Məhkəmə qərarları › İş №2-2(107)-89/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-89/2022

15.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-89/2022 15.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh4, DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı “DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və çıxarışın, xx.xx.2017-cil il tarixli bölgü sxeminin və Murad şirkətinin xx.xx.2017-ci il tarixli ümumi yığıncağının qərarının etibarsız sayılması” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 17 avqust 2022-ci il tаrixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Murad şirkəti xx.xx.1998-ci il tarixdə ********** nömrə ilə 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Şirkətin nizamnamə kapitalının 65%-i Cavabdeh3, 35%-i İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2017-ci ildə təsisçi Cavabdeh3 özünə məxsus nizamnamə kapitalının 50%-ni özündə saxlamaqla qalan 15%-ni İddiaçı bağışlamış və beləliklə hər iki təsisçinin nizamnamə kapitalı 50 % olmuşdur. Murad şirkətinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarı ilə cəmiyyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3 ünvanında yerləşən 7020 kv.m torpaq sahəsindən DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən hazırlanmış və notarial qaydada təsdiq edilmiş bölgü planına əsasən Cavabdeh3 aid 1720 kv.m hissəsi ayrılaraq onun xüsusi şəxsi mülkiyyətinə verilmiş və Cavabdeh3 həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Murad şirkətinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarı ilə cəmiyyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3 ünvanında yerləşən 0,53 ha torpaq sahəsindən notarial qaydada təsdiq edilmiş bölgü planına müvafiq olaraq Cavabdeh3 aid 0,265 ha hissəsi ayrılaraq xüsusi şəxsi mülkiyyətinə, İddiaçı aid 0,265 ha hissəsi ayrılaraq xüsusi şəxsi mülkiyyətinə, 0,53 ha torpaq sahəsində yerləşən 1087,89 kv.m sahəyə məxsus daşınmaz əmlak notarial qaydada təsdiq edilmiş bölgü planına uyğun olaraq Cavabdeh3 və İddiaçı xüsusi mülkiyyətlərinə verilmiş və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adlarına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRXin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və çıxarışın, xx.xx.2017-cil il tarixli bölgü sxeminin və Murad şirkətinin xx.xx.2017-ci il tarixli ümumi yığıncağının qərarının etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı təsisçisi olduğu Murad şirkətinin mülkiyyətində Zaqatala şəhəri, F.Əmirov küçəsi 3 ünvanında 0,7020 ha torpaq sahəsi və ümumi sahəsi 1087,89 m2 qeyri-yaşayış binası olmuşdur. Qeyd olunan torpaq sahəsinin 0,53 ha hissəsi və qeyri-yaşayış binası təsisçilər arasında bərabər bölünmüş, yerdə qalan 0,1720 ha torpaq sahəsi isə Murad şirkətinin adında saxlanılmışdır. Son dövrdə İddiaçı belə bir məlumat daxil olmuşdur ki, Murad şirkətinin mülkiyyətində olan Zaqatala şəhəri, F.Əmirov küçəsi 3 ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi qeyri-qanuni yolla şirkətin təsisçisi Cavabdeh3 mülkiyyətinə keçmişdir. Halbuki, Murad şirkəti ilə Cavabdeh3 arasında heç vaxt belə bir notarial müqavilə bağlanmamışdır. Vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi 18 oktyabr 2021-ci il tarixli, 2118 nömrəli məktubla bildirmişdir ki, həqiqətən də Murad şirkətinin mülkiyyətində olan 0,1720 ha torpaq sahəsi üzərində Murad şirkətinin 25 iyul 2017-ci il tarixli, 01 saylı iclas protokoluna və bölgü sxeminə əsasən Cavabdeh3 mülkiyyət hüquq dövlət qeydiyyatına alınmışdır. Sual yaranır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi Murad şirkətinin 25 iyul 2017-ci il tarixli Ümumi Yığıncağının protokolu və bölgü sxemi əsasında ünvan 2 ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 hüquqlarını dövlət qeydiyyatına ala bilərdimi və bu qanunidirmi? Qanunvericiliyin tələblərindən də müəyyən edilir ki, nə Murad şirkətinin 25 iyul 2017-ci il tarixli ümumi yığıncağının protokolu, nə də bölgü sxemi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Cavabdeh3 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 1720 kv.m torpaq sahəsinin onun mülkiyyətinə keçməsindən xəbəri olmadığını bildirsə də, istər 2017-ci il, istərsə də 2019-cu ildə qeydiyyatlar zamanı, həm iddiaçı özü, həm də onun həyat yoldaşı müvafiq etibarnamələr təqdim etmiş və bütün prosedurlara əməl edilərək sənədləşmələr aparılmışdır. İddiaçının 2017-ci il tarixli sövdələşməni qanunsuz, 2019-cu il tarixli sövdələşməni qanuni hesab etməsi onun ziddiyyətli və qərəzli olmasından xəbər verir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2- 2(117)-865/2022 nömrəli iş üzrə qəbul etdiyi 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mübahisələndirilən əmlakın bölgüsü haqqında sxem təsdiq edilərkən qanunvericiliyin tələblərinin pozuntusu halları olmamış, iddiaçının etibarnamə əsasında nümayəndəsinin iştirakı ilə sənədlər tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Mübahisələndirilən ümumi yığıncağın qərarının, habelə həmin qərar əsasında verilmiş sənədlərin etibarsız sayılması üçün əsas mövcud deyildir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 329.1, 334.1, 334.2, 337.1, 337.2, 337.4, 339.1, 339.3, 421.2-ci, “Notariat haqqında” Qanunun 27, 35, 45-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi xx.xx.2017-ci il tarixli bölgü sxeminə əqd kimi hüquqi qiymət vermiş və həmin sxemi “əmlakın bölünməsi” haqqında saziş(müqavilə) kimi qiymətləndirmişdir. Ən ideal halda əsas müqaviləyə əlavə hesab edilə bilinəcək həmin sənədi məhkəmənin qanunsuz, əsassız olaraq saziş kimi qiymətləndirməsi heç cür anlaşılan deyil. Əgər həqiqətən də həmin bölgü sxem müqavilədirsə, hanı həmin müqavilədə tərəflərin hüquqları, vəzifələri və öhdəlikləri? Əgər qeyd olunan sxemdə hər hansı bölgüdən söhbət gedirsə, niyə əmlak bütövlükdə bir şəxsin mülkiyyətinə keçib? Birinci instansiya məhkəməsi öz qətnaməsinin əsaslı və qanuni olması görüntüsü yaratmaq üçün bölgü sxemini bölgü sazişi kimi qiymətləndirmişdir. Əks təqdirdə qətnamənin əsaslandırılması mümkünsüz olardı. İş üzrə Cavabdeh3 atası Cavabdeh4 ona verilmiş etibarnamədə öz nəfinə sui-istifadə edərək Murad şirkətini xx.xx.2017-ci il tarixli ümumi yığıncağında şirkətin mülkiyyətində olan 0,1720 hektar torpaq sahəsini iş üzrə Cavabdeh3 adına keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin məhkəmə işin bu halını ümumiyyətlə araşdırmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etmişdir. Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh4 izahatında birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olduğunu bildirmişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon 2 saylı Notariat Kontorunun nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Madə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Maddə 337.1. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.2. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “Notariat haqqında” Qanun Maddə 27. Notariat hərəkətlərinin aparılması qaydaları bu qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Madə 35. Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Maddə 45. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariuslar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, müqavilələrin elektron formada tərtib edilməsinə və imzalanmasına, onların, habelə videoyazı vasitəsilə əqdlərin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1 Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə əsasən iddiaçının dəlilləri ondan ibarətdir ki, Murad şirkətinin 25 iyul 2017- ci il tarixli ümumi yığıncağının protokolu və bölgü sxemi 0,1720 ha torpaq sahəsi üzərində cavabdehin hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Ona görə də həmin 0,1720 ha torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanunsuzdur. İşdə olan sənədlərə əsaslanan birinci instansiya məhkəməsi isə işin halları kimi müəyyən etmişdir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Çünki iddiaçı çıxarışı qanunsuz hesab etsə də, şirkətin ümumi yığıncağının qərarının və bölgü sxeminin etibarsızlığını əsaslandırmamış, hansı səbəblə etibarsız hesab etdiyini göstərməmişdir. Eyni zamanda adları qeyd olunan sənədlərin etibarsız hesab edilməsinə əsas olan sübutlar da məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən əmlakın bölgüsü haqqında sxem təsdiq edilərkən hazırki iş üzrə tətbiq edilən maddi hüquq normalarının tələbləri pozulmamış, iddiaçının etibarnamə əsasında nümayəndəsinin iştirakı ilə sənədlər tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Başqa sozlə desək, mübahisələndirilən torpaq sahəsinin cavabdehin adına daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına iddiaçının iradə ifadəsi mövcud olmuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən ümumi yığıncağın qərarının, habelə həmin qərar əsasında verilmiş sənədlərin etibarsız sayılması üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi əsaslıdır. Çünki iddiaçının tələbi o halda əsaslı ola bilərdi ki, həmin sənədlərin qəbul edilməsi zamanı Mülki Məcəllə ilə müəyyən edilmiş tələblər pozulmuş olsun. Hazırkı halda isə həmin sənədlərin qəbul və tərtib edilməsində iddiaçının iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlərə riayət edilmişdir. Mübahisələndirilən sənədlərin etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiasının və apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə əsaslıdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 17 avqust 2022ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar