Məhkəmə qərarları › İş №2-2(107)-89/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-89/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-89/2024 09.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-258/2024 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh(bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 228.610 manat pul məbləği və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin arı təsərrüfatı vardır, arı təknələri İsmayıllı rayonunun İstisu kəndinin ərazisində yerləşir. O, 20 may 2024-cü il tarixdən 24 iyun 2024-cü il tarixədək həmin ərazidə olduğundan və həmin ərazidə internetə çıxışı olmadığından tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və apellyasiya şikayəti onu verən şəxsə geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Şəki Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şəki Kommersiya Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə mövqeyini onunla əsaslandırmışdır ki, qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəbdən ötürüldüyündən və müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyindən müddətin bərpasından imtina edilməlidir. Şəki Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşmayan cavabdehin isə qərardaddan verdiyi şikayətdə bildirir ki, o, prosessual müddəti özündən asılı olmayan səbəblərdən ötürmüşdür. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, işin 65-ci vərəqəsində olan çıxarışdan görünür ki, Şəki Kommersiya Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, e-2- 2(117)-258/2024 nömrəli qətnaməsi 30 aprel 2024-cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yerləşən, cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir. Apellyasiya şikayəti isə 27 iyun 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 31 may 2024-cü il tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 27 iyun 2024-cü il tarixdə verilmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin Məhkəmə hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə olan halda hesab edilməlidir ki, Şəki Kommersiya Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan cavabdehin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 15 iyul 2024cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar