Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-839/2020 21.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X6 Bağman qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6508,80 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdehnə qarşı cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6508,80 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsi əsl olmayan iddiaçı X1 əsl İddiaçı ilə əvəz etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsi iddia ərizəsinə baxaraq, iddia ərizəsinin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2020-ci il tarixli 2(008)-1125/2020 saylı Qərardad qəbul etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş aidiyyət məsələsinin müəyyən olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin Qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, mübahisə onun sahibkarlıq fəaliyyətindən irəli gəlir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 1125/2020 saylı qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci və 26.1-ci maddələrinə istinad edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) həmin Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Qərardadda iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması və mübahisənin onun sahibkarlıq fəaliyyətindən irəli gəlməsi qeyd olunsa da, iddiaçının fərdi sahibkar statusu olmasını, o cümlədən vergi ödəyicisi kimi qeydə alınmasını təsdiq edən hər hansı bir sübut iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytından çıxarılmış məlumatda iddiaçının vergi ödəyicisi kimi qeydə alınmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirməsi və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu olması halı mövcud olmadığına görə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından hazırkı işə kommersiya məhkəməsində baxıla bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə xx xxx 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi X3rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 46-1-ci maddəsinə əsasən kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmin Qanunun 20-ci maddəsinə görə rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Qeyd olunan daxili və beynəlxalq normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6508,80 manat məbləğində borcun silinməsi barədə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6508,80 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsinin məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-2(113)-839/2020 saylı kommersiya işi Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-839/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-839/2020
21.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver