Məhkəmə qərarları › İş №2-2(3-1)-14/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(3-1)-14/2026

03.06.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-2(3-1)-14/2026 03.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə (Açar sözlər: nümayəndəlik səlahiyyətləri, hüquqi şəxsin nümayəndəsi, iddia ərizəsinin imzalanması, mütləq prosessual pozuntu, iddianın baxılmamış saxlanılması) iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: I. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət

1. Iddiaçı “X1” MMC (bundan sonra-“iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsindən (bundan sonra-“cavabdeh”) 1.221.843,95 manat əsas borc və 1401 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında şifahi razılaşma əsasında malın, işlərin və xidmətlərin göstərilməsi barədə razılıq olmuşdur. Müqaviləyə əsasən iddiaçı cavabdehi (sifarişçini) mal-materialla təmin etməyi, sifarişçi isə həmin xidmətləri qəbul edib, razılaşdırılmış qaydada mal-material haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən razılaşma üzrə yaranmış öhdəliklər yerinə yetirilməmiş, mal-material haqqı tam şəkildə ödənməmiş və bunun nəticəsində 2023-cü il ## #### tarixə iddiaçıya 1.221.843,95 manat borc yaranmış, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq qeyd edilən borc məbləği ödənilməmiş qalmış, borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə təsdiq olunmuşdur.

3. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, cavabdehin mülki məsuliyyətinin yaranması üçün MM-in 1096 və 1097-ci maddələrində nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, cavabdehin qanunsuz hərəkəti və qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunmur. Həmin borcun yaranması idarənin hərəkət və ya hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquq müəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənilmişdir. Iddia edilən borcun yaranma səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur.

4. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** nömrəli, 2025-ci il ## ###### tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Q.Məmmədov). II. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, birinci apellyasiya baxışında icraat a) Şikayətinin dəlilləri

5. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Mülki Məcəllənin 1096.1 və 1097-ci maddələri üzrə-mülki qanunvericiliyin müəyyən edilmiş normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Cavabdehin mülki məsuliyyətinin yaranması üçün istinad olunan normalarda nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, cavabdehin qanunsuz hərəkəti və bu hərəkət nəticəsində iddiaçıya ziyan vurulması faktı iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdehin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranmasını müəyyən edən maddi hüquq normaları müəyyən edilmir. Həmin borcun yaranması cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində deyil, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün cavabdehə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında iddiaçıya ödənilmişdir. Iddia edilən borcun yaranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur. Qətnamənin əsaslandırıcı hissəsində cavabdehin nümayəndəsi tərəfindən borcun yaranması səbəblərinin eyni qaydada yuxarıda qeyd edildiyi kimi olduğu müəyyən edilir. Qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirləri də doğrudur. Ancaq nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi həmin borcun olduğunu etiraf etsə də, bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərir və bu səbəbin cavabdehdən asılı olmayaq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranması müəyyən edilir ki, burada da cavabdehin hər hansı təqsiri olması qeyd edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.1 və 14.2-ci maddələri üzrə - qətnamənin əsaslandırıcı hissəsində iddiaçının cavabdehdən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaçı tərəfindən sübut kimi təqdim olunan elektron qaimə sənədləri göstərilir, halbuki həmin elektron qaimə sənədlərinin hazırlanmasında malların qiymətləri mübahisənin əsas predmeti olan ƏDV daxil edilməklə hesablanmışdır ki, bu da cavabdehin təqsiri olmadan baş verdiyi üçün cavabdehin mülki hüquq pozuntusu üçün məsuliyyətinin yaranmasını sübut edən dəlil kimi müəyyən edilə bilməz. Iddiaçı tərəfindən iddia edilən borcun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsi yalnız məhkəmə maliyyə ekspertizasının təyin edilməsi ilə mümkün ola bilərdi. Eyni zamanda mülki mübahisənin yaranmasının əsas obyekti olan müvafiq qərarın və ya digər hüquqi aktın sübut kimi əldə edilməsi üçün prosessual hərəkətlərin təmin edilməsinə ehtiyac olmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması üzrə - iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. Iddiaçının iddia tələbinin və cavabdehin təqsirli hesab olunan mülki hüquq pozuntusunu müəyyən edən hüquqi əsaslar müəyyən edilməmişdir.

7. Naxçıvan MR Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## #### tarixli, *- *(***)-**/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim S.Bəylərli, hakimlər S.Qarayev və M.Əliyev). III. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, kassasiya instansiyasında icraat

8. Cavabdeh kassasiya şikayəti verərək, Naxçıvan MR Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MM-in 6, 14, 324, 389-cu maddələri üzrə-tərəflər arsında mülki hüquq münasibətlərini tənzimləyən müqavilə olmamışdır. Məhkəmə tərəflər arasında üzləşmə aktının olması əsası ilə müqavilənin şifahi formada bağlanıldığını qeyd etmişdir. Halbuki, MM-in müvafiq normasından da aydın olur ki, öhdəliklərin yaranma əsaslarından biri və ən əhəmiyyətlisi də məhz müqavilədir. Məhkəmə qətnaməsində istinad olunan və qətnamənin (birinci instansiya) çıxarılmasına və iddianın təmin olunmasına əsas olan üzləşmə aktı müqavilənin sonrakı addımı kimi qiymətləndirilməli olan sənəddir və əgər müqavilə yoxdursa həmin sənədin də heç bir hüquqi əhəmiyyəti yoxdur. Yəni həmin üzləşmə aktı tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmasını təsdiq edə bilməz. Həmin akt ilə tərəflər arasında hər hansı öhdəliklərin olması belə öz təsdiqini tapmır. Çünki müqavilədə məhz müqavilənin predmetinin nədən ibarət olması, tərəflərin həmin müqavilə üzrə hansı öhdəliklərinin müəyyən olunması konkret olaraq qeyd edilməlidir. Həmçinin məhkəmə üzləşmə aktının mövcud olmasının müqavilənin şifahi bağlanılması kimi qiymətləndirilməsi də əsassızdır. Belə ki, hər iki tərəf (mübahisə tərəfi) hüquqi şəxsdir və hər bir halda hər iki hüquqi şəxs arasında mütləq şəkildə yazılı müqavilə bağlanılmalı və eyni zamanda tərəflərin imza və möhürləri ilə təsdiq edilməli idi. Hazırki işdə isə belə bir müqavilə mövcud deyildir. Halbuki, işə baxan məhkəmə məhz tərəflər arsında müqavilə münasibətlərinin olub-olmadığını aydınlaşdırmalı olduğu halda buna hüquqi qiymət verməmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Naxçıvan MR Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. IV. Apellyasiya şikayətinə yenidən baxılması. a) Işin yenidən apellyasiya icraatına qəbulu.

11. Yenidən baxılması üçün kommersiya işi apellyasiya şikayəti ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının icraatına “03” mart 2026-cı ildə daxil olmuşdur. V. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. 5.1-ci maddəsinə görə istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər;

13. 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir;

14. 43.1-cü maddəsi ilə müəyyən edilir ki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır;

15. 44.1-ci maddəsinin tələbinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir;

16. 48.1-ci maddəsinin tələbinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir;

17. 53-cü maddəsində göstərilir ki, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. b) Azərbaycan Respublikası Vergilər Məcəlləsi 18.

19. 34.6-cı maddəsinə əsasən hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan X8 nömrəsi (VÖEN) verilir. b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

20. 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;

21. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

22. 50.1-ci maddəsində qeyd edilir ki, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər;

23. 69.1-ci maddəsinin tələbinə görə hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir;

24. 69.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir;

25. 259.0 və 259.0.3-cü maddələrinin mahiyyətinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır.

c) “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli, ** nömrəli qərarı

26. 6.2-ci bəndində qeyd edilir ki, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır.

27. 6.3-cü bəndində göstərilir ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi halında Mülki- Prosessual Məcəllənin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir. VI. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsini cavabdeh tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsi tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.

31. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdehin müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğv yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır.

VII. Məhkəmə kollegiyasının mövqeyi

32. Kollegiya mülki iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlanılmasını müəyyən etdiyindən, ilkin olaraq mübahisə predmeti olan məhkəmə aktının bu meyar əsasında yoxlanılması həyata keçirilməli, müsbət nəticə əldə edildiyi halda apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onun maddi hüquq normalarına uyğunluğu yoxlanılmalıdır.

33. Buna müvafiq olaraq kollegiya bildirir ki, hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki- Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir.

34. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

35. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

36. Sonuncu qeyd edilən prosessual normanın tələbindən də görünür ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, yəni bu hüququn məhdudiyyətə məruz qalması istisna edilmir.

37. Bu hüququn mütləq olmamasını Mülki-Prosessual Məcəllənin 151.1-ci maddəsinin məzmunundan da müəyyən etmək mümkündür ki, sözügedən prosessual normaya görə icraatın başlanmasına əsas olan iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

38. Göründüyü kimi bu hüquqa olan məhdudiyyətlərin əsasını şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə məhkəməyə müraciət etməsi təşkil edir.

39. Iddia ərizəsinin qanunvericiliyin tələblərinə əməl edilməklə verilməsi şərtlərini mülki prosessual qanunvericiliyin normaları əsasında qruplaşdırdıqda isə bunlara iddia ərizəsinin aidiyyətinin düzgün seçilməsi, icraatın başlanmasına səbəb olan prosessual sənədin (ərizənin, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin) mülki prosessual qanunvericiliklə müəyyən edilmiş formada və məzmunda tərtibi, onun səlahiyyətli şəxs tərəfindən imzalanması, həmçinin ona əlavə olunması zəruri olan sənədlərin iddia ərizəsinə əlavə edilməsini aid etmək olar.

40. Iddia ərizəsinin verilməsinin qanunauyğun qaydada həyata keçirilməsinin yoxlanılması məqsədi ilə mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsi üçün 5 günlük müddət müəyyən edir (MPM maddə 151.3).

41. Qeyd edilənlərin mahiyyətindən aydın olur ki, məhkəməyə iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır.

42. Iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsini prosessual qanunvericiliyin tələbləri ilə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, icraatın başlanmasına səbəb olan prosessual sənədin məzmunu nümayəndəlik səlahiyyətləri baxımından Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 69.2, 149 və 151-ci maddələrinin tələblərinə cavab vermir.

43. Belə ki, iş materiallarının araşdırılmasından görünür ki, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti adından ## ###### 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə təqdim edilmiş iddia ərizəsi nümayəndə nümayəndə2 tərəfindən imzalanmışdır. Iddia ərizəsinə hüquqi şəxs adından verilmiş etibarnamə əlavə edilsə də, həmin nümayəndənin Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə nümayəndəlik etmək hüququnun və iddia ərizəsini imzalamaq səlahiyyətinin olubolmaması kollegiya tərəfindən ilkin olaraq yoxlanılmalı idi.

44. Burada ilk növbədə o hüquqi məsələyə aydınlıq gətirilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı ilə əvvəlki apellyasiya qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün geri qaytarılması və iş üzrə müəyyən göstərişlərin verilməsi, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin mütləq və qeyd-şərtsiz prosessual əsaslarının yoxlanılmasına maneə törətmir. Belə ki, kassasiya instansiyası məhkəməsinin qeyd olunan qərarındakı göstərişlər mahiyyət bəxşindən sırf maddi-hüquqi xarakter daşımaqla, tərəflər arasındakı müqavilənin dövlət satınalmaları qanunvericiliyi baxımından etibarlılığının və əsassız varlanma normaları çərçivəsində vicdanlılıq meyarının araşdırılmasına yönəlmişdir. Lakin maddi hüquq normalarının tətbiqi və bu barədə kassasiya göstərişlərinin icrası yalnız o halda mümkündür ki, məhkəmənin icraatında qanunvericiliyin tələblərinə uyğun olaraq qaldırılmış və səlahiyyətli şəxs tərəfindən imzalanmış qanuni bir iddia ərizəsi mövcud olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinin imperativ tələbi, şikayətin dəlillərindən və işin əvvəlki maddihüquqi mübahisə tarixindən asılı olmayaraq, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət edilib-edilməməsini yoxlamaq barədə kollegiyanın üzərinə mütləq vəzifə qoyur. Iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması isə məhkəmə icraatının qanuniliyini şərtləndirən fundamental və ilkin prosessual şərt olduğundan, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi bu prosessual qüsuru sərbəst şəkildə qiymətləndirmək və müvafiq nəticəyə gəlmək hüququndadır.

45. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinin imperativ tələbinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri (rəhbəri), yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Bu baxımdan, vəkil statusu olmayan bir şəxsin hüquqi şəxsin nümayəndəsi qismində çıxış etməsi və onun adından prosessual sənədləri imzalaması üçün həmin şəxsin iddia ərizəsinin verildiyi tarixdə (## ###### 2024-cü il) həmin müəssisədə rəsmi əmək müqaviləsi ilə çalışan işçi olması mütləq hüquqi şərtdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli, ** nömrəli qərarının 6.2-ci bəndinə müvafiq olaraq, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə ilə yanaşı, onun hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd əlavə edilməlidir.

46. Kollegiya müəyyən edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən nümayəndə nümayəndə2 “X1” Məhdud Məsuliyyətli Cəmiyyətində işləməsini təsdiq edən hər hansı iş yerinə dair rəsmi arayış və ya əmək müqaviləsi bildirişi iş materiallarına əlavə edilməmişdir.

47. Işin bu faktiki halının yoxlanılması məqsədilə "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə nümayəndə2 əmək müqaviləsi bildirişləri nəzərdən keçirilmiş və müəyyən edilmişdi ki, nümayəndə2 rəsmi qeydiyyatda olan aktiv 3 (üç) iş yeri mövcuddur: - “CAHAN HOLDINQ” X7 (VÖEN: 0200375181) - vəzifəsi şöbə müdiri; - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 0200880641) - vəzifəsi hüquqşünas; - “xxxx” Mənzil Tikinti Kooperativi (VÖEN: 0201087131) - vəzifəsi hüquqşünas/baş hüquqşünas.

48. Göründüyü kimi, nümayəndə nümayəndə2 aktiv əmək münasibətlərində olduğu hüquqi şəxslərin siyahısında iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud deyil.

49. Iş materiallarında mövcud olan, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti adından verilmiş etibarnamədə nümayəndə nümayəndə2 vəzifəsi həmin MMC-nin "hüquqşünas"ı olaraq göstərilsə də, həmçinin nümayəndə2 hazırkı məsələyə münasibət bildirərkən “CAHAN HOLDINQ” X9 hüquqşünası olduğunu və “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin də bu KŞI-nın tərkib hissəsi olduğunu bildirsə də, bu qeydlər özlüyündə şəxsin həmin hüquqi şəxslə Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinin tələb etdiyi mənada birbaşa əmək münasibətlərində olmasını təsdiq edən hüquqi sübut rolunda çıxış edə bilməz.

50. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən əldə edilmiş reyestr məlumatlarından görünür ki, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil olaraq ********** VÖIN ilə, “Cahan Holdinq” X7 isə 0200375181 VÖEN ilə tam fərqli vergi uçotuna malik, ayrıca mülki hüquq subyektləridir. Mülki Məcəllənin hüquqi şəxslərin müstəqilliyi prinsiplərinə və Mülki-Prosessual Məcəllənin imperativ normalarına əsasən, fərqli VÖEN-ə malik bir hüquqi şəxsin (“Cahan Holdinq” KŞI) ştatlı işçisi (şöbə müdiri) olan şəxsin, digər müstəqil hüquqi şəxs olan iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birbaşa əmək müqaviləsi və aktiv əmək münasibətləri qeydiyyatı olmadığı təqdirdə, etibarnamədə sadəcə "hüquqşünas" yazılması və ya holdinq tabeliyi barədə arayış təqdim edilməsi ona hüquqi şəxs adından məhkəmə sənədlərini imzalamaq və iddia qaldırmaq səlahiyyəti vermir.

51. Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron portalının məlumatlarından isə açıq-aydın görünür ki, “Cahan Holdinq” X11 (qeyri-kommersiya təşkilatlarının birliyi qismində) və iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (kommersiya qurumu qismində) tamamilə ayrı-ayrı dövlət qeydiyyatı olan, fərqli VÖEN-lərə malik olan müstəqil hüquqi şəxslərdir.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Həmin Məcəllənin 48.1-ci maddəsinə və Vergilər Məcəlləsinin 33.1 və 34.6-cı maddələrinə əsasən, hər bir hüquqi şəxs müstəqil olaraq vergi orqanlarında uçota alınır və ona vahid olan X8 Nömrəsi (VÖEN) verilir.

53. Mülki Məcəllənin 53-cü maddəsinin mənasına görə, holdinq tərkibində təsisçi və ya iştirakçı olmaq həmin şirkətlərin hüquq subyektliyini birləşdirmir. Bir müstəqil hüquqi şəxsin (“Cahan Holdinq”in) işçisi olan şəxs, digər müstəqil hüquqi şəxslə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə) Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinə uyğun birbaşa əmək münasibətlərinə malik olmadıqda, onun adından məhkəməyə müraciət edə və prosessual sənədləri imzalaya bilməz.

54. Beləliklə, iddia ərizəsinin verildiyi və imzalandığı ## ###### 2024-cü il tarixdə nümayəndə2 iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olması, qanunla və ya təsis sənədləri ilə təşkilatı nümayəndəliksiz təmsil etmək hüququnun (direktor statusunun) olması və vəkil statusuna malik olması sübuta yetirilmir. Bu isə o deməkdir ki, iddia ərizəsi qanunla səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış və təqdim edilmişdir.

55. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.3-cü maddələrinin imperativ tələbinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarının 6.2-ci bəndində də göstərilmişdir ki, nümayəndənin hüquqi şəxsin işçisi olmasını təsdiq edən qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Həmin qərarın 6.3cü bəndinə görə, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə, məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının (hüquqi şəxsin rəhbərinin) gəlib iddianı müdafiə etməsi belə, ərizənin baxılmamış saxlanılması zərurətini istisna etmir. Buna baxmayaraq hazırkı vəziyyətdə bu hal belə mövcud deyil(hüquqi şəxsin rəhbəri prosesdə iştirak etməmişdir).

56. Kollegiya bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.

57. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.

58. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir.

59. Iş materiallarını qanunvericiliyin yuxarıda qeyd olunan prosessual normalarının tələbləri ilə qarşılıqlı şəkildə yoxlayan kollegiya bildirir ki, məhkəmə baxışı iclaslarında iddiaçının nümayəndəsinin hüquqi şəxsi təmsil etmək və onun adından prosessual sənədləri imzalamaq səlahiyyətinin qanunvericiliyin tələblərinə uyğun olmadığı halda, birinci instansiya məhkəməsinin bu qüsuru diqqətdən qaçıraraq işə mahiyyəti üzrə baxması və qətnamə qəbul etməsi mülki prosessual qanunvericiliyin tələblərinə köklü şəkildə ziddir. Belə ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmalı olmadığı halda, yəni iddianın baxılmamış saxlanılması üçün mütləq əsaslar mövcud olduğu üçün baxıb qətnamə çıxardığına görə prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Hazırda işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi müəyyən edir ki, hələ ## ###### 2025-ci il tarixdə birinci instansiya məhkəməsinin qətnamə qəbul etdiyi dövrdə mövcud olan faktiki və hüquqi şərait, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə2 Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinə uyğun imperativ təmsilçilik statusunun olmaması səbəbindən, iddia ərizəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı borcun tutulmasına dair iş üzrə qəti olaraq baxılmamış saxlanılması üçün birbaşa və qeyd-şərtsiz əsas idi.

60. Yuxarıda göstərilənlərin nəticəsi olaraq kollegiya belə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli və “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 384.0 və 384.0.5-ci maddələrinin mahiyyətinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1–259.0.5ci və 259.0.8–259.0.12-ci maddələrini müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; - 385.1 and 385.1.1-ci maddələrinin mahiyyətindən görünür ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir; - 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun; - 387.2 və 387.2.8-ci maddələrindən müəyyən edilir ki, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

61. Qeyd edilənlərin ümumi nəticəsi olaraq kollegiya cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinin səlahiyyətli nümayəndəsi nümayəndə1 Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini qismən, yəni məhkəmə aktının ləğv edilməsinə dair hissədə əsaslı hesab edir.

62. Apellyasiya şikayətinin qalan hissəsinə, yəni iddianın rədd edilməsi və yaxud Azərbaycan Respublikası Ali Məhkəmənin kassasiya qərarındakı dövlət satınalmaları müqaviləsinin etibarsızlığı və əsassız varlanma normalarına uyğun qiymətləndirilməsinə münasibətdə kollegiya bildirir ki, apellyasiya məhkəməsi prosessual normanın pozuntusunu əsas tutaraq qətnamənin ləğv olunması, eyni zamanda iddiaçının ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlir, yəni işə mahiyyəti üzrə baxmır. Iddianın rədd edilməsi və ya maddi-hüquqi xarakterli digər nəticələr mahiyyət üzrə həll sayıldığından, kollegiya hazırda iddianın maddi hüquq cəhətdən əsaslı olub-olmaması (borcun ƏDV daxil və ya xaric hesablanması, satınalma prosedurları və vicdanlılıq meyarları) barədə hər hansı yekun qərar qəbul edə bilməz.

63. Kollegiya “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər qarşı borcun tutulması tələbinin baxılmamış saxlanılması nəticəsinə gəldiyindən bildirir ki, Mülki-Prosessual Məcəllənin 260.2-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanılmasına dair qərardadda həmin Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların, yəni hüquqi şəxs adından iddia ərizəsini imzalayan nümayəndənin Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinə uyğun olaraq müəssisə ilə birbaşa əmək münasibətlərini təsdiq edən əmək müqaviləsi bildirişinin və ya vəkillik statusunun necə aradan qaldırılması göstərilməlidir.

64. Həmçinin həmin Məcəllənin 260.4-cü maddəsinə görə isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.

65. Bu prosessual normalar iddianın baxılmamış saxlanılmasından sonra iddiaçının yenidən iddia ərizəsi ilə birinci instansiya məhkəməsinin icraatına müraciət etmək hüququnu itirməməsini ifadə edir. Yəni “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti bu qərardadda göstərilən prosessual halları aradan qaldıraraq (müvafiq qaydada vəkil cəlb etməklə və ya iddia ərizəsini müəssisənin qanuni rəhbəri tərəfindən imzalamaqla) təkrar məhkəməyə müraciət edə bilər.

66. Məhkəmə xərclərinin bölgüsü məsələsinə gəldikdə kollegiya bildirir ki, iş materiallarına görə iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinə müraciət edilərkən ## ####### 2024-cü il tarixli, ********** nömrəli qəbzlə 1398.90 (bir min üç yüz manat, doxsan səkkiz qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir. Bununla yanaşı, apellyasiya icraatı zamanı iş üzrə keçirilmiş məhkəməmühasibatlıq

67. ekspertizası ilə bağlı olaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir.

68. Həmçinin iş materiallarının və apellyasiya şikayətinin elektron qeydiyyat məlumatlarının yoxlanılması zamanı müəyyən edilir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsi tərəfindən apellyasiya şikayəti verilərkən iki dəfə dövlət rüsumu ödənilmişdir. Belə ki, cavabdeh tərəfindən həm ## #### 2025-ci il tarixdə X3 vasitəsilə ********** nömrəli qəbzlə 700.81 (yeddi yüz manat, səksən bir qəpik) manat, həm də ## #### 2025-ci il tarixdə ***********/********* nömrəli qəbzlə daha bir 701,86 (yeddi yüz bir manat səksən altı qəpik) manat dövlət rüsumu ödənişi həyata keçirilmişdir.

69. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə müvafiq olaraq, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Hazırkı iş üzrə iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün baxılmamış saxlanıldığından, məhkəmə xərclərinin (həm dövlət rüsumunun, həm də işə baxılması ilə əlaqədar məsrəflərin) rəsmiləşdirilməsi sözügedən Məcəllənin 114, 115 və 119-cu maddələrinin tələblərinə uyğun olaraq həll edilməlidir.

70. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin imperativ tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 1398.90 (bir min üç yüz manat, doxsan səkkiz qəpik) məbləğində dövlət rüsumunun iddiaçıya tam həcmdə geri qaytarılması qərara alınmalıdır.

71. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti prosessual əsaslarla təmin edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və cavabdeh tərəfindən ikiqat rüsum ödənildiyi faktı rəsmi təsdiqini tapdığından, hər iki rüsum məbləği cavabdehə geri qaytarılmalıdır.

72. Belə ki, Mülki-Prosessual Məcəllənin 114.1.1-ci maddəsinə (qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə) və 114.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən həm ## #### 2025-ci il tarixdə X3 vasitəsilə ********** nömrəli qəbzlə 700.81 (yeddi yüz manat, səksən bir qəpik) manat, həm də ## #### 2025-ci il tarixdə ***********/********* nömrəli qəbzlə daha bir 701,86 (yeddi yüz bir manat səksən altı qəpik) manat dövlət rüsumu tam həcmdə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə geri qaytarılmalıdır.

73. Iş üzrə çəkilmiş və Mülki-Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aid edilən 60 (altmış) manat məbləğində məhkəməmühasibatlıq ekspertizası xərci isə iddiaçının nümayəndəsinin qanunsuz (səlahiyyətsiz) nümayəndəlik fəaliyyəti və prosessual xətası nəticəsində işin baxılmamış saxlanılmasına səbəb olduğu üçün, həmin Məcəllənin 119.1-ci maddəsinin mənasına (məhkəmə xərcləri işdə iştirak edən şəxslərə aid edilir) uyğun olaraq bütövlükdə iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır.

74. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

75. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir.

76. Beləliklə,yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 260, 263, 264, 365, və 402.2-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinin apellyasiya şikayəti (qətnamənin ləğv edilməsinə dair hissədə) qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin. “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı 1.221.843,95 manat əsas borc və 1401 manat dövlət rüsumunun ödənilməsinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılsın. Iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin ki, iddianın baxılmamış saxlanılmasına səbəb olmuş şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia ərizəsi verilərkən ## ####### 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 1398.90 (bir min üç yüz manat, doxsan səkkiz qəpik) məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Cavabdeh tərəfindən həm ## #### 2025-ci il tarixdə X3 vasitəsilə ********** nömrəli qəbzlə 700.81 (yeddi yüz manat, səksən bir qəpik) manat, həm də ## #### 2025-ci il tarixdə ***********/********* nömrəli qəbzlə daha bir 701,86 (yeddi yüz bir manat səksən altı qəpik) manat dövlət rüsumu tam həcmdə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə geri qaytarılsın. Iş üzrə çəkilmiş və işə baxılması ilə əlaqədar məsrəflərə aid edilən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 60 (altmış) manat iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X5 MR Idarəsindəki (kodu- 502906, VÖEN 9900071001, müxbir hesabı AZ88NABZ01451700000000012944, SWIFT BIK-NAXCAZ21), Naxçıvan MR Maliyyə Nazirliyi (VÖEN 0200003621, hesab AZ21NABZ12360100000000005944), (büdcə təsnifat kodu 142330, büdcə səviyyəsinin kodu 2) hesaba ödənilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar