Məhkəmə qərarları › İş №2-2(121)-239/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-239/2021

15.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-239/2021 15.01.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və qeyrilərinin Cavabdehnə qarşı cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması, pul və maddi ziyanın ödənilməsi və s. tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və qeyriləri Cavabdehnə qarşı cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması, pul və maddi ziyanın ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olduğu halda iddia ərizəsi məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. İddiaçılar isə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməyə kağız daşıyıcıda təqdim etmişdirlər. Yuxarıda göstərilənlərə əsasən, iddiaçılar tərəfindən iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uyğun məhkəməyə təqdim edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Bundan başqa, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən iddia ərizəsinin cavabdehə göndərilməsinə dair sübutun mövcud olduğu müəyyən edilmir. Belə ki, iş materiallarında iddiaçılar tərəfindən X1 göndərilmiş xx.xx.2020-ci il tarixli məktub mövcuddur ki, həmin məktubla iddia ərizəsi fiziki şəxs kimi X1 ünvanlanmışdır. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən fiziki şəxs kimi X1 ünvanlanmış məktub Cavabdeh MMC-yə iddia ərizəsinin çatdırılmasını sübut edən sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eləcə də, iddia ərizəsinə əlavə olunmuş sənədlərin siyahısından, həmçinin əlavə olunmuş sənədlərdən iddiaçıların cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədin mövcud olduğu müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddiaçılar (İddiaçı9) tərəfindən Astara Rayon Məhkəməsinə 30 manat dövlət rüsumu ödənilmiş, lakin iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçılar (İddiaçı9) tərəfindən müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilsə də, həmin dövlət rüsumu Şirvan Kommersiya Məhkəməsinə deyil, Astara Rayon Məhkəməsinə ödənilmiş, başqa sözlə dövlət rüsumu müəyyən edilmiş qaydada ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eyni zamanda, məhkəmə məlumat üçün aşağıda qeyd olunanları iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətlərinə aidiyyəti müəyyən olunmur, iddiaçıların sahibkar olmalarına dair sübutlar iş materiallarına əlavə olunmamışdır və mübahisənin predmeti də mülkiyyət hüquqlarının müdafiəsindən yaranmışdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–in tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci, 10-1.3-cü və 135.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və qeyrilərinin Cavabdehnə qarşı cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması, pul və maddi ziyanın ödənilməsi və s. tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar