Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-248/2026 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə X1 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ X3 (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 23 000 manat əsas, 1150 manat faiz, 46 000 manat cərimə məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 301 manat olmaqla, cəmi 70 451 (yetmiş min dörd yüz əlli bir) manat pul vəsaitinin cavabehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 12 dekabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən 20 000 (iyirmi min) manat əsas borc, 1000 (min) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 90 (doxsan) manat olmaqla, ümumilikdə 21090 manat (iyirmi bir min doxsan) məbləğində pul vəsaitinin X1 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdehin qanuni nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Aşağıda göstərilənə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti MPM-nin normalarının tələblərinə cavab verməməkdədir; MPMnin 361.1-ci maddəsinə əsasən, şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur); hazırda mümkünlüyü yoxlanılan şikayət isə sözügedən formaya uyğun tərtib olunmamış, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər MPM-ə 2 saylı Əlavədə nəzərdə tutulmuş qaydada əks etdirilməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, apellyasiya şikayəti qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş məzmuna da uyğun deyildir. Mülki Prosessual Məcəllənin 361.1.4-cü-361.1.7-ci maddələrinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir; cavabdehin nümayəndəsi verdiyi şikayətdə həmin tələblərə də riayət etməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd də əlavə olunmamışdır. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Həmin Qanunun 8.1.3-cü maddəsinə görə, iddia qiyməti 10 000 manatdan 100 000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində rüsum ödənilməlidir. İşin hallarından görünür ki, iddianın qiyməti 70 150 manat təşkil edir və buna görə də apellyasiya şikayəti üçün ən azı 150,22 manat rüsum ödənilməlidir; lakin cavabdeh 80 manat rüsum ödəmişdir. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin qeyd olunmalıdır ki, 12 dekabr 2025-ci il tarixli qətnamə 11 yanvar 2026-cı il tarixində cavabdehə məxus elektron kabinetə yerləşdirilmiş, apellyasiya şikayəti cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət 1 gün ötürülməklə - 12 fevral 2026-cı il tarixdə sistemə daxil edilmiş, prosessual müddətin bərpasına dair məhkəməyə ərizə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6532/2025 saylı iş üzrə 12 dekabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2-2(3-6)-248/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-248/2026
23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver