Məhkəmə qərarları › İş №2-2(3-6)-363/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-363/2026

28.04.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-363/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan edilmə və iflas prosesinə başlanılma barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə (ac ar so zlər: müflisləşmə, iflas, sübutetmə yükü, ödəmə qabiliyyətinin olmaması, suiistifadə) Hakim sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, kreditorun nümayəndəsi nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən ərizəçi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları:

1. ##.##.2024-cü il tarixli qərara əsasən, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi E.Ismayılov tərəfindən cəmiyyətin illik hesabatları və mühasibat balansı, habelə məhkəmə sənədləri və cəmiyyətin bağladığı müqavilələrdən irəli gələn borc öhdəlikləri təhlil edilmiş, həmin borcların yarandığı tarixdən etibarən ardıcıl olaraq 1 il müddətində tam icrasının mümkün olmadığı, yəni cəmiyyətin ödəmə qabiliyyətinin mövcud olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, cəmiyyət barəsində iflas prosesinin başlanılması məqsədilə məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilmişdir.

2. ##.##.2024-cü il tarixli, *********** nömrəli vergi borcunun ödənilməsinə dair bildirişə əsasən, İddiaçı MMC-dən həmin tarixə yaranmış 466 144,58 manat borcun ödənilməsi tələb edilmişdir.

3. İddiaçı MMC-nin şəxsi hesab vərəqələrinə əsasən, ##.##.2025-ci il tarixə cəmi ödənilməli vergi borcu 469 638,88 manat təşkil edir.

4. İddiaçı MMC-nin 2024-cü il üzrə mənfəət vergisi bəyannaməsinə * nömrəli əlavəyə əsasən, hesabat dövrünün sonuna cəmiyyətin cəmi aktivləri 5 281 777,88 manat, cəmi öhdəlikləri isə 5 151 897,54 manat təşkil edir.

5. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli, *********** nömrəli qərarına əsasən, vergi öhdəliklərini yerinə yetirməyən İddiaçı MMC-nin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmişdir.

6. ##.##.2024-cü il tarixli, *********** nömrəli protokola əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan 18 ədəd nəqliyyat vasitəsi siyahıya alınmış və həmin nəqliyyat vasitələrinin ümumi dəyəri 434 000 manat məbləğində qiymətləndirilmişdir.

7. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərarına əsasən, iddiaçı Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin cavabdeh İddiaçı MMCyə qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə” iddia tələbi rədd edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadına əsasən, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat:

9. Ərizəçi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, cəmiyyətin müflis elan olunması və iflas prosesinin başlanılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC əvvəlcə uğurlu fəaliyyət göstərsə də, sonradan fəaliyyətini davam etdirə bilməmişdir. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli qərarına əsasən, cəmiyyətin 466 144,58 manat məbləğində vergi borcu yaranmışdır. Hazırda cəmiyyətin hər hansı vəsaiti və ya əmlakı olmadığından həmin borcu ödəmək qabiliyyəti mövcud deyildir. Cəmiyyətin təsisçiləri (səlahiyyətli orqanı) tərəfindən ##.##.2024-cü il tarixdə iflas prosesinin başlanılması məqsədilə məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilmişdir. Bundan başqa, ərizəçiyə göstərilən orqandan savayı digər kreditorların mövcudluğu məlum deyildir.

11. Kreditor yazılı etirazında bildirmişdir ki, Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2024-cü il tarixli məktubuna əsasən, ərizəçinin mülkiyyətində olan nəqliyyat vasitələri üzərinə vergi borclarının təminatı məqsədilə məhdudiyyət qoyulmuşdur. ##.##.2024-cü il tarixə ərizəçinin dövlət büdcəsinə 466 369,35 manat borcu olmuş, həmin borcun təminatı üçün dəyəri 434 000 manat olan 13 ədəd nəqliyyat vasitəsi siyahıya alınaraq müvafiq qaydada rəsmiləşdirilmişdir. Eyni zamanda, həmin əmlakların satılması və borcun ödənilməsi məqsədilə məhkəməyə müraciət edildiyi və işin Bakı Inzibati Məhkəməsində icraatda olduğu bildirilmişdir. Kreditor qeyd etmişdir ki, ərizəçinin aktivlərinin mövcud olduğu şəraitdə onun müflis elan edilməsi borcun ödənilməsini əsassız şəkildə gecikdirə və yeni kreditorların yaranması halında vergi borclarının təmin olunmasına maneə törədə bilər. Bu baxımdan, ərizəçinin mülkiyyətində borcun ödənilməsi üçün kifayət qədər daşınar əmlakın mövcud olduğu əsas gətirilərək, ərizənin rədd edilməsi xahiş olunmuşdur.

12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi yalnız bir kreditor barədə məlumat təqdim etmiş, lakin debitor borcları, aktivlər və digər maliyyə mənbələri barədə zəruri sənədləri məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyə əsasən borcların icra olunmaması ödəmə qabiliyyətinin olmamasına əsas verən hallardan biri olsa da, təqdim edilmiş sənədlər ərizəçinin 2024-cü ilin sonuna 5 275 604,31 manat həcmində aktivlərinin mövcudluğunu göstərmişdir. Həmçinin vergi borcu üzrə 18 ədəd nəqliyyat vasitəsinin siyahıya alınaraq 434 000 manat dəyərində qiymətləndirilməsi və həmin əmlakların satışı ilə bağlı icraatın davam etməsi ərizəçinin borclarını ödəmə qabiliyyətinin olmaması barədə dəlillərini təkzib edir. Ərizəçinin nəqliyyat vasitələrinin keçmiş təsisçinin faktiki sahibliyində olması barədə dəlilləri isə mülki müdafiə vasitələri ilə ayrıca qaydada həll oluna bilən məsələ kimi qiymətləndirilmişdir.

14. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə ərizəçi hüquqi şəxsin aktivlərini qeyd etsə də, onun passivləri, eləcə də vergi borcuna münasibət bildirməmiş, təqdim edilmiş 2024-2025-ci illərə aid sənədləri, o cümlədən vergi bəyannamələri və 2025-ci il maliyyə sənədlərini nəzərə almamışdır. Həmçinin, məhkəmə 2024-2025-ci illər üzrə maliyyə sənədlərinin yoxlanılması üçün mütəxəssis cəlb etməmişdir. Beləliklə, məhkəmə iş materiallarını tam və hərtərəfli araşdırmadan, eləcə də iş materiallarında olan sənədlərdən yalnız əvvəlki tarixlərdə tərtib edilmiş sənədlərə istinad etməklə səhv nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə iclasında iştirak edən kreditorun nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ərizəçinin nümayəndəsi (vəkili) məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq digər məhkəmə iclasında iştirak etməli olduğu üçün hazırkı məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasının vaxtı barədə məlumat verilməsindən bir aydan artıq müddət keçməsinə baxmayaraq, ərizəçinin nümayəndəsi (vəkili) iclasın təxirə salınması barədə ərizə ilə iclasa yalnız 1 gün qalmış müraciət etmiş və ərizəsini başqa məhkəmə iclasında iştirakla əlaqələndirmişdir. Məhkəmə kollegiyası nümayəndənin (vəkilin) iştirak etməməsinin səbəbini üzrlü hesab etməmiş və şikayətə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 63. Hüquqi şəxsin müflis olması 63.1. Əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. 63.2. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

22. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: Müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması; ... Maddə 3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.

Maddə 5. Borclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlər

1. Qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.

2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları. Maddə 11. Iflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri ...

3. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; ...

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Qanunvericiliyin tələblərindən göründüyü kimi (§ 22), borclunun müflis elan edilməsi məsələsinə baxılarkən məhkəmə onun ödəmə qabiliyyətinin olub-olmamasını müəyyən etmək məqsədilə iş materiallarında olan sübutları, o cümlədən kreditor və debitorların siyahısını, habelə maliyyə hesabatlarını araşdırmalı və həmin sübutlara hüquqi qiymət verməlidir. Bu zaman borclunun öhdəliklərini icra etməməsi faktı ödəmə qabiliyyətsizliyinin ilkin göstəricisi kimi nəzərə alınsa da, bu hal özlüyündə onun ödəmə qabiliyyətsizliyinin mövcudluğunu avtomatik təsdiq etmir və digər sübutlarla birlikdə, işin bütün halları kontekstində qiymətləndirilməlidir.

29. Ərizəçi apellyasiya şikayətində bildirir ki, onun vergi borcunun mövcudluğu, təqdim edilmiş vergi bəyannamələri və maliyyə sənədləri məhkəmə tərəfindən nəzərə alınmamış, maliyyə sənədlərinin yoxlanılması üçün mütəxəssis cəlb edilməmiş, yalnız əvvəlki dövrlərə aid sənədlərə istinad olunmaqla səhv nəticəyə gəlinmişdir.

30. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlillərini əsassız hesab edərək bildirir ki, ərizəçi hüquqi şəxs özünün müflis elan olunması barədə ərizə ilə məhkəməyə müraciət edərkən əsas kimi vergi borcunun mövcudluğunu və həmin borcun ödənilmədiyini göstərmişdir. Lakin “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü və 11-ci maddələrinin sistemli şərhindən belə nəticə çıxır ki, borclunun öhdəliklərini icra etməməsi onun ödəmə qabiliyyətsizliyinə dair yalnız ilkin göstərici xarakteri daşıyır və bu halın borclunun öhdəliklərini yerinə yetirmək imkanının obyektiv şəkildə mövcud olmaması ilə bağlı olubolmaması ayrıca qiymətləndirilməlidir.

31. Kollegiya qeyd edir ki, beynəlxalq təcrübədə də borclunun ödəmə qabiliyyətsizliyinin müəyyən edilməsi yalnız öhdəliklərin icra edilməməsi faktına əsaslanmır. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) tərəfindən hazırlanmış “Müflisləşmə hüququ üzrə Qanunvericilik Bələdçisi”ndə göstərilir ki, iflas proseduruna başlanılması üçün həlledici meyar borclunun vaxtı çatmış öhdəliklərini yerinə yetirmək imkanının olmaması ilə bağlıdır və öhdəliklərin icra edilməməsi bu halın yalnız göstəricilərindən biri kimi çıxış edir. Həmin sənəddə həmçinin vurğulanır ki, ödənişlərin dayandırılması bəzən müvəqqəti likvidlik çətinliyi ilə bağlı ola bilər və bu səbəbdən ödəmə qabiliyyətsizliyinin müəyyən edilməsində tələskənliyə yol verilməməlidir.1

32. Kollegiya əlavə olaraq qeyd edir ki, iflas institutu öz mahiyyətinə görə borclunun real maliyyə çətinlikləri şəraitində kreditorların tələblərinin ədalətli və kollektiv qaydada təmin edilməsinə xidmət edir. Lakin bu mexanizmin borclu tərəfindən öhdəliklərin icrasından yayınmaq və ya onların icrasını əsassız gecikdirmək məqsədilə istifadə edilməsi yolverilməzdir. Bu baxımdan, beynəlxalq təcrübədə də vurğulandığı kimi, iflas proseduruna çıxış imkanının sadəliyi ilə yanaşı, ondan sui-istifadənin qarşısını alan adekvat təminatlar mövcud olmalıdır. Bu təminatların əsasını isə borclunun ödəmə qabiliyyətsizliyinin formal deyil, real və obyektiv xarakter daşımasının məhkəmə tərəfindən yoxlanılması təşkil edir.2

33. Bu baxımdan, hüquqi şəxsin müflis elan edilməsi üçün yalnız borcun mövcudluğu və onun icra edilməməsi kifayət deyildir. Borclunun ödəmə qabiliyyətinin davamlı və obyektiv şəkildə itirilməsi, yəni onun öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmək imkanının mövcud olmaması sübuta yetirilməlidir. Bu isə borclunun ümumi maliyyə vəziyyətinin kompleks qiymətləndirilməsini, o cümlədən aktivlərinin mövcudluğunu, həmin aktivlərin real iqtisadi dəyərini və likvidliyini, eləcə də bu aktivlərin öhdəliklərin icrası üçün faktiki olaraq istifadə edilə bilmə imkanını nəzərə almağı tələb edir.

34. Iş materiallarında olan maliyyə sənədlərinə əsasən müəyyən edilir ki, 2024-cü ilin sonuna hüquqi şəxsin aktivləri 5 281 777,88 manat, öhdəlikləri isə 5 151 897,54 manat təşkil etmişdir. Aktivlərin öhdəlikləri formal olaraq qarşılaması faktı borclunun ödəmə qabiliyyətinin mövcudluğunu avtomatik təsdiq etməsə də, belə aktivlərin mövcudluğu şəraitində borclunun öhdəliklərini yerinə yetirə bilmədiyini iddia edən tərəf bu vəziyyətin obyektiv səbəblərini əsaslandırmalıdır.

1 https://uncitral.un.org/sites/default/files/media-documents/uncitral/en/05-80722_ebook.pdf - UNCITRAL Legislative

Guide on Insolvency Law, Part II, §§ 23-24 2 UNCITRAL Legislative Guide on Insolvency Law, Part II, § 21

35. Kollegiya qeyd edir ki, ərizəçi tərəfindən həmin aktivlərin realizə edilməsinin mümkünsüzlüyü, onların faktiki dövriyyədə olmaması və ya öhdəliklərin vaxtında icrasına imkan vermədiyi barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, ərizəçinin mülkiyyətində olan nəqliyyat vasitələrinin mövcudluğu müəyyən edilmiş, onların siyahıya alınaraq realizə edilməsi istiqamətində hüquqi prosedurlar başlanılmışdır ki, bu da həmin aktivlərin ən azı qismən realizəsinin mümkün olduğunu göstərir.

36. Kollegiya həmçinin nəzərə alır ki, ərizəçi tərəfindən kreditorların tam siyahısı təqdim edilməmişdir. Halbuki maliyyə hesabatlarında əks olunan öhdəliklərin həcmi ilə ərizədə göstərilən kreditor məlumatları arasında aşkar uyğunsuzluq mövcuddur. Bu hal borclunun maliyyə vəziyyəti barədə məhkəməyə tam, dürüst və şəffaf məlumat təqdim etmədiyini göstərir və onun ödəmə qabiliyyətsizliyinə dair iddialarının əsaslılığını ciddi şəkildə şübhə altına alır.

37. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi ərizəçinin üzərinə düşdüyündən, onun ödəmə qabiliyyətsizliyini əsaslandıran mötəbər və kifayət qədər sübutlar təqdim etməli olduğu halda bu vəzifə yerinə yetirilməmişdir. Kollegiya hesab edir ki, təqdim olunmamış sübutların mövcudluğu ehtimalına əsaslanaraq ərizəçinin mövqeyinin qəbul edilməsi mümkün deyildir.

38. Bundan əlavə, iş materiallarından görünür ki, ərizəçinin mülkiyyətində olan əmlakın realizə olunması məqsədilə kreditor tərəfindən inzibati qaydada tədbirlər görülmüş və müvafiq məhkəmə icraatı davam etdirilməkdədir. Belə şəraitdə müflisləşmə prosedurunun başlanılması həmin əmlakın realizəsinə və kreditor tələblərinin təmin edilməsinə mənfi təsir göstərə, habelə borclunun öz öhdəliklərini icra etməkdən yayınması üçün əsassız hüquqi imkan yarada bilər, bu da iflas institutunun məqsədinə ziddir.

39. Kollegiya apellyasiya şikayətində irəli sürülən “maliyyə sənədlərinin yoxlanılması üçün mütəxəssis cəlb edilməməsi” barədə dəlili də əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə uyğun olaraq sübutları tərəflər təqdim edirlər. Təqdim olunmuş maliyyə sənədlərinin qiymətləndirilməsi üçün xüsusi bilik və ya kömək göstərilməsini zəruri edən hallar mövcud olmadığından, məhkəmə tərəfindən mövcud sübutların qiymətləndirilməsi üçün mütəxəssis cəlb edilməsinə zərurət olmamışdır.

40. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ərizəçi tərəfindən onun ödəmə qabiliyyətinin olmaması sübuta yetirilməmiş, birinci instansiya məhkəməsi isə iş üzrə mövcud sübutları düzgün qiymətləndirərək əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən ərizəçi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar