Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-563/2020 06.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı hesablanmış 7784,80 manat borcun silinməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y YƏ N E T D İ : İddiaçı Cavabdehnə qarşı hesablanmış 7784,80 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi 34 saylı fərdi yaşayış evi ona məxsusdur. Evin həyətində kiçik bir istixanası var. Hər ay istehlak olunmuş təbii qazın dəyərini ödəmişdir. 2018-ci ilin dekabr ayında sayğac vasitəsi ilə 17634 m3 (3526,80 manat) təbii qaz istehlak etmişdir. Lakin heç bir əsas olmadan guya sayğacı işləmədiyindən həmin ay üçün ona 17784,80 manat əlavə borc yazılmışdır. Əlavə borcun səbəbini öyrənmək üçün Cavabdeh Satış Departamentinə getmiş, orada ona bildirilmişdi ki, 7784,80 manat borc səhvən yazılıb, lakin özləri həmin borcu silə bilmədiklərindən məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sayğacı saz vəziyyətdədir. Əgər sayğac işləməsəydi, onu dəyişərdilər. Eyni zamanda həmin sayğac vasitəsi ilə o, dekabr ayında 3526,80 manat, yanvar ayında 4393,80 manat, fevral ayında 4390,20 manat, mart ayında 3726,80 manat, aprel ayında 2161 manat dəyərində təbii qaz istehlak etmişdir. Əgər sayğac işləmirdisə, yuxarıda qeyd etdiyi həcmdə təbii qazı necə qeydə alıb? Eyni zamanda, əgər sayğac işləmirdisə, nəyə görə çıxarılıb yoxlamaya göndərilməmişdir? Göründüyü kimi, Cavabdeh ona əsassız olaraq 7784,80 manat borc hesablamışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Cavabdeh tərəfindən 2017-ci ildə də ona 10812 manat əsassız borc hesablanmış, Xətai rayon Məhkəməsinin qərarı ilə həmin borc əsassız hesab edilmiş və silinməsi qət edilmişdir. Belə nəticəyə gəlmək olar ki, Cavabdehın ona qarşı qərəzli münasibəti var. Ona görə də ona hər il əsassız borclar hesablayır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, istehlakçı qaz sayğacınışəxsi vəsaiti hesabına almışdır. İstixanaya quraşdırılmış qaz sayğacı 2018-ci ilin oktyabr ayının 15-dən dekabr ayının 31-nə qədər sayğacdan keçən qazın həcmini qeyd etməmişdir. İlin bu vaxtı istixananın isinmə dövrünə hesabat aparılmışdır. Hesabatda 2018-ci ilin oktyabr ayının 15-dən dekabr ayının 31-nə qədər istifadəsində olan qaz cihazlarının saatlıq qaz sərfinəəsasən istifadə edilən, lakin dəyəri ödənilməyən qazın həcmi müəyyən edilmişdir. Dəyəri ödənilməyən, ödənişdən kənarda qalmış qaz həcmi bərpa edilmişdir. 2018-ci ilin oktyabr ayının 15-dən noyabr ayının 30-na kimi istehlaklakçının sərfiyyatı qaz işlədici cihazların saatlıq sərfiyyatına uyğun 12 saatla verilmişdir: 21.51*12*45=27815 m3. Dekabr ayının 1-dən 31-nə kimi 18 saatla hesabat verilmişdir: 51*51*18*31=28743 m3. Cəmdə 27815 m3+28743 m3=56558 m3 itirilmiş qaz bərpa olunmuşdur. Dekabr ayında sayğac xəta ilə işlədiyindən 17634 m3 sərfiyyat qeyd etmişdir. Sayğacın qeyd etdiyi sərfiyyat ümumi hesabatdan çıxılmışdır. 56558 m3 –17634 m3=38924 m3. Bundan sonra istehlakçıdan istifadə etdiyi qazın dəyəri tələb edilmişdir. Nəzərə almaq lazımdır ki, burada sayğaca müdaxilə barəsində mübahisə yoxdur. İstehlakçının istifadəsində olan qaz G-10 markalı qaz sayğacının hesablama qabiliyyəti onun istifadəsində olan qaz cihazlarının saatlıq sərfiyyatına cavab vermir. G-10 markalı qaz sayğacının 1 saatda maksimum 16 kub metr sərf edilən qazın dəyərini hesablaya bilir. İstehlakçının 1 saatda istifadə etdiyi qazın həcmi 67,51 m3-dür. İstixanada quraşdırılmış qeyri-standart istilik qazanı forsunka Kü min -140 kü max -628 küş Kü*860/ 8000=67,51 m 3 cihazın saatlıq sərfiyyatdır. G-10 markalı qaz sayğacının 1 saatda hesablaya bildiyi, buraxdığı qaz həcmindən dəfələrlə artıqdır. Odur ki, sayğacda müxtəlif problemlər yaranır. İstehlakçı qaz işlədici cihazları dəyişdirmiş, Birlik ilə bağladığı müqavilədə, həmçinin istehlakçıya verilmiş texniki sənədlərdə qeyd edilənlərə uyğun olmayan daha artıq qaz sərf etmə qabiliyyətinə malik cihazlar quraşdırmışdır. Baxmayaraq ki, qüvvədə olan Qazdan istifadə qaydalarının tələbinə uyğun olaraq istehlakçı apardığı bu kimi dəyişiklər barədə Birliyə qabaqcadan məlumat verməli, Lahiyə və digər texniki sənədlərdə müvafiq düzəliş və dəyişikliklər etməlidir. İddiaçı istifadəsində olan qaz cihazlarında dəyişiklik etmiş və yeni qaz cihazlarının sərf etmə qabiliyyətinin qaz sayğacının hesablama qabilliyətinə uyğunluğunu nəzərə almamışdır. İddiaçı istifadə etdiyi qazın dəyərini ödəməmiş və həmin dövrdə mövsümdə istixanada məhsul yetişdirmiş, nəticədə faydalanan tərəf olmuşdur. Məhkəməyə təqdim olunan sənədlərdə istehlakçının həmin dövrdə qazdan istifadə etmədiyini təsdiq edən hec bir məlumat yoxdur. Nəzərə almaq lazımdır ki, istehlakçı üçün aparılmış hesabat, onun sonrakı dövrdə yanvar, fevral və mart aylarında sayğacla hesablanan sərfiyyatından qat-qat az olmuşdur. Hesab edir ki, qanunsuz şəkildə istifadə olunmuş təbii qazın dəyəri tam şəkildə ödənilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh” İB arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” ASX-1/0003 nömrəli müqavilədən müəyyən olunur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Fərdi yaşayış evində istilik sistemini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-10 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən qazın qiyməti hər 1 kub metr üçün 0,20 manat məbləğində müəyyən edilmişdir. 3.4-cü bəndinə əsasən hesab paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. İş materiallarında olan “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında" xx.xx.2018-ci il tarixli, D0028097 saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi, 34 saylı fərdi yaşayış evində (abonent kodu **********00520) qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın sərfiyyatı cihazların saatlıq sərfiyyatına uyğun olaraq hesablanmış, qaz sərfinin miqdarı 38924 kub metr, məbləğ 7784,80 manat müəyyən edilmişdir. İddiaçı məxsus **********00520 saylı abonentin saldosundan görünür ki, 2018-ci ildə ona 7784,80 manat borc hesablanmışdır Müəyyən olunmuş hallarla bağlı məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərəşamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqaviləşərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədəçıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bununla yanaşı“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş“ Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, sahibkarlıq fəaliyyəti subyektində aparılan yoxlamanın qeyd olunan Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınması təmin ediməmiş, reyestrdə qeydiyyata alınmadan yoxlama həyata keçirilmişdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı (abonent kodu **********00520) Cavabdeh tərəfindən hesablanmış 7784,80 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu CavabdehİB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə işüzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu **********00520) Cavabdeh tərəfindən hesablanmış 7784,80 manat məbləğində borc silinsin. İddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-563/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-563/2020
06.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver