Məhkəmə qərarları › İş №2-2(119)-228/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-228/2024

19.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-228/2024 19.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Qusar rayonu Şirvanlı bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qusar rayonu Şirvanlı bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qusar rayonu Şirvanlı bələdiyyəsi Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək cavabdehin qanunsuz zəbt etdiyi Qusar rayonu Şirvanlı bələdiyyəsinə məxsus olan 7,2 ha örüş sahəsindən çıxarılması və həmin torpaq sahəsinin Qusar rayonu Şirvanlı bələdiyyəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh bir neçə ildir ki, Qusar rayonu Şirvanlı Bələdiyyəsinin mülkiyyətindəki 7,20 ha örüş torpağını qanunsuz zəbt edərək istifadə edir. İddiaçı tərəfindən dəfələrlə cavabdehə torpaq sahəsindən çıxması, həmin torpaq sahəsinin aidiyyəti üzrə Qusar rayonu Şirvanlı bələdiyyəsinə qaytarılması təklif edilsə də, cavabdeh könüllü olaraq torpaq sahəsindən çıxmamışdır. Cavabdeh tərəfindən bələdiyyəyə məxsus torpaq sahəsinin qanunsuz zəbt edilməsi ilə əlaqədar iddiaçı Qusar Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş və müvafiq araşdırma aparılmışdır. Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqinin 03 mart 2022-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmiş, bələdiyyəyə məsələ ilə əlaqədar mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Hazırda cavabdeh bələdiyyəyə məxsus 7,20 ha örüş sahəsindən qanunsuz olaraq istifadə etməkdə davam edir və həmin torpaq sahəsi üzərində qanunsuz tikinti işləri apararaq quş damı tikmişdir. Bundan əlavə, cavabdeh əkin işləri aparmaq məqsədilə həmin torpaq sahəsini şumlamışdır. Cavabdeh Qusar Rayon Məhkəməsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi 30 sentyabr 1997-ci il tarixdə Quba rayon Torpaq Şöbəsi tərəfindən onun babası X7 yaratdığı “Cəmaləddin” kəndli (fermer) təsərrüfatına ayrılmış və JN 290 və JN 290 C kod 30124018 14/2 nömrəli qərarla dövlət qeydiyyatına alınmışdır. İddiaçı, ilk növbədə öz adına çıxarış - mülkiyyəti təsdiq edən sənəd əldə etdikdən sonra məhkəməyə müraciət edə bilər. Bundan başqa, torpağın onun ailəsinə məxsus olması ilə bağlı qüvvədə olan məhkəmə qərarları vardır. Qusar Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(029)-847/2023 nömrəli qərardadı ilə həmin iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixli etiraz (özü tərəfindən vəsatət adlandırılmışdır və məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olmuşdur) ünvanlayaraq iddianın əsassız olduğu üçün təmin edilməməli olduğunu qeyd etmişdir və etirazı bununla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Cəmaləddin Ömərov və onun ailə üzvlərinin şəxsi mülkiyyətindədir. X18 vəfat etdikdən sonra başda indiki kənd bələdiyyə sədri, onun əlaltısı Marmalat Kələntərova hər hansı alqı-satqı müqaviləsi olmadan iddia edirlər ki, baba Cəmaləddin Ömərov torpağın 1,20 hektarını Marmalat Kələntərovaya satmışdır. Qeyd edir ki, bu uydurma alqı-satqı olmuşdur, ona görə də 18 il ötməsinə baxmayaraq torpağa dair mülkiyyət sənədi əldə edilməmişdir. Bələdiyyə hazırda mübahisələndirilən 7,2 ha torpaq sahəsinin vergisini hər il ondan almışdır, indi tapa bilməsə də bələdiyyə sədrinin öz imzasıyla bir-iki il əvvəl torpaq vergisi ilə bağlı onda bildirişi vardır. Təqdim etdiyi məhkəmə qərarları və torpağa dair mülkiyyət aktı torpağın onun mülkiyyətində olmasını təsdiq edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, həmçinin izahatında bildirdi ki, Cavabdeh 3 ildir ki, müvafiq hüquqmüəyyənedici sənədə malik olmadan bələdiyyəyə məxsus 7.2 ha torpaqdan sahəsindən qanunsuz olaraq istifadə etməkdədir. Cavabdeh, ilk öncə ona müraciət edərək əmisinə məxsus vaqonu bələdiyyəyə məxsus torpaq sahəsinə yerləşdirmək istədiyini bildirmiş, lakin o, cavabdehə icazə verməmişdir. Buna baxmayaraq cavabdeh həmin vaqonu torpaq sahəsinə yerləşdirmiş, o cümlədən həmin əraziyə elektrik xətti çəkməklə əkin-biçin işləri aparmışdır. Cavabdeh bu hərəkətlərinə əsas kimi qeyd etmişdir ki, bura guya onun babasının torpağıdır. Cavabdehin babasının direktoru olduğu “Cəmaləddin” kəndli (fermer) təsərrüfatının istifadəsində 4.60 ha torpaq sahəsi olmuşdur. Cavabdehin etirazda qeyd etdiyi və etiraza əlavə etdiyi torpağa mülkiyyət hüququna dair JN-290 nömrəli Dövlət Aktında qeyd edilən 5,8 ha torpaq sahəsi onun şəxsi mülkiyyətində olan sahədir. O, həmin torpaq sahəsinin bir hissəsini satmış və hazırda təxminən 2.27 ha torpaq sahəsi qalmışdır. Məhz həmin ölçüdə olan torpaq sahəsi və həyətyanı torpaq sahəsi üzrə ondan bələdiyyə ödənişləri alınır. İddia tələbində qeyd edilən 7,2 ha torpaq sahəsi isə birbaşa bələdiyyənin mülkiyyətindədir, 5,8 ha torpaq sahəsinə aidiyyəti yoxdur və başqa ərazidə yerləşir. Bu torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasına dair notarial qaydada təsdiq edilmiş xəritəni təqdim etmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli və digər məhkəmə aktlarının və həmin məhkəmə mübahisələrinin hazırkı mübahisəyə aidiyyəti yoxdur. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin vəkili 19 dekabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Müraciətə məhkəmə prosesində üzrlü səbəbdən iştirak edilməməsini təsdiq edən sübutlar əlavə edilmədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci, 185.3-cü və 185.5-ci maddələrinə əsasən işə cavabdehin vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, istinad edilən maddələrin tələblərinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarına Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilmiş şəhadətnamə əlavə edilmişdir. Həmin şəhadətnamənin məzmunundan görünür ki, Şirvanlı bələdiyyəsi xx.xx.2009-cu il tarixdə yaradılmış, əhatə etdiyi ərazi vahidləri Qusar rayonunun Kufoba, Qaratoba, Qullar, Salahoba, Şirvanlı, Torpaqkörpü, Üzdənoba və Zuxuloba kəndləridir. İş materiallarına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq vəzifəli şəxsləri və Qusar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş, Qusar rayonunun inzibati ərazisinə daxil olan müvafiq bələdiyyələrin sədrləri ilə razılaşdırılmış Qusar rayonu Şirvanlı bələdiyyəsinin xəritəsi (miqyas 1:10000) əlavə edilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından (JN - 290, Kod: ********) görünür ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 30 sentyabr tarixli 14/2 nömrəli qərarı ilə akta əlavə edilmiş Qusar rayonu Şirvanovka kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 5,80 ha torpaq sahəsi X6 və onun ailə üzvləri - X8, X5, X14, X16, X10, Cavabdeh, X12 adlarına qeydə alınmışdır. X24 əlavə edilmiş mülkiyyətə verilmiş torpaq sahəsinin planı/cizgisindən görünür ki, qeyd edilən 5,80 ha torpaq sahəsi 290 - 46014,05 kv. m. və 290C - 12000,69 kv. m. olmaqla iki hissədən ibarətdir. İş materiallarında olan 25 avqust 2006-cı il tarixli 4Ə-6-1020 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X11 ailə üzvlərinin (birgə mülkiyyətçilərin) notarial qaydasında razılığı ilə 16 iyun 1998-ci il tarixli, JN: 290 kod: 30124018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, mülkiyyətlərində olan 1,20 ha torpaq sahəsini X1. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli e-2- 1(118)-1382/2022 nömrəli qərarından görünür ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən X5, Cavabdeh və digər ailə üzvlərinin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********04 reyestr nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(105)-43/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli e-2-1(118)-1382/2022 nömrəli qərarı ləğv edilməklə iddia mümkün sayılmamışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli e-2-1(118)-2429/2023 nömrəli qərarından görünür ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “**********04 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iddia Qusar rayonunun Şirvanlı kəndində yerləşən 5,80 ha torpaq sahəsinin 1,20 ha hissəsinin Cəmaləddin Ömərov (hazırkı iş üzrə cavabdehin babası) tərəfindən 25 avqust 2006-cı il tarixli 4Ə-6-1020 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçıya (Marmalat Kələntərovaya) satılması, lakin buna baxmayaraq Cəmaləddin Ömərov vəfat etdikdən sonra onun ailə üzvlərinin, o cümlədən Cavabdeh yalan məlumatlar əsasında həmin 1,20 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən **********104 reyestr nömrəli xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış almaları ilə əsaslandırılmışdır. Məhkəmənin qərarı ilə iddiaya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq baxılması mümkün sayılmamışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2-1(105)-874/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli e-2-1(118)-2429/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi tərəfindən qəbul edilmiş 03 mart 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla Qusar rayonu Şirvanlı bələdiyyəsinin sədri Nümayəndə Qusar rayonunun Şirvanlı kəndində yaşayan Cavabdeh bələdiyyəyə məxsus olan Şirvanlı kəndində yerləşən örüş sahəsini zəbt etməsi barədə müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şirvanlı bələdiyyəsinin sədri Nümayəndə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Həmin qərarın məzmununa əsasən Cavabdeh (hazırkı iş üzrə cavabdeh) izahatında bildirmişdir ki, Şirvanlı bələdiyyəsinə məxsus olan Şirvanlı kəndi ərazisində yerləşən 7,2 ha torpaq sahəsini istifadə etmiş, orada tikinti, çəpərləmə və şumlama işləri aparmış, hazırda hər hansı rəsmi sənədi yoxdur. Vaxtilə həmin torpaq sahəsi mərhum X18un istifadəsində olmuş, sonuncunun istifadəyə dair uzunmüddətli icarə müqaviləsi mövcud olmuşdur. İş materiallarına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən aparılmış araşdırma zamanı tərtib edilmiş mütəxəssis rəyi əlavə edilmişdir. Həmin mütəxəssis rəyində Şirvanlı bələdiyyəsinin mülkiyyətində olan 9,07 ha torpaq sahəsinin 6,19 ha və 2,88 ha olmaqla hər birinin, o cümlədən cavabdehə JN 290 (Kod: ********) nömrəli Dövlət Aktı əsasında verilmiş 4,60 ha və 1,20 ha torpaq sahələrinin hər birinin sərhədləri yerində müəyyən edilmiş, hər bir sahənin ayrı-ayrılıqda koordinatları qeyd edilmiş və sxemləri tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 14 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/8208 nömrəli ekspert rəyində göstərilir ki, - qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Qusar rayonu Şirvanlı bələdiyyəsinə məxsus olan torpaqların xəritəsi nəzər alınmaqla hazırkı iddia ərizəsi ilə zəbt edilməsi iddia edilən 7,2 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edilərək sxemi tərtib edilmişdir. - qərardadın 2-ci sualı üzrə: mütəxəssis rəyində qeyd edilir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 30 sentyabr tarixli 14/2 nömrəli qərarı ilə (JN-290, 30124018 nömrəli kod) cavbadeh Cavabdeh və digərlərinin mülkiyyətinə verilmiş 5,80 ha torpaq sahəsi DTXK tərəfindən verilmiş JN-290 (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 4,60 hektar və 1,20 hektar olmaqla iki hissədə yerləşir, faktiki və TEKUİS ilə AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilərək sxemlər tərtib edilmişdir. - qərardadın 3-cü sualı üzrə: mütəxəssis rəyində qeyd edilir ki, Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən zəbt edilməsi iddia edilən 7,2 ha torpaq sahəsi Cavabdeh və digərlərinin mülkiyyətinə verilmiş 5,80 ha torpaq sahəsi üst-üstə düşmür. - qərardadın 4-cü sualı üzrə: mütəxəssis rəyində qeyd edilir ki, Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən zəbt edilməsi iddia edilən 7,2 ha torpaq sahəsi faktiki olaraq iki hissədə yerləşməklə 6,19 hektar və 2,88 hektar olmaqla, cəmi 9,07 hektar təşkil edir və 6,19 hektar hissəsində hal-hazırda saman kərpicdən inşa olunmuş tikili və dəmir konstruksiyalı qurğu (anbar) inşa olunmuşdur. İddiaçı həmin torpaq sahəsindən bütövlükdə 9,07 hektar olmaqla cavabdeh tərəfindən istifadə edildiyini, inşa olunmuş tikili və qurğunun cavabdeh tərəfindən inşa olunduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən 02 avqust 1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış “Cəmaləddin” kəndli (fermer) təsərrüfatının nizamnaməsinin “Müəssisənin mülkiyyəti” adlanan V hissəsində qeyd edilmişdir ki, müəssisənin nizamnamə fondu 47403196 manat dəyərində olan 5,80 ha torpaq sahəsidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 2-ci və 4-cü hissələrinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən. mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən, bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 8-ci maddəsinin 2-ci abzasına əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində həyata keçirdiyi səlahiyyətlərinə daxildir. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikası qanununun 1.2-ci maddəsinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən mülkiyyətçinin başqasının qanunsuz sahib olduğu öz əmlakını tələb etməyə hüququ vardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, Qusar rayonu Şirvanlı bələdiyyəsi Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz olaraq istifadə etdiyi bələdiyyənin mülkiyyətində olan 7,2 ha örüş sahəsindən çıxarılması və həmin torpaq sahəsinin aidiyyəti üzrə mülkiyyətçiyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı əsas etirazı bundan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsi Quba rayon Torpaq Şöbəsi tərəfindən 30 sentyabr 1997-ci il tarixdə onun X18un yaratdığı “Cəmaləddin” kəndli (fermer) təsərrüfatına ayrılmış və bu səbəbdən həmin torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından (JN - 290, Kod: ********) görünür ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 30 sentyabr tarixli 14/2 nömrəli qərarı ilə Cəmaləddin Ömərov və onun ailə üzvlərinə 5,80 ha torpaq sahəsi ayrılmışdır. 02 avqust 1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış “Cəmaləddin” kəndli (fermer) təsərrüfatının nizamnaməsinin “Müəssisənin mülkiyyəti” adlanan V hissəsinə əsasən, 5,80 ha torpaq sahəsi müəssisənin nizamnamə fondunu təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş üzrə cavabdehin X18 və onun ailə üzvlərinə ayrılmış 5,80 ha torpaq sahəsi iddia ərizəsində qeyd edilən bələdiyyə mülkiyyətində olan 7,2 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Belə ki, təyin edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizası ilə əlaqədar ekspert qarşısında cavabdehin babasının mülkiyyətinə verilmiş 5,80 ha torpaq sahəsi ilə bələdiyyənin mülkiyyətində olan 7,2 ha torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilərək ayrı-ayrılıqda sxemlərinin tərtib edilməsi və həmin torpaq sahələrinin üst-üstə düşmə halının olub-olmamasının aydınlaşdırılması xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən aparılmış araşdırma zamanı hər iki torpaq sahəsinin sərhədləri yerində müəyyən edilərək koordinatları göstərilməklə sxemləri tərtib edilmiş və qeyd edilən torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həmin rəyə əsasən, həmçinin müəyyən edilmişdir ki, iddia ərizəsində qeyd edilən 7.2 ha torpaq sahəsi faktiki olaraq iki hissədə yerləşməklə 6.19 hektar və 2.88 hektar olmaqla, cəmi 9.07 hektar təşkil edir və 6.19 hektar hissəsində hazırda saman kərpicdən inşa olunmuş tikili və dəmir konstruksiyalı quru (anbar) inşa olunmuşdur. İddiaçı həmin torpaq sahəsindən bütövlükdə 9.07 hektar olmaqla Cavabdeh tərəfindən istifadə edildiyini bildirərək tikilinin və qurğunun cavabdeh tərəfindən inşa olunduğunu bildirmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində icazəsiz əkin işləri aparılmaqla, həmin torpaq sahəsində özbaşına tikililər inşa edilməklə bələdiyyənin Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş mülkiyyət hüququ pozulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi onun dövlət tərəfindən tanınan və müvafiq əsaslar olduqda təmin edilməli olan hüququdur. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Qusar rayonu Şirvanlı bələdiyyəsinin Cavabdeh bələdiyyəyə məxsus 7,20 ha örüş sahəsindən çıxarılması və həmin torpaq sahəsinin Qusar rayonu Şirvanlı bələdiyyəsinə qaytarılması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda torpağın onun ailəsinə məxsus olması ilə bağlı qüvvədə olan məhkəmə qərarları olduğunu qeyd etmişdir. Cavabdehin həm Qusar Rayon Məhkəməsinə, həm də Sumqayıt Kommersiya Məhkəməsinə ünvanladığı etirazlara əlavə etdiyi məhkəmə aktları - Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli e- 2-1(118)-1382/2022 nömrəli qərarı, həmin məhkəmənin 27 sentyabr 2023-cü il tarixli e-2- 1(118)-2429/2023 nömrəli qərarı, o cümlədən Sumqayıt Apellyasiya Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2-1(105)-43/2023 nömrəli qərardadı və 23 noyabr 2023-cü il tarixli 2-1(105)-874/2023 nömrəli qərardadlarıdır. Qeyd edilən məhkəmə aktlarından məzmunlarından görünür ki, həmin mübahisələr cavabdehin ailə üzvlərinin mülkiyyətlərinə ayrılmış 5,80 ha torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə satılması ilə əlaqədar yaranan mübahisələrdir və hazırkı mübahisə ilə əlaqəli deyillər. Cavabdehin etirazının digər dəlili isə iddiaçının hazırda mübahisələndirdiyi 7,2 ha torpaq sahəsinin vergisini hər il ondan alması olmuşdur. Cavabdeh özü də etirazında qeyd etmişdir ki, torpaq vergisi ilə bağlı bildirişi hazırda tapa bilmir. Cavabdeh məhkəmə prosesləri dövründə də belə bir bildirişi məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, belə bir bildirişin mövcudluğu belə 7,2 torpağın bələdiyyə mülkiyyətində deyil, cavabdehin mülkiyyətində olmasını təkbaşına sübut edən hal sayıla bilməz. Bundan başqa, iş materiallarına əlavə edilmiş 25 sentyabr 2024-cü il tarixli 50 nömrəli ödəniş tapşırığına əsasən, mütəxəssis rəyinin verilməsinə görə 95 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hesabına ödənilmişdir. Hazırkı iddia təmin edildiyindən aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/8208 ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İddia təmin edildiyindən yuxarıda istinad edilmiş Mülki Prosessual Məcəllənin 107-ci, 115.0.1-ci və 119.1-ci maddələrinə əsasən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bunlardan əlavə, cavabdehdən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Qusar rayonu Şirvanlı bələdiyyəsinə məxsus 7,20 ha örüş sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi Qusar rayonu Şirvanlı bələdiyyəsinə qaytarılmalı, Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hesabına ödənilmiş 95 manat məbləğində xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, cavabdehdən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti və 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Qusar rayonu Şirvanlı bələdiyyəsinə məxsus 7,20 ha örüş sahəsindən çıxarılsın və həmin torpaq sahəsi Qusar rayonu Şirvanlı bələdiyyəsinə qaytarılsın. İddiaçı Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hesabına ödənilmiş 95 (doxsan beş) manat xidmət haqqının əvəzi Cavabdeh iddiaçı Qusar rayonu Şirvanlı bələdiyyəsinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar