Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1377/2025 20.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X1 Mərkəzinin Cavabdeh qarşı özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X1 Mərkəzi iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Göygöl rayonu Köşkü kəndində yaşayan Cavabdeh Hacıkənd meşəbəyliyinin 1 saylı dolayının 42-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.40 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 10 saylı X1 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli 2(066)-436/2025 saylı qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla adına ********** saylı VÖEN vardır. Hazırkı mübahisədən və tərəflərin subyektiv tərkibindən görünür ki, mübahisə sahibkarlıq subyektlərinin özlərinin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn korporativ mübahisədir. Buna görə də həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mübahisəyə Gəncə Kommersiya Məhkəməsində, deyil, Göygöl Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn, verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 25-ci bəndinə əsasən qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPMin 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X1 Mərkəzi dövlət orqanı, Cavabdeh isə vergi ödəyicisi olan fiziki şəxsdir. İddiaçı cavabdeh tərəfindən özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulmasını, tikililərin sökülməsini və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçı dövlət orqanı ilə sahibkarlıq subyekti olan cavabdeh arasında yaranan mübahisə onların əşya hüquqi münasibətlərdən irəli gəlir. Tərəflər arasında hər hansı müqavilənin olması, mübahisənin müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlər olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X1 Mərkəzinin Cavabdeh qarşı özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair iş məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X1 Mərkəzinin Cavabdeh qarşı özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-1377/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1377/2025
20.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver