Məhkəmə qərarları › İş №2-2(113)-7/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-7/2022

31.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-7/2022 31.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz olaraq zəbt olunmuş ərazinin boşaldılması və kompensasiyanın ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz zəbt olunmuş ərazinin boşaldılması və dəymiş ziyana görə 300000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 137 saylı 19 fevral 1998-ci il tarixli sərəncamı və 10392 saylı 19 mart 1998-ci il tarixli inşaat pasportu əsasında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində ayrılmış torpaq sahəsi "xxxx" MMM-ə 49 il müddətinə icarəyə verilmişdir. İcarəyə verilən torpaq sahəsi üzərində yaşayış binasının tikintisinin aparılması üçün təyin olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 19 fevral 1998-ci il tarixli, 137 saylə sərəncaməna əsasən Yasamal rayonu, Qutqaşınlı küçəsində yaşayış evlərinin layihələşdirilməsi və tikintisi üçün "xxxx" şirkətinə torpaq sahəsinin ayrılması və Bakı şəhər İcra Hakimiyyətinə "xxxx" şirkəti ilə müvafiq müqavilənin bağlanması tapşırılmışdır. Lakin, "xxxx" MMM tərəfindən sözügedən ərazidə tikinti işlərinin layihələşdirilməsi və hazərlanması zamanı, ərazinin bir hissəsinin 1998-ci ildən indiki Cavabdeh tərəfindən hasarlandığı və qanunsuz olaraq zəbt edildiyi aşkar edilmişdir. Cavabdeh ilə əlaqə yaradılan zaman, cavabdeh ərazinin boşaldılmasından imtina etmiş və "xxxx" MMM-ə məxsus əraziyə keçmədiklərini bildirmişlər. Ərazinin bir hissəsi zəbt olunduğundan, illərdir ki tərəfimizdən tikintinin başlanması mümkünsüz olmuşdur. Qeyd olunmalıdır ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin verdiyi 10392 saylı İnşaat pasportunda və 15/135 saylı İstifadəyə (İcarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktında “Nurün Grup” şirkətinə ayrılan torpaq sahəsinin cizgisi tam olaraq qeyd edilmişdir. Cavabdeh tərəfindən hasarlanmış ərazi həmin cizginin daxilinə düşmüş lakin dəfələrlə olan müraciətlərə baxmayaraq, cavbadeh ərazinin boşaldəlmasından imtina etmişdir. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2015-ci ildə verilmiş 15/135 saylı istifadəyə (icarəyə) verilən torpaq sahəsinin “Ayrıc Aktı”nda və 16 noyabr 2015-ci il tarixli 18/04-465 saylı Baş planda göstərilmiş koordinatlara uyğun olaraq yenidən topoqrafik ölçmə aparılmış və nəticə olaraq, cavabdehin yuxarı hissədən 6,50 m aşağı hissədən 11,4 m əraziyə daxil olduğu müəyyən edilmişdir. Həmin ərazidə cavabdeh tərəfindən avtomobillər üçün çardaq düzəldilmişdir. Belə olduğu halda "xxxx" MMM tərəfindən torpağın təyinatı üzrə istifadə edilməsi və planlaşdırılmış tikintinin başlanılması mümkünsüz olmuşdur. Bütün bunlar nəticə etibarı olaraq, tərəfimizdən lahiyə üzrə tikintinin ləngələnməsinə və maliyyə itkilərinə səbəb olmuşdur. Odur ki, iddia tələbi təmin olunaraq, sahə cavabdeh tərəfindən boşaldılmalıdır. İddiaçının nümayəndəsi iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsində göstərilən xüsuatları müdafiə edərk, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə razı deyildir. Belə ki, rəylər torpaq sahəsinin koordinatları və ölçüləri barədə mütəxəssis rəyi alınmadan verilmiş, ekspertin müvafiq ixtisas sahəsində kifayət qədər biliyə malik olmamışdır. Həmçinin mütəxəssis və ekspert mübahisəli torpaq sahəsinə baxışa gəlməmişdir. Odur ki, ekspert rəyləri mötəbər sübut hesab edilməməlidir. Sonda cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi E.Qasımzadənin “X3 LTD” şirkətinin prezidentinə ünvanlanmış məktubdan görünür ki, "xxxx" firmasına ayrılmış torpaq sahəsinin bir hissəsi zəbt edilmiş və həmin torpaq sahəsi boşaldılması təmin edilməlidir. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş AZE seriyalı 000470 nömrəli Şəhadətnaməyə əsasən Tikintilərin Dövlət Reyestrində qeydə alınmışdır. - 14 noyabar 2006-cı il tarixli, 0744 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti – icarəyə verən icarə əsasında sahəsi 7400 kv.m olan torpaq sahəsini icarəçi – "xxxx" MMC-yə 49 il müddətinə istifadəsinə verir, icarəçi isə onu qəbul edir. Torpaq sahəsi yaşayış binasının tikintisi üçün verilir. - 10392 nömrəli İnşaat Pasportuna əsasən Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində "xxxx" firması tərəfindən yaşayış evlərinin tikilməsi nəzərdə tutulmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 137 saylı 19 fevral 1998-ci il tarixli sərəncamına əsasən "xxxx" firmasının 16 yanvar 1998-ci il tarixli İ-008/98 saylı məktubu...nəzərə alınaraq, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yaşayış evlərinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 28 saylı 02 fevral 2016-cı il tarixli sərəncamına əsasən Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən torpaq sahəsində "xxxx" MMM yaşayış evlərinin tikintisinə icazə verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 15/135 nömrəli ayrıc aktına əsasən "xxxx" MMM-ə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 fevral 1998-ci il tarixli, 137 saylı sərəncamı ilə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi cizgidə göstərilən sərhədlər daxilində 0,6529 ha yaşayış binalarının tikintisi üçün (dəqiqləşdirilmiş ayrıc aktı) verilmişdir. - Torpaqdan daimi istifadə hüququna dair JN – 1224 nömrəli KOD 01100003 dövlət aktına əsasən “Fels Baku LTD” şirkətinə ünvan 1 ünvanda yerləşən AR İqtisad Məhkəməsinin 20 avqust 2004-cü il tarixli, N1-343/02-168 saylı qətnaməsi ilə (cizgidə göstərilən sərhəd daxilində) 0,4360 ha torpaq sahəsi çoxmənzilli yaşayış evlərinin və onlara aid qeyri-yaşayış binalarım tikintisi üçün verilmiş, dövlət aktı qeydiyyat kitabında 687 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - zəbt olunmuş ərazinin boşaldılması; - vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarında qeyd olunmuşdur ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında yalnız torpaq vergisi ödəmək şərti ilə ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub – olunmamasının müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/173 nömrəli, 18 iyun 2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli, 137 nömrəli sərəncamı, sərəncama əlavə olunan 1998-ci il tarixli 10392 saylı inşaat pasportu və xx.xx.2015-ci il tarixli 15/135 nömrəli ayrıc aktına əsasən döngə nöqtələri faktiki vəziyyəti ilə üst-üstə düşdüyü, lakin 0.0555 ha hissəsi Cavabdeh şirkəti tərəfindən istifadə olunduğu, cavabdeh “Fel Baku Limited” şirkətinin istifadəsində faktiki olaraq 0.45 ha torpaq sahəsi var və bu torpaq shaəsi hasar daxilindədir, lakin, Cavabdeh şirkətinin torpaq sahəsinə dair ayrıc aktı koordinatlar olmadığından, Cavabdeh şirkətinin torpa sahəsinin sərhəd üzrə naturada üstüstə düşməsini müəyyən etmək mümkün olmadığı, iddiaçı "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 137 nömrəli sərəncamı, sərəncama əlavə olunan 1998-ci il tarixli 10392 saylı inşaat pasportu və xx.xx.2015-ci il tarixli 15/135 nömrəli ayrıc aktına əsasən "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin 0.0555 ha hissəsini cənub-qərb tərəfindən Cavabdeh şirkəti tərəfindən tutularaq istifadə olunduğu müəyyən olunmuş və Cavabdeh şirkətinə xx.xx.1998-ci il tarixdə verilmiş texniki pasportunun torpaq sahəsinin eksplikasiya üzrə göstəricilərinə əsasən, Cavabdeh şirkətin torpaq sahəsi üzrə 3500 kv.m. faktiki sahəsi 5133,6 kv.m. təşkil etməsi müəyyən edilmişdir. Cavabdehin nümayəndəsinin vəsatətinə əsasən iş üzrə əlavə məhkəmə tikinti – texniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6419 nömrəli, 18 aprel 2022-ci il tarixli rəyinə əsasən "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yerləşən torpaq sahəsinin Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli 137 nömrəli sərəncamı, sərəncama əlavə olunan 1998-ci il tarixli 10392 saylı inşaat pasportu və xx.xx.2015-ci il tarixli 15/135 nömrəli ayrıc aktına əsasən döngə nöqtələri faktiki vəziyyəti ilə üst-üstə düşür, lakin 0.0555 ha hissəsi Cavabdeh şirkəti tərəfindən istifadə olunur. Cavabdeh şirkətinin istifadəsində faktiki olaraq 0,45 ha torpaq sahəsi vardır və bu torpaq sahəsi hasar daxilindədir. Lakin Cavabdeh şirkətinin JN-1224 saylı dövlət aktı ilə verilmiş torpaq sahəsinin koordinatları, naturada istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yerləşən torpaq sahəsinin Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli 137 nömrəli sərəncamı, sərəncama əlavə olunan 1998-ci il tarixli 10392 saylı inşaat pasportu və xx.xx.2015-ci il tarixli 15/135 nömrəli ayrıc aktına əsasən "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin 0.0555 ha hissəsini cənub-qərb tərəfdən Cavabdeh şirkəti tərəfindən tutularaq istifadə olunduğu müəyyən olunmuşdur. Eyni zamanda Cavabdeh şirkətinə xx.xx.1998-ci il tarixdə verilmiş texniki pasportunun torpaq sahəsinin eksplikasiya üzrə göstəricilərinə əsasən, Cavabdeh şirkətin torpaq sahəsi sənəd üzrə 3500 m2, faktiki sahəsi 5133,6 m2 təşkil edir. Hər 2 ekspert rəyinin məzmunu ilə təsdiq olunur ki, "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin 0.0555 ha hissəsini cənub-qərb tərəfdən Cavabdeh şirkəti tərəfindən tutularaq istifadə olunur və Fels baku Limited” şirkətin torpaq sahəsi sənəd üzrə 3500 m2, faktiki sahəsi 5133,6 m2 təşkil edir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 19 fevral 1998-ci il tarixli 137 nömrəli sərəncamı, sərəncama əlavə olunan 1998-ci il tarixli 10392 saylı inşaat pasportu və 11 avqust 2015-ci il tarixli 15/135 nömrəli ayrıc aktına əsasən İddiaçı MMM-ə 0,6529 ha sahə yaşayış binalarının tikintisi üçün ayrılmış Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 0,0555 ha torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin, iddiaçı tərəfindən məhkəməyə zərərin nədən ibarət olması, hansı əsaslarla məbləğin 300000 manat olmasını təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia zərərin əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə tikinti–texniki ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı qanunsuz olaraq zəbt olunmuş ərazinin boşaldılması və kompensasiyanın ödənilməsi barədə iddiası qismən təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 19 fevral 1998-ci il tarixli 137 nömrəli sərəncamı, sərəncama əlavə olunan 1998-ci il tarixli 10392 saylı inşaat pasportu və 11 avqust 2015-ci il tarixli 15/135 nömrəli ayrıc aktına əsasən İddiaçınə ayrılmış Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yerləşən torpaq sahəsinin 0,0555 ha hissəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçınə təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 10 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Məhkəmə tikinti - texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar