Məhkəmə qərarları › İş №2-2(3-6)-177/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-177/2026

20.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-177/2026 20.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-10150/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli xidmət müqaviləsi üzrə 18600 manat əsas borc, 710 manat cərimə məbləği və 148 manat dövlət rüsumu, 320 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 10150/2025 nömrəli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.

3. Həmin qərardaddan Cavabdeh şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-10150/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)- 10150/2025 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-10150/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.

5. Həmin qərardaddan Cavabdeh şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-10150/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırkı mövqeyi cavabdehin mülki hüquqlarının, onun məhkəmə müdafiəsi hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı tərəfindən pretenziya məktubu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq cavabdehə təqdim edilməmiş, bununla da iddiaçının məhkəməyə müraciəti ilə bağlı prosessual qaydalar pozulmuşdur. Belə ki, iddiaçı pretenziya məktubunu yalnız Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemi üzərindən təqdim etmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsində nəzərdə tutulan tələblərə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Yəni mülki mübahisələr üzrə pretenziya məktublarının Dövlət Vergi Xidmətinin elektron kargüzarlıq sistemi və ya başqa elektron sistem və ya kabinetlər vasitəsilə göndərilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, qanunvericiliyə uyğun olaraq, iddiaçı tərəfindən pretenziya məktubu cavabdehə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunmalı idi. Pretenziya məktubu qanunvericilikdə nəzərdə tutulan qaydada təqdim olunmadığına görə cavabdeh firmanın pretenziya məktubuna cavab vermək və mübahisənin məhkəməyədək həlli üçün tədbirlər görmək imkanı olmamışdır. Hazırda MPM-in 10-1-ci maddəsində nəzərdə tutulan tələblər pozulduğuna görə iddia ərizəsinin təqdim olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması barədə qərardad çıxarılmalı idi. İddia ərizəsi prosessual pozuntulara yol verilməklə icraata götürüldüyü üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-2(113)- 10150/2025 saylı qərardadı ləğv edilməlidir. Məhkəmə tərəfindən prosessual pozuntulara yol verilərək iddia ərizəsi icraata götürülmüşdür.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)- 10150/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

8. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 151.3-cü maddəsinə əsasən, məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. - 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. - 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda (395.1.1); məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.2).

Məhkəmənin mövqeyi

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-10150/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsində iddia ərizəsinin icraata qəbul edilməsi haqqında qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığından, həmçinin məhkəmənin həmin qərardadı işin sonrakı hərəkətinə mane olmadığından həmin qərardaddan şikayət verilə bilməz.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan şikayət verildikdə ediləcək prosessual hərəkətləri tənzimləyən hüquq norması mülki prosessual qanunvericilikdə təsbit edilmədiyindən, birinci instansiya məhkəməsi hazırki mübahisəyə şikayət verilməsi nəzərdə tutulmayan apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından şikayət verilməsi halını tənzimləyən Mülki Prosessual Məcəllənin 408.1.1-ci və 402.2.2-ci maddələrini müvafiq qaydada və şərtlərlə (mutatis mutandis) tətbiq edərək düzgün nəticəyə gəlmişdir.

13. Cavabdeh şikayətində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-10150/2025 nömrəli qərardadının qanuniliyi və əsaslığı ilə bağlı formal mülahizələr irəli sürməklə kifayətlənmiş, məhkəmə tərəfindən hansı prosessual hüquq normalarının pozulmasına dair hər hansı konkret dəlil irəli sürülməmişdir.

14. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-10150/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

16. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-10150/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar