Məhkəmə qərarları › İş №2-2(115)-56/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-56/2021

20.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-56/2021 20.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndələri Vəkil3 və Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçı “xxxx” MMC-nin cavabdehlər “xxxx” ASC-yə və Cavabdeh1 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh1 və maraqlı şəxs Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinə qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona məxsus olan Gəncə şəhəri, Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800.0 kv.m torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri İcra Hakimiyyətinə 17 iyun 1996-cı il tarixində müraciət edərək, "xxxx" istehsalat-ticarət müəssisəsinə torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Gəncə şəhəri İcra Hakimiyyəti müraciətini nəzərə alaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800.0 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsində tikinti aparmadığı üçün 27 iyul 2012-ci il tarixində Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinə yenidən müraciət edərək 17 iyul 1996-cı il tarixli 3787 nömrəli sərəncamı əsasında Gəncə şəhəri, Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800.0 kv.m torpaq sahəsində fəaliyyət göstərən "xxxx" istehsalat-ticarət müəssisəsi "İddiaçı2" MMC kimi rəsmiləşdirilərək istifadəyə verilmişdir. Cavabdeh1 ona məxsus olan Gəncə şəhəri, Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800.0 kv.m torpaq sahəsinə qanunsuz daxil olaraq zəbt etmişdir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq ona məxsus torpaq sahəsindən çıxmır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 və bunun nəticəsində məhkəmə tərəfindən əsl olmayan cavabdeh əsl cavabdeh “xxxx” MMC ilə əvəz edildiyindən, cavabdeh “xxxx” ASC-nin tərəfindən zəbt edilmiş 8 ədəd sahəsi 4,80 x 9,85 ölçüdə olan tikililərin, 1800,0 kv.m torpaq sahəsinin boşaldılaraq maneənin aradan qaldırlmasına tikililər və torpaq sahəsi üzərində “xxxx” MMC-nin hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-131/2020 nömrəli 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, “xxxx” MMC-yə məxsus 8 ədəd sahəsi 4,80 x 9,85 ölçüdə olan tikililər boşaldılmaqla, 1800,0 kv.m torpaq sahəsində “xxxx” MMC və Cavabdeh1 tərəfindən İddiaçı2 MMC-yə yaradılmış bütün maneələrin aradan qaldırılması, İddiaçı2 MMC-nin mülkiyyət hüquqlarının həyata keçirilməsi bərpa edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər “xxxx” ASC və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2275/2020 nömrəli 23 iyul 2020-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(044)-131/2020 saylı qəətnaməsi ləğv edilərək, iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, iddia tələbi üzrə cavabdeh “xxxx” MMC tərəfindən qanunsuz olaraq 8 ədəd 4.80x9.85 ölçüdə olan tikililər cavabdeh tərəfindən boşaldılaraq mülkiyyət hüquqlarının bərpa edilməsini, cavabdeh və 3-cü şəxs tərəfindən həmin tikilillərə və 1800.0 kv.m torpaq sahəsinə edilən müdaxiləyə son qoyulmaqla torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, iddia tələbi üzrə cavabdeh “xxxx” MMC tərəfindən zəbt edilmiş 8 ədəd 4.80x9.85 ölçüdə olan tikililər və 1800 kv.m torpaq sahəsinin boşaldılaraq cavabdehlər tərəfindən edilən müdaxiləyə son qoyulmasına və torpaq sahəsi və tikililər üzərində olan sahiblik və istifadə hüquqlarının müdafiə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Gəncə şəhər İcra Hakimiyyətinin 17 iyul 1996-cı il tarixli sərəncamı ilə “xxxx” İstehsalat Ticarət Müəssisəsinə 1800 kv.m torpaq sahəsi ayrıldıqdan sonra müəssisənin adı dəyişdirilərək, İddiaçı2 adlandırılmış və bu barədə X4 Qeydiyyatı üzrə Gəncə bölgə şöbəsi tərəfindən şəhadətnamə verilmişdir. Cavabdehin zəbt etdiyi 8 ədəd sex həmin 1800 kv.m torpaq sahəsində yerləşir. Mülkiyyət hüququ ilə iddiaçıya məxsus 601.9 kv.m sahədən ibarət əmlak kompleksi isə tamamilə başqa yerdədir və həmin tikilinin hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Cavabdeh tərəf 8 ədəd sexin yerləşdiyi torpaq sahəsini 2011-ci ildən qanunsuz olaraq zəbt etmişdir. Nizami rayon İcra Hakimiyyətinin sərəncamları ilə bağlı onu deyə bilər ki, vaxtilə həmin icra hakiyyətinə müraciət etmiş və icra hakimiyyətinin vəzifəli şəxsləri 2 sərəncam vermişlər. Onların tərəfindən sərəncamlara hər hansı dəyişiklik edilməmişdir. Ona görə də, Gəncə şəhər İcra Hakimiyyətinin 17 iyul 1996-cı il tarixli sərəncamını rəhbər tutub, həmçinin ekspert rəyini nəzərə almaqla, cavabdeh “xxxx” MMC-nin 8 ədəd sexdən və onların yerləşdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, əvvəlcə İddiaçı2 MMC-nin adı “xxxx” istehsalat-ticarət müəssisəsi olmuşdur. Yeni sərəncamda İddiaçı2 MMC-nin adına rəsmiləşdirmə göstərilmişdir. Sərəncamlarda heç bir ziddiyyyət yoxdur. Belə ki, 1996-cı ildə verilmiş sərəncamla torpaq “xxxx” istehsalat-ticarət müəssisəsinə verilmişdir. Sərəncamların qanunsuz olması ilə bağlı cavabdehdə heç bir sübut yoxdur. Arxiv İdarəsinin məktubundan da görünür ki, 2 sərəncam və digər sənədlərlə ərazi iddiaçıya məxsusdur. Cavabdeh torpaq sahəsindən, sexlərdən çıxarılmalı və təhvil verməlidir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh “xxxx” MMC-nin Gəncə filialının müdiri işləyir. Nizami rayon İcra Hakimiyyətinin sərəncamlarında ancaq adın dəyişdirilməsi qeyd olunmuşdur. Sexlərlə bağlı məsələyə toxunulmamışdır. Sərəncama əsasən rəy verilmişdir. Sərəncamlar saxtalaşdırılmışdır. Milli Arxiv İdarəsinin verdiyi sənədlərlə sərəncam üst-üstə düşmür. Həmin obyekt onların ərazisindədir. 2017-ci ildə saxta sərəncam verilmişdir. Bu torpaq bələdiyyəyə məxsusdur. 8 ədəd sexin tikilməsi üçün nəzərdə tutulmuş ərazi ilə bağlı hər hansı bir sərəncam və ya digər hüquqmüəyyən edici sənədləri yoxdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 2012-ci il tarixli sərəncamla bağlı arxiv idarəsinə sorğu vermiş və arxiv idarəsindən onlara belə bir sərəncamın olmadığı barədə məlumat verilmişdir. Əgər 2012-ci il tarixli sərəncam mövcud olmuşdursa, nəyə görə 2017-ci ildə yenidən sərəncam alınmışdır. Sərəncamda bu tikililərlə bağlı hər hansı bir məlumat qeyd olunmamışdır. Ekspert rəyi sxem əsasında verilmiş və sxemdəki möhür İddiaçı2 MMC-nin möhürüdür. Hesab edir ki, 8 ədəd tikiliyə dair iddiaçının heç bir hüququ yoxdur. Bu tikilinin 1880 kv.m aidiyyəti yoxdur. Bu tikililərə nə iddiaçının, nə də cavabdeh “xxxx” MMC-nin hüququ yoxdur. “xxxx” MMC hal-hazırda bu sexləri icarə müqaviləsi əsasında istifadə edir və vergi ödəyir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, iddiaçının iddia etdiyi 8 ədəd sexin cavabdehlərə heç bir aidiyyəti yoxdur. Belə ki, sovet dövründən “VAZ” texniki xidmət stansiyasının müdiri vəzifəsində işləmiş və həmin stansiyanı 1985-ci ildə tikmişdir. 2006-cı ildə “xxxx” MMC-nin adı dəyişdirilərək İddiaçı2 MMC olmuşdur. Arxitekturadan “VAZ” texniki xidmət stansiyasının sağ tərəfi və aşağı tərəfi ilə bağlı layihə səhv verilmişdir.1996-cı ildə verilən sərəncamlar bir-birinə uyğun gəlmişdir. 8 ədəd sexin ərazisi iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin sexlərin yerləşdiyi ərazi 601 kv.m olan əraziyə daxil deyildir. Həmin sexləri 2009-2010-cu illərdə tikmişdir. 27 iyul 2012-ci il tarixli sərəncamı həm 8 ədəd sexin yerləşdiyi, həm də 601 kv.m olan əraziyə görə almışdır. İş materiallarına əlavə olunmuş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 17 iyul 1996-cı il tarixli 3787 nömrəli sərəncamından görünür ki, fəaliyyəti dayandırılmış “RİD- 1995” kiçik müəssisəsinə Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800,0 kv.m torpaq sahəsi “xxxx” İstehsalat Ticarət Müəssisəsinin adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X4 Qeydiyyatı üzrə X6 hüquqi şəxsin adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında 14 dekabr 2006-ci il tarixli 15838 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 əvvəlki adı “xxxx” İstehsal Ticarət Müəssisəsi olmuşdur. Azərbaycan Respublikası Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27 iyul 2012-ci il tarixli 338 nömrəli sərəncamından görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 17 iyul 1996-cı il tarixli 3787 nömrəli sərəncamı əsasında Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında 1800,0 kv.m torpaq sahəsində fəaliyyət göstərən “xxxx” İstehsalat Ticarət Müəssisəsi İddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyət kimi rəsmiləşdirilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2143/2019 nömrəli 24 iyun 2019-cu il tarixli qərardadı ilə təyin edilərək alınmış məhkəmə tikinti-texniki ekspertizasının 28 oktyabr 2019-cu il tarixli 17678 nömrəli rəyindən görünür ki, “xxxx” ASC-yə aid texniki pasportun məlumatlarına olan “A” literli, “B” literli, “C” literli, “E” literli, “F” literli tikililərdən əlavə 8 ədəd tikilinin yerləşdiyi müəyyən edilmişdir. Hər bir sexin eni 4,80 m uzunluğu 9,85 m, hündürlüyü isə 3,70 m təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı2 MMC-yə verilmiş layihədə göstərilən 8 ədəd 4,80x9,85 m ölçüdə tikililər faktiki olaraq “xxxx” ASC tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublika Dövlət X2 03 mart 2021-ci il tarixli 217(30)/3 nömrəli arxiv arayışından görünür ki, X5 filialında mühafizə olunan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti arxiv fondunun 2012-2015-ci illər üzrə sərəncamları yoxlanılmış, İddiaçı2 MMC-yə və “xxxx” ASC-yə fərdi torpaq sahələrinin ayrılması barədə sərəncam aşkar olunmamışdır. Həmçinin, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin 2016-2017-ci illər üzrə arxiv sənədləri X5 filialına təhvil verilməmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh “xxxx” ASC Gəncə şəhəri, Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800 kv.m torpaq sahəsində olan 8 ədəd 4,80x9,85 m ölçüdə tikililərə və onların yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd almadan həmin tikililərdən faktiki olaraq qanunsuz istifadə edir. Həmin tikililər və torpaq sahəsinin iddiaçıya aid olmaması barədə cavabdeh tərəfin etirazına gəldikdə, məhkəmə bununla razılaşmayaraq qeyd edir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 17 iyul 1996-cı il tarixli 3787 nömrəli sərəncamı əsasında Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800 kv.m torpaq sahəsi “xxxx” İstehsalat Ticarət Müəssisəsinə ayrılmış, sonradan həmin müəssisənin adı dəyişdirilərək, İddiaçı2 MMC adlandırılmışdır. Bundan başqa, mötəbərliyi şübhə doğurmayan ekspertiza rəyi ilə müəyyən edilir ki, İddiaçı2 MMC-yə verilmiş layihədə göstərilən 8 ədəd 4,80x9,85 m ölçüdə tikililər faktiki olaraq “xxxx” ASC tərəfindən istifadə olunur. Cavabdeh tərəf həmin layihənin iddiaçının özü tərəfindən təsdiq olunduğunu iddia etsə də, layihədən görünür ki, həmin layihə “xxxx” MMC tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi cavabdeh “xxxx” ASC-nin qanunsuz istifadə etdiyi 8 ədəd tikililər və onların olduğu torpaq sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə və sahibliyinə verilən torpaq sahəsidir. Cavabdeh “xxxx” ASC-nin həmin torpaq sahəsinə heç bir hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İddiaçı2 MMC mülkiyyətçi olmasa da, əmlaka qanuni əsaslarla sahiblik edən şəxs kimi onun hüquqları mülkiyyətçi hüquqlarına bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Gəncə şəhəri, Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800 kv.m torpaq sahəsində olan 8 ədəd 4,80x9,85 m tikililər cavabdeh “xxxx” ASC tərəfindən boşaldılaraq, həmin torpaq sahəsi və tikililər iddiaçı “xxxx” MMC-nin istifadəsinə verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh qismində Cavabdeh1 qarşı tələb irəli sürsə də, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh1 “xxxx” ASC-nin işçisi olmaqla, cəmiyyətin Gəncə filialına rəhbərlik edir, həmçinin tikilillər məhz cavabdeh “xxxx” ASC tərəfindən istifadə olunur. Belə olan halda, iddia Cavabdeh1 münasibətdə təmin edilə bilməz. Bundan başqa, tikililərin cavabdeh “xxxx” ASC tərəfindən boşaldılaraq, iddiaçı “xxxx” MMC-nin istifadəsinə verilməsi cavabdehlər tərəfindən edilən müdaxiləyə son qoyulması, torpaq sahəsi və tikililər üzərində olan sahiblik və istifadə hüquqlarının müdafiə edilməsinə yönəldiyindən həmin hissədə iddianın təmin edilməsinə zərurət yoxdur. Məhkəmə həmçinin hesab edir ki, 100 manat ekspertiza xərci cavabdeh “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri, Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800 kv.m torpaq sahəsində olan 8 ədəd 4,80 x 9,85 m tikililər cavabdeh “xxxx” ASC tərəfindən boşaldılaraq, həmin torpaq sahəsi və tikililər iddiaçı “xxxx” MMC-nin istifadəsinə verilsin. İddianın qalan hissəsi təmin edilməsin. 100 manat ekspertiza xərci cavabdeh “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar