Məhkəmə qərarları › İş №2-2(113)-56/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-56/2020

07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-56/2020 07.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X8 Azərbaycam” QSC-nin cavabdeh Şahin Serdara qarşı “borcun tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X8 Azərbaycam” QSC cavabdeh Şahin Serdara qarşı “borcun tutulması” tələbinə dairiddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Şahin Serdardan 11580,47 ABŞ dolları məbləğində borcun, ödəniş gününə hesablanmış faiz məbləğinin və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun “X8 Azərbaycan” QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2017-ci ildə “X8 Azərbaycan” QSC və Şahin Serdar arasında X6 müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə, Bank X6nə bank hesabı (hesab) açmağı, açılmış hesaba daxil olan vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğin köçürülməsinə və verilməsinə dair X3 sərəncamlarını yerinə yetirməyi, X6 isə Bank tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 3-cü maddəsinə əsasən bank üzv X4 Terminalla təmin olunmasını öhdəsinə götürmüşdür. “X8 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Şahin Serdar kredit müqaviləsinin şərtlərini pozaraq ondan tələb olunan vəsaitin banka ödənilməsini gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və bu günədək borcunu ödəməmişdir. Borclunun xx xxxxxxxx 2017-ci il tarixli X6 müqaviləsinə əsasən “X8 Azərbaycan” QSC-yə olan borcu 11580,47 USD təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “X8 Azərbaycan” QSC və Serdar Şahin arasında bağlanan xx.xx.2017-ci il tarixli X6 müqaviləsindən görünür ki, bu müqavilənin məqsədləri üçün Bank X6nə bank hesabı (hesab) açmağı,açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair X3 sərəncamlarını yerinə yetirməyi, X6 isə Bank tərəfindən aparılan bu əməliyyatlara şərtləşdirilmiş qaydada və məbləğdə haqq ödəməyi öhdəsinə götürür. - “X8 Azərbaycan” QSC-nin xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, “X8 Azərbaycan” QSC ilə Serdar Şahin arasında bağlanmış xx.xx.2017-ci il tarixli X6 müqaviləsinə və onun şərtlərinə əsasən, bank tərəfindən ünvan 1 ünvanında yerləşən Garden Villa otel-də X**********43761 seriyalı VERİFONE VX680 markalı POS terminal avadanlığı quraşdırılaraq istifadəyə verilmişdir. Həmin POS terminaldan istifadə edilərək icra edilmiş satış əməliyyatlarına görə banka geri çağırmalar olmuşdur və bu geri çağırmalar müştəri tərəfindən ödənilməlidir. Müqaviləyə əsasən yaranmış öhdəlik məbləği hal-hazırda 11580,47 USD təşkil edir. - 2x xxxxxx 2018-ci il tarixli 964 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “X8 Azərbaycan” QSC və Serdar Şahin arasında xx.xx.2017-ci il tarixdə X6 müqaviləsi bağlanmışdır. Bu müqavilənin məqsədləri üçün Bank X6nə bank hesabı (hesab) açmağı,açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair X3 sərəncamlarını yerinə yetirməyi, X6 isə Bank tərəfindən aparılan bu əməliyyatlara şərtləşdirilmiş qaydada və məbləğdə haqq ödəməyi öhdəsinə götürmüşdür. X8 Azərbaycan” QSC-nin xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, “X8 Azərbaycan” QSC ilə Serdar Şahin arasında bağlanmış xx.xx.2017-ci il tarixli X6 müqaviləsinə və onun şərtlərinə əsasən, bank tərəfindən ünvan 1 ünvanında yerləşən Garden Villa otel-də X**********43761 seriyalı VERİFONE VX680 markalı POS terminal avadanlığı quraşdırılaraq istifadəyə verilmişdir. Həmin POS terminaldan istifadə edilərək icra edilmiş satış əməliyyatlarına görə banka geri çağırmalar olmuşdur və bu geri çağırmalar müştəri tərəfindən ödənilməlidir. Müqaviləyə əsasən yaranmış öhdəlik məbləği hal-hazırda 11580,47 USD təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 0“X8 Azərbaycan” QSC və Serdar Şahin arasında xx.xx.2017-ci il tarixdə X6 müqaviləsinin müqaviləsinin 7-ci maddəsinə əsasən, satış sənədinə (qəbz) dair Bank tərəfindən aşkarlanmış saxtakarlıq və ya çatışmazlıq hallarında Bankın bu satış sənədlərinin məbləğlərini ödəmə öhdəliyi olmayacaq, əgər əvvəlcədən ödənilmişsə, X6 dərhal və nağd şəkildə həmin məbləğləri banka geri ödəyəcək. X6 bu məbləğləri dərhal və nağd şəkildə heç bir xəbərdarlığa və hüquqi prosedurlara ehtiyac olmadan 7-ci maddədə qeyd olunan miqdar əsasında cərimə faizləri ilə birlikdə banka ödəyəcəkdir. İşin hallarından görünür ki, cavabdeh göstərilən müqavilə tələblərinə əməl etməmiş, X**********43761 seriyalı Verifone VX680 markalı POS terminal vasitəsilə kartlardan pul silinməsi həyata keçirilmiş, nəticədə “chargeback” əməliyyatları baş vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti göstərərkən POS terminalda Manual Enter xidməti aktiv edilmiş və bu funksiya vasitəsi ilə aparılmış əməliyyatlar nəticəsində iddiaçı akseptsiz tutulmalara (chargeback) məruz qalmış, bununla da sonuncuya 11580,47 ABŞ dolları maddi ziyan dəymişdir. Məhkəmə yuxarıda qeyd olunan hallara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cu maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin ödəniş gününə hesablanmış faiz məbləğinin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə dəqiq və aydın olmadıöından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya dəymiş ziyana görə cavabdeh Şahin Serdardan 11580,47 (on bir min beş yüz səksən ABŞ dolları qırx yeddi sent) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul tutularaq “X8 Azərbaycan” QSCnin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Şahin Serdardan 11580,47 (on bir min beş yüz səksən ABŞ dolları qırx yeddi sent) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq “X8 Azərbaycan” QSCnin xeyrinə ödənilsin. Cavabdeh Şahin Serdardan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq “X8 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar