Məhkəmə qərarları › İş №2-2(115)-45/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-45/2023

09.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-45/2023 09.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Şəmkir rayonu Düyərli bələdiyyəsinə) qarşı ümumi istifadədə olan yolda aparılan tikintinin cavabdehin hesabına sökülməsi, tikinti materiallarının götürülməsi, tikinti altındakı yola aid torpağın zəbtdən azad edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək ona məxsus obyektin yanından keçən yolun ərazisində qanunsuz inşa edilmiş tikintinin və tikinti materiallarının cavabdehin hesabına sökülüb götürülməsi və həmin tikinti altında olan yola aid torpağın zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli RX ******* saylı çıxarış əsasında Şəmkir rayonu Düyərli kəndində yerləşən 0,0948 ha torpaq sahəsi onun mülkiyyətindədir. O, həmin torpaq sahəsində maşın təmiri sexi kimi fəaliyyət göstərən obyektdən istifadə edir. Obyektinə gələn nəqliyyat vasitələri cavabdehin obyektinin yaxınlığından keçməklə hərəkət edirlər. Lakin cavabdeh ümumi istifadədə olan yolun onun obyektinin bərabərliyindən keçən hissəsinin altına düşən torpaq sahəsini zəbt etmiş, yolun hərəkət hissəsində tikinti inşa etdirmiş, yola tikinti materialları tökməklə nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmış, onun və qonşu obyektlərin sexlərinə maşın yolunu bağlamışdır. Bu hal isə onun sahibkarlıq fəaliyyətini dayandırmış, ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətində olan torpaq sahəsindən sərbəst şəkildə, təyinatına uyğun istifadə edə bilmir. Dəfələrlə cavabdehə qanunsuz əməllərinə son qoymağı təklif etsə də, o, buna məhəl qoymamışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2(076)-373/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sahəsinə gedən və ümumi istifadə olan yola Cavabdeh tərəfindən tökülmüş tikinti materiallarının cavabdehin vəsaiti hesabına götürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən 17 may 2022-ci il tarixində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(104)-1928/2022 saylı qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-373/2022 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahat verərək bildirdi ki, Şəmkir rayonu Düyərli kəndində oğlunun mülkiyyətində təxminən 10 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsində avtomobil təmiri sexi yerləşir. Həmin sexə gedən yol ümumi istifadədə olan yoldur, həmin yol tək oğlunun deyil, ondan başqa da şəxslərin obyektinə gedir. Cavabdeh həmin yolu dəmir şiferlərlə bağlamış, tikinti materialları tökmüş, ağac əkmiş və gediş-gəlişə maneə yaratmışdır. Dəfələrlə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq qanunsuzluq davam etmiş, cavabdehin maneəsi üzündən oğlunun obyektinə avtomobil girə bilməmişdir. Ona görə də həm cavabdehin qanunsuz tikdiyi tikilinin sökülməsini, həm də yolun açılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının obyektinə gedən yol tam açıqdır, bundan başqa həmin obyektə başqa yol da gedir. İddiaçı həmin yoldan 20 ildir ki, istifadə edir. Hazırda isə iddiaçı istəyir ki, onun obyektinə iki yol getsin. O, mübahisəli yolda hər hansı maneə yaratmır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının iddia etdiyi yolun onun obyetkinə gedən yola aidiyyəti yoxdur. İddiaçının obyektinə gedən yol tamamilə açıqdır və həmin yoldan uzun müddətdir ki, istifadə edir. Cavabdehə verilən sərəncama əsasən iddiaçının iddia etdiyi ərazi cavabdehə məxsusdur. Məhkəmənin hazırlıq iclasında iştirak edən üçüncü şəxs Şəmkir rayonu Düyərli bələdiyyəsinin sədri X2 izahatında göstərdi ki, mübahisə edilən ərazidə İddiaçı çıxarış əsasında torpaq sahəsi vardır, lakin Cavabdeh dörd sot torpaq sahəsindən icra hakimiyyətinin sərəncamı əsasında istifadə edir. İddiaçı məxsus olan torpaq sahəsi əvvəllər bələdiyyəyə məxsus olmuş, daha sonra alqı-satqı müqaviləsi əsasında ona satılmış və çıxarış almışdır. Cavabdeh verilən torpaq sahəsi isə bələdiyyə torpağıdır. Sərəncam əsasında sahibkarlıq obyektinin tikilməsi üçün ona verilmişdir. Mübahisə edilən yolun mövcud olub-olmadığını bilmir, özü ordan yol keçdiyini heç vaxt görməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Seriya RX ******* saylı, xx.xx.2016–cı il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 140 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 084205 saylı xx.xx.2016–cı il tarixli “X7 və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC–nin xx.xx.2022–ci il tarixli mütəxəssis rəyindən görünür ki, Seriya RX ******* saylı, xx.xx.2016–cı il tarixli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sahəsinə giriş–çıxış yolu açıqdır, lakin ümumi istifadədə olan yola cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. Cavabdeh tərəfindən ümumi istifadədə olan yolun 0.0108 ha torpaq sahəsində tikinti materialları tökülmüş, tikinti inşa edilməmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli əraziyə yerində baxış keçirilərkən tərtib edilmiş 12 aprel 2022–ci il tarixli baxış protokolundan görünür ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən, iddiaçıya məxsus olan torpaq sahəsinə giriş-çıxış yolu açıqdır, lakin ümumi istifadədə olan yola cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. X3 rəyinə əsasən həmin tikinti materialları götürüldüyü halda yol tamamilə açılacaqdır. Cavabdeh tərəfindən inşa edilmiş tikinti isə yola düşmür və iddiaçının torpağına giriş-çıxışa heç bir maneçilik törətmir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2022-ci il tarixli 10/6875 saylı ekspertiza rəyindən görünür ki, Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən 0,0948 ha torpaq sahəsində giriş-çıxış yolu açıqdır, lakin ümumi istifadədə olan yola cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. Cavabdeh tərəfindən ümumi istifadədə olan yolun 0,0108 ha torpaq sahəsinə tikinti materialları tökülmüşdür. Tikinti inşa edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin üçüncü hissəsində göstərilmişdir ki, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin birinci yarımbəndinə görə, bələdiyyə avtomobil yolların şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin ərazisində yerləşən və onların mülkiyyətində olan küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yollar və yol qurğuları aiddir. Həmin Qanunun 7-ci maddəsinin üçüncü yarımbəndinə görə bələdiyyə yollarında istifadə qaydalarını bələdiyyə bu qanunun tələblərinə uyğun olaraq müəyyənləşdirir. Həmin Qanunun 13-cü maddəsinin altıncı yarım bəndinə görə, ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan yolun açılmasını tələb edir. Belə ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçıya məxsus torpaq sahəsinə gedən və ümumi istifadədə olan yolun 0,0108 ha torpaq sahəsinə cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. İddiaçı dəfələrlə həmin materialları könüllü olaraq götürməsini təklif etmiş, lakin cavabdeh ümumi istifadədə olan yoldan tikinti materiallarını götürməmişdir. Mübahisəli torpaq sahəsi isə ümumi istifadədə olan yola aid torpaq sahəsi olmaqla bələdiyyə mülkiyyətidir. Ona görə də bələdiyyə işə üçüncü şəxs qismində cəlb olunmuşdur. Lakin bələdiyyə qanunvericiliklə müəyyən olunmuş funksiyalarına uyğun olaraq yolun açılması ilə bağlı heç bir mövqe bildirməmişdir. Məhkəmə hesab edir ki, yolun bələdiyyə mülkiyyətində olmasına və bələdiyyənin yolun açılması üçün münasibət bildirməməsinə baxmayaraq, iddiaçı bu barədə iddia vermək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə manelər yaranmışdır. Cavabdehin isə həmin ümumi istifadədə olan torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Belə olan halda cavabdehin həmin gedişgəliş yolu üzərində heç bir mənafe üstünlüyü yoxdur və onun hərəkətləri qanunsuzdur. Bununla da cavabdeh tərəfindən iddiaçının subyektiv hüququ pozulmuşdur. Ona görə də iddia qismən təmin edilməli, Şəmkir rayonu Düyərli kəndində yerləşən, iddiaçının mülkiyyətində olan 0.0948 ha torpaq sahəsinə gedən və ümumi istifadədə olan yola cavabdeh tərəfindən tökülmüş tikinti materialları cavabdehin vəsaiti hesabına götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş materialları, ekspertiza rəyi, mübahisəli əraziyə baxış protokolu ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikili ümumi istifadədə olan yola düşmür və iddiaçının torpağına giriş-çıxışa heç bir maneə törətmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sahəsinə gedən və ümumi istifadədə olan yola Cavabdeh tərəfindən tökülmüş tikinti materialları cavabdehin vəsaiti hesabına götürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar