Məhkəmə qərarları › İş №2-2(3-6)-353/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-353/2026

14.04.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-353/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, icarə haqqının ödənilməməsi, icarə müqaviləsinə xitam verilməsi, öhdəliyin lazımınca icrası, dəbbə pulu, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “xxxx” QSC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında ## ### 2024-cü il tarixdə **-*-*/*-***/**** nömrəli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən icarəyə verən, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında, mülkiyyətçiyə məxsus Keşlə Biləcəri mənzili 12ci km PK 8-də yolun kilometr artımı istiqamətinin sağ tərəfində Biləcəri stansiyasına birləşmiş “Sol vetka” adlanan yerdə təhkim zolağında yerləşən, ümumi sahəsi 0,06 ha təşkil edən icarə sahəsini (açıq torpaq sahəsi) mövcud vəziyyətdə qanuna müvafiq fəaliyyəti təşkil etmək məqsədilə istifadə etmək üçün icarəçiyə müddətli icarəyə (qısa müddətli istifadəyə) verməyi, icarəçi isə həmin əmlakı (açıq torpaq sahəsini) icarəyə verəndən icarəyə götürməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və həmin tarixdən 11 (on bir) ay müddətində qüvvədə qalır.

3. ##.##.2024-cü il tarixli icarə müqaviləsinə * saylı Əlavə ilə təsdiq edilmiş “Qiymət və ödəniş Qaydası”na əsasən, ## ### 2024-cü il tarixdən icarə sahəsi üçün bir aylıq icarə haqqı 1500 manat məbləğində müəyyən olunmuşdur.

4. Əlavənin 1.4-cü bəndinə əsasən icarəçi icarə sahəsindən ## ### 2024-cü il tarixdən istifadə edir və icarə sahəsi üçün həmin aydan müqavilənin Əlavə 1-in 1.2-ci bəndində müəyyən edilmiş qaydada icarə haqqı hesablanır.

5. Əlavənin 1.5-ci bəndinə əsasən icarəçi icarə haqqını ## ### 2024-cü il tarixdən cari aylar üzrə hər ayın 10-dan gec olmayaraq Əlavənin 1.2-ci bəndində qeyd olunan məbləğə uyğun olaraq icarəyəverənin təqdim etdiyi EQF əsasında icarəverənin hesabına bank köçürməsi və ya nağd ödəniş yolu ilə həyata keçirir. Əgər icarəçi icarə haqqını vaxtında ödəməzsə, onun tərəfindən ödənilməli olan, ancaq ödənilməyən məbləğin üzərinə icraçı tərəfindən hər ödənilməyən gün üçün 0,1% məbləğində dəbbə pulu əlavə oluna bilər.

6. Müqavilənin 7.2-ci bəndinə əsasən, icarəçi müqaviləyə Əlavəyə əsasən müəyyən olunmuş aylıq icarə haqqını 1 (bir) ay ərzində ödəmədikdə icarəyəverən müqaviləyə dərhal birtərəfli qaydada xitam verə bilər.

7. “xxxx” QSC-nin adından ##.##.2023-cü il tarixli 13-1- */*-**-***/**** nömrəli etibarnamə əsasında hərəkət edən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə MT2405 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli, dəyəri 580,64 manat, MT2406 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 1500 manat, MT2407 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 1500 manat, MT2408 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 1500 manat, MT2409 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 1500 manat, MT2410 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 1500 manat, MT2411 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 1500 manat, MT2412 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 1500 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. “xxxx” QSC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən ## ### 2024-cü il tarixli **-*-*/*-***/**** nömrəli icarə müqaviləsi üzrə 9580,65 manat (doqquz min beş yüz səksən manat altmış beş qəpik) icarə haqqı, 2031 manat (iki min otuz bir manat) dəbbə pulu olmaqla, cəmi 11 611,65 manat (on bir min altı yüz on bir manat altmış beş qəpik) borcun və 125 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin (“İcarəyəverən”/“Mülkiyyətçi”) adından ##.##.2023-cü il tarixli 13-1- */*-**-***/**** nömrəli etibarnamə əsasında hərəkət edən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında ## ### 2024-cü il tarixdə **-*-*/*-***/**** nömrəli icarə müqaviləsi bağlanmış, müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, icarəyə verən müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında, mülkiyyətçiyə məxsus Keşlə Biləcəri mənzili 12-ci km PK 8-də yolun kilometr artımı istiqamətinin sağ tərəfində Biləcəri stansiyasına birləşmiş “Sol vetka” adlanan yerdə təhkim zolağında yerləşən, ümumi sahəsi 0,06 ha təşkil edən icarə sahəsini (açıq torpaq sahəsi) mövcud vəziyyətdə qanunamüvafiq fəaliyyəti təşkil etmək məqsədilə istifadə etmək üçün icarəçiyə müddətli icarəyə (qısa müddətli istifadəyə) verir, icarəyə götürən isə həmin əmlakı (açıq torpaq sahəsini) icarəyə götürür və bunun əvəzində müqaviləyə Əlavəyə əsasən icarə haqqını İcarəyəverənə ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən, Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və həmin tarixdən 11 (on bir) ay müddətində qüvvədə qalır. Müqaviləyə Əlavə 1in 1.1-ci bəndinə əsasən ## ### 2024-cü il tarixdən icarə sahəsi üçün bir aylıq icarə haqqı 1500 manat müəyyən edilir. Müqaviləyə Əlavə 1-in 1.4-cü bəndinə əsasən icarəçi icarə sahəsindən ## ### 2024-cü il tarixdən istifadə edir və icarə sahəsi üçün həmin aydan bu müqavilədə müəyyən edilmiş qaydada icarə haqqı hesablanır. Müqaviləyə Əlavə 1-in 1.5-ci bəndinə əsasən əgər İcarəçi icarə haqqını vaxtında ödəməzsə, onun tərəfindən ödənilməli olan, ancaq ödənilməyən məbləğin üzərinə İcarəyəverən tərəfindən hər ödənilməyən gün üçün 0.1% (sıfır nöqtə bir faizi) məbləğində dəbbə pulu əlavə oluna bilər. Müqavilənin 7.2-ci bəndinə əsasən, icarəçi müqaviləyə Əlavəyə əsasən müəyyən olunmuş aylıq icarə haqqını 1 (bir) ay ərzində ödəmədikdə İcarəyəverən bu Müqaviləyə dərhal birtərəfli qaydada xitam verə bilər. Cavabdeh Cavabdeh MMC tərəfindən icarə müqaviləsi bağlanılan tarixdən 1500 (min beş yüz) manat icarə haqqı ödənilmiş, 9580,65 (doqquz min beş yüz səksən manat 65 qəpik) manat icarə haqqı ödənilməmişdir.

10. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 9580 (doqquz min beş yüz səksən) manat 64 (altmış dörd) qəpik, cərimə borcu üzrə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 10 080 (on min səksən) manat 64 (altmış dörd) qəpik, dövlət rüsumunun əvəzi olaraq 125 (bir yüz iyirmi beş) manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, cavabdeh icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir və borcun mövcudluğu elektron qaimələr, təqdim olunmuş digər sübutlarla öz təsdiqini tapır.

13. Məhkəmə vurğulamışdır ki, cavabdeh icarə sahəsindən 2024-cü ilin avqust ayından çıxdığını bildirsə də, bu barədə qarşı tərəfə (iddiaçıya) hər hansı bir məlumatın verilməsini, ümumiyyətlə icarə sahəsindən 2024-cü ilin avqust ayında çıxmasını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə hesab etmişdir ki, elektron qaimələrlə bağlı hər hansı etiraz verilmədiyi və tərəflər arasında razılaşdırılmış müqavilə şərti də (icarə müqaviləsinə Əlavələrin 1.5-ci bəndi) nəzərə alındığında, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 9580,64 (11 080,64-1500) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Məhkəmə cavabdehdən 500 manat məbləğində dəbbə pulunun tutulmasını ağlabatan və ədalətli hesab etmişdir.

16. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 462.1-ci, 467ci, 675-ci, 700.1-ci, 700.2-ci, 700.3-cü maddələrinə istinad etmişdir.

17. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, iş üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmadığını və gəlinən nəticənin işin hallarına uyğun gəlmədiyini irəli sürməklə, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Mülki qanunvericiliyin prinsipi mülki hüquq subyektlərinin bərabərliyidir. Lakin bu qayda məhkəmə tərəfindən işə baxılarkən pozulmuş və yalnızca iddiaçının sözlərinə və təqdim etdiyi materiallara əsasən qətnamə qət edilmişdir. Həmçinin məhkəmə prosesi həyata keçirilərkən iş ətraflı şəkildə araşdırılmamışdır. Belə ki, Keşlə-Biləcəri mənzilli 12-ci km. PK-8 ünvanında yolun kilometr artımı istiqamətinin sağ tərəfində Biləcəri stansiyasına birləşmiş “Sol Vetka” adlanan yerdə təhkim zolağında yerləşən ümumi sahəsi 0,06 ha təşkil edən icarə sahəsi “xxxx” QSC ilə bağlanılmış ##.##.2024-cü il tarixli icarə müqaviləsinə əsasən 11 ay müddətinə Cavabdeh MMC-ə icarəyə verilmişdir. Lakin ##.##.2024-cü il tarixindən sözügedən icarə sahəsi tərəfimizdən, yəni Cavabdeh MMC tərəfindən istifadə edilməmişdir. Bununla bağlı olaraq “xxxx” QSC-ə şifahi məlumat verilmişdir, lakin “xxxx” QSC bununla bağlı heç bir tədbir görməmiş və istifadə edilmədiyi halda hər ay icarə haqqı hesablanmış və nəticədə, ##.##.2025-ci il tarixinə qədər sözügedən icarə sahəsi istifadəmizdə olmadığı halda icarə haqqı hesablanmışdır. Qeyd edim ki, ##.##.2024-cü il tarixli icarə müqaviləsinin 7.2-ci maddəsinə əsasən, icarəçi icarə haqqı 1 ay ərzində ödəmədikdə icarəyəverən bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Diqqətinizə çatdırmaq istəyirəm ki, ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinə qədər tərəfimizdən icarə haqqı ödənilmədiyi və sözügedən sahənin artıq istifadə edilmədiyi ilə bağlı “xxxx” QSC-ə məlumat verilməsinə baxmayaraq QSC müqaviləyə xitam verməmiş və müddəti xüsusilə uzatmışdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, məhkəmə tərəfindən işin düzgün baxılması üçün əhəmiyyət kəsb edən faktlar düzgün araşdırılmamışdır. Belə ki, iddiaçı “xxxx” QSC sözügedən icarə sahəsinin bizim icarəmizdə olduğunu bildirərək ##.##.2024-##.##.2025-ci il tarixləri aralığı üçün tərəfimizdən ödənilməmiş icarə haqqını tələb etmişdir, lakin iddiaçı “xxxx” QSC bizim istifadə etmədiyimiz müddət ərzində sözügedən icarə sahəsini qanunsuz olaraq başqasının istifadəsinə vermişdir. Belə ki, qonşu qum satanların verdiyi məlumata əsasən, oktyabr-noyabr aylarında qanunsuz olaraq sözügedən icarə sahəsinə dəfələrlə vaqonlarla qum-çınqıl daxil olmuşdur. Qeyd edim ki, sözügedən qum-çınqıl bizim tərəfimizdən daxil olmamışdır. Qeyd edim ki, Bakı Kommersiya Məhkəməsində işin gedişatı zamanı ##.##.2026-cı il tarixində tərəfimizdən İddiaçıya rəsmi vəsatət verilmiş və “xxxx” QSC-nin Biləcər stansiyasından bizim icarəmizdə olan sahəyə ## ######## 2024-cü il tarixindən ## ###### 2024-cü il tarixinədək göndərilmiş yükvaqon qaimələrinin siyahısı tələb olunmuşdur. Lakin, müraciətimiz cavabsız qalmışdır. Yuxarıda göstərilənlərə əsasən diqqətinizə çatdırmaq istəyirəm ki, iddiaçı “xxxx” QSC şifahi xəbərdarlıq edilməyinə baxmayaraq icarə haqqının hesablanması məqsədi ilə aramızda bağlanılmış müqaviləyə xitam verməmiş, həmçinin icarə sahəsinin istifadəmizdə olmadığını bildiyi üçün də başqa şəxsə qeyri-qanuni icarəyə vermişdir. Beləliklə, “xxxx” QSC tərəfindən hüquqlarımız birbaşa pozulmuş və sözügedən hallar məhkəmə tərəfindən gözardı edilmişdir”.

Apellyasiya şikayətinə qarşı etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

19. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

21. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

22. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

23. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

24. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

25. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

26. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

28. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

30. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

31. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

32. Maddə 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.

33. Maddə 704.2. İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. “İcarə Haqqında” Qanun

34. Maddə 12. İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir.

35. Maddə 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.

36. Maddə 13.4. Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır.

37. Maddə 13.5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

38. Maddə 51.6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

39. Maddə 4. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir.

40. Maddə 8. Torpaq üzərində icarə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlərdir. Azərbaycan Respublikası adından icarə münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.

41. Maddə 14. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

42. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

43. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.

44. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

45. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

46. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

50. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

57. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

58. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

59. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

60. İddiaçıya (icarəyəverənə) məxsus Keşlə Biləcəri mənzili 12-ci km PK 8-də yolun kilometr artımı istiqamətinin sağ tərəfində Biləcəri stansiyasına birləşmiş “Sol vetka” adlanan yerdə təhkim zolağında yerləşən, ümumi sahəsi 0,06 ha təşkil edən açıq torpaq sahəsinin aylıq icarə haqqı 1500 manat olmaqla 11 ay müddətinə cavabdehə (icarəçiyə) icarəyə verildiyi, bununla bağlı tərəflər arasında ##.##.2024-cü il tarixdə icarə müqaviləsinin bağlandığı, icarə haqqının ##.##.2024-cü il tarixindən hesablanacağının razılaşdırıldığı, icarə obyektinin icarəçi tərəfindən təhvil alındığı və onun 1500 (min beş yüz) manat icarə haqqı ödədiyi işin mübahisələndirilməyən hallarıdır; icarəçinin (cavabdehin) iddiaya etirazının əsası (mübahisələndirdiyi hal) ondan ibarətdir ki, ##.##.2024-cü il tarixindən etibarən sözügedən icarə sahəsindən istifadə etmədikləri və bununla bağlı iddiaçıya şifahi məlumat verdikləri halda, iddiaçı heç bir tədbir görməmiş, nəticədə icarə sahəsindən istifadə etməmələrinə baxmayaraq, ##.##.2025-ci il tarixinə qədər icarə haqqı hesablamışdır.

61. Belə olan halda hazırkı iş üzrə sübutetmənin predmetini tərəflər arasında bağlanmış müqaviləyə ##.##.2024-cü il tarixindən etibarən xitam verilib-verilmədiyi təşkil edir; belə ki, mülki prosesdə sübutetmə predmeti - işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normalarının məzmunu ilə müəyyən olunur.

62. İşin mübahisəsiz halları dedikdə, MPM-in 82-ci maddəsində göstərilən hallar, tərəflərin etiraf etdiyi faktlar və mübahisələndirmədiyi hallar başa düşülür. Formalaşmış məhkəmə təcrübəsinə görə mübahisə tərəfi əks tərəfin bildirdiyi hər hansı hala və ya hallara münasibət bildirmədikdə həmin hallar işin mübahisəsiz hallarına aid edilir.

63. İşin mübahisəli halları dedikdə isə bir tərəfin bildirdiyi hallara əks tərəfin etiraz etməsi, yəni onların həqiqətə uyğun olmaması, təhrif edilməsi və s. əsaslarla həqiqiliyinin şübhə altına alınması başa düşülür.

64. İşin mübahisəsiz halları sübutetmədən azad olduğuna görə həmin hallar sübutetmə predmetinə daxil edilmir. Bununla yanaşı, MPM-in 81-ci maddəsində göstərilən hallar işin mübahisəsiz hallarına aid edilə bilməz və yalnız müəyyən sübutetmə vasitələri ilə təsdiq edilə bilər. Beləliklə, sübutetmə predmetinə yalnız işin mübahisələndirilən halları, habelə MPMin 81-ci maddəsinin təsiri altına düşən hallar aid edilir. 65.

66. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarı).

67. Konstitusiya Məhkəməsinin Plenumu adı çəkilən Qərarında həmçinin aşağıdakıları qeyd etmişdir: “Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır”.

68. İşin hallarından görünür ki, cavabden nə icarə müqaviləsinə vaxtından əvvəl birtərəfli qaydada xitam verdiyi barədə iradə ifadəsini bəyan etdiyinə dair, nə də icarə sahəsindən nə zaman, necə və hansı şəraitdə çıxdığına, habelə qeyd edilən hallarla bağlı iddiaçıya məlumat verdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

69. Buna görə də kollegiya, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 9580,64 (doqquz min beş yüz səksən manat 64 qəpik) manatın cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması ilə bağlı gəldiyi nəticəni qanuni hesab edir.

70. Bununla belə kollegiya, məhkəmənin “cərimə borcu üzrə 500 (beş yüz) manatın Cavabdeh tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi” qənaəti ilə tam razılaşmır. Belə ki, cavabdeh uzun müddət icarə haqqı ödəmədiyi halda, iddiaçı müqavilənin 7.2ci bəndində

71. nəzərdə tutulmuş hüququndan istifadə etməməklə borc məbləğinin artmasına şərait yaratmışdır – hansı ki, həmin hüququndan istifadə etmiş olsa idi, ödənilməyən 1 aylıq icarə haqqının ödənilmədiyi günlər üçün 0,1% məbləğində dəbbə pulu (təxminən 45 manat) tələb etmək imkanı yaranacaqdı.

72. Borc məbləğinin artmasına şərait yaradan iddiaçının xeyrinə yüksək məbləğdə dəbbə pulunun tutulması isə haqq-ədalətə uyğun olmayan nəticə yaratmaqla yanaşı, bərabər mənafelərə bərabər münasibət prinsipinin pozulmasına səbəb ola bilər.

73. Buna görə də kollegiya cərimə məbləğini icarə haqqı ödənişinin gecikdirildiyi 2 aylıq müddət üçün (hər ay üçün 45 manat olmaqla cəmi 90 manat) hesablanmasını daha mütənasib hesab edir.

74. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

75. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği isə apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi “cərimə borcu üzrə 500 (beş yüz) manatın Cavabdeh tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cərimə borcu üzrə 90 (doxsan) manat Cavabdeh tutulub “xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar