Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-167/2022 23.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 qızına və Cavabdeh1 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 06 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə banka 6098 manat 84 qəpik əsas, 1781 manat 58 qəpik faiz və 611 manat 12 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 8491 manat 54 qəpik məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Mollalı kəndində yerləşən, 2 otaqlı, 122.2 kv.m ümumi, 57.5 kv.m yaşayış, 64.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.69 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə rayonu, Mollalı kəndində yerləşən, 2 otaqlı, 122.2 kv.m ümumi, 57.5 kv.m yaşayış, 64.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.69 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Mollalı kəndində yerləşən, 2 otaqlı, 122.2 kv.m ümumi, 57.5 kv.m yaşayış, 64.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.69 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 qızının Bərdə rayonu, Mollalı kəndində yerləşən, 2 otaqlı, 122.2 kv.m ümumi, 57.5 kv.m yaşayış, 64.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.69 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 qızının həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 06 noyabr 2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il 06 noyabr tarixli Baş kredit müqaviləsinə əsasən Cavabdeh1 "Nikoyl” İKB ASC-nin “Bərdə” filialından illik 36%-lə 120 ay müddətinə 60000 manat məbləğində kredit limiti verilmişdir. 2018-ci il 06 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 22%-lə 36 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Mollalı kəndində yerləşən, 2 otaqlı, 122.2 kv.m ümumi, 57.5 kv.m yaşayış, 64.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.69 ha torpaq sahəsi 2018-ci il 06 noyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il 06 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.15 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il martın 29-dək Cavabdeh1 2018-ci il 06 noyabr tarixli kredit müqaviləsi üzrə banka 6098 manat 84 qəpik əsas, 1781 manat 58 qəpik faiz və 611 manat 12 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 8491 manat 54 qəpik borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bərdə Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(021)-1555/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 qızına və Cavabdeh1 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, bank tərəfindən məhkəməyə müraciət olunduqdan sonra borcdan ödəniş edilməyib. Evin qiyməti ipoteka müqaviləsində 20000 manat olaraq göstərilib, bu səbəblə ekspertin rəyi ilə razı deyillər. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, bankla aylıq 1000 manat ödənilməsi üçün razılığa gəlməyə çalışsa da, bank buna razı olmamışdır. Bankdan kredit götürdükdən sonra oğlunun səhhətində yaranan problemlərlə əlaqədar düşdüyü çətindən vəziyyətdən dolayı bank qarşısında olan öhdəliklərini icra edə bilmir. Bundan başqa yaşamağa evi yoxdur. Ona görə də, bank evi onun əlindən ala bilməz. Cavabdeh2 qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 06 noyabr 2018-ci il tarixli 12-BİZ-1-0-56-18 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, "xxxx" İKB ASC (hazırki adı "xxxx" ASC) tərəfindən Cavabdeh1 ətlik iri buynuzlu heyvan alınması məqsədilə illik 22,74 faizlə, 6 aylıq güzəştlə, 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 6098 manat 84 qəpik əsas borcu, 1781 manat 58 qəpik faiz borcu və 611 manat 12 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 8491 manat 54 qəpik məbləğində borcu olmuşdur. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/3898 nömrəli rəyindən görünür ki, 06 noyabr 2018-ci il tarixli 12- BİZ-1-0-56-18 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 maliyyə arayışının tarixinə xx.xx.2021-ci il tarixə borcu əsas borc üzrə 6103 manat 76 qəpik, faiz borcu üzrə 1779 manat 25 qəpik müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 06 noyabr 2018-ci il tarixli 12-BİZ-1-0-56-18 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Mollalı kəndində yerləşən, 2 otaqlı, 122.2 kv.m ümumi, 57.5 kv.m yaşayış, 64.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini 0.69 ha torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Mollalı kəndində yerləşən, 2 otaqlı, 122.2 kv.m ümumi, 57.5 kv.m yaşayış, 64.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 0.69 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli G-05/22-130 saylı əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Mollalı kəndində yerləşən, 2 otaqlı, 122.2 kv.m ümumi, 57.5 kv.m yaşayış, 64.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.69 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 40000 manat, likvid dəyəri 30000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara-ipoteka qoyanlara xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 6098 manat 84 qəpik əsas borc, 1779 manat 25 qəpik faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 8078 manat 09 qəpik məbləğində borc ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu Mollalı kəndində 0.69 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 30000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılmalı, Cavabdeh1 100 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 200 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/3898 nömrəli rəyinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə faiz borcu 1779 manat 25 qəpik müəyyən olunduğundan, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edirki, 200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Bundan başqa, cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi hazırki mərhələdə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 6098 manat 84 qəpik əsas borc, 1779 manat 25 qəpik faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 8078 manat 09 qəpik məbləğində borc ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu Mollalı kəndində 0.69 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın. Fərdi yaşayış evinin ilkin satış qiyməti 30000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. Cavabdeh1 100 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 200 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-167/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-167/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver