Məhkəmə qərarları › İş №2-2(3-6)-31/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-31/2026

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-31/2026 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: xidmət müqaviləsi, xidmətin qüsurları, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı (icraçı) ilə Cavabdeh (müştəri) arasında xx.xx.2024-cü il tarixli AT-AGP/V saylı xidmət müqaviləsi bağlanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı müştəri tərəfindən təqdim olunan “Sənətkar” adlı verilişə dair efir vaxtı ilə təmin edir və SMM xidmətlərini göstərir, müştəri isə öz növbəsində icraçıya müqavilə ilə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür.

3. Müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə üzrə müştəri icraçıya xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 3000 (üç min) manat xidmət haqqı ödəyəcəkdir.

4. Müqavilə hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları və möhürü ilə təsdiq edilmişdir.

5. İcraçı tərəfindən müştəriyə MT2407 seriyalı 10081453 nömrəli xx.xx.2024-cü il tarixli, dəyəri 3540 manat, MT2405 seriyalı 11298254 nömrəli xx.xx.2024-cü il tarixli, dəyəri 3540 manat, MT2407 seriyalı, 11932073 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 3540 manat məbləğində olan elektron qaimələr göndərilmişdir

6. Müştəri tərəfindən icraçıya MT2407 seriyalı, 11932073 nömrəli, xx.xx.2024-cü il tarixli qaimə əsasında xx.xx.2025-ci il tarixində 847,46 əsas, 152,54 manat ƏDV məbləği, xx.xx.2025-ci il tarixində 847,46 manat əsas, 152,54 manat ƏDV məbləği, ümumilikdə 2000 manat (1694,92 əsas+305,08 ƏDV) məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. "xxxx" MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, tərəflər arasında imzalanmış AT-AGP/V nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 7305,08 manat əsas, 1314,92 manat ƏDV məbləği olmaqla, cəmi 8620 manat məbləğində borcun və 500 manat məbləğində dəbbə pulunun, eləcə də iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 119 manat dövlət rüsumunun və nümayəndənin göstərdiyi yardıma görə ödənilmiş 700 manat məbləğində vəsaitin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Araz Teleradio" MMC ilə Cavabdeh MMC arasında AT-AGP/V nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehi sonuncu tərəfindən təqdim olunan “Sənətkar” adlı verilişə dair efir vaxtı ilə təmin etməyi və SMM xidmətlərini göstərməyi, cavabdeh isə iddiaçıya razılaşdırılmış məbləğdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinin tələblərinə əsasən, tərəflər xidmət qarşılığında xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 3000 manat xidmət haqqı ödənilməsi barədə razılığa gəlmişlər, müqavilənin 5.4-cü bəndinə əsasən isə vergi və digər ödənişlər xidmət haqqına əlavə olunaraq ödənilməlidir. Müqavilə bağlandıqdan sonra tərəflər arasında ilk aylarda normal işgüzar münasibətlər olmuş, qarşılıqlı olaraq öhdəliklər icra edilmişdir. Lakin 2024-cü ilin aprel ayından başlayaraq cavabdeh müqavilə öhdəliklərini pozmağa və qəbul etdiyi xidmətlər qarşılığında müəyyən olunmuş xidmət haqqı ödənişini yubatmağa başlamışdır.

9. Birinci instansiya məhkəməsinin 21 noyabr 2025-ci tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 7305 (yeddi min üç yüz beş) manat 08 (sıfır səkkiz) qəpik, ƏDV borcu üzrə 1314 (bir min üç yüz on dörd) manat 92 (doxsan iki) qəpik, cərimə borcu üzrə 350 (üç yüz əlli) manat olmaqla, ümumilikdə 8970 (səkkiz min doqquz yüz yetmiş) manatın “X2" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub İddiaçınə ödənilməsi qət olunmuşdur.

10. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

10.1. Tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir. Ona görə də, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. 10.2. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir. 10.3. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2407 seriyalı 10081453 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 3.540 manat, MT2405 seriyalı 11298254 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 3.540 manat, MT2407 seriyalı, 11932073 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 3.540 manat məbləğində olan elektron qaimələr göndərilmişdir. Sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 10.620 (9.000 əsas+1.620 ƏDV) manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya MT2407 seriyalı, 11932073 nömrəli, xx.xx.2024-cü il tarixli qaimə əsasında xx.xx.2025-ci il tarixində 847,46 əsas, 152,54 manat ƏDV məbləği, xx.xx.2025- ci il tarixində 847,46 manat əsas,152,54 manat ƏDV məbləği, ümumilikdə 2.000 manat (1.694,92 əsas+305,08 ƏDV) məbləğində ödəniş edilmişdir. 10.4. İddia borcun tələb edilməsi hissəsində əsaslıdır və 8.620 (10.620-2.000) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. İddiaçının 500 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı Məhkəmə hesab edir ki, əsas borca münasibətdə 350 manat məbləğində cərimə borcunun tutulması daha ağlabatan və ədalətlidir. Hüquqi yardımın göstərilməsinə dair xərcin əvəzi olaraq 700 manat məbləğində pul da Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

11. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 390.1-ci, 390.4-cü, 442-ci, 462.1-ci, 467-ci maddələrinə istinad etmişdir.

12. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işi hərtərəfli araşdırmadığı, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, iddiaçının xidməti keyfiyyətlə yerinə yetirmədiyini və cavabdehi lazımi müştəri kütləsi ilə təmin etmədiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

13. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı

14. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflərin nümayəndələri məhkəməyə gəlməmişlər.

15. İşin halları və şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

17. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

18. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

24. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

25. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

26. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

27. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

28. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

29. Maddə 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.

30. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

31. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

32. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

33. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

34. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

35. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

36. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

37. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

38. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

39. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

40. Maddə 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir.

41. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

42. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

51. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

56. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, Cavabdeh MMC-nin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir

Məhkımə kollegiyasının mövqeyi

57. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

58. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

59. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

60. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır .

61. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

62. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin tapşırıq, podrat və xidmət müqavilələri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər – çünkü tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli AT-AGP/V nömrəli müqavilə həm podrat (verilişin yayımlanması öhdəliyi üzrə), həm də tapşırıq və xidmət (SMM xidmətinin göstərilməsi öhdəliyi üzrə) münasibətlərini ehtiva edir.

63. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin ayrı-ayrı fəsillərində xidmət xarakterli öhdəlik münasibətlərinə dair müddəalar (tapşırıq, brokerlik, daşıma və s.) təsbit olunsa da, “Xidmət müqaviləsi” adlı ayrıca müqavilə növü nəzərdə tutulmamışdır – lakin bu hal, podratla birgə digər müqavilələrin əlamətlərini ehtiva edən qarışıq tipli müqavilələr (podrat-xidmət-alqı-satqı, tapşırıqxidmət-icarə və s.) bağlanılması imkanını istisna etmir .

64. Qarışıq müqavilədən yaranan mübahisə üzrə isə, ilk olaraq mübahisənin ünsürləri olan müqavilələrin hansı birinə aid hissədə əmələ gəldiyi müəyyən edilməli və mübahisə həmin müqaviləyə dair qaydalar tətbiq edilməklə həll edilməlidir.

65. İddiaçının iddia tələbini əsaslandırdığı hallardan görünür ki, tərəflər arasında mübahisə, iddiaçının verilişin yayımlanması və SMM xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə üzrə razılaşdırılmış məbləğin cavabdeh tərəfindən ödənilməməsi kontekstində yaranmışdır

66. İddiaçının verilişin yayımlanması ilə bağlı öhdəliyinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin öhdəliyin iddiaçı tərəfindən icrası işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdeh tərəfin nümayəndəsi birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı, eləcə də apellyasiya şikayətində qeyd etmişdir ki, müqavilə üzrə razılaşdırılmış efir vaxtı cavabdehə ayrılmış və verilişin yayımlanması təmin edilmişdir.

67. İddiaçı tərəfindən sosial media xidmətlərinin (ayda 1-2 video postun, hər gün təqdimat anonsunun hekayədə paylaşılması, xüsusi hallarda əlavə çəkiliş edilməsi) lazımınca göstərilməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müqavilədə qeyd edilən xidmətlərin keyfiyyəti, smm xidmətlərin göstərilməsi tələbləri ilə bağlı hər hansısa şərt razılaşdırılmamşdır.

68. Belə ki, SMM xidmətlərinin göstərilməsinə strategiya və planlama, kontent yaradılması, izləyici ilə əlaqənin təmin edilməsi və sair kimi xidmətlər daxildir.

69. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının göstərdiyi SMM xidməti nəticəsində kifayət qədər izləyici kütləsi əldə etməmiş, müqavilə bağlanan zaman arzu etdiyi nəticəni əldə edə bilməmişdir. Burdan aydın olur ki, cavabdeh əslində müqavilənin 1.2-ci bəndində qeyd edilən xidmətlərin (ayda 1-2 video postun, hər gün təqdimat anonsunun hekayədə paylaşılması, xüsusi hallarda əlavə çəkiliş edilməsi) göstərilməsini mübahisələndirməmiş, kifayət qədər izləyici kütləsi əldə edərək potensial müştəri tapa bilmədiyini qeyd etmişdir.

70. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, tərəflər arasında bağlanmış müqavilədə SMM xidmətinin göstərilməsi ilə bağlı iddiaçıdan tələb olunan nəticə (məsələn, müəyyən zaman aralıqlarında cəlb edilməli olan təqribi izləyici kütləsi faizi) göstərilməmişdir.

71. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 17). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

72. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər kommersiya fəaliyyəti ilə məşğul olan subyektlər olaraq müqavilənin məhdud tənzimləməsinə görə risk daşıyırlar və əgər müqavilə üzrə görüləcək işin keyfiyyəti, yaxud spesifik xüsusiyyətləri ilə bağlı hər hansı meyar müəyyən etməmişlərsə, ümumi qaydalar tətbiq olunmalıdır.

73. Şərh olunan meyara əsasən cavabdeh, yuxarıda göstərilən hallardan birini sübut etməlidir – hansı ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür.

74. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

75. Məhkəmə kollegiyası işin materiallarını təhlil edərək hesab edir ki, cavabdeh SMM xidmətlərinin göstərilməsinin keyfiyyəti və nəticələri ilə bağlı iddiaçı ilə razılaşdıqlarını sübuta yetirə bilməmişdir.

76. Başqa sözlə, cavabdehin müqavilə üzrə yaranmış borcunu ödəməkdən imtina üçün əsası olmamışdır.

77. İddiaçı tərəfindən cavabdehə MT2407 seriyalı 10081453 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 3540 manat, MT2405 seriyalı 11298254 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 3540 manat, MT2407 seriyalı, 11932073 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 3540 manat məbləğində olan elektron qaimələr göndərilmişdir; qeyd edilən elektron qaimələr üzrə ümumi məbləğ 10 620 manat təşkil edir.

78. Cavabdeh tərəfindən isə iddiaçıya MT2407 seriyalı, 11932073 nömrəli, xx.xx.2024-cü il tarixli qaimə əsasında xx.xx.2025-ci il tarixində 847,46 əsas, 152,54 manat ƏDV məbləği, xx.xx.2025-ci il tarixində 847,46 manat əsas,152,54 manat ƏDV məbləği, ümumilikdə 2000 manat ödəniş edilmiş, 8620 manat borc məbləği ödənməmişdir.

79. Kollegiya birinci instansiya məhkəməsinin 350 manat cərimə borcu və 700 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi ilə bağlı gəldiyi nəticəni də əsaslı hesab edir.

80. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

81. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5914/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21 noyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar