Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-190/2026 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: xidmət müqaviləsi, sübutetmə, sübutların kifayətliliyi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 8243/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı: İşin halları
1. İddiaçı (icraçı) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sifarişçi) arasında xx.xx.2024cü il tarixli 002FS/2024 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə bağlı sifarişçi tərəfindən tələb olunan və bu müqavilədə göstərilən mühasibat uçotu xidmətlərinin göstərilməsini, sifarişçi isə həmin xidmətlərin aylıq haqqını ödəməyi öz öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərə görə sifarişçi hər ay 1.500 manat həcmində xidmət haqqı ödəməlidir. Xidmət haqqı hər ayın ilk ongünlüyündə ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli müqavilə üzrə xidmətlərin göstərilməsinə dair MT2509 seriyalı 10152588 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10154229 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10154740 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10155190 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10155430 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2506 seriyalı 10620153 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.
3. İddiaçı (icraçı) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sifarişçi) arasında xx.xx.2024cü il tarixli FS01İNV/2024 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi inventarizasiya və uçot məlumatları arasında müəyyən edilmiş fərqin aradan qaldırılması məqsədi ilə inventarizasiyanın nəticələrini xronoloji ardıcıllıqla sistemləşdirərək mühasibat uçotunda, statistika, vergi və digər tələb olunan hesabatlarda əks etdirilməsini icraçıya tapşırır, icraçı isə həmin məsələlərin icra edilməsini öz üzərinə götürür. 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə birdəfəlik xidmət haqqı 7000 manat məbləğində müəyyən edilir və göstərilmiş xidmət dəyərinin 50 faizi təqdim olunan elektron qaimə-fakturaya əsasən 5 iş günü ərzində ödənilir, qalan 50 faizi isə təhvil-təslim aktı imzlandıqdan sonra köçürmə yolu ilə sifarişçi tərəfindən icraçıya ödənilir.
4. İddiaçı tərəfindən cavabdehə dəyəri 3500 manat olan xx.xx.2025-ci il tarixli MT2508 12367788 saylı elektron qaimə göndərilmişdir.
5. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 500 manat məbləğində pul “Finsmart" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Femida” Vəkil Bürosunun hesabına ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı və xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqavilələrinə xitam verilməsi, xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı xidmət müqaviləsi üzrə 9.000 manat xidmət haqqının, xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqaviləsi üzrə 3.500 manat xidmət haqqının, vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat, 127,5 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC ilə arasında 1. xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı və 2. xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqavilələri bağlanılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı müqavilənin 2-ci bəndinə əsasən İcraçı (İddiaçı MMC) Sifarişçiyə ("xxxx" ASC) razılaşmaya əsasən aşağıdakı xidmətləri göstərir: ölkə daxilində Sifarişçiyə mühasibat uçotu xidməti, mühasibat uçotu ilə bağlı qanunvericiliyə dair məsləhətlər, Vergi, DSMF, statistika İdarələri ilə bağlı hesabatların təqdim olunması. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərə görə Sifarişçi hər ay 1500 (bir min beş yüz) manat həcmində İcraçıya xidmət haqqı ödəməlidir. Xidmət haqqı hər ayın ilk ongünlüyündə ödənilməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə birdəfəlik xidmət haqqı 7000,00 (yeddi min) manat məbləğində müəyyən edilir və göstərilmiş xidmətin dəyərinin 50 faizi təqdim olunan elektron qaimə-fakturaya əsasən 5 iş günü ərzində ödənilir, qalan 50 faizi isə təhvil-təslim aktı imzalandıqdan sonra köçürmə yolu ilə “Sifarişçi” tərəfindən “İcraçı”ya ödənilir. Qeyd olunan müqavilələr üzrə iddiçı tərəfindən elektron qaimə-fakturalar cavabdehə təqdim edilmişdir. Lakin müqavilənin bağlanmasından ötən müddət ərzində cavabdeh tərəfindən müqavilə şərtləri və öhdəlikləri mütəmadi olaraq pozulmuş, xidmət haqları ödənişində demək olar ki, hər ay müxtəlif bəhanələrlə süni əngəllər yaradılmış, bəzi aylar üzrə xidmət haqları hər dəfə qismən aydan-aya borc saxlanılaraq hissə-hissə ödənilmişdir. Belə ki, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq modulu vasitəsi ilə məktublar göndərilərək mövcud müqavilələr üzrə xidmət haqqının vaxtında ödənilməsi bildirilmişdir. Lakin hal-hazıradək cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Cavabdehin tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı xidmət müqaviləsi üzrə 2025-ci ilin mart ayından 2025-ci ilin sentyabr ayına kimi hər ay 1500 (bir min beş yüz) manat olmaqla, 9000 (doqquz min) manat, xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqaviləsi üzrə isə 3.500 (üç min beş yüz) manat xidmət haqqı borcu qalmışdır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq modulu vasitəsi ilə cavabdehə pretenziya göndərilərək öhdəliklərini davamlı olaraq yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı və xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqavilələri xx.xx.2025-ci il tarixdən ləğv edilməklə, müqavilələr üzrə tərəflər arasında yaranmış bütün hüquq münasibətlərinə birtərəfli qaydada xitam verildiyini bəyan edilmiş və xahiş edilmişdir ki, bildiriş-xəbərdarlıq məktubunu aldıqdan sonra qısa müddət ərzində (7 gün ərzində) 12.500 (on iki min beş yüz) manat məbləğində olan borcun ödənilməsi təmin edilsin. Cavabdeh məktuba cavab olaraq bildirmişdir ki, aralarında bağlanmış müqaviləyə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Hazırda xidmət göstərilmədiyindən mühasibat sənədlərinin geri qaytarılmasını istəmişdir.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə əsasən qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8243/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı və xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqavilələri ləğv edilmiş hesab edilməsi, xx.xx.2024cü il tarixli 002FS/2024 saylı müqaviləyə əsasən 9.000 (doqquz min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110 (bir yüz on) manat, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə mühasibat uçotu xidmətlərinin göstərilməsi ilə bağlı olmuşdur. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
12. Ona görə də məhkəmə hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 13.4cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
13. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
14. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.
15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli müqavilə üzrə xidmətlərin göstərilməsinə dair MT2509 seriyalı 10152588 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10154229 nömrəli xx.xx.2025ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10154740 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10155190 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10155430 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2506 seriyalı 10620153 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.
16. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 9.000 manat təşkil edir.
17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh etirazında xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçı tərəfindən xidmətlərin göstərildiyini qəbul etmişdir.
18. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü il tarixli müqavilə üzrə xidmət haqqının 500 manat məbləğində olması ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
19. Ona görə də, Məhkəmə hesab etmişdir ki, iddia xx.xx.2024-cü il tarixli müqavilə üzrə borcun tələb edilməsi hissəsində əsaslıdır 9.000 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir.
20. Həmçinin də, xx.xx.2024-cü il tarixli müqavilə ləğv edilmiş hesab edilməlidir.
21. İş materiallarından həmçinin görünür ki, İddiaçı (icraçı) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqaviləsi bağlanmışdır.
22. Qeyd edilən hissədə də, digər müqavilədə olduğu kimi, xidmətin göstərilibgöstərilməməsi halı aydınlaşdırılmalıdır.
23. İddiaçı tərəf ancaq cavabdehə göndərmiş olduğu xx.xx.2025-ci il tarixli MT2508 12367788 saylı dəyəri 3500 manat olan elektron qaiməyə istinad edir.
24. Ancaq Məhkəmə bu xüsusda qeyd etmişdir ki, yalnız elektron qaimə xidmətin göstərilməsini təsdiq edən sübut kimi hazırkı halda qəbul edilə bilməz.
25. Belə ki, qeyd edilən müqavilə üzrə iddiaçı tərəfindən hansı işlərin görülməsi ilə bağlı sübut təqdim edilməsi təklif edilsə də, bu barədə hər hansı bir sübut təqdim edə bilməmişdir.
26. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə borcun ödənilməsi hissəsində iddia təmin edilə bilməz.
27. Bundan başqa Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
28. Məhkəmə həmçinin hesab etmişdir ki, hüquqi yardımın göstərilməsinə dair xərcin əvəzi olaraq 500 manat məbləğində pul da "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir.
29. Belə ki, iş materiallarından görünür ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli order verilmiş, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 500 manat məbləğində pul “Finsmart" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Femida” Vəkil Bürosunun hesabına ödənilmişdir.
30. Bundan başqa məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, 110 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.4, 421.1, 421.2, 442, 777.1, 783.2-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
32. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin 6250 manat hissəsində təmin olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında yalnız xx.xx.2024-cü il tarixli 002FS/2024 №-li bağlanmışdır. FS 01İNV/2024 №-li xx.xx.2024-cü il tarixli müqavilə isə ümumiyyətlə mövcud olmamışdır. xx.xx.2024-cü il tarixli 002FS/2024 №-li Müqavilə üzrə 2024-cü il tarix üçün nəzərdə tutulmuş ödənişlər tərəfimizdən tam şəkildə icra edilmişdir. Həmin Müqavilə üzrə 2025-ci ilin yanvar-fevral ayları üzrə də ödənişlər tam şəkildə icra olunub. Lakin, ASC-nin maliyyə vəziyyəti qənaətbəxş olmadığından, həmçinin İddiaçı MMC-nin göstərdiyi xidmətin tamlığı və operativliyi təmin olunmadığından aramızda əldə edilmiş şifahi razılaşma əsasında Müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmiş 1500 manat məbləğində xidmət haqqı 500 manata dəyişdirilmişdir. İddiaçı MMC-yə məxsus +994 51 *** ** ** mobil nömrəsindən votsap sosial şəbəkəsi vasitəsilə göndərilmiş mesajdan görünür ki, ASC olaraq iddiaçıya 6250 manat borcumuz mövcuddur. Göründüyü kimi, qeyd olunmuş 12.000 manat məbləğində borcdan söhbət gedə bilməz. Həmin məbləği ASC olaraq qəbul etmirik.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
34. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
36. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
37. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
40. Maddə 398.1. Əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
41. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
42. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
43. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
44. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
45. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
46. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
47. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
48. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
49. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
58. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı müqavilə üzrə görülmüş işlərin dəyəri hissəsində mübahisələndirildiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
59. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-8243/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
61. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
62. Mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
63. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
64. Qeyd olunanlara əsaslanaraq və birinci instansiya məhkəməsi hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarını tətbiq etməkdə haqlı olmuşdur.
65. İşin faktiki hallarına əsasən xidmətin yerinə yetirilməsini sübutetmə yükü iddiaçının, göstərilmiş xidmətlərə görə ödənişlərin edilməsinin sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
66. İşin faktiki hallarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 9.000 manat olmaqla, xx.xx.2024-cü il tarixli müqavilə üzrə xidmətlərin göstərilməsinə dair MT2509 seriyalı 10152588 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10154229 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10154740 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10155190 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10155430 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2506 seriyalı 10620153 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.
67. Kollegiya qeyd edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə xidmətlərin göstərilməsi işin mübahisəsiz halıdır.
68. Belə ki, cavabdeh etirazında və apellyasiya şikayətində xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçı tərəfindən xidmətlərin göstərildiyini qəbul etmişdir.
69. Kollegiya apellyasiya şikayətinin xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçı ilə xidmət haqqının 500 manat məbləğində dəyişdirilməsinin razılaşdırılması barədə dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh məhkəməyə bu halı təsdiq edən sübut təqdim etməmiş, Mülki Prosessual Məcəllə ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir.
70. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
71. Kollegiya cavabdeh tərəfindən təqdim edilmiş yazışmalara münasibətdə qeyd edir ki, həmin yazışmalar işin faktiki hallarını müəyyən edən mötəbər sübut hesab edilə bilməz.
72. Belə ki, təqdim olunan ekran görüntülərinin konkret olaraq kimə məxsus nömrədən yazıldığı həmin danışıqların kimlər arasında olduğunu və hansı tarixə aid olduğunu müəyyən etmək mümkün deyil.
73. Eyni zamanda cavabdehə ümumilikdə 9.000 manat dəyərində göndərilmiş elektron qaimələrə hər hansı etiraz verilməmiş və ya qaimələrə düzəliş edilməsi üçün müraciət edilməmişdir.
74. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 20 sentyabr 2004cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
75. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi müqavilə şərtinin və mübahisələndirmədiyi elektron-qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır.
76. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
77. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
78. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin e-2-2(113)-8243/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.