Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1900/2023 08.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı "xxxx" X1 Cəmiyyətinin Cavabdeh1 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma, Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Cəmiyyəti iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" X1 Cəmiyyətinə məxsus qeyriyaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahələrinin iddiaçıya təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi və Cavabdeh2 360 manat icarə haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Tovuz rayonu Tovuz şəhəri Y.Sadıqov küçəsində yerləşən qeyri-yaşayış sahəsi (anbar binası) "xxxx" X1 Cəmiyyətinin mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsi Cavabdeh1 tərəfindən qeyri-qanuni zəbt edilmişdir. Bir ilə yaxın müddətdə cavabdeh həmin anbarda 3 uşaqla təhlükəli şəraitdə yaşayır və çıxmaqdan imtina edir, qanuni hüquqlarını həyata keçirməyə, onların qeyriyaşayış sahəsinə daxil olmalarına, orada təmir işləri aparmalarına mane olur. Dəfələrlə həmin vətəndaşın çıxması tələb edilsə də cavabdeh qeyri-yaşayış sahəsindən çıxmaqdan imtina etmişdir. Bundan başqa balansda olan digər müxtəlif təyinatlı qeyri-yaşayış sahələri müxtəlif şəxlsərə icarəyə verilmişdir. Cavabdeh2 onlara məxsus Tovuz rayonu Tovuz şəhəri Sabir küçəsində yerləşən qeyri-yaşayış sahəsində bərbər kimi fəaliyyət göstərir. Cavabdeh bir il müddətinə aylıq 30 manat olmaqla icarə haqqını ödəməkdən imtina etmiş, onların qeyri-yaşayış sahəsinə daxil olmalarına və orada təmir işləri aparmalarına qəsdən imkan verməmişdir. Tovuz Rayon Məhkəməsin 30 oktyabr 2023-cü il tarixli 2(125)-2927/2023 nömrəli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qənaətinə görə iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mübahisəyə Gəncə Kommersiya Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır, birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə münahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" X1 Cəmiyyəti ayrı-ayrılıqda iki cavabdehə qarşı ayrı-ayrı tələblərlə, yəni Cavabdeh1 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma, həmçinin Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbinə dair məhkəməyə bir iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, bir iddia tələbi üzrə Cavabdeh1 fərdi sahibkar statusuna malik deyil, o vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Həmçinin tərəflər arasında yaranmış hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyilidr. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan ikisi, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə və hüquq münasibətlərinin xarakterinə dair şərtlər mövcud deyil. Həmçinin məhkəmə qeyd edir ki, digər iddia tələbi üzrə Cavabdeh2 fərdi sahibkar statusuna malik deyil, o vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Tərəflər arasında mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan biri, işdə iştirak edən şəxsin subyektiv tərkibinə dair şərtlər mövcud deyil. Ona görə də hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma, Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-1900/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1900/2023
08.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver