Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-12/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı iddia tələbi üzrə (Açar sözlər: kredit borcunun tutulması, sübutların qiymətləndirilməsi, ekspertiza rəyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi nümayəndə1, cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkili) nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (bank) ilə Cavabdeh (borcalan) arasında ## ######## 2020-ci il tarixdə ***/M nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin 1.2-ci, 1.3-cü və 2.1-ci bəndlərinə görə bank, dövriyyə vəsaitinin artırılması məqsədilə illik 6% hesablanmaq şərtilə 700 000 ABŞ dolları məbləğində krediti 18 ay müddətinə borcalana verməyi, borcalan isə krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada onu faizləri ilə birlikdə geri qaytarmağı öhdələrinə götürmüşlər.
2. Müqavilənin 3.1-ci bəndinə görə, borcun qaytarılması ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 393,5 m2 olan ** nömrəli mənzil ilə təmin olunur.
3. Müqavilənin 5.2-ci bəndinə görə, borcalana verilən kreditin qaytarılması faizlər rüblük, əsas məbləğ müddət ərzində ödənilməklə ##.##.2022-ci il tarixinə kimi tam ödənilməlidir. Ödəniləcək kredit, o cümlədən ona hesablanmış faizlər, borcverənin hesabına ödənilir və ya köçürülür; 5.5-ci bəndinə görə gecikdirilmiş borc yarandıqda borcalan borc verənə gecikdirilmiş gün üçün icra edilmiş öhdəliyin 0,01% miqdarında vaxtı keçmiş faiz ödəyir.
4. Bank tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına görə, ##.##.2020-ci il tarixli ***/M nömrəli kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixinə yaranmış əsas borc 538 985,65 ABŞ dolları, faiz borcu 19 223,86 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 74 859,12 manat təşkil edir.
5. Kredit müqaviləsi üzrə bank hesabından çıxarışa əsasən, 700 000 ABŞ dolları vəsait ##.##.2020-ci il tarixdə bank tərəfindən borcalanın hesabına köçürülmüş, ##.##.2021-ci il tarixdə 37 286,71 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 155 820 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 56 000 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə ödənişlər edilmişdir.
6. ##.##.2020-ci il tarixli ödəniş tapşırığına görə 700 000 ABŞ dolları məbləğində pul borcalanın bank hesabından “Fortressbank”a köçürülmüşdür (ödənişin təyinatı: **-**/** saylı ##.##.2020-ci il tarixli müqavilə üzrə kompüter hissələri üçün avans).
7. X1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 393,5 m2 olan ** nömrəli mənzil ## ######## 2020-ci il tarixli ***/M nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı qismində ##.##.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsi əsasında bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka yüklülüyü ##.##.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış, ##.##.2022-ci il tarixdə bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə Cavabdeh və X3 bildiriş ünvanlanmış, lakin bankın ##.##.2022-ci il tarixli məktubu əsasında əmlak üzərindəki ipoteka yüklülüyü ləğv olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı ASC-nin (iddiaçı) ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 633 068,63 ABŞ dolları borcun (538 985,65 ABŞ dolları əsas, 19 223,86 ABŞ dolları faiz borcu və MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 74 859,12 ABŞ dolları), 1328,11 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış ## ######## 2020-ci il tarixli ***/M nömrəli kredit müqaviləsinə əsasən “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 700 000 (yeddi yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən, müqavilənin * saylı Əlavəsinə uyğun olaraq kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə borcalana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə borcverən borcalanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək borcalanın vəzifəsidir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **-*/*H-**-****/**** saylı ##.##.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2025-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 633 068,63 (altı yüz otuz üç min altmış səkkiz dollar 63 sent) ABŞ dolları təşkil edir. Bundan 538 985,65 (beş yüz otuz səkkiz min doqquz yüz səksən beş dollar 65 sent ) ABŞ dolları əsas, 19 223,86 (on doqquz min iki yüz iyirmi üç dollar 86 sent) ABŞ dolları faiz borcu və MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 74 859,12 (yetmiş dörd min səkkiz yüz əlli doqquz dollar 12 sent) ABŞ dolları təşkil edir.
10. Cavabdehin nümayəndəsi (vəkili) məhkəməyə yazılı etiraz verib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını, X4 barəsində xüsusi qərardad çıxarılıb aiddiyəti prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ***/M saylı ##.##.2020-ci il tarixli kredit müqaviləsi ##.##.2022-ci ilə qədər qüvvədə olmuşdur. Bundan əlavə iş materiallarına əlavə edilən sənədlərdən görünür ki, guya Cavabdeh tərəfindən həmin pul vəsaiti Kanadada yerləşən şirkətə ödənilib. Halbuki, ödəniş tapşırıqlarında olan imza Cavabdeh məxsus deyildir. Buna dair məhkəməyə vəsatət verilmiş və xətşünaslıq ekspertizasının keçirilməsi tələb edilmiş, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Ödənişlərin Cavabdeh tərəfindən həyata keçirilməməsi danılmazdır. Belə ki, o, yalnız Natiq Sultanovun nümayəndəsi qismində ***/M saylı müqavilə üzrə 150 000 ABŞ dolları məbləğində ödəniş etmiş, digər pul vəsaitləri onun tərəfindən ödənilməmişdir. Əlavə olaraq, iş materiallarında əks olunmuş digər sənədlərə əsasən, guya 2022-ci ilin oktyabr ayında 700 000 (yeddi yüz min) ABŞ dolları xarici mənbədən İddiaçı ASC-yə qaytarılmış və bu məbləğ tam şəkildə nağd olaraq Cavabdeh təqdim edilmişdir. Bu iddia reallığı əks etdirmir, belə ki, qeyd edilən tarixdə tərəflər arasında olan kredit müqaviləsi artıq qüvvəsini itirmişdi və bu halda İddiaçı ASC tərəfindən Cavabdeh hər hansı məbləğdə vəsaitin verilməsi nə hüquqi, nə də iqtisadi baxımdan əsaslandırıla bilər. Eyni zamanda, qeyd edilən məbləğin kassadan çıxarılaraq Cavabdeh təqdim edilməsinin hər hansı hüquqi bazası mövcud deyildir. Bu baxımdan, əgər formal olaraq belə bir təqdim etmənin baş verdiyi iddia olunursa, bu hal yalnız əsassız varlanma kimi qiymətləndirilə bilər ki, bu barədə iddia müddəti qanunvericiliyə əsasən iki il təşkil edir. Bütün bu faktlar nəzərə alınaraq iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmalıdır. Həmçinin Cavabdeh verdiyi ifadələrə əsasən, onun Elmir Həsənov tərəfindən aldadılaraq sənədlərin imzalatdırılması ona dəlalət edir ki, həmin pul vəsaitləri həmin dövr bankın sabiq rəhbərliyi tərəfindən mənimsənilmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alınaraq iddia tələbi rədd edilməli və Elmir Həsənov barəsində qeyd edilmiş faktın araşdırılması üçün xüsusi qərar çıxarılıb aiddiyəti prokurorluq orqanlarına göndərilməlidir.
12. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi (Məhkəmə Ekspertiza Mərkəzi) tərəfindən verilmiş ## #### 2025-ci il tarixli rəydə göstərilmişdir ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan hesabdan çıxarış məlumatları və ##.##.2020-ci il tarixli ***/M saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 6%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz hesablanmaqla Cavabdeh ##.##.2022-ci il tarixədək (kredit müqaviləsinin son tarixi) banka olan faiz və əsas borcu 740 016,64 ABŞ dolları məbləğində və ##.##.2025-ci il tarixədək (sualda göstərilən tarix) banka olan faiz borcu tam ödənilmiş, əldən çıxmış fayda və əsas borcu 602 507,23 ABŞ dolları məbləğində müəyyən edilir. ##.##.2022-ci il tarixə əsas borcu 699 999,97 ABŞ dolları, faiz borcu 40 016,67 ABŞ dolları (illik 6%-lə), ##.##.2025-ci il tarixə əsas borcu 528 196,64 ABŞ dolları, faiz borcu 0.00 ABŞ dolları (illik 6 %-lə), əldən çıxmış fayda borcu 74 310,59 ABŞ dolları (illik 5%-lə) təşkil edir.
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ## #### 2025-ci il tarixli ekspert rəyinə etiraz etmədiyini bildirmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verib iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
15. Birinci instansiya məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ## ######## 2020-ci il tarixli kredit müqaviləsi üzrə 528 196,64 ABŞ dolları əsas borc, 74 310,59 ABŞ dolları illik beş faizlə hesablanmış faiz borcu, ümumilikdə 602 507,23 ABŞ dollarının (altı yüz iki min beş yüz yeddi dollar iyirmi üç sent) (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 1302,13 (bir min üç yüz iki manat on üç qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 200 manat ekspertiza xərcinin Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Ödənilməli olan kredit məbləği məhz məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməklə müəyyən edilməli, rəylə müəyyən edilmiş 528 196,64 ABŞ dolları əsas borc, 0.00 ABŞ dolları faiz borcu məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan, iddiaçının həmin tələbi də əsaslıdır, iddia bu hissədə qismən təmin edilməli, illik 5 faizlə hesablanan faiz borcunun məbləği ## #### 2025-ci il tarixli ekspert rəyinə uyğun olaraq müəyyən olunmalıdır.
##.##.2025-ci il tarixli ekspert rəyində illik 5 faizlə hesablanan faiz borcunun məbləği 74 310,59 ABŞ dolları müəyyən edilmişdir. Bu hissədə iddia qismən təmin edilməli, cavabdehdən 74 310,59 ABŞ dolları illik 5 faizlə hesablanan faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
Cavabdeh hansı səbəbdən 2020-ci ildə aldanıb müqaviləyə imza etdiyi halda, yenidən Elmir Həsənov adlı şəxsin xahişi ilə 2022-ci ildə, yəni 2 il sonra iddiaçı banka yaxınlaşaraq kassa məxaric orderinə imza etməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmiş, izahatında ümumi sözlər işlətmişdir. Məhkəmə cavabdehin kredit müqaviləsi üzrə vəsaitin ona müqavilə bağlanan zaman deyil, 2022-ci ildə, yəni müqavilənin müddəti bitdikdən sonra hansı səbəbdən kassa məxaric orderinə imza etməklə verilməsi, bu səbəbdən həmin vəsaitin hazırkı müqavilə üzrə deyil, yalnız əsassız varlanma qaydasında tələb edilə bilməsi barədə dəlili ilə də razılaşmır.
Materiallarda olan cavabdehin kredit müqaviləsi üzrə bank hesabından çıxarışdan görünür ki, 700 000 ABŞ dolları vəsait tam şəkildə ##.##.2020-ci il tarixdə iddiaçı tərəfindən həmin hesaba köçürülmüş, beləliklə həmin tarixdə cavabdehin sərəncamına daxil olmuş, müqavilə üzrə cavabdeh imzasını mübahisələndirmədiyi kassa mədaxil orderinə əsasən ##.##.2022-ci il tarixdə 155 820 ABŞ dolları kredit müqaviləsi üzrə ödəniş etmiş, 2 il ərzində həmin vəsaitin ona verilməsini tələb etməsi, habelə razılığı olmadan bankın vəsaiti digər hesaba köçürməsi barədə iddiaçı banka hər hansı pretenziya verilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
17. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 445.1-ci, 445.2ci, 445.7-ci, 448.1-ci, 739.1-ci, 739.2-ci, 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014cü il tarixli Qərarına istinad etmişdir.
18. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə etiraz ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, sübutları düzgün qiymətləndirmədiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
20. Cavabdeh və onun məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
21. Cavabdeh həmçinin bildirmişdir ki, ##.##.2022-ci il tarixli xəzinə məxaric orderini imzalayıb-imzalamadığını xatırlamasa da, 700 000 ABŞ dolları məbləğində pulu özünün bank hesabından Kanadadakı “Fortressbank”a köçürməsinə dair ##.##.2020-ci il tarixli ödəniş tapşırığındakı imza ona məxsus deyildir.
22. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq iş üzrə məhkəmə xətşünaslıq eskpertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
- ##.##.2022-ci il tarixli xəzinə məxaric orderində (iş. səh. 75) “Alanın imzası” yazısının qarşısındakı imza və 700 000 ABŞ dollarının “Fortressbank”a köçürülməsinə dair ##.##.2020-ci il tarixli ödəniş tapşırığında əks olunan (iş. səh. 72) əlyazıları, habelə “İmzalar” yazısının qarşısındakı imza Cavabdeh tərəfindən icra edilmişdirmi?.
23. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli rəyində göstərilmişdir ki, “... işin 72-ci vərəqində ##.##.2020-ci il tarixli “Köçürmə sifarişi № Funds transfer request” adlı sənəddə olan cədvəlin aşağı hissəsində “İmzalar” qrafasındakı imza və işin 75-ci vərəqində ##.##.2022-ci il tarixli məxaric orderində “Alanın imzası” qrafasındakı imza Cavabdeh tərəfindən icra edilmişdir. İşin 72-ci vərəqində ##.##.2020-ci il tarixli “Köçürmə sifarişi № Funds transfer request” adlı sənəddə olan yazılar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
26. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
29. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
30. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
31. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
32. Maddə 341.1. Qeyri-ciddiliyin seziləcəyi ümidi ilə qeyri-ciddi (zarafatla) edilmiş iradə ifadəsi etibarsızdır.
33. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
34. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
35. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
38. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
41. Maddə 739.1 (##.##.2023-cü il tarixədək olan redaksiyada). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
48. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
51. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
52. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Apellyasiya baxışının həddi
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
55. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir.
Məhkəmə kollegiyasının mövqeyi
56. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. İddiaçı bank, ##.##.2020-ci il tarixli ***/M nömrəli kredit müqaviləsi üzrə cavabdehin ##.##.2025-ci il tarixinə 538 985,65 ABŞ dolları əsas, 19 223,86 ABŞ dolları faiz, 74 859,12 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun olduğunu irəli sürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə kredit müqaviləsi bağladığını faktiki olaraq inkar etməməklə yanaşı, həmin kreditin bankın o dövrdəki rəhbərliyinin təklifi ilə onun adına rəsmiləşdirildiyini, kredit məbləğini almadığını, yəni pulun ona verilmədiyini, bu səbəblə də kredit borcuna görə məsuliyyət daşımadığını irəli sürmüşdür.
58. Buna görə də kollegiya, ilk növbədə cavabdehin həmin dəlilinə, yəni onunla bank arasında bağlanmış müqavilənin əhəmiyyətli müqavilə olub-olmadığı məsələsinə qiymət verməyi zəruri hesab edir; belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
59. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.
60. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının (§ 26-31) mənasına görə, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
61. İşin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərdən keçirən kollegiya hesab edir ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsini lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmayan müqavilə kimi qiymətləndirmək mümkün deyildir; onların arasında iradə və onun bildirilməsi vahidliyinin olub-olmaması məsələsi ilə bağlı isə qeyd olunmalıdır ki, cavabdehin irəli sürdüyü arqumentdən onun müvafiq iradəsinin olduğu qənaətinə gəlmək mümkündür – çünkü o, müqaviləni bağlamaq iradəsinin olmadığını deyil, borcun bank rəhbərliyi tərəfindən ödəniləcəyini düşündüyü üçün Elmir Həsənov adlı şəxsin təklifinə razılıq verdiyini irəli sürmüşdür. Nəzərə alınmalıdır ki, hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (§ 32). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir. Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Belə ki, uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı, ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər (§ 30, 31). Bu kontekstdə kollegiya hesab edir ki, bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin uydurma və ya yalan əqd olduğu qənaətinə gəlmək mümkün deyildir.
62. Kredit müqaviləsi üzrə ayrılmış 700 000 ABŞ dolları vəsaitin ##.##.2020-ci il tarixdə bank tərəfindən cavabdehin hesabına, eyni tarixdə özünün tapşırığı əsasında onun bank hesabından xarici ölkə bankı olan “Fortressbank”a köçürülməsi, ##.##.2022-ci il tarixdə yenidən onun hesabına qaytarılması və özü tərəfindən məxaric olunması halları müqavilənin aldatma yolu ilə bağlandığını da istisna edir.
63. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh müqaviləni vacib əhəmiyyətli yanılma, yaxud məcburetmə təsiri altında bağladığını iddia etməmiş, onu müvafiq əsaslarla mübahisələndirməmişdir – hansı ki, həmin hallar müqavilənin mübahisələndirilməsi üçün nəzərdə tutulan hallardır və bilavasitə müqavilə tərəfinə verilən hüquqdur.
64. İpoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad olunması da cavabdehi kredit borcuna görə daşıdığı məsuliyyətdən azad edə bilməz (§ 39).
65. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etmədiyi qənaətinə gəlinməsi mümkündür və birinci instansiya məhkəməsi bununla bağlı düzgün nəticəyə gəlmişdir.
66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ####### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov