Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-273/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh cavabdeh1 Vidadi oğluna qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar söz: alqı-satqı müqaviləsi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi nümayəndə2 iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh cavabdeh1 Vidadi oğluna qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 Vidadi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:
1. İddiaçı və cavabdeh arasında bağlanmış ##.##.2019-cu il tarixli AMX-****/** nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin: - 2.1.1-ci bəndinə əsasən paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməlidir. - 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. - 3.1-ci bəndinə əsasən qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0.20 manat məbləğində müəyyən edilir. - 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur.
2. Cavabdehin abonent saldosundan görünür ki, 2025-ci ilin iyul ayına olan ödənilməmiş borcu 55454,48 manat təşkil edir.
3. ##.##.2025-ci il tarixli hesab-fakturaya əsasən abonent üzrə ümumi borc məbləği 70 530,86 manat, 2024-cü ilin yanvar ayı üzrə hesablanmış borcu isə 28196,74 manat təşkil edir.
4. ##.##.2025-ci il tarixli hesab-fakturaya əsasən abonent üzrə ümumi borc məbləği 72585,06 manat, 2024-cü ilin fevral ayı üzrə hesablanmış borcu isə 19054,20 manat təşkil edir.
5. ##.##.2025-ci il tarixli hesab-fakturaya əsasən abonent üzrə ümumi borc məbləği 62941,00 manat, 2024-cü ilin mart ayı üzrə hesablanmış borcu isə 13755,94 manat təşkil edir.
6. ##.##.2025-ci il tarixli hesab-fakturaya əsasən abonent üzrə ümumi borc məbləği 32674,46 manat, 2024-cü ilin aprel ayı üzrə hesablanmış borcu isə 4233,46 manat borcu ödəməlidir.
7. ##.##.2025-ci il tarixli hesab-fakturaya əsasən abonent üzrə ümumi borc məbləği 33754,46 manat, cari 2024-cü ilin may ayı üzrə hesablanmış borcu isə 3080,00 manat borcu ödəməlidir.
8. ##.##.2025-ci il tarixli hesab-fakturaya əsasən abonent üzrə ümumi borc məbləği 34682,54 manat, 2024-cü ilin oktyabr ayı üzrə hesablanmış borcu isə 8693,08 manat borcu ödəməlidir.
9. ##.##.2025-ci il tarixli hesab-fakturaya əsasən abonent üzrə ümumi borc məbləği 34680,10 manat, 2024-cü ilin noyabr ayı üzrə hesablanmış borcu isə 7897,56 manat borcu ödəməlidir.
10. ##.##.2025-ci il tarixli hesab-fakturaya əsasən abonent üzrə ümumi borc məbləği 75185,82 manat, 2024-cü ilin dekabr ayı üzrə hesablanmış borcu isə 44005,72 manat borcu ödəməlidir.
11. ##.##.2025-ci il tarixli hesab-fakturaya əsasən abonent üzrə ümumi borc məbləği 76804,52,46 manat, 2025-ci ilin yanvar ayı üzrə hesablanmış borcu isə 7518,70 manat borcu ödəməlidir.
12. ##.##.2025-ci il tarixli hesab-fakturaya əsasən abonent üzrə ümumi borc məbləği 86428,52 manat, 2025-ci ilin fevral ayı üzrə hesablanmış borcu isə 30624,00 manat borcu ödəməlidir.
13. ##.##.2025-ci il tarixli hesab-fakturaya əsasən abonent üzrə ümumi borc məbləği 81777,32 manat, 2025-ci ilin mart ayı üzrə hesablanmış borcu isə 7348,80 manat borcu ödəməlidir.
14. ##.##.2025-ci il tarixli hesab-fakturaya əsasən abonent üzrə ümumi borc məbləği 82771,24 manat, 2025-ci ilin aprel ayı üzrə hesablanmış borcu isə 15931,92 manat borcu ödəməlidir.
15. ##.##.2025-ci il tarixli hesab-fakturaya əsasən abonent üzrə ümumi borc məbləği 81876,28 manat, 2025-ci ilin may ayı üzrə hesablanmış borcu isə 605,04 manat borcu ödəməlidir.
Birinci instansiya məhkəməsindəki icraat:
16. İddiaçı Azəriqaz” İB (bundan sonra – iddiaçı) cavabdeh cavabdeh1 Vidadi oğluna (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadə etdiyinə görə yaranmış 55454,48 manat məbləğində əsas borcun, 256,36 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 55710,84 manat məbləğində pul vəsaitinin tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə F/Ş cavabdeh1 Vidadi oğlu arasında bağlanmış ## ####### 2019-cu il tarixli, AMX-****/** saylı “Qaz paylayıcısı sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən “Azəriqaz” İstehsalat Birliyi üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və ##.##.2025-ci il tarixinə “Azəriqaz” İstehsalat Birliyinə 55454,48 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. Yuxarıda qeyd olunan təbii qazın alqı-satqı müqaviləsinin bəndləri F/Ş cavabdeh1 Vidadi oğlu oğlu tərəfindən pozulmuşdur Mübahisənin Azərbaycan Respublikasının MPM-in 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu tam ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. cavabdeh1 Vidadi oğlu borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir.
18. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh cavabdeh1 Vidadi oğlundan 55454,48 manat məbləğində pul, 256,36 manat dövlət rüsumu, ümumilikdə 55710,84 manat məbləğində pulun tutularaq iddiaçı “Azəriqaz” İB-yə ödənilməsi qət edilmişdir.
19. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 55454,48 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 598.1, 598.2, 600.1 və 600.4-cü maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1, 5.2, 5.5 və 5.6-cı bəndləri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
21. Həmin qətnamədən cavabdeh cavabdeh1 Vidadi oğlu apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçıya verilmiş təbii qazın dəyərinin real hesablanması üçün müvafiq ekspertiza təyin edilib rəy alınmaqla qanuni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin istifadə etdiyi təbii qaza görə yaranmış borcunu yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında müəyyən etmişdir. ##.##.2019-cu il tarixli, AMX-****/** nömrəli müqavilə qüvvədə olduğu müddətdə iddiaçı müəyyən dövrdə ona müqavilə ilə nəzərdə tutulmuş nominal təzyiqdən aşağı təzyiqdə və az həcmdə qaz verərək müqavilə öhdəliklərini pozmuş, istifadə olunmuş təbii qazın dəyərini isə şişirdərək faktiki verilmiş qazın həcminə və nominal təzyiqinə uyğun hesablamamışdır. Məhkəmə isə işin bu hallarını nəzərə almayaraq, cavabdehə verilmiş təbii qazın dəyərinin onun faktiki nominal təzyiqinə və həcminə uyğun hesablanaraq real borcun müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etməmişdir. Məhkəmə, istifadə olunmuş təbii qazın real qiymətinin hesablanmasının xüsusi bilik tələb etdiyini nəzərə almayıb, ekspertiza təyin etmədən həmin qiyməti qeyri-mötəbər məlumatlar əsasında müəyyən etməklə göstərilən prosessual hüquq normasını pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etiraz:
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışı, izahatlar:
24. Məhkəmə iclasında iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi.
25. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.
26. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
28. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: -1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. -4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. -5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. -5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. -5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2019-cu il tarixli, AMX-****/** nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
35. İddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
36. Cavabdeh apellyasiya şikayətində iddiaçının müəyyən dövrdə ona müqavilə ilə nəzərdə tutulmuş nominal təzyiqdən aşağı təzyiqdə və az həcmdə qaz verməsini, istifadə olunmuş təbii qazın dəyərini isə şişirdərək hesablanmasını mübahisələndirmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin borcunun mövcudluğunu təsdiq edən sübutlar - abonent saldosu, hesab-faktura məhkəməyə təqdim olunmuşdur. Belə ki, abonent saldosunda illik qaz sərfiyyatı və ödənişlər barədə məlumatlar əks olunmuşdur. Müəyyən edilmişdir ki, 2011-ci ildən başlayaraq 2025-ci ilin iyul ayı daxil olmaqla hər il üzrə təbii qazdan istifadəyə görə hesablanmış borcla müvafiq ildə ödənilmiş vəsait bir-birini tamamlamamış, bəzi illərdə qaz sərfiyyatı ümumi ödənişdən artıq olmuşdur. Qeyd olunan sənəddə “Qazdan istifadə Qaydaları”nın 5.6-cı bəndinə əsasən iddiaçı təşkilat tərəfindən açılan fərdi hesabın göstəriciləri öz əksini tapmışdır.
38. Bundan başqa, “Azəriqaz” X2 İstismar İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli hesab-fakturadan görünür ki, cavabdeh1 Vidadi oğlunun həmin tarixə qazdan istifadəyə görə yaranmış borc məbləği 55454,48 manat təşkil edir. Bununla da, cavabdehin borcunun mövcudluğu iş materiallarına əlavə olunmuş sənədlərlə tam təsdiq olunur.
39. Cavabdeh qazın nominal təzyiqdən aşağı verilməsini iddia etsə də, bu barədə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə rəsmi müraciət etməmiş və qeyd etdiyi halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə apellyasiya şikayətində istinad etdiyi halları sübut edə bilməmişdir.
40. Həmçinin iddiaçı cavabdehə pretenziya qaydasında müraciət edərək borcun ödənilməsini tələb etmişdir. Lakin cavabdeh qeyd olunan pretenziya məktubuna heç bir münasibət bildirməmişdir.
41. Digər tərəfdən, birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmiş, borcun məbləğini və hesablanma qaydasını mübahisələndirməmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “real borcun müəyyən edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsi” dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İş materiallarında olan abonent saldosu və hesab-faktura ilə borcun dəqiq məbləği müəyyən edilmişdir. Həmin sənədlərdə məbləğlər aydın göstərildiyindən, iş üzrə ekspertiza təyin edilməsi üçün heç bir əsas yoxdur.
43. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh birinci instansiya məhkəməsində borcun məbləğini mübahisələndirməmiş və ekspertiza təyin edilməsi barədə vəsatət verməmişdir. Apellyasiya mərhələsində cavabdehin heç bir mötəbər sübut təqdim etmədən ekspertiza təyin edilməsini xahiş etməsi məsuliyyətdən yayınma xarakteri daşımaqla əsassızdır.
44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh cavabdeh1 Vidadi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.