Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1199/2023 21.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı yeraltı qaz kəmərinin cavabdehin vəsaiti hesabına kənarlaşdırılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz" X3 regional Qaz İstismar idarəsinə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 0,02 ha torpaq sahəsinə basdırılmış qaz kəmərinin cavabdehin vəsaiti hesabına çıxarılaraq kənarlaşdırılması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Dondar Quşçu kənd bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli qərarı ilə ona kənd ərazisindən sahibkarlıq məqsədilə 0,02 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi 25 iyun 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış və bu barədə ona Çıxarış verilmişdir. Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsindən onun razılığı və məlumatı olmadan qaz boru kəməri keçirmişdir. Dəfələrlə cavabehə və digər aidiyyatı qurumlara müraciət etsə də cavabdeh təşkilat öz qanunsuz əməlinin aradan qaldırılması üçün hər hansı bir addım atmamışdır. Məhkəməyə təqdim etdiyi sənədlərdə, arayış və rəylərdə ona məxsus torpaq sahəsindən heç bir yerli və ya beynəlxalq əhəmiyyətli kəmərin (xəttin) keçməsi, torpaq sahəsinin mühafizə zonasına (4 metr) düşməsi qeyd edilmir. Ona məxsus torpaq sahəsinin qarşısında heç kimə məxsus olmayan torpaq sahəsi vardır. Qaz kəmərinin kənarlaşdırılması mümkündür. Cavabdehin qanunsuz əməlləri nəticəsində o mülkiyyət hüququndan məhrum edilmişdir. Bu səbəbdən də mülkiyyətində olan torapaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir. Bu da onun mülkiyyət hüquqlarını pozulması deməkdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə Tovuz Rayon Məhkəməsinə ərizə verərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli Çıxarışa əsasən onun mülkiyyətində olan Tovuz rayonu Dondar Quşçu kənd ərazisində yerləşən 0,02 ha torpaq sahəsindən keçən ARDNŞ “Azəriqaz" İstehsalat Birliyinin balansında olan d250 mm-lik dərinliyi təxminən 1,5 metr olmaqla orta təzyiqli poluetilen yeraltı qaz kəmərinin cavabdeh ARDNŞ “Azəriqaz" İstehsalat Birliyinin vəsaiti hesabına kənarlaşdırılmasına və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(062)-449/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh “Azəriqaz" İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilmsəini, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(104)-197/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(062)-449/2022 saylı qətnaməsi ləğv edilmiş, iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Kollegiyanın qənaətinə görə hazırkı mübahisə kommersiya mübahisəsidir və işin baxılması kommersiya məhkəməsinə aiddir. Belə ki, iddiaçı fərdi sahibkardır və cavabdeh isə hüquqi şəxsdir. Tərəflər arasında yaranan hüquq münasibətləri cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlir. Torpaq sahəsi sahibkarlıq subyekti olan şəxs tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün alınmışdır. Lakin həmin hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmiş və nəticədə qanunla müəyyən olunmuş məhkəmə aidiyyətinin pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "Azəriqaz" İB-nə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 18 noyabr 2003-cü il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinin, Dondar Quşçu bələdiyyəsinin, Tovuz rayon Dövlət Yanğın təhlükəsizlik xidmətinin, Rayon GEM-in və kənd sakini İddiaçı iştirakı ilə tərtib edilərək imzalanmış aktdan görünür ki, Dondar Quşçu bələdiyyəsinin ərazisindən Dondar Quşçu kəndinə gedən yolun sol tərəfindən 0.02 ha torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq üçün İddiaçı satılmasını komissiya məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinin rəyindən görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0.02 ha olmaqla Dondar Quşçu bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən 2003-cü ilin dekabr ayında tərtib edilmiş Tovuz rayonu Dondar Quşçu kənd sakini İddiaçı satılan torpaq sahəsinin yerquruluşu planından görünür ki, plan Dondar Quşçu bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Tovuz rayon Dondar Quşçu bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli 01 saylı qərarından görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmaqla Tovuz rayon Dondar Quşçu kəndinin bələdiyyə ehtiyat fondundan alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Tovuz rayon Dondar Quşçu kənd sakini İddiaçı sahibkarlıq məqsədi üçün 0.02 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan 25 dekabr 2003-cü il tarixli “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, İddiaçı Tovuz rayon Dondar Quşçu bələdiyyə orqanına müraciət etmiş, ərizəyə bələdiyyənin iclasında baxılmış və Dondar Quşçu bələdiyyə ərazisində 0.02 ha torpaq sahəsinin satılması barədə 24 dekabr 2003-cü il tarixli 01 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən əvvəlcədən 61750 manat haqq ödənilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 0.02 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündən görünür ki, plan və ölçü İddiaçı adına Tovuz rayon Dondar Quşçu bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli 01 saylı qərarı ilə sahibkarlıq məqsədi üçün Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 200 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarında olan Tovuz rayonu Dondar Quşçu kənd sakini İddiaçı sahibkarlıq məqsədi ilə verilmiş 0.02 ha torpaq sahəsinin yerquruluşu planından çıxarışdan görünür ki, çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən tərtib olunmuş, torpaq sahəsinin koordinantları göstərilmiş və Dondar Quşçu bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Tovuz rayonu Dondar Quşçu bələdiyyəsinin xx.xx.2021-ci il tarixli Şəmkir RQİİ-nə ünvanladığı məktubdan görünür ki, Tovuz rayonu Dondar Quşçu kənd sakini İddiaçı məxsus Tovuz rayonu Dondar Quşçu kəndində olan 0.02 ha sahibkarlıq məqsədilə torpaq sahəsinin qarşısında heç kimə məxsus torpaq sahəsi yoxdur və həmin ərazidən kənarlaşdırılacaq qaz xətti heç kimə məxsus torpaq sahəsinin mühafizə (4 metr) zonasına düşmür. İş materiallarında olan 13 dekabr 2021-ci il tarixdə ƏMDX-nin Qazax ərazi şöbəsinin məsələhətçisi torpaq müfəttişi X2, ƏMDX-nin Qazax ərazi şöbəsinin məsələhətçisi X5 və Tovuz rayonu Dondar Quşçu kənd sakini İddiaçı iştirakı tərtib edilərək imzalanmış akda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinə və müxtəlif direktiv orqanlarına yazdığı ərizələr araşdırılmış, məlum olmuşdur ki, vətəndaş Dondar Quşçu bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli 01 saylı qərarı ilə 0.02 ha “Pryez” adlanan ərazidən sahibkarlıq məqsədilə torpaq sahəsi almışdır. Sonradan sözügedən torpaq sahəsinə 25 noyabr 2013-cü il tarixdə çıxarış almışdır. Tikinti işləri aparmaq istəyən zaman Azəriqaz nümayəndələri tərəfindən tikinti işləri dayandırılaraq torpaq sahəsinin yaxınlığından qaz xətti keçməsi bildirilmişdir. Vətəndaş isə qaz xəttinin torpaq sahəsini aldıqdan sonra həmin ərazidən çəkildiyini bildirməklə xəttin yerinin dəyişdirilməsini tələb etmişdir. İş materiallarında olan Azərbaycan Respubliaksı Energetika Nazirliyi Enerji Məsələlərinin X4 filialının İddiaçı ünvanladığı 06 dekabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, müraciətdə qeyd olunanların yerində araşdırılması zamanı təqdim edilmiş mülkiyyət sənədlərinə əsasən torpaq sahəsindən uzunluğu 10 metr, eni 1,5 metr olmaqla Şəmkir RQİİnin xidmət və balansında olan Dondar QPS-dən qidalanan, Tovuz rayonunun Azaflı, Bayramlı, Əsrik-Cırdaxan, Qaralar kəndlərini, Kirən və Böyük Qışlaq sovetliklərini təbii qazla təmin edən 2250 mm-lik, dərinliyi təxminən 1,5 metr olmaqla orta təzyiqli poluetilen yeraltı qaz kəmərinin çəkildiyi müəyyən olunmuşdur. Cavabdeh İB-nin onlara ünvanladığı cavab məktubunda Şəmkir RQİİ-nin mütəxəssisləri tərəfindən müraciət əsasında əraziyə baxış keçirildiyini, yeri dəyişəcək mövcud qaz xəttinin yeni trassasının müəyyən edildiyini, lakin həmin trassa ilə qaz xəttinin çəkilməsinə imtina edilməsini bildirmişlər. Eyni zaman sözügedən torpaq sahəsinə yaxın ərazidə əhalinin pay torpaqları olduğu üçün trassanın verilməsinin mümkün olmadığı, eləcədə yerli bələdiyyə orqanının köməyi ilə münasib trassanın, heç kimin pay torpağından keçmədən seçildiyi, istismarda olan qaz xəttinin yerdəyişmə işlərinin İddiaçı hesabına lisenziyası olan podratçı təşkilat tərəfindən yerinə yetiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin İddiaçı ünvanladığı məktubda göstərilmişdir ki, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən qeyri-yaşayış obyektinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar işlər İddiaçı vəsaiti hesabına həyata keçirilməlidir. Bununla əlaqədar Şəmkir RQİS-i tərəfindən xx.xx.2021ci il tarixində təqdim olunmuş sxemə əsasən qeyd olunan qaz xəttinin yerinin dəyişdirilməsi işləri layihə-smeta sənədlərinin hazırlandıqdan və ödəniş olunduqdan sonra 20 iş günü müddətində icra olunacaqdır. Şəmkir RQİS-nə tapşırılır ki, qeyd olunan işlərin görülməsində müvafiq texniki köməklik göstərsin və söküntüdən çıxarılan materialları Şəmkir RQİİ-nin anbarına mədaxil olmasını təmin etsin. İş materiallarında olan Cavabdeh İB-nin Azərbaycan Respubliaksı Energetika Nazirliyi Enerji Məsələlərinin X4 filialına ünvanladığı məktubda göstərilmişdir ki, Cavabdeh İB-nin layihə-konstruktor bürosu tərəfindən hazırlanmış 3-225-11 (1) saylı layihə-smeta sənədlərinə əsasən 2011-ci ilin mart ayından Tovuz rayonu Qonaqlı, Qaralar, Kürən, Zataq, Şıxheybət, Qoşa və Muncuqlu kəndlərinin qazlaşdırılması üçün orta təzyiqli poluetilen PE 250 mm-lik dayıcı qaz kəmərinin layihə əsasında çəkilişi işlərinə başlanmış, 2012-ci ilin sonunda işlər tamamlanmış və Cavabdeh İB-nin müvafiq əmri ilə yaradılmış qəbul komissiyası tərəfindən kəmər 2013-cü ilin mart ayında istismara qəbul edilərək istifadəyə verilmişdir. Həmin kəndlərin qazlaşdırılması məqsədilə qaz xətti çəkilən zaman vətəndaş İddiaçı iddia etdiyi ona məxsus torpaq sahəsində heç bir tikili və ya hasar olmamış, eyni zamanda İddiaçı tərəfindən heç bir irad bildirilməmişdir və ərazinin ona məxsus olması barədə təqdim etdiyi sənəddə (çıxarış) həmin torpaq sahəsinin 2013-cü ilin iyun ayında, yəni qaz xətti istismara verildikdən sonra özəlləşdirdiyi qeyd olunmuşdur. Qaz xətləri istismara verildikdən sonra vətəndaşların istəyi ilə hər hansı bir xəttin üzərində dəyişiklik aparılarsa bu sifarişçinin (vətəndaşın) öz vəsaiti hesabına aparılmalıdır və bu kimi işlərin görülməsi üçün güzəşt nəzərdə tutulmur. Vətəndaş İddiaçı qaz xəttinin öz vəsaiti hesabına yerinin dəyişdirilməsinə ərizə ilə razılıq vermiş, lakin sonradan vəsaitin ödənilməsindən imtina etmiş və müvafiq instansiyalara şikayət ərizələri yazmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara hazırlığının yoxlanılması və podratçı təşkilatdan təhvil götürülməsi üçün qəbul komissiyasının aktından görünür ki, 6 mart 2013-cü il tarixli 122-ü nömrəli əmrlə komissiya yaradılmışdır. Akta əsasən Tovuz rayonu Qonaqlı, Qaralar, Kürən, Zataq, Şıxheybət, Qoşa və Muncuqlu kəndlərinin qazlaşdırılmasının tikintisi başa çatmış, obyektin tikintisi üçün torpaq sahəsinin Tovuz rayonu tərəfindən təmin edildiyi, obyektin tikintisinə 2011ci ilin mart tarixində başlanıldığı, 2013-cü ilin mart ayında başa çatdığı qeyd edilmişdir. İstismara qəbul edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2023-cü il tarixli 10/1029 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respubliaksı İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-37/2- 431/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim eidlmiş yeraltı qaz kəmərinin keçdiyi ərazi İddiaçı mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin daxilində yerləşir, torpaq sahəsində tikili yoxdur. Mübahisəli 0.02 ha torpaq sahəsindən keçən ARDNŞ Cavabdeh İB-nin balansında olan d250 mm-lik dərinliyi təxminən 1.5 m olmaqla orta təzyiqli poluetilen yeraltı qaz kəmərinin, müvafiq layihə tərtib olunduqdan sonra ARDNŞ Cavabdeh İB tərəfindən həmin torpaq sahəsindən kənarlaşdırılması mümkün ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci bəndlərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Qaz təchizatı haqqında” Qanunun 16-cı maddəsinin 2-ci bəndinə əsasən qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir. Lakin podratçılar mövcud qaz qurğularının və xətlərinin xüsusi mülkiyyətçiyə məxsus torpaqlarda yerləşdiyi yerlərdə yeni qaz kəmərlərinin və qurğularının yerləşdirilməsi fəaliyyətinə başlaya bilərlər. Onlar həmçinin eyni qayda ilə mövcud qaz qurğularını işçi vəziyyətdə saxlamaq, təmir etmək və qazıb çıxarmaq üçün işlər də görə bilərlər. Bu Qanunun 15-ci maddəsinin 2-ci və 3-cü hissələri eyni qaydada xüsusi mülkiyyət sahiblərinin işlərin uyğunlaşdırılmasında iştirakı məqsədilə də (planların əvvəlcədən təqdim olunmasını nəzərə almaqla) tətbiq edilir. Məhkəmə qeyd edir ki, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 0.02 ha torpaq sahəsi (mübahisəli torpaq sahəsi) həmin kənd bələdiyyəsinə məxsus torpaq sahəsi olmuş, bələdiyyənin 18 noyabr 2003-cü il tarixli qərarı ilə sahibkarlıqla məşğul olmaq üçün kənd sakini İddiaçı satılması qərara alınmış, torpaq sahəsinin yerquruluşu planı tərtib edilərək təsdiq edilmişdir. 25 dekabr 2003-cü il tarixdə torpağın alqı-satqısına dair akt imzalanmışdır. İddiaçı adına 25 iyun 2013-cü il tarixdə qeyd edilən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmiş, torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək təsdiq edilmişdir. Cavabdeh İB-nin balansında olan d250 mm-lik dərinliyi təxminən 1.5 m olmaqla orta təzyiqli poluetilen yeraltı qaz kəmərinin keçdiyi ərazi İddiaçı mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin daxilində yerləşir. İddiaçı həmin qaz kəmərinin kənarlaşdırılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, cavabdeh isə kənarlaşdırılmanın yalnız iddiaçının vəsaiti hesabına mümkün ola bilməsini bildirmişdir. Ekspertiza rəyi ilə sözügedən yeraltı qaz kəmərinin, müvafiq layihə tərtib olunduqdan sonra Cavabdeh İB tərəfindən həmin torpaq sahəsindən kənarlaşdırılmasının mümkün ola bilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan qaz kəmərinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçməsi iddiaçının mülkiyyət hüquqlarını pozur. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə edə bilmir. Mövcud durumu məhkəmə iddiaçının mülkiyyətinə müdaxilə kimi qiymətləndirir. Həmçinin bu müdaxilə hər hansı qanuni əsasa söykənmir. Belə ki, cavabdeh təşkilat məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməsə də işə baxmış əvvəlki birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə əlavə etdiyi sənədlərdən görünür ki, cavabdeh təşkilat iddiaçının müraciətlərinə cavab olaraq qaz kəmərinin müvafiq layihə əsasında kənarlaşdırılmasının mümkün olduğunu, lakin bunun vətəndaşın vəsaiti hesabına aparılacağını bildirmişdir. Əsas isə onu göstərmişdir ki, iddiaçı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı çəkilmiş qaz kəmərinin istismara qəbul edilməsindən sonra almışdır. Buna görə də qaz kəmərinin kənarlaşdırılması vətəndaşın vəsaiti hesabına aparılmalıdır. Məhkəmə həmçinin bildirir ki, İddiaçı torpaq sahəsini 25 dekabr 2003-cü il tarixdə almış, həmin torpaq sahəsi əvvəllər bələdiyyəyə məxsus olmuşdur. Torpaq sahəsində qazın çəkilişi ilə bağlı tikinti aparılarkən həmin torpaq sahəsi İddiaçı tərəfindən satın alınmışdır. Cavabdeh kəndlərin qazlaşdırılması ilə bağlı tikinti obyektinin 2013-cü ilin mart ayında istismara qəbul edildiyini bildirsə də, istismara qəbul aktında tikinti obyektinin hansı tarixdə istismara qəbul edilməsi qeyd edilməmişdir. Həmin aktda yalnız işlərin başlanma və qurtarma tarixi və komissiyanın yaradılma tarixləri vardır. İstismara qəbul edildiyi tarix isə yoxdur. İddiaçı 25 iyun 2013-cü il tarixdə qeyd edilən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. Bundan başqa cavabdeh təşkilatın qazın çəkilməsi ilə bağlı torpaq sahəsinin mülkiyyətçisindən razılıq alması, bununla bağlı istər kənd bələdiyyəsinə, istərsə də vətəndaşa müraciət etməsi, həmin torpaq sahəsinin kimin mülkiyyətində olması ilə bağlı araşdırma aparması ilə bağlı iş materiallarında heç bir sübut yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşmasını nəzərdə tutur (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 0,02 ha torpaq sahəsindən keçən cavabdehin balansında olan d250 mm-lik dərinliyi təxminən 1,5 metr olmaqla orta təzyiqli poluetilen yer altı qaz kəməri cavabdehin vəsaiti hesabına kənarlaşdırılmalı və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2013-cü il tarixli, Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 0,02 ha torpaq sahəsindən keçən Cavabdeh balansında olan d250 mm-lik dərinliyi təxminən 1,5 metr olmaqla orta təzyiqli poluetilen yer altı qaz kəməri Cavabdeh vəsaiti hesabına kənarlaşdırılsın və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-1199/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1199/2023
21.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver