Məhkəmə qərarları › İş №2-2(115)-19/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-19/2023

07.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-19/2023 07.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə İlkin iddia üzrə iddiaçı X3 Cavabdeh1 qarşı mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması, torpaq sahəsindən çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X5 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşı ilkin iddia üzrə mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması, torpaq sahəsindən çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbinə dair Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayonu Qarağacı kəndinin ərazisində yerləşən 0,25 hektar sahibkarlıq məqsədli torpaq sahəsindən istifadə hüququnun Cavabdeh1 tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, 10 il ərzində adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) olan 30000 (otuz min) manat pulun alınıb onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bərdə Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin (ilkin iddiaçının) ona qarşı Bərdə rayonu Qarağacı kəndinin ərazisində yerləşən 0,25 hektar sahibkarlıq məqsədli torpaq sahəsindən istifadə hüququnun pozulması hərəkətinə son qoyulmasına, 30000 (otuz min) manat əldən çıxmış faydaya görə iddianın bütünlüklə rədd edilməsinə və məhkəmənin vaxtını bilərəkdən aldığına görə cərimə edilməsinə sahibkarlığına bilərəkdən və qərəzli maneçilik törətməsinə görə 5000 manatın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında ilkin iddia üzrə Cavabdeh1 beton qarışdıran qurğuların onun tərəfindən idarə olunmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında X3 vəkili məhkəməyə şifahi vəsatət verərək Cavabdeh2 da əlavə cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. Həmçinin işin Bərdə Rayon Məhkəməsinin icraatında olduğu müddətdə bu barədə yazılı vəsatətin (xx.xx.2021ci il tarixli vəsatət) verildiyini bildirmişdir. Cavabdeh2 məhkəmə tərəfindən əlavə cavabdeh kimi işə cəlb edilmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 məhkəməyə iddia predmetinin dəyişilməsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Bərdə rayonu Qarağacı kəndinin ərazisində yerləşən 0,25 hektar sahibkarlıq məqsədli torpaq sahəsindən istifadə hüququna Cavabdeh1 tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, qanunsuz binaların sökülməsi, mənəvi zərər olaraq 10 000 manat mənəvi zərərin cavabdehdən alınıb onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 31 avqust 2021-ci il traixli, 2(021)-1419/2021 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, qarşlıqlı iddia isə təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1419/2021 nömrəli qətnaməsindən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh iddiaçı Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-643/2022 saylı 31 yanvar 2022-ci il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, istifadə hüquqlarının pozulmasına son qoyulması, cavabdehlərin torpaq sahəsindən çıxarılması, qanunsuz binaların və qurğuların sökülməsi, mənəvi zərər olaraq 10 000 manatın cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bərdə rayonu, Qarağacı kəndində yaşayır və sahibarlıq fəaliyyəti ilə məşğul olur. Ona görə də Bərdə rayonu, Qarağacı kəndinin ərazisində Bərdə-Yevlax və Yevlax-Ağcabədi yolunun kəsişməsində yerləşən Bərdə rayonu, Bələdiyyəsinin ərazisi olan digər təyinatlı torpaq sahəsini almaq üçün Bərdə rayonu, Qarağacı Bələdiyyəsinə müraciət etmişdir. Bərdə rayonu, Qarağacı Bələdiyyəsi xx.xx.2005-ci il tarixli 07 nömrəli bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı ilə ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0.25 hektar torpaq sahəsi ayrılmışdır. Bələdiyyə qərarına uyğun olaraq Bərdə rayonu Qarağacı bələdiyyəsi, xx.xx.2006-cı il tarixli 107 nömrəli bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Qarağacı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2006-cı il tarixli 62 nömrəli torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. Həmin sənədlər əsasında o Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Bərdə rayonu, Qarağacı kəndinin ərazisində sahibkarlıq məqsədi ilə digər təyinatlı 0.25 hektar torpaq sahəsinə dair **********39 reyestr nömrəli xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış almışdır. Beləliklə Bərdə rayonu Qarağacı kəndinin ərazisində yerləşən 0.25 ha torpaq sahəsi onun tam mülkiyyətindədir. Lakin Bərdə şəhəri Məhsəti küçəsində yeni yaşayış massivində yaşayan, Kəlbəcər rayon sakini, Cavabdeh1 2011-ci ildən torpaq sahəsini zəbt edib, orada sahibkarlıq obyekti açaraq obyektdən qazanc əldə edir və bu müddətdə ona torpaq sahəsindən istifadə etməyə imkan verməmişdir. Ancaq o torpaq sahəsini özü sahibkarlıq obyekti açaraq istifadə etmək istəyir. Cavabdeh isə buna imkan vermir. O, cavabdehi torpaq sahəsindən çıxarda bilməmişdir. Torpaq sahəsindən özünün istifadə etmək məqsədi barədə dəfələrlə cavabdehə bildirib, torpaq sahəsindən çıxmasını tələb etmişdir. Cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasını təmin edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və bələdiyyəyə müraciət etmişdir. Ancaq məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Həmin 0.25 hektar torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 1 il ərzində orta hesabla 3000 manat və 10 il ərzində 30 000 manat qazanc əldə edə bilərdi. Bununla da Cavabdeh1 10 il ərzində ona 30 000 manat ziyan vurmuş və hüquqlarını pozmuşdur. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 ona qarşı Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması, torpaq sahəsindən çıxarılma, vurulmuş ziyanın ödənilmsi tələbinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Belə ki, cavabdeh iddia ərizəsində bəhs etdiyi torpaq sahəsinin ona aid olmasını təsdiq edən heç bir sənəd olmadığı halda ona qarşı iddia qaldırmış və həmin torpaqdan onun istifadə etməsinə qarşı iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. O, sözügedən torpaqdan guya 2011-ci ildən zəbt edərək istifadə edir. Sahibkarlıq obyekti açaraq cavabdehin torpağından istifadə etməyinə imkan verməmişdir. Əgər cavabdehdən soruşulsa ki, həqiqətən torpaqdan bu 10 ildə də istifadə etmişdirsə, orada qanunsuz obyektlər tikdirmişdirsə, onda cavabdeh hüquq mühafizə orqanlarına və məhkəməyə niyə müraciət etməmiş və 10 ildən sonra belə bir iddia qaldırmışdır. Cavabdeh ondan əlavə olaraq iki üç nəfəri də Elnur və Mahmud adlı şəxsləri də məhkəməyə verib, guya onlar da onun yerini zəbt edib. İddiaçının marağı sahibkarlara mane olub, onlardan pul almaqdır. Onun öz yerinin harada olmasından, torpaq zəbt edibetməməsindən xəbəri yoxdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, ilkin iddianı müdafiə edir. Belə ki, 2004-cü ildə ona sahibakarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0.25 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi boş sahə olmuşdur. Lakin sonradan ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən qeyri-yaşayış obyekti tikilmiş və qurğular yerləşdirilmişdir. Torpaq sahəsinin bir hissəsi zəbt olunduğundan hazırkı vaxta kimi istifadə edə bilməmişdir. Bunla bağlı aidiyyəti orqanlara müraciət etmişdir, lakin heç bir nəticəsi olmamışdır. Bununla da ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 vəkili məhkəmə iclasında bildirdi ki, ilkin iddianı müdafiə edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, ilkin iddianı qəbul etmir. Belə ki, heç bir tikinti işləri aparmamışdır. Hazırda başqa yerdə işlədiyindən mübahisəli sahədə yerləşən obyektin kimə məxsus olması və kimin tərəfindən işlədilməsi barədə məlumatı yoxdur. İlkin iddianın əsassız, qarşılıqlı iddianın əsaslı olduğunu bildirdi. İlkin iddia üzrə Cavabdeh2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edərək ona qarşı olan iddianı qəbul etmədiyini bildirmişdir. Belə ki, iddiaçı əsassız olaraq onlara qarşı iddia qaldırmışdır. Həmçinin iddiaçıya məxsus torpaqla heç bir üst-üstə düşmə faktı yoxdur. Daha sonra qeyd etmişdir ki, mübahisəli obyekt və qurğular başqa şəxsə məxsusdur. O, şifahi razılaşma əsasında onları idarə edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, X3 mülkiyyətində Bərdə rayonu, Qarağacı kəndində 0.25 ha torpaq sahəsi qeydə alınmışdır. xx.xx.2006-ci il tarixli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin kadastr planının surətindən görünür ki, X4 Bərdə rayonu, Qarağacı kəndində Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 iyul 2005-ci il tarixli 07 saylı qərarı ilə 0.25 ha torpaq sahəsi verilmişdir. xx.xx.2021-ci il tarixli **********040 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 adına Bərdə rayonu, Mirzəcəfərli kəndində 0.0256 ha sahibkarlıq torpaq sahəsi 14 noyabr 2017-ci il tarixli ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli, 36 nömrəli Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsi tərəfindən verilmiş məktubdan görünür ki, Bərdə-Yevlax-Ağcabədi yolunun kənarında Qarağacı bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən beton məmulatları müəssisəsi Cavabdeh2 istifadəsindədir, Cavabdeh1 adına həmin ərazidə xüsusi mülkiyyətində torpaq sahəsi vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli rəyində göstərilir ki, mübahisənin predmeti olan 0.25 ha sahibkarlıq məqsədli torpaq sahəsinə baxış keçirilərək müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin eni cənub-şərqdən 23.5 metr, cənub-qərbdən 13 metr olmaqla uzuluğu şimaldan 47.5 metr, cənubdan isə 55.36 metr olmaqla 0.0876 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-703/2022 saylı qərardadı ilə mühəndis-tikinti ekspertizası təyin edilmişdir.Məhkəmə Ekspertiza Mərkəzi 01 avqust 2022-ci il tarixli, 10/4860 nömrəli vəsatəti ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidmətindən elektron baza məlumatlarının, torpaq sahəsinin sənəd və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin (koordinatlar qeyd olunmaqla) ekspertə təqdim edilməsini xahiş etmişdir. Daha sonra isə bu səbəbdən rəy verilməsindən imtina etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə məktub göndərərək qeyd olunan məsələlərlə bağlı əraziyə baxış keçirildiyini və müvafiq rəyin yazıldığını bildirmişdir. Həmçinin rəyin təqdim edilməsi üçün 95 manat xidmət haqqının məktubda göstərilmiş müvafiq bank hesabına ödənilməli olduğunu qeyd etmişdir. Gəncə Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixdə həmin məktubun surətini tərəflərə göndərmişdir. Göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin mütəxəssis rəyi olmadan ekspert öz rəyini hazırlaya bilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi isə rəyin verilməsi üçün xidmət haqqının ödənilməli olduğunu bildirmişdir. Məktubun surətinin tərəflərə göndərilməsinə baxmayaraq mütəxəssis rəyi məhkəməyə daxil olmamışdır. Belə olan vəziyyətdə mübahisənin obyektini təşkil edən daşınmaz əmlak obyektlərinə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə X3 və onun vəkili Vəkil1, Cavabdeh1 iştirakı ilə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı X5 özünə məxsus ərazinin nöqtələrini göstərməklə təqdim etmişdir. Aşkar olunmuşdur ki, həmin ərazidə beton qarışdıran qurğular və bir operator otağı yerləşir. Cavabdeh1 operator otağının və qurğuların ona məxsus olduğunu, lakin həmin qurğuların və tikilinin yerləşdiyi torpaq sahəsinin kimə məxsus olması barədə məlumatlı olmadığını bildirmişdir. Həmçinin həmin ərazidən kənarda öz mülkiyyətinə aid boş və istifadəsiz olan 0.02 ha torpaq sahəsini təqdim etmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş olan, iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin naturada yerləşmə mövqeyi və döngə nöqtələrinin koordinatlarını əks etdirən sənəd məhkəməyə daxil olmuşdur. Həmin sənəddə göstərilir ki, X3 mülkiyyətində 0.25 ha torpaq sahəsi olduğu halda faktiki istifadəsində 0.16 ha torpaq sahəsi vardır. Göründüyü kimi X3 faktiki istifadə etdiyi torpaq sahəsinin sənəd üzrə olandan 0.09 ha az olması sənəddə əksini tapmışdır. Lakin bu 0.09 ha torpaq sahəsinin kim tərəfindən istifadə olunması sənəddə qeyd olunmamışdır. Cavabdeh1 mülkiyyətində isə 0.0256 ha torpaq sahəsinin, faktiki istifadəsində isə 0.32 ha torpaq sahəsinin olması göstərilmişdir. Göründüyü kimi Cavabdeh1 0.32 ha torpaq sahəsindən sənəd olmadan istifadə edir. Həmin 0.32 ha torpaq sahəsinin sənəd üzrə kimə məxsus olması göstərilimir. Həmin sənədə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçı və cavabdehin iştirakı ilə onların naturada istifadə etdikləri torpaq sahəsinin sərhədləri özlərinin göstərdikləri kimi GPS aləti vasitəsilə təyin edilmişdir. Odur ki, kameral şəraitdə aradırılıb müvafiq rəyin məhkəməyə göndəriləcəyi bildirilmişdir. Göründüyü kimi X3 faktiki istifadə etdiyi torpaq sahəsinin sənəd üzrə olandan 0.09 ha az olması faktı burada da təsdiqini tapmışdır. Həmin idarənin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli rəydə göstərilir ki, X3 mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin 0.0876 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Həmçinin mübahisəli əraziyə məhkəmə tərəfindən baxış keçirilərkən ərazidə cavabdehlərə məxsus bina və qurğuların olması müəyyən olunmuşdur. Göründüyü kimi xx.xx.2021-ci il tarixli rəyə əsasən ki, X3 mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin 0.0876 ha hissəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş olması, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və tərəflərə torpaq aid torpaq sahələrinin naturada yerləşmə mövqeyini və döngə nöqtələrinin koordinatlarını əks etdirən sənəddə X3 faktiki istifadə etdiyi torpaq sahəsinin sənəd üzrə olandan 0.09 ha az olması və mübahisəli əraziyə məhkəmə tərəfindən baxış keçirilərkən həmin sahələri əhatə edə biləcək ərazidə cavabdehlərə məxsus bina və qurğuların olması faktları öz təsdiqni tapmışdır. Həmçinin Cavabdeh2 obyekt və qurğuların başqa şəxsə məxsus olduğunu, şifahi razılaşma əsasında idarə etdiyini bildirmiş olsa da, tikili və qurğuların və onların yerləşdiyi torpaq sahələrinin başqa şəxsə aid olması barədə cavabdehlər tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyətin toxunulmazlığı ilə bağlı müddəalar ölkə qanunvericiliyndə nəzərdə tutulması ilə yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-ci maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin məcəllənin 240.1-ci maddəsinin tələbinə görə yalnız, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103.3-cü maddəsinə əsasən torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi ilkin iddianın əmlakla bağlı hissəsinin təmin olunmasının faktiki və hüquqi əsasları vardır. Məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia tələbinin mənəvi zərərin ödənilməsinə aid hissəsi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” qərarında Konstitusiya Məhkəməsinin mövqeyi kimi qeyd olunmuşdur ki, zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur. Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndində isə qeyd edilir ki, «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Nəzərə alaraq ki, X5 mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən məhrum olmuşdur, əmlak itkisinə məruz qalmıdır. Bunlar bərpa edilməklə yanaşı ona mənəvi zərərə görə də kompensaiya ödənilməlidir. Ona görə ki, kompensasiya pul əvəzi qismində bərpaedici xarakter daşıyır. Məhkəmə işin xüsusatlarını nəzərə alaraq belə hesab edir ki, 1000 manat miqdarında mənəvi zərər ödənilməlidir. Məhkəmə Cavabdeh1 sahibkarlıq fəaliyyətinə törədilən maneələrə görə X4 qarşı 5000 manat pul tələbi barədə qarşılıqlı iddiasina dair onu qeyd edir ki,zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğunu və həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutulur. Zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh1 X5 tərəfindən zərərə məruz qalması sübutlarla təsdiqini tapmamışdır. Odur ki, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. İlkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və X6 tərəfindən Bərdə rayonu, Qarağacı kəndinin ərazisində yerləşən 0.25 hektar sahibkarlıq məqsədli torpaq sahəsindən istifadə hüququnun pozulması ilə bağlı hərəkətlərə son qoyularaq həmin torpaq sahəsində tikilmiş qanunsuz bina və qurğular sökülsün, cavabdehlər Cavabdeh1 və X6 həmin torpaq sahəsindən çıxarılsın. Cavabdehlər Cavabdeh1 və X2 mənəvi zərərə görə 1000 (min) manat pul alınaraq iddiaçı X4 ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar