Məhkəmə qərarları › İş №2-2(117)-338/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-338/2024

20.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-338/2024 20.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı Meşələrin İnkişafı Xidmətinin 6 saylı X4 Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Meşələrin İnkişafı Xidmətinin 6 saylı X4 Mərkəzinin Cavabdeh qarşı “cavabdehin Ağsu rayonunda yerləşən qanunsuz istifadə etdiyi meşə fondu torpağının cavabdehin öz hesabına boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçının iddiasına görə ünvan 1 ünvanında yaşayan Cavabdeh Şamaxı X4 Mərkəzi ilə Meşə Fonduna aid torpağın istifadəsi barədə heç bir icarə müqaviləsi bağlamadan müəssisənin Ağsu rayonunda yerləşən Şamaxı Meşəbəyliyinin 03 saylı meşə dolayının 6A saylı kvartalının 4-cü bölməsində yerləşən 0,22 ha sahədən istirahət rekrasiya məqsədi ilə istifadə edir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, meşə uçotu və kadastrı üzrə baş mühəndis B.Xəlilovun, Baş mütəxəssis–hüquqşünas Nümayəndə, yanğından mühafizə üzrə mütəxəssis M.İsmayılovun, Şamaxı meşəbəyliyinin meşəbəyisi Ə.Quliyevin iştirakı ilə tərtib edirik həmin aktı ondan ötrü ki, X3 tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli 015 nömrəli telafonoqrama və Şamaxı RMTMp-nin direktorunun xx.xx.2022-ci il tarixli 103/K nömrəli əmrinə əsasən Meşə fondu torpaqlarının qanunsuz zəbt edilməsi ilə əlaqədar Şamaxı meşəbəyliyinin 3 saylı meşə dolayına baxış keçirilmişdir. Baxış zamanı dolayın 6 A saylı kvartalının 4-cü bölməsində Şamaxı rayon sakini Cavabdeh heç bir sənəd olmadan 0,22 ha ərazini qanunsuz zəbt etdiyini və həmin ərazidə iaşə fəaliyyəti göstərmək üçün tikinti quraşdırma işləri aparıldığı müəyyən edilmişdir. Həmin ərazidə ağac dirəklər üzərində 3 ədəd 2,20x3x2 m ölçüdə söhbətgahlar, 1 ədəd taxtadan 3x5x2,50 m ölçüdə söhbətgah, 10x7x3m ölçüdə aşağısı çay daşından tikilmiş taxtadan yeməkxana, 5x4 m ölçüdə inşaat daşından tikilmiş sanitar qovşağının mövcud olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ƏMDX DƏDR Publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, cavabdehin istifadəsində olan Ağsu rayonu ərazisində yerləşən iaşə obyektinin yerləşdiyi ərazinin koordinatları və ölçüləri naturada müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən naturada iddiaçı və cavabdehin iştirakı ilə ölçülmüş torpaq sahəsinin 0,13 ha təşkil etdiyi, bunun da 110 kv.metr hissəsinin (iki söhbətgah daxil olmaqla) Ağsu rayonu, Dilman bələdiyyəsinin ərazisində, 1190 kv.metr hissəsinin isə (qalan tikililər daxil olmaqla) Meşə fondu torpaqlarının hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa ƏMDX DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi idarəsindən təqdim edilmiş məlumata əsasən mübahisə predmeti olan torpaq sahəsi X=290391.5820 Y=4505500.3220, X=290397.7350 Y=4505491.4220, X=290411.4090 Y=4505467.6080, X=290400.7500 Y=4505460.8760, X=290390.2900 Y=4505458.0060, X=290380.5460 Y=4505469.5210, X=290375.0660 Y=4505468.8220, X=290359.7310 Y=4505490.8380, X=290364.8530 Y=4505494.9550, X=290384.4120 Y=4505503.7140 nömrəli koordinatlarda yerləşir. İddiaçı Şamaxı X4 Mərkəzi (VÖEN **********) adı dəyişdirilərək Meşələrin İnkişafı Xidmətinin 6 saylı X4 Mərkəzi (VÖEN **********) olmuş və adı dəyişdirilən həmin hüquqi şəxsin hüquq və vəzifələri onun hüquqi varisi kimi Meşələrin İnkişafı Xidmətinin 6 saylı X4 Mərkəzinə keçmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, hər iki mərkəzin VÖEN-i ********** nömrəlidir. Bu səbəbdən iş üzrə iddiaçı Şamaxı X4 Mərkəzi əsl iddiaçı olan hüquqi varisi Meşələrin İnkişafı Xidmətinin 6 saylı X4 Mərkəzi ilə xx.xx.2024-cü il tarixdə keçirilən mə\hkəmə iclasının protokol qərardadına əsasən əvəz edilmiş və sonuncu hazırki iş üzrə iddiaçı qismində cəlb edilərək məhkəmə araşdırmasında iştirak etmişdir. Meşələrin İnkişafı Xidmətinin 6 saylı X4 Mərkəzi haqqında əsasnamədən görünür ki, mərkəz qanunvericiliyə uyğun olaraq öz fəaliyyət istiqamətlərinə aid məsələlərlə əlaqədar olaraq məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində çıxış edir, müvafiq prossesual hüquq və vəzifələri həyata keçirir. İddiaçı cavabdeh tərəfindən qanunsuz istifadə edilən meşə fondu torpağının sonuncunun öz vəsaiti hesabına boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı cavabdehə müraciət etmiş və əks təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Şamaxı X4 Mərkəzi ilə Meşə Fonduna aid torpağın istifadəsi barədə heç bir icarə müqaviləsi bağlamadan müəssisənin Ağsu rayonunda yerləşən Şamaxı Meşəbəyliyinin 03 saylı meşə dolayının 6A saylı kvartalının 4-cü bölməsində yerləşən 0,22 ha sahədən istirahət rekrasiya məqsədi ilə istifadə edir. Müəssisənin əməkdaşları tərəfindən icarə müqaviləsi olmadan meşə fondu torpağından istifadənin qanunsuz olması, təcili olaraq icarə müqaviləsinin bağlanması və yaxud ərazini boşaldaraq əvvəlki vəziyyətə gətirilməsi barədə cavabdehə dəfələrlə şifahi və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə rəsmi olaraq xəbərdarlıqlar edilmişdir. Lakin Cavabdeh indiyə qədər həmin ərazini qanunsuz olaraq istifadə etməkdə davam edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə etdiklərini və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və üşüncü şəxs Ağsu Rayon Dilman bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirakı etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2022-ci il tarixli Akt, mütəxəssis və ekspert rəyləri, ərazinin koordinatları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. 14-cü bəndinə əsasən Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). 17-ci bəndinə əsasən Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin. 49-cu bəndinə əsasən Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri onların istifadəsinə verilmiş meşə fondu sahələri barədə məlumat almaq; müəyyən edilmiş həddə meşə fondundan istifadə; meşədən istifadə müddətində meşə fondundan istifadə ilə bağlı məqsədlər üçün müəyyən edilmiş qaydada tikililər, qurğular, oduncaq saxlamaq üçün yerlər düzəltmək; Azərbaycan Respublikasının meşə qanunvericiliyinə zidd olmayan digər hüquqlara malikdirlər. Hazırki işin məhkəmə araşdırılması zamanı xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan Ağsu rayonu ərazisində yerləşən iaşə obyektinin yerləşdiyi ərazinin koordinatları və ölçüləri naturada müəyyən edilmiş, mütəxəssis rəyinə əsasən naturada iddiaçı və cavabdehin iştirakı ilə ölçülmüş torpaq sahəsinin 0,13 ha təşkil etdiyi, bunun da 110 kv.metr hissəsinin (iki söhbətgah daxil olmaqla) Ağsu rayonu, Dilman bələdiyyəsinin ərazisində, 1190 kv.metr hissəsinin isə (qalan tikililər daxil olmaqla) Meşə fondu torpaqlarının hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilən ekspert rəyindən göründüyü kimi 0,13 ha torpaq sahəsinin 1190 kv.metr hissəsi Meşə fondu torpaqlarına aiddir ki, məhkəmə araşdırmaları zamanı cavabdeh tərəfindən Meşə fondu torpaqlarından qanuni istifadəni təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdr. Belə olan halda cavabdeh tərəfindən Meşə fondu torpaqlarında qanunsuz əsaslarla istifadə edilir ki, iddiaçının əsasnaməsinə əsasən sonuncu başqasının qeyri-qanuni sahibliyindən Meşə fondu torpaqlarının geri qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci kaddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı, dövlət mülkiyyətində olan Meşə Fondu torpaqlarını başqasının qeyri-qanuni sahibliyindən tələb etmək üçün istər əsasnaməsi, istərsə də qanunvericiliyin tələbləri baxımından subyektiv hüquqa malik olduğundan, cavabdehin mübahisə predmeti olan Meşə Fondu torpaqlarından istifadəsinin qanuniliyini təsdiq edən sübutlar (müqavilə və s.) mövcud olmadığından iddia qismən təmin edilərək cavabdehin qeyri-qanuni sabibliyində olan meşə fondu torpaqlarına aid 1190 m2 hissəsi Cavabdeh öz hesabına boşaldılmalı və əvvəlki vəziyyətə gətirilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan 0,13 ha torpaq sahəsinin 110 kv.m hissəsi Ağsu Rayonu Dilman bələdiyyəsinin mülkiyyətindədir və həmin torpaq sahəsinin üzərində iki ədəd söhbətgah quraşdırılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin boşaldılması ilə bağlı tələb irəli sürməkdə haqlı deyildir və iddiaçının bələdiyyə torpaqları ilə bağlı iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Göründüyü kimi subyektiv hüququnun “öz hərəkətlərinə hüquqi ixtiyar” elementi başlıca amildir və əgər iddia irəli sürmüş şəxsin öz hərəkətlərində hüquqi ixtiyarlı deyildirsə, bu zaman subyektiv hüququnun digər elementlərinin mövcudluğundan söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi ki, 0,13 ha torpaq sahəsinin 110 kv.metr hissəsi bələdiyyənin ərazisində yerləşir. İddiaçı həmin torpaq sahəsinin hüquqi müqəddəratını həll etmək səlahiyyətinə malik deyildir və belə bir hüququn ona bələdiyyə tərəfindən verilməsini təsdiq edən sübut mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bələdiyyə mülkiyyətində olan 110 kv.m torpaq sahəsinin boşaldılması hissəsində rədd edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi 0,13 ha torpaq sahəsinin 1190 kv.metr hissəsinin cavabdehin öz vəsaiti hesabına boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İddia tələbi qismən əsaslı olsa da mübahisə, məhz cavabdehin hərəkətlərindən əmələ gəlmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 50 manat xərc cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbvaycan Respublikası Qanununun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Hazırki iş üzrə iddia ərizəsi qiymətləndirilməyən olduğuna görə 100 manat dövlət rüsumu ödənilməlidir ki, iddiaçı büdcə təşkilatı olduğundan və “Dövlət rüsumu” haqqında Azərbvaycan Respublikası Qanununun 9.1.14-cü bəndinə əsasən dövlət rüsumu ödəməkdən azad olduğundan dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək imkanı əldə etmişdir. Hazırki iş üzrə iddia tələbi təmin edildiyindən və iddiaçı rüsum ödəməkdən azad olduğundan ödənilməmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdvəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. X=290391.5820 Y=4505500.3220, X=290397.7350 Y=4505491.4220, X=290411.4090 Y=4505467.6080, X=290400.7500 Y=4505460.8760, X=290390.2900 Y=4505458.0060, X=290380.5460 Y=4505469.5210, X=290375.0660 Y=4505468.8220, X=290359.7310 Y=4505490.8380, X=290364.8530 Y=4505494.9550, X=290384.4120 Y=4505503.7140 nömrəli koordinatlarda yerləşən torpaq sahəsinin meşə fondu torpaqlarına aid 1190 m2 hissəsi Cavabdeh öz hesabına boşaldılsın və əvvəlki vəziyyətə gətirilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Ödənilməmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar