün, sənəddə ayrı elementlərdən də (müasir poliqrafik vasitələrdən istifadə edilməklə) istifadə olunur. Ənənəvi müqavilələrdə isə möhür və səlahiyyətli şəxsin imzası sənədi təsdiq edən atributlar kimi çıxış edir. Sənədin imzalanması ona görə vacibdir ki, möhür saxtalaşdırılmasın, yaxud kimsə tərəfindən şəxsin mənafeyinə zidd şəkildə istifadə edilməsinin qarşısı alınsın. Təqdim edilmiş təhvil-qəbul aktında möhür mövcud olsa da, imza cavabdehin səlahiyyətli şəxsinə aid deyil. Lakin məhkəmə qeyd edilən halların heç birini araşdırmamış, imzanın saxta olub-olmamasına hüquqi qiymət verməmiş, möhürün mövcudluğunun kifayət olması qənaətinə gəlmişdir. Cavabdeh tərəfindən iddiaçıya hər hansı işin yerinə yetirilməsi tapşırılmamışdır, belə olduğu təqdirdə öncədən ödəniş icra olunardı, lakin hər hansı ödəniş edilməmişdir, xidmətlərin təhvil-qəbul aktı, eləcə də müqavilə cavabdehin səlahiyyətli şəxsi tərəfindən deyil, onlara məlum olmayan şəraitdə və onlara məlum olmayan şəxs tərəfindən imzalanmışdır. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh MMC tərəfindən müqavilə öhdəlikləri pozulmamışdır. Belə ki, tərəflər arasında müqavilə bağlanmamış, cavabdeh iddiaçı qarşısında üzərinə öhdəlik və vəzifələr götürməmişdir. Cavabdeh eyni xidmətin göstərilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti” Dövlət Agentliyinə müraciət etmiş və həmin Agentlik tərəfindən müvafiq yoxlamalar və qiymətləndirmə aparılmaqla, Cavabdeh MMC-yə məxsus olan yanacaq çənlərinə görə 3665 və 3666 saylı texniki təhlükəsizlik sertifikatı verilmişdir. Göründüyü kimi, işə bахаn kommersiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi hüquq normalarını düzgün təfsir etməmiş, yuxarıda qeyd edilən halları nəzərdən qaçırmış, yalnız iddiaçı tərəfin təqdim etdiyi reallığı əks etdirməyən sənədlərə əsaslanaraq birtərəfli qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 084/05-23 nömrəli “Xidmət müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı( hazırki iş üzrə iddiaçı) sifarişçinin(hazırki iş üzrə cavabdehin) tapşırığı əsasında təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və qurğuların texniki təhlükəsizlik ekspertizasının və diaqnostikasının həyata keçirilməsi, tutumlarda daxili baxış, hidravlik sınaq və texniki pasportların hazırlanması, layihənin işlənməsi və dövlət reyestr qeydiyyatından keçirilməsi üçün konsultasiya xidmətini göstərilməsini, sifarişçi isə həmin xidmətləri qəbul edərək bu Müqavilənin şərtlərinə uyğun olaraq xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətlərin təhvil-qəbul aktı ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 708 manatlıq xidmət göstərilmiş və həmin xidmət Cavabdeh MMC-nin direktoru X3 tərəfindən iddiaçıdan təhvil alınmışdır. Təhvil-qəbul aktı hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Hazırda iddiaçı bildirir ki, cavabdehə göstərilmiş xidmət müqabilində cavabdehin ona 708 manat borcu yaranmışdır. Cavabdeh iddiaçının bu tələbi ilə razılaşmır və bildirir ki, onun iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Təqdim edilmiş təhvil-qəbul aktında möhür mövcud olsa da, imza cavabdehin səlahiyyətli şəxsinə aid deyil. Cavabdeh tərəfindən iddiaçıya hər hansı işin yerinə yetirilməsi tapşırılmamışdır, xidmətlərin təhvil-qəbul aktı, eləcə də müqavilə cavabdehin səlahiyyətli şəxsi tərəfindən deyil, onlara məlum olmayan şəraitdə və onlara məlum olmayan şəxs tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, mülki işlərə baxılması zamanı bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Həm də nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh etirazının əsaslarını təsdiq edən sübutları məhkəmələrə təqdim edə bilməmiş, o cümlədən tərəflər arasında bağlanmış Müqavilədə, 1 nömrəli Qiymətlərin Razılaşdırılma protokolunda, Xidmətlərin təhvil-qəbul aktında Cavabdeh MMC-yə məxsus möhürün olması faktına aydınlıq gətirə bilməmişdir. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, cavabdeh eyni xidmətin göstərilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti” Dövlət Agentliyinə müraciət etmiş və həmin Agentlik tərəfindən müvafiq yoxlamalar və qiymətləndirmə aparılmaqla, Cavabdeh MMC-yə məxsus olan yanacaq çənlərinə görə 3665 və 3666 saylı texniki təhlükəsizlik sertifikatı verilmişdir. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, hazırkı iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilədən irəli gələn öhdəliklər ilə bağlıdır. Cavabdehin eyni xidmətin göstərilməsi ilə bağlı üçüncü şəxslərlə müqavilə bağlaması hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığına və ya iddia tələbinin əsassızlığna səbəb ola bilməz. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Odur ki, Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Məhdud Məsuliyytəli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2024cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar