Məhkəmə qərarları › İş №2-2(119)-883/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-883/2025

22.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-883/2025 22.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı, Cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsindən maneəsiz istifadə edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 zəbt etdiyi icarə müqaviləsi ilə ona verilmiş torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən maneəsiz istifadə edə bilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin (JN- 2461, kod ********) surətindən görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 03 aprel 2000-ci il tarixli 32 nömrəli sərəncamı və 22 oktyabr 2002ci il tarixli 25 nömrəli icarə müqaviləsi ilə "Qaya Xəlil" adlanan yay otlaq sahəsindən qoyunçuluğun inkişafı üçün 15 il müddətinə 300 hektar torpaq sahəsi kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi, yəni örüş kimi müvəqqəti istifadə üçün ona verilmişdir. Bu şəhadətnamə 05 noyabr 2022-ci il tarixdə səlahiyyətli şəxs tərəfindən imzalanmış və möhürlənmişdir. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2023-cü il tarixli 143 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi barədə" sərəncamından görünür ki, "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə ona icarəyə verilmiş və sərəncamın icrasına nəzarət edilməsi və sözügedən icarə müqaviləsinin hazırlanması aidiyyəti orqanlara tapşırılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsindən verilmiş 31 avqust 2023-cü il tarixli "X1 Planı"ndan görünür ki, Şamaxı Rayon inzibati ərazisində yerləşən və dövlət mülkiyyətində olan "Qaya Xəlil" adlanan yay otlaqlarına aid 300 ha torpaq sahəsi ona icarəyə verilmiş və həmin torpaq sahəsinin xəritəsi, qonşu sərhədləri göstərilmiş və sertifikat göstəriciləri müəyyən edilmişdir. Həmin ərazidə ona icarəyə verilmiş 300 ha torpaq sahəsinə gələrkən Cavabdeh1 həmin torpaq sahəsinin böyük hissəsini zəbt etdiyini görmüş və cavabdehə bildirmişdir ki, “Qaya Xəlil" adlanan bu 300 ha örüş yeri 2002-ci ildən bəri həmişə yay otlaq sahəsi kimi ona icarəyə verilmişdir. Odur ki, uzun müddətdən bəri həmişə onun icarəsində olan bu yay otlaq sahəsinin bütün ərazisini (sərhədlərini) o, əzbərdən bilir və ondan xahiş etmişdir ki, onun istifadəsinə verilmiş zəbt etdiyi torpaq sahəsini boşaltsın. Lakin Cavabdeh1 ona icarəyə verilmiş zəbt etdiyi torpaq sahəsini boşaltmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, Şamaxı Rayon Məhkəməsinin eyni tarixdə keçirilmiş iclasında Cavabdeh2 işə cavabdeh qismində cəlb edilməsi qərara alınmışdır. Cavabdeh1 05 fevral 2024-cü il tarixində məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək qeyd etmişdir ki, sözügedən torpaq sahəsi əvvəllər Çarhan kənd sakini Əliağa Cəfərovun icarəsində olmuş, 08 yanvar 2007-ci il tarixli 02 nömrəli sərəncamla "Qaya Xəlil" yay otlaq sahəsinin 383 ha hissəsi 15 il müddətinə onun istifadəsinə verilmişdir. 27 oktyabr 2023-cü il tarixdə Şamaxı Rayon İcra Hakimiyyəti onun razılığı ilə həmin torpaq sahəsinin 300 hektarını 5 il müddətinə əri Cavabdeh2 icarəsinə verilməsinə dair sərəncam vermişdir. Həm iddiaçının, həm də Cavabdeh2 iştirakı ilə torpaq sahələrinin sərhədləri müəyyən edilmiş və hər ikisinin razılığı ilə akt tərtib olunmuş və onlar bu aktı imzalamışdırlar. Hazırkı vaxtda sənəddə göstərilən qaydada həmin yay otlaq sahəsindən istifadə etmiş və digər istifadəçilərin hüquqlarına toxunmamışdırlar. Sərhədlər iddiaçının iştirakı ilə müəyyənləşmiş və həmin vaxt hansısa narazılıq olmamışdır. İddiaçının "Qaya Xəlil" yay otlaq sahəsində cəmi 220 ha örüş sahəsi olmuşdur. Qalan 80 ha sahə isə "Mecidli" yay otlaq sahəsindədir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini, eyni zamanda hazırkı iş üzrə cavabdeh qismində onun yox, həyat yoldaşı Cavabdeh2 cəlb olunmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(074)-426/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(074)-21/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsindən maneəsiz istifadə edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı 18 fevral 2025-ci il tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 aprel 2025-ci il tarixli 2(105)-618/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(074)- 21/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehlərə qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” barədə tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinə 22 iyul 2025-ci il tarixli vəsatətlə müraciət edərək qeyd etmişdir ki, Şamaxı Rayon Məhkəməsi tərəfindən təyin olunmuş ekspertiza ilə bağlı ona göndərilən bildirişdə ekspertin Elməddin Aslanlı olduğu qeyd edilmişdir. Məhkəmə prosesleri zamanı ekspertizanın Ziya Tağıyev tərəfindən həyata keçirildiyi məlum olmuşdur. İddiaçı ekspertizanın düzgün həyata keçirilmədiyini bildirərək məhkəmədən yenidən ekspertiza təyin edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 22 iyul 2025-ci il tarixli 2-2(119)-883/2025 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə dair vəsatətin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə iclaslarında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, müddəti bitmiş icarə müqaviləsinə və sərəncama əsasən, müvafiq otlaq sahəsi onun istifadəsində olmuşdur. Ondan başqa kənddə kimin şəhadətnaməsinin müddəti bitirmişdirsə, müraciət əsasında şəhadətnamənin sadəcə müddəti uzadılmış, sahəsi və ya sərhədləri dəyişdirilməmişdir. 40 ildən çox müddətdə istifadəsində olan otlaq sahəsinin sərhədlərinin dəyişdirilməsinin səbəbi ona məlum deyildir. 2015-ci ildən sonra dəfələrlə Şamaxı Rayon İcra Hakimiyyətinə müqavilənin müddətinin uzadılması ilə bağlı müraciət etmişdir. Lakin müxtəlif səbəblərdən ona gözləməli olduğu bildirilmişdir. İddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 izahatında bildirmişdir ki, 1997-ci ildən 383 hektar torpaq sahəsi onun istifadəsindədir. İddiaçı 2000-ci ildən bu topaqlardan istifadə edir. 2023-cü ilin avqust ayında Şamaxı Rayon İcra Hakimiyyətinin, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin yerli idarəsinin nümayəndələrinin iştirakları ilə torpaq sahələrinə baxış keçirilmiş və iddiaçı ilə razılıq əldə edilmişdir. Həmin ilin oktyabr ayında müvafiq 83 hektar torpaq sahəsi də onun adına rəsmiləşdirilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi icra hakimiyyətinin sərəncamına əsasən həyata keçirilmişdir. Onlara aid sərəncamın müddəti 08 yanvar 2022-ci ildə, iddiaçının istifadəsində olan torpaq sahəsinin icarəsinə dair sərəncamın müddəti isə 2015-ci ildə bitmişdir. Hər biri 2023-cü ildə bu barədə yeni sərəncam əldə etmişdir. İddiaçı hesab edir ki, ona 2000-ci ildə sərəncamla təqdim edilən otlaq sahələri sonrakı sərəncamlar verilmiş otlaq sahələrindən fərqli ölçülərdə olmuşdur. Məhkəmə iclaslarında Cavabdeh2 nümayəndəsi izahatında bildirmişdir ki, müvafiq torpaq sahələri həm iddiaçıya, həm də cavabdehə icarə hüququ əsasında məxsusdur. Rəsmi olaraq iddiaçıya və Cavabdeh2 300 hektar otlaq üçün istifadə edilən torpaq sahəsi icarəyə verilmişdir. Daha əvvəl cavabdehin istifadəsində 383 hektar torpaq sahəsi olmuşdur. 2023-cü ildə tərəflər arasında əldə edilmiş razılığa əsasən, cavabdeh öz torpaq sahəsinin 83 hektarını iddiaçıya vermişdir. Lakin daha sonra iddiaçı təkrar əlavə torpaq iddiası ilə cavabdehə qarşı çıxış etmişdir. Cavabdeh müxtəlif vaxtlarda qohumluq əlaqələrinə görə iddiaçının onun otlaq sahəsindən istifadə etməsinə etiraz etməmişdir. Lakin rəsmi olaraq iddiaçının iddia etdiyi sahə cavabdehin istifadəsinə verilmişdir. Həmçinin iddiaçı bildirir ki, 2015-ci il tarixinədək qüvvədə olan müqavilə ilə müvafiq torpaq sahəsi onun istifadəsində olmuşdur. Lakin müvafiq müqavilə uzadılmamış və müddəti bitmişdir. 2023-cü il tarixində isə yeni icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, həmin torpaq sahəsi cavabdehlərin icarəsinə verilmişdir. Buna görə də mübahisə hazırda qüvvədə olan müqavilələrə əsasən həll edilməlidir. Eyni zamanda tərəflər torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsində iştirak etmiş, müvafiq müqavilələri öz imzaları ilə təsdiq edərək razılıqlarını bildirmişlər. Cavabdeh2 nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan icarəyə verən qismində Şamaxı Rayon İcra Hakimiyyəti və icarəçi qismində İddiaçı arasında bağlanmış 19 oktyabr 2023-cü il tarixli 003/2023 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqaviləyə görə icarəyə verən dövlət mülkiyyətində olan və Şamaxı rayonunun inzibati ərazisində yerləşən “Qaya Xəlil” adlanan yay otlaq sahələrindən 300 ha sahəni 5 il müddətinə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə həmin torpaq sahəsinin istifadəsinə görə bu icarə müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2023-cü il tarixli 143 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi barədə" sərəncamından görünür ki, Şamaxı rayonunun inzibati ərazisinə aid "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsi ilə razılaşdırılmaqla tərtib edilmiş Şamaxı rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan “Qaya Xəlil” adlanan 2 nömrəli və 3 nömrəli yay otlaqlarına aid kənd təsərrüfatı təyinatlı torpaqlardan heyvandarlığın inkişafı üçün İddiaçı icarəyə verilməsi nəzərdə tutulan 300 ha X1 Planı və həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əlavə edilmişdir. İş materiallarında olan icarəyə verən qismində Şamaxı Rayon İcra Hakimiyyəti və icarəçi qismində Cavabdeh1 arasında bağlanmış 13 mart 2007-ci il tarixli “torpağın icarə verilməsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən, “Qaşqa” adlı qış otlaq sahəsindən 300 hektar və “Qaya Xəlil” adlı yay otlaq sahəsindən 383 hektar sahə Cavabdeh1 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan icarəyə verən qismində Şamaxı Rayon İcra Hakimiyyəti və icarəçi qismində Cavabdeh2 arasında bağlanmış 19 oktyabr 2023-cü il tarixli 002/2023 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqaviləyə görə icarəyə verən dövlət mülkiyyətində olan və Şamaxı rayonunun inzibati ərazisində yerləşən “Qaya Xəlil” adlanan yay otlaq sahələrindən 300 ha sahəni 5 il müddətinə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə həmin torpaq sahəsinin istifadəsinə görə bu icarə müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2023-cü il tarixli 144 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi barədə" sərəncamından görünür ki, Şamaxı rayonunun inzibati ərazisinə aid "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə Cavabdeh2 icarəyə verilmişdir. İş materiallarına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsi ilə razılaşdırılmaqla tərtib edilmiş Şamaxı rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan “Qaya Xəlil” adlanan 2 nömrəli və 3 nömrəli yay otlaqlarına aid kənd təsərrüfatı təyinatlı torpaqlardan heyvandarlığın inkişafı üçün Cavabdeh2 icarəyə verilməsi nəzərdə tutulan 110 ha X1 Planı və həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əlavə edilmişdir. İş materiallarına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsi ilə razılaşdırılmaqla tərtib edilmiş Şamaxı rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan “Qaya Xəlil” adlanan 3 nömrəli yay otlaqlarına aid kənd təsərrüfatı təyinatlı torpaqlardan heyvandarlığın inkişafı üçün Cavabdeh2 icarəyə verilməsi nəzərdə tutulan 110 ha X1 Planı və həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əlavə edilmişdir. İş materiallarına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsi ilə razılaşdırılmaqla tərtib edilmiş Şamaxı rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan “Qaya Xəlil” adlanan 3 nömrəli yay otlaqlarına aid kənd təsərrüfatı təyinatlı torpaqlardan heyvandarlığın inkişafı üçün Cavabdeh2 icarəyə verilməsi nəzərdə tutulan 190 ha X1 Planı və həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əlavə edilmişdir. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 08 yanvar 2007-ci il tarixli 02 nömrəli sərəncamının 2-ci bəndinə əsasən, “Qaşqa” adlı qış otlaq sahəsindən 300 hektar və “Qaya Xəlil” adlı yay otlaq sahəsindən 383 hektar sahə Şamaxı şəhər sakini Cavabdeh1 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 13 sentyabr 2024cü il tarixli 3-21-3-41/2-2032/2024 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində “Şamaxı rayon İH-nin etdiyi müraciət əsasında 17 avqust 2023-cü il tarixdə Ərazi İdarəsinin mütəxəssisi İddiaçı, rayon icra hakimiyyətinin və ƏMDX-nin Şamaxı rayon şöbəsinin nümayəndəsinin iştirakı ilə Ağaiskəndər oğlu faktiki istifadəsində olan torpaq sahəsini naturada göstərmiş və koordinatları GPS aləti vasitəsilə götürülmüşdür. Naturada koordinatları müəyyənləşdirilmiş Şamaxı rayonu “Qaya Xəlil” yay otlaq sahəsində yerləşən 300 hektar yay otlaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi rayon icra hakimiyyəti tərəfindən təqdim olunmuş torpaq sahəsinin yerşəşmə planına və Ərazi İdarəsi tərəfindən həmin yay otlaq sahəsinə hazırlanmış yerquruluşu planına uyğundur. Şamaxı rayon Məhkəməsi tərəfindən 31 iyul 2024-cü il tarixdə mübahisə predmeti olan yay otlaq sahəsinə naturada baxış keçirilməsi təyin olunmuşdur. İddiaçı və cavabdehin iştirakı ilə mübahisə predmeti olan torpaq sahəsinə naturada baxış keçirilərək iddiaçının iddia etdiyi hissənin koordinatları müəyyən edilmişdir. Şamaxı rayon İH-nin etdiyi müraciət əsasında 17 avqust 2023-cü il tarixdə Ərazi İdarəsinin mütəxəssisi Cavabdeh2, rayon icra hakimiyyətinin və ƏMDX-nin Şamaxı rayon şöbəsinin nümayəndəsinin iştirakı ilə iddiaçı Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsini naturada göstərmiş və koordinatları GPS aləti vasitəsilə götürülmüşdür. Naturada koordinatları müəyyənləşdirilmiş Şamaxı rayonu “Qaya Xəlil” yay otlaq sahəsində yerləşən 300.0 hektar yay otlaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi rayon icra hakimiyyəti tərəfindən təqdim olunmuş torpaq sahəsinin yerşəşmə planına və Ərazi İdarəsi tərəfindən həmin yay otlaq sahəsinə hazırlanmış yerquruluşu planına uyğundur. İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi 22.40 ha təşkil edir. İddiaçının naturada iddia etdiyi 22.40 ha torpaq sahəsi Cavabdeh2 icarəsinə verilmiş, rayon icra hakimiyyəti tərəfindən təqdim olunmuş torpaq sahəsinin yerşəşmə planında və Ərazi İdarəsi tərəfindən həmin yay otlaq sahəsinə hazırlanmış yerquruluşu planında qeyd olunmuş 300.0 ha torpaq sahəsi ilə üst-üstə düşür və hansı hissədə üst-üstə düşməni əks etdirən yerquruluşu planı rəyə əlavə olunur. Əlavə olaraq bildirirk ki, iddiaçı və cavabdehə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahələrinə gedən-gələn mövcud yolların ortofoto görüntüsü və DWJ məlumatlarında (torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə) nəzərdə tutulan yolları göstərən sxem rəyə əlavə olunur” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 16 oktyabr 2024-cü il tarixli 10/7754 nömrəli ekspert rəyinin nəticə hissəsində “14 saylı Şamaxı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən, qərardadın birinci sualı üzrə: Şamaxı rayon İH-nin etdiyi müraciət əsasında 17 avqust 2023-cü il tarixdə Ərazi İdarəsinin mütəxəssisi İddiaçı, rayon icra hakimiyyətinin və ƏMDX-nin Şamaxı rayon şöbəsinin nümayəndəsinin iştirakı ilə Ağaiskəndər oğlu faktiki istifadəsində olan torpaq sahəsini naturada göstərmiş və koordinatları GPS aləti vasitəsilə götürülmüşdür. Naturada koordinatları müəyyənləşdirilmiş Şamaxı rayonu “Qaya Xəlil” yay otlaq sahəsində yerləşən 300 hektar yay otlaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi rayon icra hakimiyyəti tərəfindən təqdim olunmuş torpaq sahəsinin yerşəşmə planına və Ərazi İdarəsi tərəfindən həmin yay otlaq sahəsinə hazırlanmış yerquruluşu planına uyğundur. Şamaxı rayon Məhkəməsi tərəfindən 31 iyul 2024-cü il tarixdə mübahisə predmeti olan yay otlaq sahəsinə naturada baxış keçirilməsi təyin olunmuşdur. İddiaçı və cavabdehin iştirakı ilə mübahisə predmeti olan torpaq sahəsinə naturada baxış keçirilərək iddiaçının iddia etdiyi hissənin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Şamaxı rayon İH-nin etdiyi müraciət əsasında 17 avqust 2023-cü il tarixdə Ərazi İdarəsinin mütəxəssisi Cavabdeh2, rayon icra hakimiyyətinin və ƏMDX-nin Şamaxı rayon şöbəsinin nümayəndəsinin iştirakı ilə iddiaçı Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsini naturada göstərmiş və koordinatları GPS aləti vasitəsilə götürülmüşdür. Naturada koordinatları müəyyənləşdirilmiş Şamaxı rayonu “Qaya Xəlil” yay otlaq sahəsində yerləşən 300 hektar yay otlaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi rayon icra hakimiyyəti tərəfindən təqdim olunmuş torpaq sahəsinin yerşəşmə planına və Ərazi İdarəsi tərəfindən həmin yay otlaq sahəsinə hazırlanmış yerquruluşu planına uyğundur. Qərardadın üçüncü sualı üzrə: iddiaçının naturada göstərdiyi və iddia etdiyi 22,4 ha torpaq sahəsi Cavabdeh2 icarəsinə verilmiş, rayon icra hakimiyyəti tərəfindən təqdim olunmuş torpaq sahəsinin yerləşmə planında və Ərazi İdarəsi tərəfindən həmin yay otlaq sahəsinə hazırlanmış yerquruluşu planında qeyd olunmuş 300 ha torpaq sahəsi ilə üst-üstə düşür və hansı hissədə üst-üstə düşməni əks etdirən yerquruluşu planı rəyə əlavə olunur” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən. mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci, 157.2-ci və 157.8-ci maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı Rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış 19 oktyabr 2023-cü il tarixli 003/2023 nömrəli icarə müqaviləsinə əsasən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2023-cü il tarixli 143 nömrəli sərəncamı ilə onun icarəsinə verilmiş Şamaxı rayonunda yerləşən “Qaya Xəlil” adlanan yay otlaq sahəsindəki 300 ha torpaq sahəsinin böyük hissəsinin cavabdehlər tərəfindən zəbt edildiyini iddia etsə də, təqdim edilmiş sübutlara əsasən, həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi və ya sonuncular tərəfindən həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edilməsi halı öz təsdiqini tapmamışdır. Belə ki, 19 oktyabr 2023-cü il tarixli 003/2023 nömrəli icarə müqaviləsi ilə iddiaçının icarəsinə verilmiş Şamaxı rayonunda yerləşən “Qaya Xəlil” adlanan yay otlaq sahəsindəki 300 ha torpaq sahəsi ilə bağlı bilavasitə onun özü tərəfindən naturada göstərilmiş ərazilərin faktiki olaraq həmin torpaq sahəsinin yerləşmə planında və bu barədə hazırlanmış yerquruluşu planında qeyd edilmiş 300 ha torpaq sahəsinə daxil olması müəyyən edilmişdir. İddiaçının naturada göstərərək cavabdehlər tərəfindən zəbt edildiyini iddia etdiyi “Qaya Xəlil” adlı yay otlaq sahəsindəki 22,4 ha torpaq sahəsi isə 19 oktyabr 2023-cü il tarixli 002/2023 nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh2 icarəsinə verilmiş eyniadlı yay otlaq sahəsindəki 300 ha torpaq sahəsinə aid olmaqla həmin torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin yerləşmə planında və bu barədə hazırlanmış yerquruluşu planında qeyd olunmuş 300 ha torpaq sahəsi ilə üst-üstə düşür. Göstərilənlər hallar iddiaçının (o cümlədən cavabdehin) bilavasitə iştirak etdiyi və torpaq sahəsinin sərhədlərini göstərdiyi baxışın nəticələrinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin tərtib etdiyi 13 sentyabr 2024-cü il tarixli 3-21-3-41/2-2032/2024 nömrəli mütəxəssis rəyi və həmin rəyə əsaslanaraq tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 16 oktyabr 2024-cü il tarixli 10/7754 nömrəli ekspert rəyi ilə tam təsdiq edilməkdədir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, müddəti bitmiş icarə müqaviləsinə və rayon icra hakimiyyətinin başçısının sərəncamına əsasən, həmin otlaq sahəsi onun istifadəsində olmuş, kənddə əksər insanların sənədlərinin müddəti bitdiyi halda, torpaq sahəsi və ya onun sərhədləri dəyişdirilmədən sənədin müddəti uzadılmış, 40 ildən çox müddətdə onun istifadəsində olan sahənin sərhədlərinin dəyişdirilməsi ona məlum deyildir. Məhkəmə qeyd edilən dəlillə bağlı, ilk növbədə qeyd edir ki, iddiaçının istinad etdiyi icarə müqaviləsi və sərəncam, özünün qeyd etdiyi kimi, artıq qüvvədə deyildir və hazırda qüvvədə olan, yəni iddiaçıya hazırkı iddianı qaldırmağa hüquq verən sənəd onunla Şamaxı Rayon İcra Hakimiyyəti arasında bağlanmış 19 oktyabr 2023-cü il tarixli 003/2023 nömrəli icarə müqaviləsidir. Digər tərəfdən, qüvvədə olan həmin icarə müqaviləsi üzrə iddiaçıya ayrılmış torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsi ilə razılaşdırılmaqla icarə predmeti olan torpaq sahəsinin Planı və həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları tərtib edilmişdir (eyni sənədlər cavabdeh İddiaçı icarəyə verilmiş torpaq sahəsi üzrə də tərtib edilmişdir). Yuxarıda istinad edilmiş mütəxəssis rəyinin məzmunundan aydın olur ki, hər iki Plan sənədləri tədqiqatın predmeti olmuş, tərəflərin naturada göstərdiyi özlərinə məxsus ərazilər bilavasitə həmin Planda qeyd edilmiş sərhədlər daxilində ərazilərə uyğun gəlmişdir. Göstərilənlərə əsasən, iddiaçının yuxarıdakı məzmunda irəli sürdüyü dəlillər əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Bundan əlavə, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Bunlardan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli 10/7754 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İddia təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçıdan dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsindən maneəsiz istifadə edilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar