Məhkəmə qərarları › İş №2-2(115)-453/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-453/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-453/2022 01.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 01 sentyabr 2015ci il tarixli əlavə kredit müqaviləsi üzrə banka 14269 manat 22 qəpik əsas, 2100 manat 13 qəpik faiz borcu, 5979 manat 67 qəpik cərimə və kredit müqaviləsi üzrə 30.08.2018-ci il tarixdən 26.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1790 manat 80 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24139 manat 32 qəpik borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən, 18 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 4 otaqlı, 74.6 kv.m ümumi, 56.4 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına ”Yelo Bank” ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətİndəki Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən, 18 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 4 otaqlı, 74.6 kv.m ümumi, 56.4 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nın, Cavabdeh4 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə barədə qətnamə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cu il 01 iyul tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin Bərdə filialından 72 ay müddətinə 15000 manat məbləğində və ya kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində kredit limiti ayırmışdır. 2015-ci il 01 sentyabr tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKR ASC-nin Bərdə filialından illik 6 %-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən, 18 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 4 otaqlı, 74.6 kv.m ümumi, 56.4 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli mənzil 2013-cü il 01 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh3 oğlıı ilə 2015-ci il 01 sentyabr tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 01 sentyabr tarixli əlavə kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0,1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il fevralın 26-dək Cavabdeh1 2015-ci il 01 sentyabr tarixli əlavə kredit müqaviləsi üzrə banka 14269 manat 22 qəpik əsas, 2100 manat faiz borcu, 5979 manat 67 qəpik cərimə borcu olmaqla ümumilikdə, cəmi 22349 manat 02 qəpik borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 26 fevral 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 14269 manat 22 qəpik əsas, 2100 manat 13 qəpik faiz borcu, 5979 manat 67 qəpik cərimə və kredit müqaviləsi üzrə 30.08.2018-ci il tarixdən 26.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1790 manat 80 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24139 manat 32 qəpik borcu vardır. 01 sentyabr 2015-ci il tarixli əlavə kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Bərdə Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(021)-1652/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, təsərrüfat ilə əlaqədar olaraq bankdan 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Təsərrüfatı Tərtər rayonu Buruc kəndində yerləşib və 2016-cı ilin aprel döyüşləri ilə əlaqədar olaraq malqaranı saxlamağa yer tapmadıqlarından heyvanları bazarda ucuz qiymətə satıblar. Prezidentin fərmanına əsasən borc restrukturzasiyaya düşüb, amma onlara güzəşt olunmamışdır. Bununla bağlı banka müraciət ediblər və bank onlara məlumat verəcəklərini desələr də heç bir məlumat verməmişdilər. 5 ay bundan qabaq borcdan 270 manat ödəniş etmişdir və həmin ödənişin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh4 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 01 sentyabr 2015-ci il tarixli 12-SKMF-2-0-529-15 saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (hazırki adı "xxxx" ASC) tərəfindən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədilə illik 6 faizlə, 12 aylıq güzəştlə, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. 26.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14269 manat 22 qəpik əsas borcu, 2100 manat 13 qəpik faiz borcu, 5979 manat 67 qəpik cərimə borcu və kredit müqaviləsi üzrə 30.08.2018-ci il tarixdən 26.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1790 manat 80 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24139 manat 32 qəpik məbləğində borcu olmuşdur. İş materiallarında olan problemli kreditlərin kompensasiya portalından əldə edilmiş 22 aprel 2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan 14269 manat 22 qəpik məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 01.09.2015-ci il tarixli 12-SKMF-2-0-529-15 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 01 iyul 2013-cü il tarixli 320 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən, 18 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 4 otaqlı, 74.6 kv.m ümumi, 56.4 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli mənzili banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətİndəki Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən, 18 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 4 otaqlı, 74.6 kv.m ümumi, 56.4 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli mənzil ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış “X2”-nin 21.10.2021-ci il tarixli 497 saylı əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətİndəki Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən, 18 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 4 otaqlı, 74.6 kv.m ümumi, 56.4 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli mənzilin bazar dəyəri 37600 manat, likvid dəyəri 31960 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara-ipoteka qoyanlara xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14205 manat 44 qəpik əsas borc, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, Səməv Vurğun küçəsində yerləşən 18 nömrəli evin 9 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, mənzilin ilkin satış qiyməti 31960 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılsın və mənzil boşaldılmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh1 krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və 01 mart 2019-cu il tarixə İddiaçı ASC-yə olan 14269 manat 22 qəpik məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin restrukturizasiya olunması təklif olunmuş əsas kredit borcundan başqa, müqavilə müddətinə hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsi təmin edilə bilməz. İddiaçının təqdim etdiyi hesabdan çıxarışdan göründüyü kimi, 01 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 01 mart 2019-cu il tarixdən sonra 26 fevral 2021-ci il tarixdə cavabdeh tərəfindən 270 manat ödəniş edilmiş və həmin ödənişin 63 manat 78 qəpik hissəsi əsas borcdan silinmişdir. Sonuncu ödənişin 206 manat 22 qəpik hissəsi isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinə uyğun olaraq vergi orqanının sərəncamına əsasən cavabdehin vergi borcuna silinmişdir. Odur ki, cavabdehin ödənişi nəzərə alınmaqla Cavabdeh1 əsas borcu 14205 manat 44 qəpik təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin əsas borcu 14205 manat 44 qəpik müəyyən olunduğundan, iddia tələbinin əsas kredit borcundan başqa, müqavilə müddətinə hesablanmış faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda və cərimə borcu hissəsi təmin edilə bilməz. Bundan başqa, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi hazırki mərhələdə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14205 manat 44 qəpik əsas borc, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, Səməv Vurğun küçəsində yerləşən 18 nömrəli evin 9 saylı mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 31960 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılsın və mənzil boşaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar