Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-91/2022 01.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1187/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06 oktyabr 2022-ci il tarixli qərardadından cavabdeh “X1” MMC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh “X1” MMC-yə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 14549,24 manat əsas borc, 1454,92 manat cərimə, 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “X1” MMC X2rşı qarşılıqlı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, X4 ilə aralarında bağlanmış DTF-XM-19 nömrəli, xx.xx.2020-ci il tarixli xidmət müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. “X1” MMC həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Şəki Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şəki Kommersiya Məhkəməsi “qarşılıqlı iddia ərizəsinin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsi qanunvericiliklə müəyyən edilmiş 20 günlük müddəti ötürməklə verilmiş və ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Şəki Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşmayan “X1” MMC isə qərardaddan verdiyi şikayətdə bildirir ki, prosessual müddətin ötürülməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə əsassızdır. Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə qarşılıqlı iddia bölməsi mövcud deyildir. Bu səbəbdən “əlaqəli yeni sənəd əlavə etmək” vasitəsi ilə qarşılıqlı iddia ərizəsi yerləşdirilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(MPM) 155.1-ci maddəsinə görə, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. MPM-in 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. MPM-in 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. İş materiallarından görünür ki, ilkin iddia ərizəsi 10 avqust 2022-ci il tarixdə birinci instansiya məhkəməsinin icraatına qəbul edilmiş və həmin tarixdə elektron kabinet vasitəsilə cavabdeh “X1” MMC-yə hüquq və vəzifələrinin izahı barədə bildiriş göndərilmişdir. Buna baxmayaraq cavabdeh 06 oktyabr 2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi qarşılıqlı iddia ərizəsi, ilkin iddia ərizəsi cavabdehin elektron kabinetinə yerləşdirildiyi gündən 20 gün müddətində verilməli olduğu halda həmin müddət ötürülərək verilmişdir. Cavabdeh şikayətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə qarşılıqlı iddia bölməsi mövcud olmadığını əsas gətirmişdir. Məhkəmə qeyd edir ki, elektron kabinetdə “qarşılıqlı iddia” bölməsinin mövcud olmaması belə cavabdehi qarşılıqlı iddia ərizəsini elektron kabinet vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində vermək imkanından məhrum etməmişdir(cavabdeh qarşılıqlı iddia ərizəsini xx.xx.2022-ci ildə məhz elektron kabinet vasitəsilə vermişdir). Bundan başqa Məhkəmə bildirir ki, MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qarşılıqlı iddia ərizəsi verilərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından 100 manat dövlət rüsumu ödənilməli olduğu halda, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda hesab edilməlidir ki, Şəki Kommersiya Məhkəməsi “qarşılıqlı iddia ərizəsinin geri qaytarılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh “X1” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-91/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-91/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver