Məhkəmə qərarları › İş №2-2(113)-399/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-399/2020

13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-399/2020 13.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə X3nun cavabdeh “cc” şirkətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: X3 cavabdeh «cc» şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10233,31 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsində yerləşən “Yazı Düzü” istilik sistemləri və santexnika avadanlıqları dükanında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dükanda bir neçə tanınmış şirkətlər ilə əməkdaşlıq edilərək onların istehsal etdikləri keyfiyyətli məhsullar satılır. Həmin şirkətlərdən də biri “cc” şirkətidir. Bir müddət öncə “cc” şirkətinin istehsalı olan sıva məhsulunu sifarişçi şirkət olan “xxxx” MMC-yə məxsus, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən, qeyri-yaşayış sahəsinin 650 m2 sahəsində cari təmir bərpa işlərinin istifadəsi məqsədi ilə xx.xx.2017-ci il tarixdə təqdim etmişdir. Lakin, xx.xx.2017-ci il tarixdə sifarişçi şirkət olan “xxxx” MMC-nin nümayəndələri ona məlumat verərək, sıva ilə işlənən sahələrdə adı gedən maddənin keyfiyyətsiz olduğunu bildirmişdirlər. Belə ki, təmir olunmuş divarın səthinə çəkilmiş sivanın ovularaq, töküldüyü məlum olmuşdur. Bundan sonra “Yazı Düzü” istilik sistemləri və santexnika avadanlıqları dükanının əməkdaşları tərəfindən komissiya yaradılaraq, sahəyə baxış keçirilmişdir Həqiqətən də baş vermiş qüsurun divar səthinə çəkilmiş sıva maddəsinin keyfiyyətsiz olması qənatinə gələrək, akt tərtib edilmişdir. Həmin Aktı dəymiş zərər barəsində cədvəl ilə birlikdə xx.xx.2017-ci il tarixində “cc” şirkətinə rəsmi qaydada göndərilmişdir. “cc” şirkətinin nümayəndəsi olan Həsənov Vəfadar ilə əlaqə saxlanılmış, mövcud vəziyyət barəsində məlumat verilmişdir. Həsənov Vəfadar tərəfindən bildirilmişdir ki, həqiqətən də xx.xx.2017ci il idə istehsal olunmuş sıvalarda keyfiyyətlə bağlı problemlər mövcuddur və yaxın vaxtlarda satılmayan bütün sivaları yenisi, ilə əvəzləşdiriləcəkdir. Eyni zamanda bildirmişdir ki, müvafiq araşdırmadan sonra, bunun nəticəsində sifarişçi təşkilata dəymiş zərər tamamilə ödəniləcəkdir. Bundan sonra, satış nümayəndəsi olan Həsənov Vəfadar və iddiaçı birlikdə “cc” şirkətinin nümayəndələri ilə həmin qeyri-yaşayış sahəsinə baxış keçirərək baş vermiş hadisənin həqiqətən də divar səthinə çəkilmiş və şirkət tərəfindən istehsal olunmuş sıvanın keyfiyyətsiz olduğundan baş verdiyini təsdiq etmişlər və bildirilmişdir ki, qısa vaxt müddətində müvafiq səlahiyyətli şəxslər (müdiriyyətlə) danışıqlar aparacaq, sifarişçiyə dəymiş zərər tamamilə ödəniləcəkdir. Bu barədə dəfələrlə “cc” şirkətinin prezidenti Elxan Bəşirova müraciət edilmişdir. Nəhayət xx.xx.2017-ci il tarixində “cc” şirkətinin hüquqşünası Faiq Əliyev məktubla müraciət edərək deyilənləri təkzib etdi. Onun dediyinə görə istehsal olunmuş “Akdeniz 30 kq” məhsulun keyfiyyətində hər hansı problem yoxdur. Sifarişçi təşkilata dəymiş zərərin ödənilməsi və keyfiyyətsiz məhsulu dəyişdirilərək yenisi ilə əvəz olunacağından imtina etdiklərini bildirmişdir. Bu barədə xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi, Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin elektron ünvanına müraciət edərək, məsələ ilə bağlı dəymiş zərərin ödənilməsində köməklik göstərmələrini xahiş etmişdir. Lakin cavab olaraq bildirdilər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən məhkəməyə müraciət olunsun. Bütün müraciətlərinə baxmayaraq, sifarişçi şirkət olan “xxxx” MMC-yə dəymiş zərər bu günə kimi hələ də ödənilməmişdir. Sifarişçi şirkətə ümumilikdə 10.233,31 manat dəyərində zərər dəymişdir. Onun öhdəliyini yerinə yetirməməsi nəticəsində iddiaçı böyük məbləğdə ziyana düşmüşdür. Belə ki, məcbur olub “xxxx” MMC-yə dəyən ziyanı mən ödəməli olmuşdur. Belə ki, həmin MMC ilə mütəmadi olaraq iş əlaqələri var. Onun qarşısında işgüzar nüfuzunu qorumaqdan ötrü pulu ödəmək məcburiyyətində qalmışdır. Hal-hazırda isə həmin pulu cavabdehdən tələb edir. İddiaçının nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddiaçıya satılmış məhsulların keyfiyyətində hər hansı bir qüsur olmadığını, həmin məhsulların düzgün istifadə olunmaması nəticəsində ovularaq tökülə biləcəyini bildirmiş və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: xx.xx.2017-ci il tarixdə «cc» şirkətinə ərizə ilə müraciət edilərək baş vermiş hadisə ilə bağlı dəymiş zərərin ödənilməsi tələb edilmiş, «cc» şirkəti həmin müraciəti xx.xx.2017-ci il tarixdə MA-02/350 nömrəli məktubla cavablandıraraq bildirmişdir ki, “Akdeniz sıva 30 kq” məhsulunun keyfiyyətində hər-hansı bir problem yoxdur, məhsulun istifadə qaydalarına riayət edilməmiş, buna görə də məhsulun keyfiyyəti ilə bağlı iddia və iradlar qəbul edilə bilməz. xx.xx.2017-ci il tarixli, ******* nömrəli və xx.xx.2017-ci il tarixli, ******* nömrəli qaimə fakturalara əsasən X3 tərəfindən “xxxx” MMC-yə alçı, sıvaq və digər tikinti materialları təqdim edilmişdir. “xxxx” MMC tərəfindən X11 ünvanlanmış xx.xx.2017-ci il tarixli, 14 nömrəli məktubla iddiaçıdan alınmış materiallardan istifadə zamanı divarlara çəkilmiş sıva maddəsinin ovularaq yerə töküldüyü, bunun nəticəsində 650 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsinin tamamilə yararsız hala düşdüyü bildirilmiş və dəymiş zərərin ödənilməsi tələb edilmişdir. xx.xx.2018-ci il tarixli, 713 nömrəli kassa məxaric orderindən görünür ki, “xxxx” MMCyə 10233,31 manat məbləğində vəsait ödənilmişdir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli arayışı ilə təsdiq edilir ki, 10994 manat mıəbləğində dəymiş zərər X14 tərəfindən 2018-ci ilin dekabr ayında tam olaraq ödənilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə mübahisə predmeti olan və divara vurulmuş sıva materialından qalmış nümunənin kimyəvi tərkibi ilə yenicə alınmış eyni materialın kimyəvi tərkibi arasında uyğunsuzluq olubolmamasını müəyyən etmək və mübahisə predmeti olan və divara vurulmuş sıva materialı keyfiyyətsiz olmuşdursa, bunun səbəbinin nə ilə əlaqəli olmasını müəyyən etmək üçün məhkəmə kimyəvi ekspertizası təyin edilmiş və ekspert rəyinin verilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 23562 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş hər iki astar materialı kimyəvi element tərkibinə görə biri digərinə uyğundur, lakin “AK Deniz sıva alçı” materialı “Ağdağ alçı” materialı ilə müqayisədə 1 saylı cədvəldə qeyd olunan texniki göstəricilərə cavab vermir, sınaq nəticələrinə görə keyfiyyətsizdir. Qeyd etmək lazımdır ki, gips əsaslı divar astar materiallarının istifadə müddəti 6 aydır. Təqdim olunmuş “AK deniz sıva alçı” materialının istehsal tarixi qablaşdırması üzərindəki göstəriciyə əsasən xx.xx.2017-dir. Bu səbəbdən həmin materialın keyfiyyətsiz olması istisna edilmir. Cavabdeh «cc» şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli sınaq protokolundan görünür ki, xx.xx.2017-ci il tarixdə laboratoriyaya təqdim edilmiş “AK Deniz sıva” məhsulu üzərində xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə sınaqlar keçirilmiş və həmin məhsulun standartın tələblərinə cavab verməsi ilə bağlı rəy verilmişdir. Cavabdeh «cc» şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli gündəlik istehsal olunan məhsulun analiz hesabat jurnalından çıxarışdan görünür ki, “AK Deniz sıva” məhsulunun keyfiyyət göstəricilərində uyğunsuzluğun olmaması və satışa verilə biləcəyi barədə yekun rəy verilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-6433/2018 nömrəli qətnaməsi ilə «cc» şirkətinin X11 qarşı borcun ödənilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş və X6 əsas borc üzrə 3245,80 manat, penya üzrə 2500 manat və ödənilmiş 30 manat dövlət rüsumundan 25 manatın alınaraq «cc» şirkətinə ödənilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirmişdir ki, “xxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsinin divarına sıva məhsulunu o vurmuşdur. Həm rənglənmiş divara, həm də təmizlənmiş hissəyə vurulmuş, lakin hər iki yerə vurulmuş məhsul ovularaq tökülmüşdür. Daha sonra «cc» şirkətinin nümayəndələri gəlib həmin divara baxış keçirmişlər. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək bildirmişdir ki, işlədiyi müddət ərzində «cc» şirkətinin digər məhsullarında problem olduğunu görməmişdir, lakin həmin divara vurulmuş məhsul keyfiyyətli olmamışdır. O, həmin divara vurulmuş keyfiyyətsiz məhsulu sökən zaman bunun şahidi olmuşdur. Divara vurulmuş məhsulu sökən zaman divarın məhsul vurulmadan öncə yuyulduğunu görmüşdür. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirmişdir ki, o, «cc» şirkətinin satış meneceridir. Divara vurulmuş məhsul töküldükdən sonra onunla əlaqə saxlamışlar. O, həmin yerə baxış keçirmək üçün ora getdiyi zaman görmüşdür ki, məhsul boyanmış divara vurulmuşdur. Onların da iştirakı ilə başqa şirkətin məhsulunu və «cc» şirkətinin məhsulunu həmin divara vurmuşlar. Nəticədə hər iki məhsul ovularaq tökülmüşdür. Divarın boyasız hissələrinə vurulmuş məhsullar isə qopmamışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək bildirmişdir ki, o, «cc» şirkətinin satış texnoloqu vəzifəsində çalışır. o, «cc» şirkətinin istehsal etdiyi məhsullar satışa verilməmişdən öncə hər zaman yoxlanılır. Məhsul səthə vurulmazdan əvvəl həmin sahə təmizlənməlidir. Əgər məhsul təlimata uyğun istifadə edilməzsə, onun ovularaq tökülmə ehtimalı vardır. 23 selsi dərəcədən yuxarı temperaturda ovulma ehtimalı yüksəkdir. Həmçinin qeyd olunan hal baş verdikdən sonra X2 məhsulu yenidən yoxlanışdan keçirmiş və həmin məhsulun standartlara cavab verdiyini görmüşdür. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 tərəfindən “xxxx” MMC-yə “cc” şirkətinin istehsalı olan alçı və sıva məhsulları satılmışdır. “xxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsinin divarlarının sıvanması üçün həmin məhsullardan istifadə edilmiş, lakin divara çəkilmiş sıva məhsulları ovularaq tökülmüşdür. “xxxx” MMC iddiaçıya müraciət edərək iddiaçıdan alınmış materiallardan istifadə zamanı divarlara çəkilmiş sıva maddəsinin ovularaq yerə töküldüyünü, bunun nəticəsində 650 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsinin tamamilə yararsız hala düşdüyünü bildirmiş və dəymiş zərərin ödənilməsini tələb etmişdir. İddiaçı “xxxx” MMC-yə dəymiş ziyanın əvəzi olaraq 10233,31 manat məbləğində vəsait ödəmiş, daha sonra həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn maddi zərərin ödənilməsi tələbi o şərtlə təmin edilə bilər ki, məhkəmə tərəfindən cavabdehin mülki qanunvericiliyin normalarını pozan hərəkətin (hərəkətsizliyi) törədilməsi, hüquqazidd əməl ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, eləcə də əməlin təqsirli olması müəyyən edilsin. İddiaçı tərəf “xxxx” MMC-yə satdığı “cc” şirkətinin istehsalı olan alçı və sıva məhsullarının keyfiyyətsiz olması nəticəsində ona zərər dəyməsini iddia etsə də də (bunu həmin məhsullardan istifadə zamanı “xxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsinin divarına çəkilmiş sıva məhsulunun ovularaq tökülməsi ilə əlaqələndirmişdir), cavabdeh tərəf iddiaya etiraz etmiş, etirazını onunla əsaslandırmışdır ki, sıva məhsulunun divara çəkilməsi mexanizminə, təlimata əməl edilmədiyinə görə ovulub tökülmüş, məhsulun keyfiyyətində problem olmamışdır, ümumiyyətlə hazırkı vaxtadək şirkətin heç bir məhsulunun keyfiyyətində problem olmamışdır. İddiaçı tərəfdən dindirilmiş şahidlər də sıvanın boyanın üzərindən çəkildiyini bildirmişlər. Məhsulun istehsal olunan vaxt keyfiyyətsiz olması ekspert rəyi ilə də öz təsdiqini tapmamışdır. İddiaçı tərəfin “xxxx” MMCyə pul ödəməsi həmin məbləğin cavabdehdən tutulmalı olması üçün yetərli deyil. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfdən mülki qanunvericiliyin normalarını pozan hərəkətin (hərəkətsizliyi) törədilməsi, cavabdehin təqsirli hərəkəti nəticəsində cavabdehə zərərin vurulması öz təsdiqini tapmamış, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi göstərilən halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X3nun cavabdeh “cc” şirkətinə qarşı dəymiş ziyanın ödənilməsinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı iş üzrə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109,90 manat pul məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109,90 manat (yüz doqquz manat doxsan qəpik) pul məbləği X3ndan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar