Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(123)-170/2023 28.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov İddiaçı cavabdeh X2 qarşı “obyektinin sökülməsinə görə dəyən maddi və mənəvi zərərin kompensasiyasının ödənilməsi və ona məxsus torpaq sahəsinin geri qaytarılması” tələbi barədə iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n е t d i: İddiaçı 24 avqust 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh X1 məhkəmə xərclərinin və rüsumun tutulmasına, obyektinin sökülməsinə görə dəyən maddi və mənəvi zərərin kompensasiyasının ödənilməsinə və ona məxsus torpaq sahəsinin geri qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsi elektron qaydada məhkəməyə təqdim edilməmiş və mübahisənin məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət etməmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri poçt vasitəsilə məhkəməyə ünvanlamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 24.2.-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 26.1- ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisədə iddiaçı iddiasının kommersiya mübahisəsi olduğunu təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla işin kommersiya mübahisəsi olduğu müəyyən edilməlidir. Yəni, iddiaçı işdə iştirak edən şəxslərin subyektiv tərkibi kimi özünün və cavabdehin kommersiya mübahisələrinin mümkün subyekti (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) olduğunu təsdiq edən sənədləri, həmçinin mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri kimi iddiaçı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə (kommersiya mübahisəsi) olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla əlaqədar olaraq məhkəmə bildirir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının: - 10-cu bəndinə əsasən 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. - 11-ci bəndinə görə o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmçinin, məhkəmə bildirir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə “Vergi ödəyicilərinin məlumatları” sorğu edilməklə hazırkı iş üzrə həm iddiaçının, həm də cavabdehin vergi ödəyicisi olub-olmadığı araşdırılmış və hər ikisinin vergi ödəyicisi olmadığı müəyyən edilmişdir. (“AZEMİS” Elektron Məhkəmə İnformasiya sisteminin “Vergi ödəyicilərinin məlumatları” hissəsindən edilmiş müvafiq çıxarışlar işə əlavə edilir) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisə kommersiya mübahisəsi olmadığından və iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən məhkəməyə təqdim edildiyindən, İddiaçı cavabdeh X2 qarşı “obyektinin sökülməsinə görə dəyən maddi və mənəvi zərərin kompensasiyasının ödənilməsi və ona məxsus torpaq sahəsinin geri qaytarılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmədiyindən məhkəmə bu məsləyə toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh X2 qarşı “obyektinin sökülməsinə görə dəyən maddi və mənəvi zərərin kompensasiyasının ödənilməsi və ona məxsus torpaq sahəsinin geri qaytarılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin geri qaytarılmasına dair qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəmə aidiyyəti qaydalarına riayət olunmaqla müvafiq ümumi məhkəməyə müraciət edilə bilər. Qərardaddan onun tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №2-2(123)-170/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(123)-170/2023
28.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver