Məhkəmə qərarları › İş №2-2(115)-193/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-193/2023

29.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-193/2023 29.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı2 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən Şəmkir RQİİ-nin balansında və istismarında olan DY 108 mm-lik paylayıcı qaz kəmərinin üzərində inşa edilmiş tikilinin əvəzi ödənilmədən cavabdehin hesabına sökülərək mühafizə zonasının boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-32/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı2 nümayəndəsi apellyasiya şikayəti verərək, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-32/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədən qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-2334/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-32/2021 saylı qətnaməsi ləğv edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-2334/2021 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı2 tikilinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-32/2021 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2491/2022 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-2334/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-2334 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-32/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-2334 saylı qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-6260/2022 nömrəli qərarı ilə Cavabdeh şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-2334 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Cavabdeh tərəfindən Şəmkir RQİİ-nin balansında və istismarında olan Dy 108 mm-lik paylayıcı qaz kəmərinin üzərində və mühafizə zonasında inşaat işləri aparılaraq üzəri betonlanmışdır. İnşaat işləri nəticəsində Şəmkir RQİİ-nin nümayəndələri tərəfindən kəmərə xidmət göstərilməsi mümkünsüz olmuşdur. Potensial təhlükə mənbəyi olması ilə yanaşı gələcəkdə bədbəxt hadisələrin baş verməsinə şərait yaratdığını nəzərə alaraq cavabdehə dəfələrlə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilmiş və tərəfindən zəbt olunmuş mühafizə zonasının boşaldılması barədə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən bu istiqamətdə heç bir tədbir görülməmişdir. Cavabdeh Gəncə Kommersiya Məhkəməsinə xx.xx.2023-cü il tarixdə etiraz göndərərək, İddiaçı2 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddasının təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək iddia tələbinin əsaslı olduğunu bildirdi və təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Əlavə olaraq bildirdi ki, tikinti ilə bağlı bütün sənədlər, yəni istismara qəbul aktı, tikintinin aparılması ilə bağlı icra hakimiyyətindən icazə sənədi və çıxarış mövcuddur və tikinti qanunauyğun şəkildə aparılmışdır. Ali Məhkəminin qərarında da əmlaka olan hüquqları öz təsdiqinin tapmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarf’mn və Azərbaycan Dövlət Tikinti Normativləri 2.6-2 X3 Layihələndirmə Normalarının tələblərinə zidd olaraq Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan Cavabdeh tərəfindən 108 mm-lik aşağı təzyiqli qaz kəmərinin mühafizə zonasından 11 metr məsafədə qaz xəttinin üzəri betonlanmışdır. xx.xx.2020-ci il tarixli Azərbaycan Rcspulikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Cavabdeh məxsus tikili qaz kəmərinin mühafizə zonasında yerləşir, cavabdehə məxsus tikili qaz kəmərindən 0.28 m və 0.43 m məsafədə yerləşir. Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş Rəydən görünür ki. Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində 108 mm-lik orta təzyiqli qaz xətti 1990-ci illərdə çəkilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evinə dair 08 noyabr 2013-cü il tarixdə verilmiş reyestr nömrəsi **********88-10301 olan texniki pasportda qeyd olunan tikinti qaraj-anbar kimi qeyd olunmuş və tikilmə tarixi 1993-cii il göstərilmişdir. M.Ə.Rəsulzadə küçəsində yerləşən Cavabdeh məxsus tikilinin istismara verilməsi üçün 20 iyun 2013-cü ildə tərtib olunmuş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı” Gədəbəy Qaz istismarı sahəsinin nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Bu isə obyektin həmin ərazidən keçən qaz xəttinin mühafizə zonasında yerləşmədiyini təsdiq edir. M.Ə.Rəsulzadə küçəsinə çəkilmiş 108 mm-lik orta təzyiqli qaz xətti fərdi yaşayış evlərinin qabaq hissəsindən “arko” şəklində keçir. Həmin qaz xətti Cavabdeh məxsus qaraj-anbar tikintisinin istinad divarına bitişik səki daşlarının alt hissəsindən keçirilmişdir. Həmçinin qeyd olunan hissədə qaz xəttinin digər fərdi yaşayış evlərində olduğu kimi “arko” şəklində keçirilməsi məqsədəmüvafıq hesab edilmişdir. Gədəbəy Rayon İcra Hakimiyyətində tərtib olunmuş aktın surətindən görünür ki, Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən obyektin istismarına xx.xx.2013-cü il tarixdə Gədəbəy Rayon İcra hakimiyyəti Başçısı tərəfindən icazə verilmişdir. X6 İstismarı İdarəsinin Gədəbəy Xidmət sahəsinin xx.xx.2020-ci il tarixli 04FM- 04TBX-238 nömrəli arayışından görünür ki, Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində olan Cavabdeh obyektinin qabağından keçən 108 mm-lik orta təzyiqli qaz xətti 1990-cı illər ərzində yerüstü çəkilmişdir. Yerüstü və yeraltı orta təzyiqli qaz xəttinin obyektə mühafizə zolağı 4-6 metr təşkil edir. xx.xx.2021-ci il tarixli, 10/3951 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Gədəbəy şəhəri, M.Rəsulzadə küçəsində qaz kəmərinin üzərində yerləşdiyini nəzərə alaraq, həmin tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndlərinin tələblərinə əsasən, orta təzyiqli qaz xəttinin 2.0 metrlik mühafizə zonasının daxilinə düşür. 08 noyabr 2013-cü il tarixli, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən isə Cavabdeh adına mülk kimi qeydə alınmış fərdi yaşayış evi ünvan 1 ünvanıdır. İşin faktiki halları ilə müəyyən edilir ki, Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində 108 mm-lik orta təzyiqli qaz xətti 1990-ci illərdə çəkilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evinə dair 08 noyabr 2013-cü il tarixdə verilmiş reyestr nömrəsi **********88-10301 olan texniki pasportda qeyd olunan tikinti qaraj-anbar kimi qeyd olunmuş və tikilmə tarixi 1993-cü il göstərilmişdir. M.Ə.Rəsulzadə küçəsində yerləşən Cavabdeh məxsus tikilinin istismara verilməsi üçün 20 iyun 2013-cü ildə tərtib olunmuş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı” Gədəbəy Qaz istismarı sahəsinin nümayəndəsi tərəfindən təsdiq edilmişdir.Yəni, cavabdeh fərdi yaşayış evini və obyektini qanuni əsaslarla əldə etmişdir. Cavabdehin fərdi yaşayış evində və obyektində qazın istehlakı ilə əlaqədar baş verə biləcək hər hansı təhlükənin qarşısının alınması vəzifəsi iddiaçının üzərinə düşür. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsi 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları”, “mülkiyyət” kimi qiymətləndirilə bilər “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə hesab edir ki, mübahisə obyekti olan tikili mövcud qaz kəmərinin mühafizə zonasında yerləşməklə həmin tikildən istidadə edən şəxslərin həyat və sağlamlığı üçün təhlükə mənbəyi ola bilər. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, qaz kəmərinin mühafizə zonasında yerləşməsinə baxmayaraq iddiaçı inşa edildiyi vaxt həmin tikili ilə bağlı cavabdehə etiraz etməmiş və həmin tikilinin istismara qəbul edilməsi barədə 20 iyun 2013-cü il tarixli aktı təsdiq etməklə qeyd edilən tikilinin qanuni əsaslarla inşa edilmiş tikili olmasını təsbit etmişdir. Göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayaış evinə mülkiyyətçi Cavabdeh qanun üzrə mülkiyyət sənədləri mövcuddur və əmlak rəsmi reyestrdə qeydə alınmışdır. Eyni zamanda tikintinin aparılmasına icazə verilməsini təmin edən sənədlər də qüvvədədir. Mübahisə predmeti olan tikilinin və onun yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olması, həmçinin səlahiyyətli orqan tərəfindən tikintinin aparılmasına icazə verilməsi həmin tikilinin özbaşına olması hallarını aradan qaldırmış olur. Mülkiyyətdə olan tikintinin dəyəri ödənilmədən sökülməsi halları qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır (Avropa Məhkəməsinin Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin məcəllənin 240.1-ci maddəsinin tələbinə görə yalnız torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1 maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İdda tələbi təmin edilməsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci İddiaçı2ndən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar