Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-89/2021 27.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı qeyri-yaşayış sahəsinə giriş qapısının bərpa olunması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə (“xxxx” MTK) qarşı qeyri-yaşayış sahəsinə giriş qapısının bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsində istifadədə olan 0.63661 ha torpaq sahəsində yerləşən 90 saylı binanın zirzəmisində 707.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin giriş qapısının bərpa edilməsinin cavabdeh “xxxx” MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində istifadədə olan 0.63661 ha torpaq sahəsində yerləşən 90 saylı binanın zirzəmisində 707.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 15.04.2006-cı ii tarixli MH-0006655 saylı çıxarışa əsasən X1 xüsusi mülkiyyətində olmuşdur. Həmin əmlak kredit müqaviləsinin təminatı kimi iddiaçı Bankda ipoteka ilə yüklü edilmiş və sonradan Yasamal rayon Məhkəməsinin 2(004)-2309/2018 saylı, 28 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi qərara alınmışdır. "İpoteka Haqqında" AR qanunun 43.7-ci maddəsinə əsasən qeyri-yaşayış sahəsinin hərracdan alınması tələbkar Banka təklif edilmiş və 06 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı Bank tərəfindən əldə edilmişdir. "İddiaçı" ASC-nin həmin qeyri-yaşayış sahəsinə olan xüsusi mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq RX-1393549 saylı 16 oktyabr 2018-ci il tarixli çıxarış verilmişdir. Hal-hazırda mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin giriş qapısı bağlanmış və ora daxil olmaq qeyri-mümkün olmuşdur. Cavabdeh MTK-ya 11.07.2019-cu il tarixdə müraciət olunaraq mülkiyyətlərində olan həmin qeyri-yaşayış sahəsinin qiriş qapısının bərpa edilməsi tələb edilmiş, lakin müraciətə heç bir cavab verilməmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.02.2018-ci il tarixli 2(004)-2309/2018 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddia tələbi qismən təmin edilərək, "İddiaçı" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 17.02.2014-cü il tarixli 029/İCD saylı Kredit müqaviləsinin ləğv edilməsi, 17.02.2014-cü il tarixli 029/İCD saylı Kredit müqaviləsi üzrə cəmi 403359,42 ABŞ dolları məbləğində pulun cavabdeh “xxxx” MMC-dən tutularaq, iddiaçı " İddiaçı " ASC-yə ödənilməsi, tutmanın Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində istifadədə olan 0.63661 ha torpaq sahəsində yerləşən 90 nömrəli binanın zirzəmisində 707.0 kv.m ümumi, 707.0 kv.m əsas, - kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 650000 manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əldə olunan vəsait hesabına "İddiaçı" ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğin ümumi qaydada cavabdeh “xxxx” MMC-dən tutulması və ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra yerdə qalan məbləğin mülkiyyətçi X3 ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ İddiaçı ASC-nin adına 16 oktyabr 2018-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16.11.2020-ci il tarixli, 10/814 saylı ekspert rəyində qeyd olunur ki, baxış zamanı Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 90 saylı binanın zirzəmisində 707,0 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi yer səviyyəsindən 1 mərtəbə aşağıda yerləşir. Həmin qeyri-yaşayış sahəsinə giriş faktiki olaraq digər qeyri-yaşayış sahəsinin daxilindən, pilləkən vasitəsilədir. Eyni zamanda baxış zamanı “xxxx” MTK tərəfindən “A” yaşayış evinin zirzəmisində (-1 səviyəsində) yerləşən "07,0kv.m. qeyriyaşayış sahəsinin sxematik planı təqdim olunmuş və həmin sxematik planda yalnız qeyriyaşayış sahəsinin planı göstərilmişdir. Lakin sxematik binanın həmin mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ümumi planı, -1 səviyəsində yerləşən qeyri-yaşayış sahəsinin giriş-çıxış yolu göstərilməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində istifadə olan 0,63661 ha torpaq sahəsində yerləşən 90 saylı binanın zirzəmisində 707,0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə giriş qapısının açılmasının mümkün olubolmamasını müəyyən etmək mümkün olmadı. - Bakı Kommersiya Məhkəməsinin 18.03.2021-ci il tarixli e-2-2(113)-89/2021 saylı müraciətinə baxılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 21 aprel 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi vanında yerləşən 90 saylı binanın zirzəmisində 707 kv.m qeyri-yaşayış sahəsinə giriş qapısının müəyyən edilməsi üçün lazım olan sənədlərin təqdim edilməsi barədə məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmış və bununla əlaqədar olaraq bildirilir ki, müraciətinizdə qeyd olunan sənədlər Əmlak Məsələləri Dövlət Xidmətində mövcud deyildir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iddia tələbini Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsində istifadədə olan 0.63661 ha torpaq sahəsində yerləşən 90 saylı binanın zirzəmisində 707.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin giriş qapısının bərpa edilməsinin cavabdeh “xxxx” MTK-ya həvalə edilməsi təşkil edir. Məhkəmə araşdırması zamanı bərpası tələb olunan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində istifadədə olan 0.63661 ha torpaq sahəsində yerləşən 90 saylı binanın zirzəmisində 707.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin giriş qapısının əvvəllər mövcud olması müəyyən edilməmişdir. Belə olan halda mövcud olmayan qapının bərpasından söhbət gedə bilməz. Ekspert öz rəyində 707,0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə giriş qapısının açılmasının mümkün olubolmamasını müəyyən etməyin mümkün olmaması qənaətinə gəlmişdir. Eyni zamanda iddiaçı məhz “xxxx” MTK-nın hazırkı iddia üzrə cavabdehlik daşımasını əsaslandırmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin qənaətinə əsasən iddia rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-89/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-89/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver