Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-53/2020 03.02.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Şəki rayonu Səbətli qış otlağı ərazisində yerləşən 176 ha torpaq sahəsindən cavabdehlərin məcburi çıxarılması, torpaq sahələrinin qanunsuz müdaxiləsinə son qoyulması və müəssisəyə vurduqları maddi ziyana görə 240000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 240030 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki rayonu Səbətli qış otlağı ərazisində yerləşən 176 ha torpaq sahəsindən cavabdehlərin məcburi çıxarılması, torpaq sahələrinin qanunsuz müdaxiləsinə son qoyulması və müəssisəyə vurduqları maddi ziyana görə 240000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 240030 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə xx.xx.2018-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçının hazırkı iddia ərizəsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim edilmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi forma və məzmununa dair tələblərə riayət edilmədən bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, İddiaçı MMC Şəki rayonu Səbətli qış otlaq sahəsi ərazisindən 844,2 ha torpaq sahəsini icarəyə götürmüş, iddiaçının iddiasına görə cavabdehlər həmin torpaq sahəsinin 176 ha hissəsini zəbt etmişlər və cəmiyyət həmin şəxsləri icarəyə götürüdüyü torpaq sahəsindən çıxarılmasını arzu edir. Belə olan halda tərəflər arasında yaranmış mübahisə icarəyə götürülmüş əmlakın başqasının qeyri-qanuni sahibliyindən geri alınmasından ibarətdir ki, bu növ mübahisə də mülki xarakterlidir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Məhkəmə tərəfindən iddiaçının nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hazirki mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmadığından hazırki tələblə aidiyyət qaydalarına uyğun ümumi (rayon, şəhər) məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Şəki rayonu Səbətli qış otlağı ərazisində yerləşən 176 ha torpaq sahəsindən cavabdehlərin məcburi çıxarılması, torpaq sahələrinin qanunsuz müdaxiləsinə son qoyulması və müəssisəyə vurduqları maddi ziyana görə 240000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 240030 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-53/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-53/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver