Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-661/2022 14.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılma, alaçıqların sökülməsi və xırda-iri buynuzlu heyvanların çıxarılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsmayıl qızına, X2, Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılma, alaçıqların sökülməsi və xırda-iri buynuzlu heyvanların çıxarılması tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsmayıl qızı, X3, Cavabdeh4 və digər şəxslərin (çobanların) ona məxsus olan “Haçayal” adlı 160 ha yaylaq sahəsindən çıxarılması, onlara məxsus olan alaçıqların sökülməsi və xırda-iri buynuzlu heyvanların çıxarılması, yaylaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və qanunsuz və özbaşına hərəkətlərin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon İcra Hakimiyyətinin 24 iyul 2017-ci il tarixli 99 nömrəli sərəncamına əsasən Gədəbəy rayonu ərazisində yerləşən “Haçayal” adlanan yaylaq sahəsindən 160 ha otlaq torpaq səhəsi ayrılaraq 15 il müddətinə onun icarəsinə verilmişdir. Həmin torpaq sahəsindəo özünə məxsus olan iri və xirda buynuzlu mal-qaranı saxlamaqla məşğul olur. Sözügedən torpaq sahəsindən 2 il müddətində, yəni 2017-2019-ci illəri əhatə edən dövrdə təyinatına uyğun olaraq mülkiyyətçi kimi istifadə etmişdir. 2019-ci ildən isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsmayıl qızı, X3, Cavabdeh4 və digər şəxslər (çobanları) ona məxsus olan “ Haçayal” adlı ərazini 2 ildir ki, qanunsuz və əsassız şəkildə istifadə edirlər. Həmin yaylaq ərazisi 2032-ci il tarixinə kimi qanuni sənədlərlə onun adına sənədləşdirilib, bu barədə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin ******* nömrəli çıxarışıda vardır. Bunlara baxmayaraq o, məcbur olubməhkəməyə düşmüşdür. Cavabdehlər Gəncə Apellyasiya Məhkəməsinin onun xeyrinə olan qərarınada məhəl qoymamışlar. “ Haçayal” adlı ərazi bütün dövlət orqanlarının rəsmi sənədləri ilə tam şəkildə ona xəsusdur. Hər il torpaq vergisi ödəyirə,Cavabdehlər və digər şəxslər (çobanlar) həmin yaylaq sahəsindən özlərinin yaylağı kimi istifadə etməklə yanaşı, onu və yaxın qohumlarını təhqir edir,ona və yaxın qohumlarına məxsus xırda-iri buynuzlu mal-qaranı öz sərancamında olan sahəyə buraxmırlar və mal-qara üçün ayrılmış suyu kəsirlər. Bir sözlə cavabdehlər dəfələrlə onlara hədə qorxu gəliblər və heç vaxt həmin torpaqdan çıxmayacalarını bildiriblər. Heç bir rəsmi sənədləri olmayan cavabdehər və digər şəxslər (çobanları) dövlətin adından çıxan qərarı saymayaraq öz bildiklərini ediblər və etməkdə hal-hazırdada davam edirlər. Dəfələrlə mülkiyyətində olan torpaq sahəsinə münasibətdə cavabdehlərdən onun iradəsi ziddinə, özbaşına və qanunsuz hərəkətlərinə son qoymağını və onlardan özününkü kimi istifadə etməməsini tələb etsədə, cavabdehlər və digər şəxslər heç bir əsas göstərmədən onun tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir. Cavadehlərin özbaşına və qanunsuz hərəkətlərinə son qoyması üçün dəfələrlə müxtəlif instansiyalara müraciət etsə də, heç bir müsbət nəticə əldə etməmişdir. Ona görə də mübahisənin hüquqi müstəvidə həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gədəbəy Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2(104)-1696/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlərin 24 oktyabr 2017-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsus 160 ha torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsində yerləşən cavabdehlərə məxsus olan alaçıqların və xırda-iri buynuzlu heyvanların cavabdehlərin hesabına həmin torpaq sahəsindən götürülməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4951/2021 saylı 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(104)-1696/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(104)-666/2022 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Gədəbəy Rayon Məhkəməsinin mülki iş üzrə 27 dekabr 2019-cu il tarixli 2(042)-854/2018 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun torpaq sahəsi ilə bağlı sənədləri var, lakin cavabdehin sənədləri yoxdur. Torpağın 92.64 ha hissəsi zəbt olunub, qalan hissəsi özünün sahibliyindədir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, bütün sübutları iş Gədəbəy Rayon Məhkəməsində olarkən təqdim ediblər. İddiaçı tərəfin torpaqla bağlı qanuni sənədləri mövcuddur. Bütün hallarla iddiaçı tərəfin iddiası öz təsdiqini tapır, iş üzrə qətnamə qəbul edilsə də aiddiyyətlə əlaqədar olaraq problem yarandığı üçün iş yenidən araşdırılır. Onlar bütün halları sübut ediblər. Mütəxəssis rəyi ilə iddia öz təsdiqini tapdığından ekspertizanın keçirilməsinə zərurət yoxdur. İddiaçının hüquqları pozulduğundan iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o heç kəsin torpağını zəbt etməyib, onun torpağının sənədi vardır. Sonradan iddiaçı özünə başqa sənəd almışdır. 154 ha torpaq sahəsində özü yerləşib, qarşı tərəf isə özünə məxsus 160 ha-da yerləşib. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayon İcra Hakimiyyətinin 24 iyul 2017-ci il tarixli 99 saylı sərəncamı və xx.xx.2017-ci il tarixli, 01 №-li Torpaq icarəsi müqaviləsi əsasında Gədəbəy rayonu ərazisində yerləşən “Haçayal” adlanan yaylaq sahəsindən 160 ha örüş otlaq torpaq səhəsi ayrılaraq 15 il müddətinə İddiaçı icarəsinə verilmişdir. İş materiallarında olan Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 2014-cü il tarixli 197 saylı sərəncamının və xx.xx.2014-cü il tarixli, 15 nömrəli Torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, Gədəbəy rayonunun istifadəsində olan X5 Fonundakı 18-h saylı hissədən 154 ha torpaq sahəsi Cavabdeh1 10 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(104)-115/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər X1 və Cavabdeh4 İddiaçı icarəsində olan “Haçayal” adlı ərazidə yerləşən 160 ha otlaq sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 2014-cü il tarixli 197 saylı sərəncamı ilə Gədəbəy rayonunun istifadəsində olan X5 Fonundakı 18-h saylı hissədən Cavabdeh1 10 il müddətinə icarəyə verilmiş 154 ha torpaq sahəsinin sxem və koordinatları olmadığı üçün AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı məxsus olan, Gədəbəy rayonu, 18 saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsinin üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. İddiaçı təqdim etdiyi torpaq sahəsinə əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı məxsus olan, Gədəbəy rayonu, 18 saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsinin 92.64 ha hissəsinin koordinatları cavabdehlərin istifadəsi kimi təqdim olunan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 706-cı maddəsində göstərilir ki, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Alqı-satqı, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu, torpaq sahəsinin iddiaçının qanuni sahibliyində və istifadəsində olduğu və həmin torpaq sahəsinin 92.64 ha hissəsinin faktiki vəziyyətdə cavabdehlər tərəfindən istifadə edildiyi və orada alaçıqlar yerləşdirilməsi tədqiq edilmiş hüquq müəyyənedici sənədlərlə, eləcə də mütəxəssis rəyi ilə təsdiq edilir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı icarə hüququ əsasında ona aid olan 160 ha torpaq sahəsinin zəbt olunan hissəsindən cavabdehlərin məcburi çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı verilmiş 160 hektar torpaq sahəsinin 92.64 hektar hissəsindən çıxarılsın və həmin hissədə yerləşən cavabdehlərə məxsus alaçıqlar, həmçinin xırda-iri buynuzlu heyvanlar cavabdehlərin hesabına torpaq sahəsindən götürülməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı təqdim etdiyi torpaq sahəsinə əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı məxsus olan, Gədəbəy rayonu, 18 saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsinin 92.64 ha hissəsinin koordinatları cavabdehlərin istifadəsi kimi təqdim olunan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Ona görə də, məhkəmə hesab edir ki, mütəxəsis rəyi ilə İddiaçı məxsus olan, Gədəbəy rayonu, 18 saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsinin yalnız 92.64 ha hissəsinin cavabdehlər tərəfindən zəbt olunması öz təsdiqini tapdığından iddianın qalan hissəsi təmin edilə bilməz. İş materiallarından görünür ki, iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 309 manat 80 qəpik təşkil etmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc cavabdehlərdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı verilmiş 160 hektar torpaq sahəsinin 92.64 hektar hissəsindən çıxarılsın və həmin hissədə yerləşən cavabdehlərə məxsus alaçıqlar, həmçinin xırda-iri buynuzlu heyvanlar cavabdehlərin hesabına torpaq sahəsindən götürülsün. İddianın qalan hissəsi təmin edilməsin. 309 manat 80 qəpik məbləğində mütəxəssis xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-661/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-661/2022
14.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver