Məhkəmə qərarları › İş №2-2(3-6)-154/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-154/2026

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-154/2026 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-10263/2025 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı2 Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı2 arasında 08 iyul 2025-ci il tarixində bağlanmış, ACD/0807/01 nömrəli xidmət müqaviləsi üzrə yaranmış 9129,28 manat məbləğində əsas borc, xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinədək günlük 0,1% hesablanmaqla 1141,16 manat məbləğində dəbbə pulu, 120.81 manat məhkəmə rüsumu və daxil olmaqla, 300 manat hüquqi ximdətlərin göstərilməsinə görə çəkilən xərci ümumilikdə 10.691,25 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-10263/2025 saylı qərardadı İddiaçı2 Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, məhkəmə hazırlıq iclası təyin edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-10263/2025 saylı (iddia ərizəsinin icraata qəbul edilməsi barədə) qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət verilmiş və məhkəmənin xx.xx.2026-cı il tarixli, e-2-2(113)- 10263/2025 saylı qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır. Hazırda Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən pretenziya məktubu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq cavabdehə təqdim edilməmiş, bununla da iddiaçının məhkəməyə müraciəti ilə bağlı prosessual qaydalar pozulmuşdur. Belə ki, iddiaçı pretenziya məktubunu yalnız Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemi üzərindən təqdimetmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) 10-1-ci maddəsində nəzərdə tutulan tələblərə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Yəni mülki mübahisələr üzrə pretenziya məktublarının Dövlət Vergi Xidmətinin elektron kargüzarlıq sistemi və ya başqa elektron sistem və ya kabinetlər vasitəsilə göndərilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, qanunvericiliyə uyğun olaraq, iddiaçı tərəfindən pretenziya məktubu cavabdehə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunmalı idi. Pretenziya məktubu qanunvericilikdə nəzərdə tutulan qaydada təqdim olunmadığına görə cavabdeh MMC-nin pretenziya məktubuna cavab vermək və mübahisənin məhkəməyədək həlli üçün tədbirlər görmək imkanı olmamışdır. Hesab edirik ki, hazırda AR MPM 10-1-ci maddəsində nəzərdə tutulan tələblər pozulduğuna görə iddia ərizəsinin təqdim olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması barədə qərardad çıxarılmalı idi. Lakin məhkəmə tərəfindən prosessual tələblərə riayət olunmadan iddia ərizəsi icraata götürülmüşdür. Hesab edir ki, iddia ərizəsi prosessual pozuntulara yol verilməklə icraata götürldüyü üçün Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-10263/2025saylı, xx.xx.2025- ci il tarixli qərardadı ləğv edilərək verilmiş şikayətə mahiyyəti üzrə baxılaraq yeni qərardad çıxarılmalıdır. Məhkəmə tərəfindən prosessual pozuntulara yol verilərək iddia ərizəsi icraata götürülmüşdür. Hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 10263/2025saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilərək işin geri qaytarılması barədə yeni qərardad çıxarılmalıdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 10263/2025 saylı xx.xx.2026-cı il tarixli qərardad ləğv edilsin, şikayətə mahiyyəti üzrə baxılsın. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə əsasən, İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardadından şikayət nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 395.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda, və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Apellyasiya şikayətində qeyd edilən dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiyası məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməsinə dair şikayətin geri qaytarılması birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-10263/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar