Məhkəmə qərarları › İş №2-2(3-6)-158/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-158/2026

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-158/2026 13.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipotekaya tutmanın yönəldilməsinin ləğv edilməsi” tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(4-11)-235/2026 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF-6924 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan “Toyota FJ Cruiser” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi barədə bildirişin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(4-11)-235/2026 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(4-11)-235/2026 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə qərardaddan verilən şikayət mümkün hesab edilmişdir. 10 fevral 2026-cı il tarixdə İddiaçı Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin qərardadından verilmiş şikayətin məhkəmə baxışından çıxarılmasını və baxılmadan geri qaytarılmasını, dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, qərardaddan verilmiş şikayətinin geri qaytarılmasına dair ərizəyə baxılması üçün iş hazırkı apellyasiya baxışından çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 363.1.4-cü maddəsinə görə apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində təsbit edilmiş məhkəməyə müraciət hüququ şəxsin öz iradəsinə əsasən məhkəmə müdafiəsindən imtina etmək hüququnu da ehtiva edir. Hazırkı halda iddiaçı şikayətinin geri qaytarılması barədə ərizə verməklə şikayətinə apellyasiya qaydasında baxılmasından imtina etməsi barədə iradəsini ifadə etmişdir. Belə olan halda isə mülki prosesin dispozitivlik, prosessual qənaət, səmərəlilik kimi universal prinsiplərinin tələbləri baxımdan şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün prosessual əsaslar mövcud deyildir. Beləliklə kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(4-11)-235/2026 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı, iş şikayətin geri qaytarılması məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(4-11)-235/2026 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya baxışından çıxarılsın. İş şikayətin geri qaytarılması məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar