Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-2642/2022 28.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Cabbarov İlqar Hidayət oğlu İddiaçı "xxxx" X2 Cavabdeh qarşı torpaq sahəsindən və müəssisəyə aid olan yanacaqdoldurma məntəqəsindən çıxarılması və s. barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X6 Cavabdeh qarşı cavabdehin "xxxx" X3 məxsus olan 0,38 ha torpaq sahəsindən və müəssisəyə aid olan 175 kv.metr yanacaq doldurma məntəqəsindən çıxarılması və ərazidə aparılmış qanunsuz tikililərin sökülməsi, saxta yolla tərtib edilmiş texniki pasportun və mülkiyyət hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin (hakim E.Əmirəliyev) 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" X2 Cavabdeh qarşı cavabdehin "xxxx" X3 məxsus olan 0,38 ha torpaq sahəsindən və müəssisəyə aid olan 175 kv.metr yanacaqdoldurma məntəqəsindən çıxarılması və ərazidə aparılmış qanunsuz tikililərin sökülməsi, saxta yolla tərtib edilmiş texniki pasportun və mülkiyyət hüququnun təsdiq edən sənədlərin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı "xxxx" X2 direktoru X4 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(106)-1893/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(073)-101/2021 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" X2 Cavabdeh qarşı torpaq sahəsindən və müəssisəyə aid olan 175 kv.m. torpaq sahəsindən çıxarılma, yanacaqdoldurma məntəqəsinin qaytarılması, tikililərin sökülməsi tələblərinə dair mülki işin mahiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1893/2022 saylı işinin 2-ci cildinin 14-cü vərəqindən görünür ki, iş üzrə Cavabdeh vəkili X5 ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, iş üzrə cavabdeh X1 03 avqust 2022-ci il tarixdə vəfat etdiyini ərizədə qeyd etmişdir. Cavabdeh ölüm haqqında şəhadətnaməsinin təsdiq olunmuş surəti ərizəyə əlavə edilərək, Şirvan Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur. İş materiallarında olan 11 avqust 2022-ci il tarixli, AZ-İİ 293221 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 03 avqust 2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(106)-1893/2022 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(073)-101/2021 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" X2 Cavabdeh qarşı torpaq sahəsindən və müəssisəyə aid olan 175 kv.m. torpaq sahəsindən çıxarılma, yanacaqdoldurma məntəqəsinin qaytarılması, tikililərin sökülməsi tələblərinə dair mülki işin mahiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, Şirvan Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(106)-1893/2022 saylı məktubu ilə qeyd olunan iş baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Qeyd olunan iş 26 oktyabr 2022-ci il tarixdə 2-2(121)-2642/2022 saylı nömrə ilə yeni iş kimi Şirvan Kommersiya Məhkəməsində qeydiyyata alınmışdır. Göründüyü kimi, Cavabdeh 2(106)-1893/2022 saylı iş Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan zaman vəfat etmişdir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2(106)-1893/2022 saylı iş Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan zaman vəfat etdiyindən və qeyd olunan iş Şirvan Apellyasiya Məhkəməsi tərəfindən baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərildiyi tarixdə artıq cavabdeh vəfat etdiyindən, bununla da Cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan normaya əsasən iddia ərizəsi icraata qəbul olunduqdan və məhkəmə prosesi başladıqdan sonra barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hazırki vəziyyətdə cavabdehin hüquq varisi ilə əvəz edilməsi mümkün deyil. İddiaçıya cavabdehin vərəsələri olduğu təqdirdə, onların vərəsələrinə qarşı iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Bununla bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdehin vərəsələrinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaması halı da mümkündür və gələcəkdə onun tərəfindən ona (onlara) qarşı iddia qaldırıldıqda bu hala diqqət yetirilməlidir. Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin Qərarın 26-cı bəndinə əsasən nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Həmin Qərarın 27-ci bəndinə əsasən fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı "xxxx" X2 Cavabdeh qarşı torpaq sahəsindən və müəssisəyə aid olan yanacaqdoldurma məntəqəsindən çıxarılması və s. tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya Cavabdeh vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-2(121)-2642/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-2642/2022
28.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver