Məhkəmə qərarları › İş №2-2(113)-1683/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1683/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1683/2020 27.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhamanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı pul tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 524164 manat əsas borc, 748442 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən ******* manat əsas borc, 992250 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi ******* manat pulun tutulması və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi, lizinq əmlakının geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə X5 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 34-LA-12 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə dəyəri ******* manat, tutumu 2000 ton olan soyuducu kamera üçün avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranan borcu ödəməmişdir. Cavabdeh öhdəliyini icra etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: - xx.xx.2012-ci il tarixli, 34-LA-12-12 nömrəli lizinq müqaviləsinə əsasən güzəştli dəyəri ******* manat, tutumu 2000 ton olan Soyuducu kamera üçün avadanlıqlar üçün bu məbləğə ödəniş qrafiki tərtib olunmaqla İddiaçı ASC tərəfindən X4 lizinqə verilmişdir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən Lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan 2 nömrəli əlavədə qeyd olunmuş ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin qrafikə əsasən cavabdeh 2012-ci ilin 4-cü rübündən etibarən 2020-ci ilin 3-cü rübünə qədər iddiaçıya cəmi ******* manat pul ödəməli idi. - xx.xx.2012-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə tutumu 2000 ton olan Soyuducu kamera üçün avadanlıqlar təhvil verilmiş və X5 tərəfindən qəbul edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-ci il tarixli, 27526 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, ödəniş qəbzləri və tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 34-LA-12-12 nömrəli lizinq müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə, X3 xx.xx.2015-ci il tarixə İddiaçı ASC-yə olan borcu 525000 manat müəyyən edilir. - maliyyə arayışından görünür ki, X5 tərəfindən xx.xx.2012-ci il tarixli, 34-LA-12-12 nömrəli lizinq müqaviləsi üzrə cəmi 76107,80 manat ödəniş edilmişdir. Müqavilə üzrə X3 xx.xx.2020-ci il tarixə gecikdirilmiş əsas borcu ******* manat təşkil edir. Gecikdirilmiş günlərin sayı 2830-dur. - pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək borcun ödənilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən güzəştli dəyəri ******* manat, tutumu 2000 ton olan Soyuducu kamera üçün avadanlıqlar İddiaçı ASC tərəfindən X4 lizinqə verilmişdir. İddiaçı tərəfindən həmin avadanlıqlar cavabdehə təhvil verilmiş və X5 tərəfindən qəbul edilmişdir. Tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun olaraq cavabdeh 2012-ci ilin 4-cü rübündən etibarən 2020-ci ilin 3-cü rübünə qədər cəmi ******* manat pul ödəmək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh həmin məbləğdən cəmi 76107,80 manat ödəniş etmişdir. X3 lizinq müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə gecikdirilmiş əsas borcu ******* manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilədən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (Mülki Məcəllənin 425.1. və 425.2. maddələri). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdeh X3 lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə də öz təsdiqini tapdığından, iddia tələbi ******* manat əsas borcun ödənilməsi hissəsində tam təmin edilməlidir. İddia tələbinin bir hissəsini 992250 manat cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq 50000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin bir hissəsini tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi təşkil edir. Məhkəmə tərəflər arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 34-LA-12 nömrəli müqavilənin müddətinin xx xxxx 2020-ci il tarixdə biməsini nəzərə alaraq həmin hissədə tələbi əsassız sayır və hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbinin bir hissəsi də lizinq əmlakının geri qaytarılmasından ibarətdir. Lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən avadanlıq üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur; 5.1.5-ci bəndinə əsasən avadanlıqdan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməmə müqavilə şərtlərinin pozulması sayılır; 5.5-ci bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilənin 5.1.5-ci bəndində göstərilən hala yol verildikdə lizinq verən bu Müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir; 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdar etməklə avadanlığı və onun yerləşdiyi tikilini kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür. Beləliklə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ödənişlər etmədiyindən, lizinq verənin pul məbləğlərini, eləcə də lizinq obyektini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Ona görə də iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməli, lizinq obyekti olan tutumu 2000 ton olan soyuducu kamera üçün avadanlıqlar(quraşdırması ilə birlikdə) X1 vəziyyətdə alınaraq avadanlıq üzərində müstəsna mülkiyyət hüququ olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 27526 saylı ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. Məhkəmə belə nəticəyə gəlir ki, həmin məbləğ X2 tutulub Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 18 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 12 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X2 ******* (bir milyon dörd yüz səksən doqquz min səkkiz yüz doxsan iki) manat əsas borc, 50000 (əlli min) manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 18 (on səkkiz) manat olmqla, cəmi ******* (bir milyon beş yüz otuz doqquz min doqquz yüz on) manat məbləğində pul tutularaq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Lizinq obyekti olan tutumu 2000 ton olan soyuducu kamera üçün avadanlıqlar (quraşdırması ilə birlikdə) X1 vəziyyətdə alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 12 (on iki) manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul X2 tutulub Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar