Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-92/2025 03.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X29 qızının katibliyi, apellyasiya şikayətini vermiş İddiaçı və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, cavabdeh və eyni zamanda, digər Cavabdeh2 nümayəndəsi - Cavabdeh1, Cavabdeh1 vəkili - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil1 iştirakı ilə, İddiaçı (VÖEN: **********) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (VÖEN: **********) qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 03 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Şəki rayonu Baş Göynük kəndində inşa etdiyi və uzun müddət istifadəsində olan qeyri-yaşayış binasına çəkdiyi xərclərin əvəzi olaraq 44385 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi, tələb etdiyi pulun ona tam şəkildə ödənilənədək qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməyinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneələrin edilməsinin qadağan edilməsi və Dövlət Büdcəsinə ödədiyi dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu Baş Göynük kəndində yaşayır. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ata-oğul olmaqla, onlar da Şəki rayonu Baş Göynük kəndində yaşayırlar. O, cavabdehlərlə razılığa gəlib qeyri-yaşayış binası inşa edərək, birlikdə orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişlər və buna görə də, Şəki rayonu Baş Göynük kənd sakini olmuş X8 mülkiyyətində olan torpaq sahəsini almağı razılaşmışlar. Onlar Şəki rayonu Baş Göynük kəndinin yuxarı hissəsində yerləşən həmin torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa etmişlər. Həmin qeyri-yaşayış sahəsi ət dükanı, kəsim otağı, mətbəx, çayxana, mağaza və anbardan (tövlədən) ibarətdir. Qeyd edilən tikililərin inşası üçün 44385 manat xərc çəkmiş və həmin tikililərdən uzun müddət özü istifadə etmişdir. Lakin, hazırda cavabdehlər kifayət qədər xərc çəkdiyi və uzun müddətdir ki, istifadəsində olan həmin sahədən onun istifadə etməyinə imkan vermirlər. Nəticədə ona kifayət qədər ziyan dəymiş və cavabdehlər onun hesabına əsassız olaraq varlanmışlar. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı tərəfindən iddia tələbinin sübutu kimi iddia ərizəsi ilə birlikdə məhkəməyə "xxxx" MMC tərəfindən verilmiş 03 sentyabr 2022-ci il tarixli, 4002/22 nömrəli “qiymətləndirmə” rəyi əlavə edilmişdir və həmin rəydən görünür ki, iddia tələbi üzrə mübahisə predmeti olan qeyri-yaşayış binasının inşasına çəkilmiş xərc 44385 manat təşkil edir. Şəki Rayon Məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli e-2(075)-100/2023 nömrəli qətnaməsi ilə həmin iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10750 manat məbləğində pulun və 54,25 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 37,50 manatının İddiaçı, 12,50 manatının isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Pərviz Hacıyev). Şəki Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli e-2(075)-100/2023 nömrəli qətnaməsində İddiaçı və Cavabdeh1 izahatlarına, şahid qismində dindirilmiş X3, X13, X17, X1, X9, X2, X23 və X18 ifadələrinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli 10/8563 nömrəli ekspert rəyinə və digər sənədlərə istinad olunmuşdur. Şəki Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli e-2(075)-100/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli 2(107)-1177/2023 nömrəli qərardadı ilə İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilib, Şəki Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli e-2(075)-100/2023 nömrəli qətnaməsi ləğv edilmiş və həmin mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair hazırkı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
2. Birinci instansiya məhkəməsində (Şəki Kommersiya Məhkəməsində) icraat
Şəki Kommersiya Məhkəməsində iş üzrə aparılan məhkəmə araşdırması nəticəsində qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 13 iyun 2024cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia tələbi rədd edilərək, həmin Qətnamədə qət olunmuşdur ki, “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şəki rayonu, Baş Göynük kəndində inşa etdiyi və uzun müddət istifadəsində olan qeyri-yaşayış binasına çəkdiyi xərclərin əvəzi olaraq 44385 manatın alınaraq ona verilməsi, tələb etdiyi pul ona tam səkildə ödənilənədək qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik edilməsinin qadağan edilməsi, dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə iddiası təmin edilməsin”. Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə ilkin olaraq iddiaçının iki cavabdehə qarşı iddia irəli sürməsi və tələb məbləğinin hər iki cavabdehə yönəldiyini bildirmiş və ayrılıqda hər bir cavabdehdən nə qədər tələb etməsini qeyd etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlər yaxın qohumdurlar və onlar ət kəsimi ilə birlikdə (ata və oğul olaraq) məşğul olmuşlar, həmçinin iddiaçı da heyvan kəsimi üçün həmin şəxslərin hər birinə müraciət etmişdir. Ona görə də, məhkəmə iddia tələbini hər iki cavabdehə yönələ bilmə imkanının mümkün olmasını nəzərə alıb iddiaya mahiyyəti üzrə baxmışdır. Məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterini müəyyən etmək məqsədi ilə təqdim olunmuş sübutlara və irəli sürülmüş bütün dəlillərə hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, tərəflər arasında şərikli biznes fəaliyyəti və nəticədə əldə edilmiş gəlirin bölüşdürülməsi ilə bağlı hər hansı bir yazılı və ya şifahi formada müqavilə bağlanmamışdır. Belə ki, iddiaçı ifadəsində mübahisə predmeti olan mağazanı şərikli vəsaitləri hesabına aldığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Bundan əlavə mağazanın tikintisində iştirak etdiyini, materiallar alıb həmin mağazaya sərf olunduğunu bildirsə də, nə qədər vəsaiti ahnsı iqstiqamətə xərclədiyini, əldə ediləcək gəliri hansı qaydada bölüşdürəcəkləri və qoyduğu mayanın məbləği ilə bağlı hər hansı bir tutarlı fakt irəli sürə bilməmişdir. Buna görə də məhkəmə tərəflər arasında yazılı və ya şifahi formada hər hansı müqavilə bağlanmasını müəyyənləşdirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələb etmə hüququ əsasssız varlanmadan və ya delikt öhdəliklərindən əmələ gələn tələb olaraq baxıla bilər. Məhkəmə, qeyd edir ki, iddiaçı şərikli biznes, maya qoyuluşu, gəlirin bölüşdürülməsi faktları tərəflər arasında şifahi formada olsa da bağlanmış müqaviləyə əsaslanmalı, bu gün tələbində qeyd etdiklərini razılaşdırılmalı idi. Məhkəmə belə bir halı müəyyən etməmişdir. Bu hallar mübahisə predmeti olan cavabdehlərdən biri olan Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsinin tikintisi və oradan gələn gəlirin şərikli qaydada bölüşdürlməsinə də aiddir. Qanunvericiliyin tələbinə görə əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan əlavə, qanunvericiliyin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi şərikli payın qoyulması və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və nəticədə gəlirin bölüşdürülməsi əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarının yaradılması zamanı mümkündür. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Qanunvericilikdə qeyd edilən hüquqi sənədlərin tərtib edilməsi və ya hüquqi şəxslərin yaradılması ilə bağlı hər hansı bir fakt müəyyən edilməmişdir. Bundan əlavə tərəflər arasında ziyan vurmadan yaranan öhdəliklərin mövcudluğu da istisna edilir. Belə ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olmamışdır. Ona görə də məhkəmə iddiaçının tələbinin əsassız varlanma nəticəsində qarşı tərəfdən tələbin qanuni əsası olaraq qəbul edir. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçının əmlak və ya pul vəsaitinin cavabdehə keçməsi və nəticədə cavabdehin varlanması halı müəyyən edilmir. Belə ki, iddiaçı ilkin olaraq birgə biznes fəaliyyəti üçün qoyduğu maya, mağazanın tikintisinə çəkdiyi xərci, heyvan kəsimi nəticəsində əldə etdiyi gəlirin hansı qaydada bölüşdürülməsi qaydasını sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının qardaşı təsdiq etmişdir ki, heyvan kəsimi nəticəsində hər hansı şəxsə borcları qalmamış, qardaşı tərəfindən və Cavabdeh1 tərəfindən kəsmək üçün verilən heyvanların kəsilməsi nəticəsində ət məhsulları nisyə satılsa da, yekunda həmin borclar tam qaytarılmışdır. Bundan əlavə, iddiaçı 2009-cu ildən birgə ət kəsimi fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, hazırkı vaxta kimi kəsilmiş heyvanların ətindən əldə edilən gəlirin bölüşdürmə qaydasını, hazırkı mübahisənin 2020-ci ildə hansı səbəbdən yaranmasını izah edə bilməmişdir. Məhkəmə tərəfindən obyektin tikintisinə çəkilmiş xərclərlə bağlı sənədlərin təqdim edilməsi tələb edilsə də, iddiaçı şifahi olaraq 44385 manat xərc çəkdiyini, lakin bunu təsdiq edəcək hər hansı bir yazılı sənədin mövcud olmadığını bildirmişdir. Eyni zamanda, təqdim olunmuş ekspert rəyindən görünür ki, mübahisə predmeti olan tikili texniki pasport sənədində fərdi yaşayış evi kimi qeyd olunsa da, faktiki olaraq həmin tikili qeyri-yaşayış sahəsi kimi istifadə olunur, tikilinin inşasına çəkilən xərcin bazar qiymətlərinə uyğun olaraq təqribi dəyəri 21500 manat müəyyən olunmuşdur. Məhkəmə həmin obyektin tikintisi üçün çəkilmiş xərcin 21500 manat olmasını qəbul etsə də, çəkilmiş xərcin hansı hissəsinin iddiaçı tərəfindən ödənildiyini təsdiq edən heç bir sənəd təqdim olunmamışdır. Cavabdeh tərəfindən qeyd edilən tikintiyə çəkilən xərclərlə bağlı akt və sənədlər təqdim edilmişdir. Eyni zamanda, iş materialları kimi maddi sübut qismində məhkəməyə bir ədəd dəftər təqdim olunmuşdur. Həmin dəftərin 8 yanvar hesabatı yazılmış vərəqindən görünür ki, hər iki tərəf nisyə heyvan alaraq onların kəsimi nəticəsində əti sataraq ətin pulunu qaytarmışdır. Məhkəmə tərəflərin izahatlarından müəyəyn etmişdir ki, ət kəsimi mağazasını işlədən əsasən Zifiyev Mehman və iddiaçının qardaşı X33 olmuş, kənd ərazisində yaşayan şəxslər heyvanlarını satmaq məqsədi ilə həmin şəxslərə kəsimə vermiş, onlar həmin heyvanı kəsib, ətini sataraq əldə edilən vəsaiti heyvanın sahibinə vermiş, heyvan kəsimini aparan şəxslərə isə müəyyən muzd məbləği verilmişdir. Məhkəmə təqdim edilmiş nisyə dəftərinə münasibətdə bildirir ki, malın nisyə alqı-satqısı və ətin kəsilməsindən sonra əldə edilmiş vəsait hesabına malın borcunun ödənilməsi, tərəflərin şərikli fəaliyyət göstərməsini təsdiq edəcək sübut deyildir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 157.1, 157.2, 157.4, 157.5, 385.1, 386.1, 390.1, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3, 1093.1, 1093.2, 1093.2.1, 1093.2.2, 1095, 1096.1 və 1096.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 88, 217.1, 217.2, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Eyni zamanda, iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsində aşağıda qeyd olunan şahid ifadəsinə və sənədlərə istinad olunmuşdur: - Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsi: Qətnamədə yazılmış həmin ifadədən görünür ki, onun qardaşı olan iddiaçı ilə cavabdeh 2009-cu ildə şərikli iş görmək qərarına gəlmişlər, şərikli torpaq alaraq obyekt tikmiş və həmin obyekti birlikdə işlətməyə başlamışlar, ət kəsimindən gələn gəlirin yarısını qardaşı, digər yarısını isə Cavabdeh1 götürmüşlər. Tərəflər arasında olan haqq-hesab məsələsi barədə məlumatı yoxdur, ət kəsimindən heç kimin borcu qalmayıb, nə qədər ət kəsilibsə satılıb və borcu ödənilib. O, Cavabdeh2la ət kəsimini birlikdə işlətmiş, o yalnız heyvan kəsib-satmaqla məşğul olurdu. Onun heç kimə borcu qalmamışdır. - 29.05.2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair müqavilə: Həmin müqavilədən görünür ki, X19 və X14 220 kv.m torpaq sahəsini 1000 manat müqabilində Cavabdeh2 satmışlar. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti: Həmin sənəddən görünür ki, Şəki rayonu Baş Göynük kəndində 0,022 hektar torpaq sahəsində yerləşən 158 kvadratmetr fərdi yaşayış evi 11 yanvar 2021-ci il tarixdə Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli 10/8563 nömrəli ekspert rəyi: Həmin Rəydən görünür ki, - 1.) Şəki rayonu Baş Göynük kəndində yerləşən, mübahisə predmeti olan tikilinin mülki iş materiallarında olan **********58-10301 reyestr nömərli texniki pasportda qeyd olunan fərdi yaşayış evi ilə eynilik təşkil etdiyi müəyyən olunur. Lakin, mübahisə predmeti olan tikili mülki iş materiallarında olan **********58-10301 reyestr nömərli texniki pasportda fərdi yaşayış evi kimi qeyd olunsa da, həmin tikilinin faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən olunur; – 2). Şəki rayonu Baş Göynük kəndində yerləşən, mübahisə predmeti olan tikilinin inşasına çəkilən xərcin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 21500 manat məbləğində müəyyən olunur; - 3). Şəki rayonu Baş Göynük kəndində yerləşən, mübahisə predmeti olan tikilinin altında yerləşən torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 1400 manat məbləğində müyyən olunur.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şəki rayonu Baş Göynük kəndində inşa edilmiş və uzun müddət istifadəsində olan qeyri-yaşayış binasına çəkdiyi xərclərin əvəzi olaraq 44385 manatın alınaraq ona verilməsi, tələb etdiyi pul ona tam şəkildə ödənilənədək qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik edilməsinin qadağan edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, 157-ci, 385.1- ci, 386.1-ci, 390.1-ci, 1091-1093-cü, 1095-1096-cı maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddələrin məzmununa görə əslində əsassız varlanma istəyi cavabdehə aid edilməli olduğu halda, məhkəmə həmin normaları cavabdehin mənafeyinə uyğunlaşdırmağa çalışmışdır. Hazırkı mübahisə cavabdehlərin şərikli aldıqları torpaq sahəsində şərikli inşa etdirdikləri obyektə öz adlarına mülkiyyət sənədi alındıqdan sonra başlamışdır. Belə olan halda kimin əsassız varlanmaq istəyi bəlli olur. Mülki-Prosessual Məcəllənin 77.1-ci, 81-ci, 88-ci və 217-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə heç bir araşdırma aparmadan, mülahizələrə əsaslanaraq, şahidlərin ifadələrini nəzərə almadan, düzgün və qərəzsiz qiymət vermədən qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən maddənin tələbinə zidd olaraq digər məhkəmə prosesində ifadə vermiş 8 şahidin, hazırki məhkəmədə ifadə vermiş 1 şahidin ifadələri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd edilən maddə məhkəmə tərəfindən düzgün tətbiq edilməmiş və şərh edilməmişdir. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən hüquq normasının tələbi də məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, məhkəmə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(075)-100/2023 nömrəli qətnaməsini nəzərə almadan səhv nəticəyə gəlmişdir. Qeyd edilən qətnamənin yalnız məhkəmə aidiyyatına görə ləğv olunduğu isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə, hətta iddiaçı tərəfə iddianın əsassız olduğunu və sübutların olmadığını cavabdehin iştirak etdiyi məhkəmə prosesində əvvəlcədən bildirmişdir. Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)-386/2024 nömrəli Qətnaməsi ümumiyyətlə cavabdehlərin sənədləri və mübahisəli obyekt barəsində heç bir araşdırılma aparılmadan mülahizələrlə əsaslandırılmış, həmin cavabdehlərin mülkiyyət sənədinin mübahisəli obyektə aid olubolmamasına aydınlıq gətirilməmişdir. İddiaçı tərəfindən məhkəməyə kifayət qədər dəlil və sübut təqdim edilmişdir. Həm də həmin dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. Cavabdeh isə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız fərdi yaşayış evinə aldığı çıxarışı təqdim edərək, həmin çıxarışın mübahisələndirilən obyektə aid olduğunu əsaslandırmağa çalışmışdır. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar isə nəticə hissəsi ilə uzlaşmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılır. Məhkəmə ekspertiza keçirilməsi barədə qərar qəbul etməmiş, iş üzrə mövcud ekspert rəyinə isə hüquqi qiymət verməmişdir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
3.3). İş üzrə Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
İddiaçı Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsindəki birinci icraat zamanı aparılan araşdırma nəticəsində qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (sədrlik edən hakim – Günay Cavadova, hakimlər - Elçin Hüseynov və Əyyub Kərimov) 26 sentyabr 2024-cü il tarixli 2-2(107)- 85/2024 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş həmin аpellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)- 386/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli 2-2(107)-85/2024 nömrəli qətnaməsi ilə razılaşmayıb, həmin qətnamədən kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2(107)-85/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
3.4). İş üzrə Kassasiya instansiyası məhkəməsində icraat:
Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli 2-2(107)-85/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya instansiyası məhkəməsində aparılan araşdırma nəticəsində qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 07 fevral 2025-ci il tarixli 2-2(102)-47/2025 nömrəli Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 26 sentyabr 2024-cü il tarixli 2-2(107)-85/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir (hakim Bəhman Qəribovun məruzəsi ilə, hakimlər Bəhram Məmmədli və Vüsalə Baxışovadan ibarət tərkibdə). Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 07 fevral 2025-ci il tarixli 2-2(102)-47/2025 nömrəli qərarının “Kassasiya instansiya məhkəməsinin mövqeyi” adlanan bölməsində əksini tapmış kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki: “ 36. Məhkəmə kollegiyası hazırkı iş üzrə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
37. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən mübahisəli tikili fərdi yaşayış evi kimi Cavabdeh2 mülkiyyətində olsa da, faktiki olaraq həmin tikili qeyri-yaşayış sahəsi kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə cavabdehlərin istifadəsindədir. Hazırda iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin alınmasının və oradakı əmlakın tikintisinin birgə həyata keçirdiklərini və cavabdehlərlə şərikli biznes fəaliyyəti ilə məşğul olduqlarını iddia edir. Cavabdeh1 isə bunun əksini irəli sürərək, iddiaçının sadəcə əmlakın tikintisində usta kimi fəaliyyət göstərməsini bildirir.
38. Birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iddianın əsassız olması ilə bağlı mövqeləri ondan ibarət olmuşdur ki, mübahisəli əmlakın tikintisinə iddiaçı tərəfindən hər hansı məbləğdə vəsait xərclənməsi və hazırda həmin əmlakdan iddiaçının çıxarılması ilə cavabdehlərin əsassız varlanması iş materialları ilə sübuta yetirilmir. Həmçinin malın nisyə alğı-satqısı və ətin kəsilməsindən sonra əldə edilmiş vəsait hesabına malın borcunun ödənilməsi, tərəflərin şərikli fəaliyyət göstərməsini təsdiq edəcək sübut kimi qəbul edilə bilməz.
39. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 14-cü maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-in 14.1-ci maddəsi).
40. Bu normanın məzmunu ilk növbədə ədalət mühakiməsinin məqsədlərinə nail olmaq üçün mülki mühakimə icraatında tərəflərin bərabərliyinin, çəkişmə prinsipinin, prosessual hüquqlarının həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi üçün prosessual şəraitin yaradılmasına və bununla da mübahisənin yalnız işin müəyyənləşdirilmiş faktiki halları əsasında baxılıb həll olunmasının təmin edilməsinə yönəlmişdir. Göstərilənlər baxımından mülki mühakimə icraatı çərçivəsində MPM-in 14-cü maddəsində nəzərdə tutulmuş prinsiplərə riayət olunması qanuni və əsaslı məhkəmə aktının çıxarılması üçün mühüm əhəmiyyətə malikdir.
41. Hazırkı işin materiallarından görünür ki, tərəflər arasındakı mübahisə üzrə Şəki Rayon Məhkəməsinin 2023-cü il 1 avqust tarixli qətnaməsi məhkəmə aidiyyəti qaydalarının pozulması əsası ilə Şəki Apellyasiya Məhkəməsinin 2023-cü il 25 oktyabr tarixli qərardadı ilə ləğv edilərək mahiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
42. Şəki Rayon Məhkəməsindəki icraat zamanı 8 şahidin verdiyi ifadələrə görə mübahisə predmeti olan tikili birgə inşa edilmişdir.
43. Bu cür vəziyyətdə isə şahidlərin cinayət məsuliyyəti barədə iltizamı alınmaqla verdikləri ifadələrin işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq yenidən baxılması zamanı nəzərə alınmaqla onların yenidən dindirilməsi zərurətinin aradan qalxması kimi iddiaçıda prosessual əminlik təəssüratının yaranmasını istisna etmir.
44. Hazırkı iş üzrə məhz belə vəziyyətin iddiaçı barəsində mənfi prosessual nəticələrinin əmələ gəlməsinin aradan qaldırılması üçün yuxarıda göstərilən 8 şahidin yenidən çağırılıb-çağırılmaması məsələsi Şəki Kommersiya Məhkəməsinin hazırlıq iclasında ətraflı müzakirə edilməklə həll olunmalı idi.
45. Belə ki, MPM-in 167.1.8-ci maddəsinə görə hakimin çəkişmə prinsipinə əməl etməklə işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında etdiyi hərəkətlər sırasında şahidlərin çağırılması məsələsinin həll edilməsi də göstərilir.
46. Digər tərəfdən MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
47. Bundan başqa isə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə aidiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir (MPM-in 209.3cü maddəsi).
48. Apellyasiya mərhələsindəki icraat zamanı da yeni sübutların və yeni tələblərin qəbul edilməsi mümkünlüyü xüsusi halın mövcudluğu ilə əlaqələndirilmişdir (MPM-in 372.2-ci maddəsi).
49. Hazırkı işin materiallarından isə kommersiya məhkəməsindəki hazırlıq mərhələsində MPM-in 14.1-ci maddəsinə uyğun olaraq rayon məhkəməsində dindirilmiş şahidlərlə bağlı məsələnin müzakirə və həll edilməsi görünmür.
50. Bu isə öz növbəsində iddiaçının öz tələbinin əsaslığı ilə əlaqədar MPM-in 77-ci maddəsində nəzərdə tutulmuş sübutetmə vəzifəsinin həcmində və vasitə seçimində məhdudiyyətin yaranması ilə nəticələnmişdir.
51. Digər tərəfdən iddiaçının 8 şahidin ifadələrin nəzərə alınmaması ilə bağlı apellyasiya şikayətində qeyd etdiyi dəlilinə münasibətdə MPM-in 14.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirməyən apellyasiya məhkəməsi qətnaməsində göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almamışdır. Bu səbəbdən həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırkı işə baxan məhkəmələr üçün məcburi xarakter daşıya bilməz.
52. Bundan başqa iş materiallarında olan 2024-cü il 13 iyun tarixində keçirilmiş birinci instansiya məhkəməsinin açıq məhkəmə iclasının protokolunda cavabdehin nümayəndəsi öz izahatında etiraf etmişdir ki, tərəflər obyekti şərikli tikiblər, lakin kənd əhalisi arasında həmin obyektin Cavabdeh2 məxsus olması bilinir (bax: İİ cild, səhifə 151).
53. MPM-in müddəalarına əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (MPM-in 106.1 və 106.3-cü maddələri).
54. Bununla belə cavabdeh mübahisəli əmlakın şərikli tikildiyini öz izahatında etiraf etsə də, birinci instansiya məhkəməsi tərəfindən MPM-in müvafiq normalarının tələblərinə riayət edilməklə rəsmiləşdirilməmişdir. Bundan başqa həmin protokolda məhkəmə iclasının audio-video yazısı aparılması qeyd olunsa da, iş materiallarında mövcud olan diskdə yalnız 2024-cü il 4 aprel tarixində keçirilmiş iclasının audio-video yazısı mövcuddur.
55. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi həlli ilə bağlı kifayət qədər prosessual fəallıq göstərməmiş və işdə olan sübutlar üzrə iş üçün əhəmiyyətli olan hallar barədə tam, hərtərəfli araşdırma aparmamışdır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən mübahisəli tikili 2021ci il 11 yanvar tarixində fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınmışdır. Bununla belə 2023-cü il 25 aprel tarixli ekspert rəyində göstərilmişdir ki, mübahisə predmeti olan tikili fərdi yaşayış evi kimi qeydiyyata alınsa da, həmin tikili faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilir.
57. Məhkəmələr iddiaçı ilə cavabdeh arasında şərikli fəaliyyət haqqında yazılı və ya şifahi hər hansı razılaşma olmadığına istinad edərək, hazırkı iddia tələbinin qanuni əsasının mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normalar olması qənaətinə gəlmişlər.
58. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsinin etirafı və bu etirafla üst-üstə düşən 8 şahidin ifadələri, o cümlədən dövlət qeydiyyatına alınan tarixə qədər mübahisəli tikilinin hansı məqsədlə istifadə olunmasının müəyyənləşdirilməsi hazırkı iş üzrə iddia tələbinin maddi hüququ əsasının doğru seçilməsi və bundan çıxış edərək mübahisənin ədalətli həll edilməsi üçün zəruridir.
59. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir və yuxarıda qeyd olunan nöqsanlar tam, hərtərəfli və obyektiv araşdırılmaqla mübahisəyə hüquqi qiymət verməlidir.
60. Məhkəmə kollegiyası, həmçinin onu da qeyd edir ki, məhkəmə MPM-in 97.1-ci maddəsində nəzərdə tutulan səlahiyyətə də malikdir.”
4. İş üzrə ikinci (hazırkı) apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar ikinci (hazırkı) apellyasiya icraatında kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclaslarına apellyasiya şikayətini vermiş İddiaçı və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, cavabdeh və eyni zamanda, digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və Cavabdeh1 vəkili - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil1 gəlmişlər. Məhkəmə iclaslarında apellyasiya şikayəti vermiş İddiaçı Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdı ki, onun özündən bir neçə yaş böyük olan həmkəndlisi Cavabdeh1 ilə yaxşı münasibəti olmuş və onlar birgə təsərrüfat və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Həmiçinin, 2009-cu ildə də Vaqiflə birlikdə öz həmkəndlilərindən şifahi razılaşma ilə torpaq sahəsi alıb, həmin sahədə Vaqiflə şərikli hissə-hissə olmaqla ət mağazası, ət kəsimi yeri, çayxana, mətbəx, anbar, tövlə, taxıl satışı kimi istifadə olunan mağaza tikmiş və həmin obyektlərdə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Həmin tikililəri təxminən iki il ərzində birlikdə tikmişlər və o, bu işlərdə Vaqiflə birin-birə olmaqla, tam şərik olmuşdur. Bütün işləri birlikdə görmüşlər və haqq-hesabı böyük kimi Cavabdeh1 aparmışdır. Anbara taxıl yığıb satmışlar, ət dükanını onun qardaşı Vahid və Vaqifin oğlu Mehman işlətmiş, çayxananı icarəyə vermişlər. Ayın axırları Vaqif onunla haqq-hesab etmiş, gəliri bölmüş və yaxud onun payına düşən gəlirdən tikinti işlərinə istifadə etmişdir. Əvvəlcədən razılıqlarına əsasən o, həmişə hesab etmişdir ki, bu tikililərin yarısı onundur. Təxminən 10 ildən çox belə işləmişlər. Lakin bir neçə il bundan əvvəl xəbər tutmuşdur ki, Vaqif onun xəbəri olmadan torpağı və bütün tikililəri oğlu Mehmanın adına keçirmişdir. O, Vaqiflə görüşüb bunun düzgün olmadığını demiş və öz payını tələb etmişdir. Yəni, tələb etmişdir ki, ya torpağın və tikililərin yarısı ona verilsin, ya da bütün çəkilən xərclər hesablanıb onunla Vaqif arasında bölünsün və onun payına düşən pul ödənilsin. O, hətta kəndin ağsaqqalları və kəndin mollasını da özü ilə Vaqifgilə aparıb, bu mübahisənin öz aralarında həll edilməsinə və haqqının ödənməsinə çalışmışdır. Lakin, Vaqif razılaşmamış və müxtəlif bəhanələrlə onun payına düşən hissəni ödəməkdən və onunla razılaşmaqdan boyun qaçırmışdır. Məhkəmə iclaslarında İddiaçı nümayəndəsi Nümayəndə da apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdi . Məhkəmə iclaslarında cavabdeh və eyni zamanda, digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, 2009-cu ildən mübahisəli 220 kvadratmetr torpaq sahəsini oğlu Mehman üçün almış və həmin torpaq sahəsində ət dükanı tikərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. İddiaçı tərəflə onların heç bir şərikliyi, birgə fəaliyyəti olmamış və həmin torpağın alınmasında, tikililərin tikilməsində iddiaçı tərəf heç bir xərc çəkməmişdir. Obyektin tikintisinə Mehman isə təxminən 9000- 9800 manat pul xərcləmişdir. İddiaçı və onun qardaşı Vahid obyektin tikintisində usta kimi işləmişlər. Oğlu Mehmanla iddiaçının qardaşı Vahid şərikli ət-kəsib satmışlar və onun tikililərin tikilməsinə aidiyyəti olmamışdır. Mübahisəli torpaq sahəsinin rəsmi alqı-satqısı isə 2019-cu ildə olub, 2021-ci ildə Mehmanın adına rəsmi çıxarış almışlar. Məhkəmə iclaslarında Cavabdeh1 vəkili Vəkil1 da vəkili olduğu cavabdehin mövqeyini müdafiə edib, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)- 386/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya araşdırması zamanı iş üzrə 03 iyul 2025-ci ildə keçirilən məhkəmə iclasında aşağıda qeyd olunan şəxslər iddiaçı və cavabdeh tərəfin vəsatətləri əsasında şahid qismində dindirilmişlər və şahidlər aşağıda qeyd olunan məzmunda ifadələr vermişlər: - İddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Şəki rayonu Baş Göynük kəndində dini icmanın sədri işləyir və hər iki tərəfi həmkəndli olaraq yaxşı tanıyır. Əli və Vaqif birlikdə bir neçə il əvvəl kənddə ət dükanı, çayxana və s. kimi istifadə olunan ortaqlı obyekt tikiblər və həmin obyekti 10, ya 12 il bir yerdə işlədiblər. Bir neçə il əvvəl isə onların münasibəti pozulmuş və İddiaçı ona müraciət edərək, digər kənd ağsaqqalları ilə birlikdə Vaqiflə şərikli tikib işlətdikləri obyektlə bağlı yaranmış mübahisənin həlli üçün Vaqifgilə getməyi xahiş etmiş və ona görə də onlar birlikdə Vaqifgilə getmişlər. Çünki, İddiaçı istəyirdi ki, həmin obyektin tikintisinə qoyduqları pulun payına düşən hissəsinə uyğun Vaqifdən pulunu və yaxud, obyektin bir hissəsini alsın. Lakin, Vaqif razılaşmadı və Əliyə həmin obyektə görə pul verməkdən və yaxud obyektin yarısını verməkdən imtina etdi. - İddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, hər iki tərəflə həmkəndlidir və onlarla qohumluqları da var. Təxminən 10-15 il əvvəl Əli və Vaqif onlara gəlib, onlara məxsus torpaqda qəssəbaxana tikmək istədiklərini bildirmişlər və onlardan torpaq istəmişlər. Onlar da bu şərtlə razılaşmışlar ki, Əligil onlar üçün də bir “aptek” binası tikib versinlər və torpaq da onların olsun. Əslində o, Əli gəldiyinə görə torpağın onlara verilməsinə razı olmuşdur. Bu razılaşmaya görə də, Əligil özlərinə qəssəbxana tikməklə yanaşı, öz hesablarına “aptek” də tikib ona vermişlər. Təsdiq edir ki, o, torpaq sahəsini Əli və Vaqifin hər ikisinə vermiş və onlar da həmin torpaqda birlikdə qəssəbxana, çayxana və s. olan obyekt tikib işlətmişlər. - İddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, hər iki tərəflə həmkəndlidir və qohumdur. Mübahisəli torpağı tapmaqda Əliyə və Vaqifə o, köməklik etmiş və həmin torpaq sahəsində tikilən obyektin tikilməsində usta kimi işləyib, pulunu almışdır. Təsdiq edir ki, Əli və Vaqif həmin torpaqda qəssəbxana, çayxana və s. kimi istifadə olunan tikililəri birlikdə tikdirib, oranı təxminən 10 il birlikdə işlətmişlər. Qeyd etmək lazımdır ki, şahid X27 ifadəsinin sonunda Cavabdeh1 öz iradını bildirib, bu mübahisədə onun haqlı olmadığını və Əlinin haqqını verməli olduğunu Cavabdeh1 diqqətinə çatdırmışdır. - İddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X34 ifadəsində bildirmişdir ki, hər iki tərəflə həmkəndlidir və qohumdur. Təsdiq edir ki, Əli və Vaqif çox mehriban yoldaş olmuşlar və birlikdə kənddə torpaq alaraq, hal-hazırda mübahisə etdikləri qəssəbxana, çayxana və s. kimi istifadə olunan tikililəri birlikdə tikdirib, oranı təxminən 10 il birlikdə işlədiblər. Sonra hansı səbəbdənsə, onların münasibəti pozulmuş və həmin obyektə görə mübahisələri yaranmışdır. Həmin mübahisə başlandıqdan sonra isə digər kənd ağsaqqalları və kəndin mollası olmaqla, 4-5 nəfər ilə birlikdə Əlinin təklifi ilə Vaqifgilə getmişlər. İddiaçı istəyirdi ki, həmin obyektin tikintisinə qoyduqları pulun payına düşən hissəsinə uyğun Vaqifdən pulunu və yaxud, obyektin bir hissəsini alsın. Lakin, Vaqif razılaşmamış və Əliyə həmin obyektə görə pul verməkdən və yaxud, hər hansı digər bir formada “halallıq” almaqdan imtina etmişdi. Eyni zamanda o, kənd sakini və hər iki tərəfin qohumu kimi təsdiq edir ki, bu mübahisədə Əli haqlıdır. - İddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 da ifadəsində bildirmişdir ki, həmkəndliləri və qohumları olan İddiaçı və Cavabdeh1 kənddə kolluq, daşlıq olan torpaq sahəsi alaraq, hal-hazırda mübahisə etdikləri qəssəbxana, çayxana və s. kimi istifadə olunan tikililəri birlikdə tikdirib, oranı təxminən 10 il birlikdə olaraq, şərikli işlətmişlər. - İddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X20 da ifadəsində həmkəndliləri və qohumları olan Əli və Vaqifin kənddə hal-hazırda mübahisə etdikləri qəssəbxana, çayxana və s. kimi istifadə olunan tikililəri birlikdə tikdirib, birlikdə işlətdiklərini təsdiq etmişdir. - İddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X33 ifadəsində bildirmişdir ki, o, iddiaçının qardaşıdır, cavabdeh tərəflə isə qohumdur. O, təsdiq edir ki, həmin obyekti Əli ilə Vaqif birlikdə tikdirib, şərikli işlədiblər. Obyekt hər ikisinin vəsaiti hesabına tikilib. Qardaşı və cavabdeh obyekti əlli-əlliyə tikib-işlədiblər və qazancı da əlliəlliyə bölüblər. O, obyektin tikintisində usta kimi də işləmiş və pulunu Vaqif versə də, sonra Əli ilə Vaqif xərcin haqq-hesabını edib, bölüblər. Qəssabxanada ət kəsimində isə o, Vaqifin oğlu Mehmanla işləyib və qazancı bölüblər. - İddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X28 ifadəsində bildirmişdir ki, o, iddiaçının arvadıdır, Vaqiflə isə düşmənçiliyi yoxdur. Lakin, son dövrdə Vaqif Əli ilə şərik olmasını danmışdır. Halbuki, onlar şərik olmasaydılar, o, həmin obyekti tikən ustalara 25 gün yemək bişirib verməzdi. Vaqif onların evində olanda da, dəfələrlə Əlini sakitləşdirib, obyektin yarısının ona məxsus olmasını and içməklə, təsdiq etmişdir. - Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X35 ifadəsində bildirmişdir ki, o, Baş Göynük kəndində deyil, qonşu kənddə yaşayır və təxminən 2022- 2023-cü ildə Vaqifin təklifi ilə mübahisəli obyektdə damı dəyişmiş və usta pulunu da Vaqifdən almışdır. - Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, Əli ilə həmkəndlidir, Vaqif ilə isə qudadır. O, təsdiq edir ki, Vaqifin təklifi ilə təxminən 18-20 il bundan əvvəl, 2003-2004-cü illərdə mübahisəli obyektdə usta kimi işləmiş və usta pulunu da Vaqifdən almışdır. - Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Əli və Vaqiflə həmkəndlidir və qohumdur. 2011-ci ildə Vaqifin, Əlinin, Vahidin və Mehmanın birlikdə işlətdikləri obyektdən çayxananı icarəyə götürüb, işlətmişdir. Həmin vaxt qəssəbxana və çayxana olsa da, həmin yerdə tikinti işləri də davam etdirilirdi və başqa binalar da tikilirdi. O, icarə haqqını ödəyirdi və obyekt sahiblərinə xeyir verirdi. O, aylıq icarənin haqq-hesabını Vaqiflə edirdi, lakin icarəyə götürərkən danışıqlarda Əlinin də iştirakı olmuşdu. Əli narazı olsaydı, o, çayxananı icarəyə götürməzdi. - Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Vaqif onun qaynıdır, Əli ilə də həyat yoldaşları tərəfindən qohumluqları var. O, mübahisəli obyekt tikilərkən Vaqifin sifarişi ilə tikinti yerinə daş və qum gətirmiş, lakin orada Əlini görməmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı şahid X7 müvafiq suallar verərək, özünün də orada olduğunu qeyd etmiş və özünün də orada olmasının təsdiqi kimi şahid X5 tikinti sahəsinə iki dəfə daş, iki dəfə də qum gətirdiyini bildirərək, həmin zaman gətirilən daşın və qumun boşaldılmasının təfərrüatlarını qeyd etmişdir.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 07 fevral 2025-ci il tarixli 2-2(102)-47/2025 nömrəli Qərarının tələbləri, o cümlədən də kassasiya instansiya məhkəməsinin mübahisə üzrə mövqeyinin əks olunduğu həmin Qərarın 36 - 60-cı bəndlərində göstərilənlər və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi - hüquqdan sui-istifadə əsaslarından biridir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10750 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,25 manat olmaqla, cəmi 10872,25 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir. İddia qalan hissələrdə isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə, tərəflər arasındakı mövcud mübahisə üzrə qəbul edilmiş məhkəmə aktları, iş üzrə dindirilmiş şahid ifadələri və işin digər konkret halları ilə müəyyən olunmuşdur ki, Şəki rayonu Baş Göynük kənd sakinləri olan İddiaçı ilə Cavabdeh1 öz aralarında razılığa gələrək, təxminən 2009-cu ildə Şəki rayonu Baş Göynük kəndi ərazisində bəyəndikləri torpaq sahəsinin sahibi olan həmkəndlilərindən şifahi razılıq əsasında torpaq sahəsi alıb, həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə hissə-hissə inşa olunmaqla, təxminən iki il ərzində qeyri-yaşayış tikililəri tikmişlər və həmin tikililər hazır olduqca da, onlardan ət kəsimi otağı, ət dükanı, mətbəx, çayxana, taxıl satdıqları mağaza və anbar (tövlə) kimi istifadə etmişlər. Həmin dövrdən etibarən onlar birlikdə bir neçə il, yəni təxminən 10 il ərzində həmin tikililərdən müvafiq təyinatlar üzrə sahibkarlıq obyekti kimi birlikdə istifadə etmiş, yəni çayxananı digər şəxslərə icarəyə verməklə, ət kəsimi və ət dükanını isə İddiaçı qardaşı X33 və Cavabdeh1 oğlu - Cavabdeh2 birlikdə işlətməklə, əldə olunan qazancı bölmüş və ya əldə edilən gəliri həmin tikililərin təmir-tikintisinə və yaxud, yenidənqurulmasına sərf etmişlər. Hətta, aldıqları torpaq sahibləri ilə 2009-cu ildə baş tutmuş məlum şifahi razılaşmaya əsasən İddiaçı və Cavabdeh1 tərəfindən öz vəsaitləri hesabına, onlara məlum torpaq sahəsindən istifadəyə verilən icazənin əvəzi kimi, həmin sahənin yanında “aptek” kimi istifadə üçün nəzərdə tutulan kiçik bir tikili də tikilərək torpaq sahiblərinin sərəncamına verilmişdir. Məhkəmə iclaslarında tərəflərin izahatlarının müvafiq detalları və dindirilmiş şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 arasında şifahi razılıq əsasında 2009-cu ildən etibarən məlum qeyri-yaşayış tikililərinin tikintisi və həmin tikililərdə sahibkarlıq fəaliyyəti onların tərəfindən təxminən 10 il ərzində birgə aparılmış, həmin tikililərdən istifadə edilməklə əldə edilən gəlir tərəflər arasında bölünmüş, yaxud tikililərin təmir-tikintisinə sərf edilmiş və onların bu birgə fəaliyyətində iddiaçı tərəfindən qardaşı X33, cavadeh Cavabdeh1 tərəfindən isə oğlu Cavabdeh2 da iştirak etmişlər. Lakin, cavadeh Cavabdeh1 tərəflərin birgə inşa edib istifadə etdikləri həmin tikililərin yerləşdiyi torpaq sahələrinin sahibləri ilə razılaşaraq, İddiaçı xəbəri olmadan həmin torpaq sahələrini 2019-cu ildə bağlanmış alqı-satqı müqavilələri ilə oğlunun, yəni iş üzrə digər Cavabdeh2 adına rəsmiləşdirmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış məlumatlarında isə görünür ki, 0,022 hektar torpaq sahəsində yerləşən 158 kvadratmetr fərdi yaşayış evi 2021-ci ildə Cavabdeh2 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. İddiaçı bundan xəbər tutduqdan sonra o, bu torpaq sahəsində və tikililərdə onun da “payı olduğunu” iddia edərək, həmin sahənin və tikililərin Cavabdeh2 adına rəsmiləşdirilməsinə iradını cavadeh Cavabdeh1 bildirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları sahənin yarısının ona verilməsini və yaxud, tikililərin qiymətinin hesablanıb onun payının verilməsini tələb etmişdir. Tərəflər bu mübahisəni öz aralarında həll edə bilmədikləri üçün İddiaçı bir qrup həmkəndliləri ilə, o cümlədən də kəndin din xadimi və eləcə də, hər iki tərəflə yaxşı münasibəti və müəyyən qohumluq əlaqələri olan digər kənd sakinləri ilə cavadeh Cavabdeh1 evinə gedib, bu mübahisənin ədalətli həll edilməsini, yəni ya tikililərin onun payına düşən hissənin ona verilməsini, ya da birlikdə tikdikləri həmin qeyri-yaşayış sahəsinin dəyərinin hesablanıb ona düşən payın pulla verilməsini tələb etsə də, cavadeh Cavabdeh1 mübahisə predmeti olan torpaq sahəsinin oğlu Mehmanın adına olmasını və iddiaçının məlum tikililərdə payı olmamasını bildirib, iddiaçının təklifini qəbul etməmişdir. Bundan sonra isə İddiaçı mübahisə predmeti olan qeyri-yaşayış tikililərinin inşasına çəkilmiş xərcin 03 sentyabr 2022-ci il tarixinə bazar dəyərinin 44385 manat məbləğində olması barədə "xxxx" MMCdən 03 sentyabr 2022-ci il tarixli 4002/22 nömrəli “qiymətləndirmə” rəyi alıb, 03 oktyabr 2022-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayonu Baş Göynük kəndində inşa etdiyi və uzun müddət istifadəsində olan qeyri-yaşayış binasına çəkdiyi xərclərin əvəzi olaraq 44385 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi, tələb etdiyi pulun ona tam şəkildə ödənilənədək qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməyinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneələrin edilməsinin qadağan edilməsi və Dövlət Büdcəsinə ödədiyi dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, yuxarıda təsvir olunan işin faktiki halları digər sübutlarla yanaşı, həm iddiaçı, həm də cavabdeh tərəfindən təqdim olunmuş və iş üzrə dindirilmiş şahidlərin ifadələri və tərəflərin uzun illər davam edən münasibətlərinin xarakteri ilə tam təsdiqini tapmışdır. Nəzərə almaq lazımdır ki, dindirilən şahidlərin iddiaçı və cavabdehlə eyni kəndin sakinləri olmaqla, hər iki tərəflə müəyyən qohumluq əlaqələrinin olması, şəxsiyyətləri, yaşları, kənd sakinləri arasında nüfuzları, onların məhkəmə iclas zalında hər iki tərəfin qarşısında ifadələrini dəqiq vermələri və hətta, bəzi şahidlərin məhkəmə iclas zalında da Cavabdeh1 bu mübahisə üzrə haqsız olduğunu qeyd edərək, İddiaçı da məlum mübahisə predmeti olan tikililərə haqqının olmasını bildirmələri – həmin şahidlərin mübahisə üzrə ifadələrinin mötəbərliliyini daha da artıran xüsusatlardır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, mübahisəli tikili 2021ci ildə fərdi yaşayış evi kimi Cavabdeh2 adına dövlət reyestrində qeydiyyatdan keçmiş olsa da, faktiki olaraq həmin tikilinin qeyri-yaşayış sahəsi kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə cavabdehlərin istifadəsində olması işin mübahisəsiz hallarına aiddir. Çünki, tərəflərin izahatları və şahidlərin ifadələrindən əlavə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli 10/8563 nömrəli ekspert rəyində də göstərilmişdir ki, “Şəki rayonu, Baş Göynük kəndində yerləşən, mübahisə predmeti olan tikilinin mülki iş materiallarında olan **********58-10301 reyestr nömərli texniki pasportda qeyd olunan fərdi yaşayış evi ilə eynilik təşkil etdiyi müəyyən olunur. Lakin, mübahisə predmeti olan tikili mülki iş materiallarında olan **********58-10301 reyestr nömərli texniki pasportda fərdi yaşayış evi kimi qeyd olunsa da, həmin tikilinin faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən olunur”. Eyni zamanda, qeyd etmək lazımdır ki, cavabdeh tərəf hazırkı iddia tələbinə qarşı etirazını iddiaçının mübahisəli torpaq sahəsinə və qeyri-yaşayış sahəsi, yəni sahibkarlıq fəaliyyəti kimi istifadə olunan tikililərə aidiyyətinin olmamasını bildirərək, öz etirazını tikintiyə çəkilən xərclə bağlı iddiaçı tərəfin heç bir hesabat sənədinin olmaması və iddiaçı tərəfin həmin əmlakın tikintisində usta kimi işləməsi ilə əsaslandırmışdır. Lakin, cavabdeh tərəfin etirazının bu dəlilləri məhkəmə araşdırması zamanı işin konkret halları və şahidlərin ifadələri ilə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, məlum tikililərin tikilməsi zamanı çəkilən xərclərin hesablanması və tikililərdən sahibkarlıq məqsədilə istifadə zamanı hesabatın aparılması kimi işlər - əsasən iddiaçıdan yaşca daha böyük olan Cavabdeh1 tərəfindən yerinə yetirilmişdir. Halbuki, hər hansı birgə fəaliyyət üzrə tərəflərdən yalnız birinin müvafiq hərəkətləri yerinə yetirməsi təbii haldır və bu kimi dəlillər - birgə aparılan sahibkarlıq fəaliyyətinin idarə olunmasında və yaxud hesabatın aparılmasında bilavasitə iştirak etməyən tərəfin hər hansı tikilinin birgə inşa etdirilməsində və yaxud işin birgə görülməsində iştirakının olmaması qənaətinə gəlməyə əsas ola bilməz. Həmçinin, qeyd etmək lazımdır ki, təxminən 10 il ərzində davam etmiş birgə fəaliyyət zamanı tərəflərin arasında gəlir və qazancın bölünməsi, eləcə də məlum tikililərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar heç bir mübahisə olmamışdır. Hazırkı mübahisə isə məlum tikililərin və torpaq sahəsinin Cavabdeh1 övladının, yəni iş üzrə digər Cavabdeh2 adına dövlət qeydiyyatından keçməsinin İddiaçı məlum olmasından sonra başlanmış və mübahisənin əsas mahiyyəti iddiaçı tərəfin məlum tikililərə çəkilən xərcin hazırkı dövrə uyğun cavabdehlərdən tələb edilməsi ilə bağlıdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı mübahisəli qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar İddiaçı ilə Cavabdeh1 öz vəsaitləri və ya həmin tikililərdən əldə edilən gəlir hesabına birlikdə inşa etmələri, münasibətləri pozulmadığı dövrdə qeyd olunan tikililərdən birlikdə istifadə etmələri, lakin məlum tikililər və tikililərin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 ailə üzvü olan övladı Cavabdeh2 adına rəsmi qeydiyyata alınması məlum olduqdan sonra iddiaçının öz payını tələb etməsi səbəbindən münasibətlərinin pozulması - öz təsdiqini tapmışdır. Odur ki, bu qeyd olunan xüsusatlarla və işin yuxarıda təsvir olunan digər halları ilə müəyyən olunur ki, 2009-cu ildə əvəzində “kiçik ölçülü “aptek” kimi nəzərdə tutulan tikilinin tikilib verilməsi” ilə müşaiyyət olunan şifahi razılaşma əsasında hər iki tərəfin birlikdə müraciətləri əsasında özlərinin birlikdə istifadəsi üçün sahibkarlıq obyekti tikmək üçün icazəsini aldıqları torpaq sahəsində İddiaçı da vəsaitindən istifadə edilməklə, tikilmiş tikililərin yerləşdiyi torpaq sahəsi 2019-cu ildə Cavabdeh2 xüsusi mülkiyyətinə keçməklə, həmin torpaq sahəsi üzərində yerləşən və sahibkarlıq fəaliyyəti üçün istifadə olunan məlum tikililər də Cavabdeh1 və onun ailə üzvü olan övladı Cavabdeh2 faktiki sahibliyinə və istifadəsinə keçmiş və bununla da iddiaçı həmin əmlakdan istifadə etmək və gəlir götürmək imkanından məhrum edilmişdir. Yəni, İddiaçı və Cavabdeh1 birgə vəsaitləri hesabına tikilmiş və təxminən 10 il ərzində sahibkarlıq fəaliyyəti üzrə birlikdə istifadə edilən mübahisəli əmlakdan istifadə etməkdən və gəlir əldə etməkdən iddiaçı tərəf cavabdehlərin hərəkətləri nəticəsində məhrum edilməklə, cavabdeh tərəf məlum əmlakı tam əldə etmiş, yəni əsassız varlanmışdır. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı məlum tikililərin İddiaçı və Cavabdeh1 birgə fəaliyyəti nəticəsində tikilməsi təsdiq olunsa da, bu tikililərin inşa olunmasına hər bir tərəfin xərclədiyi pul vəsaitinin miqdarını təsdiq edən mötəbər sübutlar olmadığından, onların həmin tikiliyə sərf olunmuş payları bərabər hesab edilməli və hazırkı iddianın həlli üzrə də bu hal nəzərə alınmalıdır. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbində “qeyriyaşayış binasına çəkdiyi xərclərin əvəzi olaraq 44385 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsini” xahiş etmiş və tələb etdiyi bu pul məbləğini iddia ərizəsi ilə birlikdə məhkəməyə "xxxx" MMC tərəfindən verilmiş 03 sentyabr 2022-ci il tarixli, 4002/22 nömrəli “qiymətləndirmə” rəyi ilə əsaslandırmışdır. Lakin, birinci instansiya məhkəməsi olaraq Şəki Rayon Məhkəməsində aparılan araşdırma zamanı alınaraq, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli 10/8563 nömrəli ekspert rəyində göstərilmişdir ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən və qeyri-yaşayış sahəsi kimi istifadə edilən tikilinin inşasına çəkilən xərcin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 21500 manat məbləğində müəyyən olunur. Ona görə də, aparılan məhkəmə araşdırmaları zamanı tərəflərin hər hansı biri tərəfindən həmin Rəy - mötəbər və əsaslı sübutla təkzib olunmadığından, hazırkı mübahisənin həlli üçün mötəbər sübut növü kimi qəbul edilməli və həmin Rəyə uyğun iddia tələbi həll edilməlidir. Bu halda isə iddiaçının payı həmin məbləğin 10750 manat hissəsini təşkil edir (21500 : 2 = 10750) və həmin məbləğ müştərək qaydada hər iki cavabdehdən tutulmalıdır. Çünki, işin hallarına görə iddiaçının mübahisəli tikililərin tikintisində birgə fəaliyyəti Cavabdeh1 ilə olsa da, sonuncu həmin tikililərin yerləşdiyi torpaq sahəsinin və tikililərin oğlu – iş üzrə digər Cavabdeh2 adına rəsmiləşdirilməsinə nail olmaqla, hüquqi cəhətdən həmin əmlaklar Cavabdeh2 xüsusi mülkiyyətinə keçmiş və bununla da, onunla birlikdə övladı - Cavabdeh2 da, iddiaçının itirdiyi əmlak həddində varlanmışdır. Bütün bu qeyd olunan hallara görə də, iddiaçı tərəfin məhrum olduğu əmlakın dəyəri, həmin əmlak əsasında varlanmış hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, məlum ekspert rəyində torpağın qiyməti də ayrılıqda göstərilməsinə baxmayaraq, həmin torpağın alınmasına çəkilən xərc cavabdehlərdən tutulan məbləğə daxil edilməməlidir. Çünki, iş materiallarından görünür ki, həmin torpaq sahəsi 2009-cu ildə alqı-satqı yolu ilə əldə edilməmişdir. Həmin vaxt torpaq sahiblərindən məlum torpaq sahəsində sahibkarlıq obyekti üçün tikili tikilməsinə icazə alınmışdır. Həmin torpağın alqı-satqısı isə yalnız 2019-cu ildə baş tutmuş və bu zaman torpağın dəyəri də Cavabdeh2 tərəfindən ödənilmişdir. Ona görə də, məlum qeyri-yaşayış binasının yalnız tikintisinə çəkilən xərclərin yarısının alınıb-verilməsində iddia əsaslı hesab edilmişdir. Bundan başqa, məhkəmə, iddianın “iddiaçının tələb etdiyi pulun ona tam şəkildə ödənilədək qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslı deyildir. Belə ki, mübahisəli qeyri-yaşayış binası artıq cavabdeh X12 mülkiyətindədir və iddianın həmin hissədə təmin olunması mülkiyətçinin mülkiyət hüququnun məhdudlaşdırılması ilə nəticələnər ki, bu nəticə də işin mövcud hallarına görə qanunvericiliyin tələblərinə zidd nəticə olardı. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunmalı və iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (VÖEN: **********) müştərək qaydada 10750 (on min yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,25 (yüz iyirmi iki manat 25 qəpik) manat olmaqla, cəmi 10872,25 (on min səkkiz yüz yetmiş iki manat 25 qəpik) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı (VÖEN: **********) verilməli, iddia qalan hissədə təmin edilməməli və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (VÖEN: **********) müştərək qaydada 10750 (on min yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,25 (yüz iyirmi iki manat 25 qəpik) manat olmaqla, cəmi 10872,25 (on min səkkiz yüz yetmiş iki manat 25 qəpik) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı (VÖEN: **********) verilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. İş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.