Məhkəmə qərarları › İş №2-2(113)-476/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-476/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-476/2020 27.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdehna qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdehna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə və təbii qazdan istifadə qaydalarını pozduöuna görə yaranmış 17126,7 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 17156,7 manat borcun İddiaçı İB-nin xeyrinə məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla yuxarıda göstərilən ünvanda xx.xx.2014-cü il tarixli 281 saylı və xx.xx.2017-ci il tarixli 1688-04-17 saylı müqavilə əsasənda fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda istixana qurğusu quraşdırılmış və istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində G-6T markalı 28258453 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdehna məxsus həyətyanı sahəsində yerləşən istixanaya xx.xx.2017-ci il tarixdə baxış keçirilərkən istixananın qaz xəttinin üzərində quraşdırılan qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunması aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli 080490 nömrəli akt tərtib edərək fotoşəkillər çəkmişlər. F.Əzizov tərəfindən qeyri-qanuni təbii qazdan istifadəyə görə İddiaçı İB-yə 4536 manat ziyan dəymişdir. Cavabdehə məxsus istixanaya müxtəlif vaxtlarda İddiaçı İB-nin nümayəndələri tərəfindən baxış keçirilən zaman qeyri-qanuni istifadə halları yenidən aşkar edilmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilərək dəymiş ziyan hesabatları aparılmışdır. Belə ki, xx.xx.2016-cı il tarixli ******* saylı akta əsasən 1670,4 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akta əsasən 1728 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 6720 manat və xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasən 864 manat ümumilikdə 15518,4 manat ziyan vurmuşdur. Cavabdeh ilə bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istelakçı arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh təbii qazdan istifadəyə və təbii qazdan istifadə qaydalarını pozduğuna görə 17126,7 manat debitor borcu qalmışdır. Bakı şəhəri Sabun Rayon Məhkəməsinin 2(008)-2126/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sabun Rayon Məhkəməsinin 2(008)-2126/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabun Rayon Məhkəməsinin 2(008)-2126/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsi qiyabi qətnaməsi ləğv edilmiş və iş təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 41450,7 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq Birliyin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabun Rayon Məhkəməsinin 2(008)-2987/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 17126,7 manat təbii qazdan istifadəyə görə yaranmış borcun və 30 manat dövlət rüsumu, cəmi 17156,7 manat borcun tutularaq İddiaçı İB-nin heabına ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11572/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı İB tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabun Rayon Məhkəməsinin 2(008)-2987/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi üzrə toplanılmış iş materialları mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək bildirdi ki, 42218 manat 40 qəpik ümumi aktlarla yazılan borcdur. Lakin ödənişlər də olmuşdur və onlar çıxıldıqda borc məbləği 41450 manat 70 qəpik təşkil edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı (Paylayıcı) ilə Cavabdeh (İstehlakçı) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 281 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - İddiaçı (Paylayıcı) ilə Cavabdeh (İstehlakçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1688-04-17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən hesab İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. - xx xxxx 2016-cı il tarixli, 080490 saylı aktdan görünür ki, X1 məxsus istixanaya xx.xx.2016-cı il tarixdə baxış keçirilmiş və baxış zamanı abonentin sayğacdan kənar rezin boru vasitəsi ilə 217 mm borcudan birbaşa istixanaya xətt qoşduğu aşkar edilmişdir. - xx xxxxx 2016-cı il tarixli, ******* saylı aktdan görünür ki, X1 məxsus istixanaya xx.xx.2016-cı il tarixdə baxış keçirilmiş və baxış zamanı abonentin orta təzyiqli qaz xəttindən 2 yerdən 25 mm-lik qeyri-qanuni xətlə istixanada sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. - xx xxxxxxx 2016-cı il tarixli, ******* saylı aktdan görünür ki, X1 məxsus istixanaya xx.xx.2016-cı il tarixdə baxış keçirilmiş və baxış zamanı abonentin sayğacsız təbii qzdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. - xx xxxx 2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, X1 məxsus istixanaya xx.xx.2017-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı qaz sayğacı yerində aşkar olunmamışdır. Rezin boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. - xx xxxxx 2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, X1 məxsus istixanaya xx.xx.2017-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı abonentin təbii qazdan sayğacdan kənar orta təzyiqdən istixanaya istifadə etdiyi aşkar edilmişdir. - xx xxxxxx 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, X1 məxsus istixanaya xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı istixanada sayğacdan kənar 20 mm-lik rezin boru vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. - xx xxxx 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, X1 məxsus istixanaya xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı istixanada təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. - xx xxxx 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, X1 məxsus istixanaya xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı abonentin təbii qzdan sayğacdan kənar istixanada qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İstixananın ölçüləri 50x10x2.2 2 ədəd, əkin növü: pomidor. - xx xxxxx 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, X1 məxsus istixanaya xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı istixanada təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. - xx xxxx 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, X1 məxsus istixanaya xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı 29/1640-01286-97 saylı rəyə əsasən 28258453 saylı sayğacım çıxış plastmas borusu istilik nəticəsində deşildiyi müəyyən edilmişdir. - Cavabdeh (abonent kodu:**********10000) saldosundan görünür ki, abonentə qalıq və aktlar bölməsində 2013-cü ilin yanvar ayında 1008 manat, oktyabr ayında 1008 manat, dekabr ayında 360 manat, 2016-cı ilin mart ayında 4536 manat, 2016-cı ilin aprel ayında 1670,40 manat, 2016-cı ilin oktyabr ayında 1728 manat, 2017-ci ilin mart ayında 6720 manat, 2017-ci ilin aprel ayında 864 manat, 2018-ci ilin fevral ayında 6480 manat, 2018-ci ilin mart ayında 4056 manat, 2018-ci ilin aprel ayında 5148 manat və 2018-ci ilin iyul ayında 8640 manat borc yazılmışdır. - xx.xx.2017-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı (Paylayıcı) ilə Cavabdeh (İstehlakçı) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 281 saylı və xx.xx.2017-ci il tarixli 1688-04-17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Hər iki müqaviləyə əsasən, Paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə müəyyən edir ki, hazırki iddia tələbi ilə iddiaçı Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 41450,7 manat borcun tutulmasını xahiş edir. Araşdırma zamanı iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən olunmuşdur ki, abonentdə 42218 manat 40 qəpik aktlar əsasında borc yazılmışdır. Lakin ödənişlər də olmuş və nəticədə aktlar əsasında yazılan borcun məbləği 41450 manat 70 qəpik təşkil etmişdir, yəni hazırda tələb edilən borc məbləği abonentin sayğacının göstəricisinə uyğun olaraq hesablanıb ödənilməyən borc yox, iddiaçının əməkdaşları tərəfindən tərtib edilən aktlar əsasında hesablanmış borcdur. İş materiallarına əlavə edilmiş abonent saldosu ilə müəyyən olunur ki, 2013-cü ilin yanvar ayında 1008 manat, oktyabr ayında 1008 manat, dekabr ayında 360 manat, 2016-cı ilin mart ayında 4536 manat, 2016-cı ilin aprel ayında 1670,40 manat, 2016-cı ilin oktyabr ayında 1728 manat, 2017-ci ilin mart ayında 6720 manat, 2017-ci ilin aprel ayında 864 manat, 2018-ci ilin fevral ayında 6480 manat, 2018-ci ilin mart ayında 4056 manat, 2018-ci ilin aprel ayında 5148 manat və 2018-ci ilin iyul ayında 8640 manat borc yazılmışdır. Qeyd edilən rəqəmlərin cəmi isə iddiaçının nümayəndəsinin qeyd etdiyi kimi, ümumilikdə 42218 manat 40 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia tələbi ilə iddiaçı cavabdehin onun qarşısında yaranan öhdəliyinin icrasını tələb edir. Lakin müəyyən olunmuş hallarla bağlı məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 1.6-1.-ci bəndinə əsasən, qanunun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkarlıq fəaliyyətinin subyekti məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə iddiaçı tərəfindən cavabdehin mülkiyyətində olan istixanaya quraşdırılmış sayğaca texniki baxışın keçirilməsi halına qiymət verərək bildirir ki, iş materiallarında əlavə edilmiş aktlar tərtib olunan zaman iddiaçının əməkdaşları sahibkarlıq fəaliyyətinin subyekti olan cavabdehin istixanasına baxış keçirib müvafiq aktlar tərtib etmişlər Sözügedən baxışlar isə yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən müvafiq reyestrdə qeydiyyata alınması şərtləndirilmiş yoxlamaların dairəsinə aid edilmişdir. Lakin iddiaçı tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi, yoxlamanın keçirilməsinə dair müvafiq bildirirşin cavabdehə təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübutlar təqdim edilməmişdir. Belə olan halda qanunvericiliyin göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin istifadəsində olan istixanada quraşdırılmış sayğacla bağlı aparılmış yoxlama hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin sahibkarlıq fəaliyyəti göstərdiyi istixanaya quraşdırılmış sayğac qanunvericiliyin pozulması ilə yoxlanıldığından həmin aktlar əsasında abonentə artıq hesablanmış 42218 manat 40 qəpik, hazırki iddia tələbi üzrə 41450,70 manat borc abonentdən tələb edilə bilməz. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı İB-nin Cavabdehna qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməli, İddiaçı İB tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı İB-nin Cavabdehna qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı İB tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar