Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-249/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X1 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müqavilə azadlığı, podrat müqaviləsi, muzdun miqdarının dəyişdirilməsi, sübutların qiymətləndirilməsi) Hakim sədrliyi ilə, hakimlər X5 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil Rafiq oğlunun iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. X1 (“İcraçı”) ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Sifarişçi”) arasında ## #### 2024-cü il tarixli, YTS-**/**** nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Sifarişçi” Xızı rayonu ərazisində avtomobil yolunun çəkilməsi zamanı xidmətin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı“ isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.
2. ##.##.2024-cü il tarixli qiymətlərin razılaşdırılması barədə protokola əsasən, “CAT 336GC” markalı, ***-FA-*** dövlət qeydiyyat nişanlı tırtıllı ekskavator vasitəsilə yerinə yetiriləcək işlər üzrə haqq aydakı iş günlərinin sayı 26 götürülməklə 1 aylıq işin qiyməti 12 000 manat müəyyən edilmişdir. Yekun haqqın ay ərzində faktiki işlənmiş günlərin sayına uyğun hesablanacağı və həmin məbləğin üzərinə 18% əlavə dəyər vergisi (ƏDV) hesablanmaqla tərəflər arasında razılaşdırılmışdır.
3. 2024-cü ilin avqust, oktyabr və noyabr aylarında tərtib olunmuş, tərəflərin imzalayaraq möhürlə təsdiq etdikləri təhvil-təslim aktlarına əsasən bir gün üçün haqqı 461,54 manat olmaqla müvafiq olaraq 3 267,70 manat, 14 160 manat və 7 080,02 manat məbləğində haqq hesablanmışdır. 2024-cü ilin sentyabr ayında tərtib olunmuş və tərəflərin imzalayaraq möhürlə təsdiq etdikləri təhvil-təslim aktına əsasən bir gün üçün haqq 485 manat olmaqla ümumilikdə 17 741,30 manat dəyərində işlər görülərək təhvil verilmişdir.
4. X1 tərəfindən “xxxx” MMC-yə ödənilməsi məqsədilə ##.##.2024 və ##.##.2025-ci il tarixli, ümumi məbləği 42 249,02 manat təşkil edən 4 ədəd elektron qaimə-faktura göndərilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
5. İddiaçı X1 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 42 249,02 manat borc və dövlət rüsumuna görə ödənilmiş 219 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək Xızı rayonunda ümumilikdə 42 249,02 manat dəyərində torpaq qazıntı və daşınma işləri yerinə yetirilmiş, bu işlərin qəbulu ilə bağlı tərəflər arasında müvafiq aktlar imzalanmışdır. Lakin iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi müraciətlər edilməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, 42 249,02 manat borc və dövlət rüsumunun əvəzi qismində 216,75 manat olmaqla, ümumilikdə 42 465,77 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, sifarişçi xidmətlərin göstərilməsini sifariş vermiş, icraçı isə torpaq qazıntı və daşınma işlərini yerinə yetirmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək razılaşdırılmış xidmət haqqını ödəməmiş və bununla da iddiaçı qarşısında borc yaranmışdır. Bu da müqavilə, təhvil-təslim aktları və elektron qaimə-fakturalar ilə təsdiq olunur. Odur ki, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 42 249,02 manat borc cavabdehdən tutulmalı və iddiaçıya ödənilməlidir.
9. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin 858,17 manat məbləğində borcun tutulması hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi elektron qaimə-fakturaları sübut kimi qəbul etmiş, onları müqavilə ilə əlaqəli şəkildə hərtərəfli tədqiq etməmişdir. Müqaviləyə əsasən xidmət haqqı ayda 26 iş günü nəzərə alınmaqla hər texnika üçün 12 000 manat, yəni gündəlik 461,54 manat təşkil etdiyi halda, iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli aktda 1 gün üçün 485 manat hesablanmışdır ki, bu da müqavilə şərtlərinə ziddir. Həmin akt üzrə 31 günlük işin dəyəri 14 307,74 manat olmalı olduğu halda 15 035 manat hesablanmış, aradakı fərq 727,26 manat, ƏDV ilə birlikdə isə 858,17 manat təşkil etmişdir. Buna baxmayaraq, məhkəmə ##.##.2024-cü il tarixli müqavilənin şərtlərinə zidd olan ##.##.2024 tarixli aktı obyektiv və hərtərəfli araşdırmadan sübut kimi qiymətləndirmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. İddiaçı X1 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil Rafiq oğlu apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq iddiaçının nümayəndəsi sentyabr ayında yerinə yetirilmiş işlərə görə haqqın müqavilədə nəzərdə tutulan qiymətdən fərqli hesablanmasının səbəbinin ona məlum olmadığını bildirmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
15. Məhkəmə kollegiyası şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. ...
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: ... 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; ... Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması
Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ... Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni 858,17 manat məbləğində borcun tutulması hissəsində mübahisələndirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən 42 249,02 manat borcun tutulması qət edildiyindən qətnamə cavabdeh tərəfindən mübahisələndirilən hissədə, yəni cavabdehdən tutulan borcun 858,17 manat hissəsinin əsaslılığı çərçivəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməlidir.
22. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış ## #### 2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı istifadəsində olan ekskavator vasitəsilə avtomobil yolunun çəkilməsi zamanı torpaq qazıntı və daşınma işlərini yerinə yetirməyi, cavabdeh isə həmin işlərin müqabilində razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Bu münasibətlər hüquqi mahiyyətinə görə podrat müqaviləsindən irəli gəlir.
23. İş materiallarındakı təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş işlər yerinə yetirilmiş, həmin aktlara müvafiq olaraq yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsi məqsədilə cavabdehə ##.##.2024 və ##.##.2025-ci il tarixli, ümumi məbləği 42 249,02 manat təşkil edən 4 ədəd elektron qaimə-faktura göndərilmişdir. Cavabdeh tərəfindən görülmüş işlərin həcmi və keyfiyyəti mübahisələndirilmir.
24. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübuta yetirməlidir. Hazırkı iş üzrə görülmüş işlərin həcmi və keyfiyyəti mübahisələndirilmədiyindən, iddiaçının üzərinə düşən sübut etmə vəzifəsi əsasən müqavilədə nəzərdə tutulmuş qiymətdən fərqli hesablanmış məbləğin hüquqi əsaslarının mövcudluğunu sübuta yetirməkdən ibarət olmuşdur.
25. Cavabdeh apellyasiya şikayətində bildirir ki, müqaviləyə görə gündəlik xidmət haqqı 461,54 manat olduğu halda ##.##.2024-cü il tarixli təhvil-təslim aktında görülmüş işlərin dəyəri 485 manat qeyd edilmiş, nəticədə 31 gün üzrə ƏDV ilə birlikdə 858,17 manat artıq məbləğ hesablanmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi sözügedən aktı araşdırmadan sübut kimi qəbul etmişdir.
26. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər işin faktiki halları, müqavilənin şərtləri və tətbiq edilməli maddi hüquq normaları baxımından əsaslıdır.
27. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən görüləcək işlərin dəyəri konkret müəyyən edilmişdir. Müqavilə şərtlərinə görə, işlərin bir günlük dəyəri 461,54 manat müəyyən edilmiş, yekun məbləğin isə faktiki iş günlərinin həmin tarifə vurulması və üzərinə 18% ƏDV əlavə edilməsi yolu ilə hesablanması nəzərdə tutulmuşdur. Müqavilə azadlığı prinsipi çərçivəsində tərəflər görüləcək işlər üçün muzdun miqdarını konkret müəyyən etmiş və həmin şərtlər onlar üçün məcburi hüquqi qüvvə kəsb etmişdir. Bu səbəbdən tərəflərin razılaşdırdığı tarifdən kənara çıxılması yalnız onların qarşılıqlı razılığı əsasında müqavilənin dəyişdirilməsi, yaxud MM-in 753.2-ci maddəsinə uyğun olaraq uzdun yenidən razılaşdırılması hallarında mümkündür.
28. İş materiallarından görünür ki, avqust, oktyabr və noyabr aylarına dair təhvil-təslim aktlarında işlərin dəyəri müqavilədə nəzərdə tutulmuş 461,54 manat tarif əsasında hesablanmışdır. Lakin ##.##.2024-cü il tarixli aktda bu tarifdən kənara çıxılaraq bir günlük xidmət haqqı 485 manat müəyyən edilmişdir.
29. Kollegiya nəzərə alır ki, həmin akt tərəflər tərəfindən imzalanmış olsa da, bu hal öz-özlüyündə müqavilə şərtlərinin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, müqaviləyə dəyişiklik edilməsi üçün tərəflərin iradəsinin bu istiqamətdə aydın və birmənalı ifadə olunması, habelə belə dəyişikliklərin əsaslarını təsdiq edən sübutların mövcudluğu tələb olunur.
30. Hazırkı iş üzrə müqaviləyə hər hansı əlavə və ya dəyişiklik edilməmiş, yeni qiymət razılaşmasını təsdiq edən yazılı sübut təqdim olunmamışdır. Fərqli tarif yalnız bir ay üzrə tətbiq edilmiş və iddiaçı tərəfindən bu fərqin yaranma səbəbi izah olunmamışdır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.2-ci maddəsinə əsasən, podrat müqaviləsində nəzərdə tutulmuş işlərin dəyəri yalnız sifarişçinin sərəncamları əsasında dəyişdirilə və bu halda yeni qiymət tərəflər arasında razılaşdırılmalıdır. Belə razılaşma mövcud olmadıqda, hesablaşmalar müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında aparılmalıdır. İddiaçı tərəfindən cavabdehin sərəncamları əsasında işin qiymətinin dəyişməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan muzdun miqdarının dəyişdirilməsi üçün hüquqi əsas mövcud deyildir.
32. Qeyd edilən səbəblərə görə ##.##.2024-cü il tarixli akt müqavilə şərtlərini və muzdun miqdarını dəyişdirən hüquqi əsas kimi qəbul edilə bilməz və həmin akt üzrə hesablanmış məbləğ müqavilə şərtlərinə uyğunlaşdırılmalıdır.
33. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kimi, sentyabr ayı üzrə faktiki işlənmiş günlərin sayı 31 gün təşkil etdiyindən, müqavilə qiymətinə uyğun olaraq hesablanmalı məbləğ 14 307,74 manat (31 × 461,54) olmalı olduğu halda, faktiki olaraq 15 035 manat (31 × 485) hesablanmışdır. Nəticədə, 727,26 manat artıq əsas məbləğ müəyyən edilmiş, həmin məbləğə hesablanan 18 faiz ƏDV ilə birlikdə isə artıq məbləğ 858,17 manat təşkil etmişdir. Əsas məbləğ müqavilə şərtlərinə uyğun müəyyən edilmədiyindən, ona hesablanan ƏDV də hüquqi əsasdan məhrum olur.
34. Birinci instansiya məhkəməsi müqavilə şərtləri ilə təhvil-təslim aktı arasındakı ziddiyyəti aradan qaldırmadan, sübutları qarşılıqlı əlaqədə və hərtərəfli qiymətləndirmədən iddianı tam təmin etmişdir. Bu hal MPM-in 88-ci maddəsində nəzərdə tutulmuş sübutların hərtərəfli və obyektiv qiymətləndirilməsi prinsipinin pozulması olmaqla yanaşı, eyni zamanda MPM-in 385.1.3-cü maddəsinə əsasən məhkəmə aktının qismən ləğvi üçün əsas yaradır.
35. Odur ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2-2(113)- 6247/2025 nömrəli qətnaməsi qismən – “iddianın tam təmin edilərək cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 42 249,02 manat pulun tutularaq iddiaçı X1 ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalıdır. İddia qismən təmin edilməli, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 41 390,85 manat pul tutularaq iddiaçı X1 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
36. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edildiyindən şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 108,37 manat pul X1 tutulub “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
37. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən (858,17 manat pulun tutulması) hissəsində iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2-2(113)-6247/2025 nömrəli qətnaməsi qismən – “iddianın tam təmin edilərək cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 42 249,02 manat pulun tutularaq iddiaçı X1 ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 41 390,85 manat pul tutularaq iddiaçı X1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 108,37 manat (yüz səkkiz manat, otuz yeddi qəpik) pul X1 alınıb “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.