Məhkəmə qərarları › İş №2-2(3-6)-167/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-167/2026

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-167/2026 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dаir iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-8032/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında xx.xx.2020-ci il tarixli 057 nömrəli müqavilə bağlanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanla təsdiqlənmiş Qaydalara əsasən damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1.2-ci bəndində göstərilmiş damazlıq heyvanın alıcıya satılmasını, alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 258 (iki yüz əlli səkkiz) baş Saanen cinsli damazlıq heyvanların alıcıya satır, alıcı isə həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə icazə verilmir.

3. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı 258 baş damazlıq heyvanlara 356.734,02 manat satış dəyərini təşkil edən məbləği ödəyir.

4. xx.xx.2020-ci il tarixli iltizama əsasən Cavabdeh2 oğlu 258 baş Saanen cinsli xırdabuynuzlu damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyini, damazlıq heyvanın verilməsinə dair bağlamış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyini, habelə damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyini, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyini, yuxarıda qeyd olunan tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağını, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri ödəyəcəyi haqda ona xəbərdarlıq edildiyini bildirmişdir. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 201.935,05 manat dəymiş ziyan və hüquqi yardımla bağlı ödənilmiş 576,28 manat xərcinin, cəmi 202.511,33 manat pul vəsaitinin Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə illə 258 (iki yüz əlli səkkiz) baş "Saanen" cinsli damazlıq inək əldə etmişdir. Damazlıq heyvanların alınması üçün Cavabdeh2na 201 935,05 (iki yüz bir min doqquz yüz otuz beş manat 05 qəpik) manat miqdarında güzəşt məbləği ayrılmışdır. 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 258 (iki yüz əlli səkkiz) baş heyvanın təsərrüfatınızda olmaması aşkar edilmişdir və xx.xx.2025-ci il tarixində Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində təsərrüfatınızda 258 (iki yüz əlli səkkiz) baş heyvanın tələf olduğu bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydalarının 6.2.2-ci bəndinə əsasən idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Cavabdeh xx.xx.2020- ci il tarixli İltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərəin ödənilməsi haqqında xəbərdar edilmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə Agentliyə 201 935,05 (iki yüz bir min doqquz yüz otuz beş manat 05 qəpik) manat ziyan vurmuşdur.

7. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-8032/2025 nömrəli, 15 dekabr 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-8032/2025 nömrəli, 15 dekabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Alıcı Cavabdeh2 ilə Satıcı"xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən Alıcıya 258 baş Saanen cinsli damazlıq heyvan satılmış və təhvil verilmişdir. Sözügedən heyvanlar sığorta müqaviləsinə uyğun olaraq sığortalanmış, bu hal sığorta şəhadətnaməsi ilə təsdiq edilmişdir. Bildiririk ki, 2024-cü ilin birinci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq zamanı güzəşt ayrılmış 258 baş heyvanın təsərrüfatda mövcud olmadığı aşkar edilmişdir. Sonradan, xx.xx.2025-ci il tarixində Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində həmin 258 baş heyvanın xəstəlik səbəbindən tələf olduğu bildirilmiş və bununla əlaqədar olaraq cavabdehdən dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən iş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətləri Mərkəzi tərəfindən təsdiq olunmuş müxtəlif tarixli aktlara istinad etmiş, həmin aktlardan Cavabdeh2 məxsus heyvanların əsasən “ağciyər xəstəliyi” səbəbindən, aparılmış müalicə tədbirlərinə baxmayaraq öldüyü qənaətinə gəlmişdir. Lakin məhkəmə tərəfindən mühüm əhəmiyyət kəsb edən bir hal nəzərə alınmamışdır. Belə ki, müqavilənin predmetində dəqiq şəkildə 258 baş heyvan göstərildiyi halda, iş materiallarına əlavə edilmiş ölüm aktlarında cəmi 242 baş heyvanın tələf olması təsdiq edilmişdir. Ölüm aktlarında 16 baş heyvanla bağlı hər hansı məlumat, akt və ya rəsmi təsdiq mövcud deyildir. Bu isə müqavilədə göstərilən heyvanların hamısının tələf olması barədə iddia ilə təqdim edilmiş sübutlar arasında açıq uyğunsuzluq yaradır. Hazırkı iş üzrə isə iddia edilən zərər 258 baş heyvanlar bağlı olsada, iş materiallarında yalnız 242 baş heyvanın tələf olmasını təsdiq edən sənədlər mövcuddur. Qalan 16 baş heyvanla bağlı hər hansı ölüm aktı, baytarlıq arayışı və ya digər rəsmi sübut təqdim edilməmişdir. Bununla yanaşı, qeyd olunan heyvanların sığortalanmış olması faktı birinci instansiya məhkəməsi tərəfindən lazımi hüquqi qiymətləndirilməmişdir. Heyvanların xəstəlik nəticəsində tələf olduğu iddia edildiyi halda, bu hal sığorta hadisəsi kimi qiymətləndirilməli və sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq müvafiq tədbirlər görülməli idi. İşin hallarından görünür ki, sığorta ödənişinin əldə olunmaması cavabdehin üzərinə düşən öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə bağlıdır. Sığorta münasibətlərində sığorta hadisəsi baş verdikdə, sığortalı şəxs qanunvericiliyin və müqavilənin tələblərinə uyğun olaraq sığortaçıya vaxtında müraciət etməli, tələb olunan sənədləri təqdim etməli və hadisənin rəsmiləşdirilməsi üçün zəruri prosedurları yerinə yetirməlidir. Cavabdeh isə bu öhdəlikləri tam və düzgün şəkildə icra etməmiş, sığorta ödənişinin alınması üçün müraciət etsə də, tələb olunan zəruri sənədləri təqdim etməmiş, nəticədə sığorta ödənişinin həyata keçirilməsi mümkün olmamışdır. Görünür ki, sığortaçı tərəfindən tələb olunan sənədlərdə müəyyən uyğunsuzluqlar və ya çatışmazlıqlar mövcud olmuş, yaxud həmin sənədlər məqsədli şəkildə təqdim edilməmişdir. Hər iki halda, sığorta ödənişinin baş tutmaması cavabdehin davranışı ilə bilavasitə əlaqəlidir. Bu hallar cavabdehin üzərinə düşən müqaviləvi və qanuni öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini təsdiq edir. Müqavilənin predmetində göstərilən heyvanların sayı ilə ölüm aktlarında əks olunan heyvanların sayı arasında olan uyğunsuzluq, habelə sığorta münasibətlərinin nəzərə alınmaması qərarın əsassız və qanunsuz olmasına səbəb olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

11. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Saanen cinsli damazlıq keçidən əlavə hər hansı digər heyvan təsərrüfatda olmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

18. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

32. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

33. İddiaçı bildirir ki, 2024-cü ilin birinci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt əsasında ayrılmış 258 baş heyvanın təsərrüfatda mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçı qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixində Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq zamanı təsərrüfatda 258 baş heyvanın tələf olması faktı müəyyən edilmişdir. Bu əsasla iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb edir.

34. İş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətləri Mərkəzi tərəfindən təsdiq edilmiş müxtəlif tarixli aktlardan müəyyən olunur ki, Cavabdeh2 məxsus heyvanların bir qismi aparılmış müalicə tədbirlərinə baxmayaraq əsasən “ağciyər xəstəliyi” səbəbindən tələf olmuşdur.

35. Kollegiya qeyd edir ki, həmin aktlarda göstərilən məlumatlara əsasən (4+4+3+12+3+5+13+14+15+14+17+18+19+10+21+23+19+19+23+13) ümumilikdə 269 baş keçinin tələf olması faktı qeydə alınmışdır.

36. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 057 nömrəli müqavilədən görünür ki, cavabdehə 258 (iki yüz əlli səkkiz) baş Saanen cinsli damazlıq keçi hər birinə xüsusi fərqləndirmə nişanı vurulmaqla təhvil verilmişdir.

37. İş materiallarında olan aktlarda isə ümumilikdə 269 fərqləndirmə nişanı ilə qeyd olunmuş Saanen cinsli damazlıq keçilərin tələf olduğu göstərilmişdir.

38. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya icraatı zamanı cavabdeh olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona təhvil verilmiş 258 baş Saanen cinsli damazlıq keçidən əlavə hər hansı digər heyvanın təsərrüfatda olmadığı bildirilmiş və bu hal iş materialları ilə də təkzib olunmamışdır.

39. Beləliklə, təhvil verilmiş heyvanların sayı ilə tələf olması barədə aktlarda göstərilən heyvanların sayı arasında uyğunsuzluq mövcuddur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Saanen cinsli damazlıq keçilərin tələf olması ilə bağlı tərtib olunmuş aktlarda fərqləndirmə nişanlarının qeyd edilməsində texniki xarakterli səhvlərə yol verilmiş, bəzi fərqlənmə nişanlarının təkrar qeyd olunmuşdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətləri Mərkəzi tərəfindən tərtib edilərək təsdiq olunmuş aktlarda göstərilən fərqləndirmə nişanlarının nömrələrində uyğunsuzluq və ya səhvlərin mövcudluğu ehtimal olunur. Həmin aktlar səlahiyyətli dövlət orqanı tərəfindən tərtib edilmiş sənədlər olmaqla, onların hazırlanması və rəsmiləşdirilməsi cavabdehin səlahiyyət və nəzarət dairəsinə daxil deyildir. Bu səbəbdən aktlarda yol verilmiş mümkün texniki və ya qeydiyyat xarakterli səhvlərə görə cavabdehin hər hansı təqsirli hərəkəti müəyyən edilmir.

41. Apellyasiya şikayətində ölüm aktlarında yalnız 242 baş heyvanın tələf olması barədə məlumatın əks olunduğu və 16 baş heyvanla bağlı hər hansı aktın olmadığı göstərilsə də, kollegiya hesab edir ki, bu hal təkbaşına cavabdehin məsuliyyətinin yaranmasına əsas verə bilməz. Belə ki, heyvanların tələf olması ilə bağlı aktlar müxtəlif tarixlərdə tərtib edilmiş, həmin sənədlərdə heyvanların fərqləndirmə nişanları və digər məlumatlar qeyd edilmişdir. Aktlarda qeyd olunan məlumatların ümumi təhlili göstərir ki, təsərrüfatda saxlanılan heyvanların xəstəlik nəticəsində tələf olması faktı rəsmi qaydada təsdiq edilmişdir və təqdim edilmiş aktlar bu halı kifayət qədər sübut edir. Aktların həqiqiliyini və etibarlılığını şübhə altına alan hər hansı sübut iş materiallarında mövcud deyildir.

42. Kollegiya hesab edir ki, bu sənədlər heyvanların tələf olması faktını təsdiq edən mötəbər yazılı sübut kimi qiymətləndirilməlidir.

43. Kollegiya həmçinin apellyasiya şikayətində göstərilən sığorta münasibətləri ilə bağlı dəlilləri də əsassız hesab edir. Belə ki, heyvanların sığortalanmış olması faktı tərəflər arasında mövcud olan mülki-hüquqi münasibətlərin mahiyyətini dəyişdirmir. Sığorta müqaviləsindən irəli gələn hüquq və öhdəliklər sığortalı ilə sığortaçı arasında yaranan ayrıca hüquq münasibətlərini təşkil edir və həmin münasibətlər üzrə mübahisələrin həlli bu iş üzrə cavabdehin məsuliyyətinin müəyyən edilməsinə birbaşa təsir göstərmir.

44. Bundan əlavə, sığorta ödənişinin həyata keçirilməməsinin cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə bağlı olmasını təsdiq edən hər hansı mötəbər və kifayət qədər sübut iş materiallarında mövcud deyildir. Apellyasiya şikayətində bu barədə irəli sürülən hallar ehtimal və mülahizə xarakterli olmaqla konkret sübutlarla təsdiq olunmur.

45. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

46. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

47. Bu baxımdan məhkəmə kollegiyası vurgulayır ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.

48. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 8032/2025 nömrəli, xx.xx.2025-ci il atarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar